Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard
ölkələr sırasında yer
alır
“Avropa Qonşuluğu Barometri” çərçivəsində Azərbaycanda keçirilən sorğunun nəticələri göstərir ki, Azərbaycanın daxili və xarici siyasəti sırf milli maraqlar üzərində qurulub və ölkəmiz doğru yolda irəliləyir
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil edir. Bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil isə davamlı islahatların həyata keçirilməsidir.
Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi və demokratik inkişafın əsasının qoyulması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Vurğulamaq gərəkdir ki, Azərbaycanda müstəqil dövlət quruculuğunun, eləcə də, demokratik inkişafın əsasının qoyulması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu siyasəti və inkişaf strategiyasının sayəsində təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər baş verdi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza formalaşdırdı. Bundan sonra vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Ən əsası isə odur ki, Ulu öndər Heydər Əliyev siyasi sistemin komponentləri olan ayrı-ayrı institutları legitimləşdirməklə açıq-demokratik cəmiyyət qurdu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşma və mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı.
Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bundan başqa, hüquqi nihilizmin aradan qaldırılması, siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi strateji tədbirlər ölkədə demokratik hüquq və azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş oldu. Bu sırada Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi vurğulanmalıdır.
Müasir müstəqil Azərbaycan demokratiya yolunda qətiyyətlə irəliləyir
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən yeni keyfiyyətdə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir.
Azərbaycan demokratik transformasiyanı
uğurla başa çatdırıb
Bunlarla yanaşı,
Azərbaycanın demokratik
inkişafından bəhs
edərkən qeyd etmək lazımdır ki, ölkəmizdə demokratik transformasiya prosesi uğurla başa çatdırılıb. Sirr deyil
ki, Ulu öndər
Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik
transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən
dövrün və şəraitin çağırışlarına,
qanunauyğunluqlarına adekvat
surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş
vəzifələr yerinə
yetirilib.
Eyni zamanda, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun
nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar
olunub. Ümumiyyətlə,
modernləşmə strategiyasının
yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin
yeni keyfiyyət ünsürləri ilə
zənginləşdirilməsi, insan və vətəndaş
hüquq və azadlıqlarının təkmillik
səviyyəsinin artırılması
istiqamətində təməl
strateji tədbirlərin
görülməsi, qanunvericilik
bazasının zənginləşdirilməsi,
subyektlərarası simmetrik
münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi
kimi strateji səciyyə daşıyan
faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi
sistemin tamlığını
təmin edib.
Demokratik
islahatlar mütəmadi
xarakter daşıyır
Digər bir vacib məqam
budur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda
reallaşdırılan demokratik
islahatlar mütəmadi
xarakter daşıyır. Azərbaycan siyasi,
hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir
və həyata keçirilən bütün
tədbirlər ölkəmizin
davamlı inkişafına
xidmət edir. Xüsusilə də müxtəlif
sahələrdə islahatların
paralel aparılması
həyata keçirilən
siyasi kursun səmərəliliyini təmin
edir.
Bütün bunlar, eyni zamanda,
ölkədə əsaslı
ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir, xalq-iqtidar birliyini möhkəmləndirərək cəmiyyətin inkişaf
kontekstində vahid mövqedən çıxış
etməsini şərtləndirir. 28 May-Respublika
Gününə həsr
olunmuş rəsmi qəbuldakı nitqində
Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar qeyd edib: “Daxili siyasətlə
bağlı deməliyəm
ki, biz Azərbaycanda bundan sonra da
sabitliyi qoruyacağıq.
Sabitliyin
təmin edilməsinin
əsas şərti xalqla iqtidar arasındakı birlikdir.
Bu da vardır.
Azərbaycan bu gün
nadir ölkələrdəndir ki, əsas mövzular
ətrafında cəmiyyətdə
heç bir fikir ayrılığı
yoxdur. Əlbəttə
ki, islahatların sürəti, çatışmayan
cəhətlərin tezliklə
aradan qaldırılması
və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı,
xarici siyasətlə bağlı müxtəlif
fikirlər ola
bilər. Bu, təbiidir.
Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur,
o cümlədən daxili
siyasətimizlə bağlı.
Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
Azərbaycan dövləti və
hökuməti islahatları
apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir.
Dünyanın müxtəlif yerlərində
sabitlik pozulduqda təhlil aparılır.
Nə üçün belədir?
Hansı
səbəblər buna
şərait yaradır?
Biz görürük inamsızlıq, idarəetmə
qaydalarında kobud səhvlər, iqtisadi və sosial problemlər - bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir.
Biz isə bütün
məsələlərə düşünülmüş şəkildə yanaşırıq. Bizim əsas
məqsədimiz Azərbaycanı
daha da güclü
dövlətə çevirməkdir,
Azərbaycan xalqının
rifah halını yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə
bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq.
İslahatlar dərinləşəcəkdir.
Demokratiyanın inkişafı, insan
hüquqlarının qorunması,
azad cəmiyyətin formalaşması istiqamətində
islahatlarımız davam
etdiriləcəkdir. Bu
islahatları kiminsə
xoşuna gəlmək
üçün deyil,
gələcəyimiz üçün
edirik, aparırıq və aparacağıq”.
Azərbaycan vətəndaşları ölkədəki demokratiyadan
razıdırlar
Sadalananların məntiqi nəticəsidir
ki, Qərbin aparıcı demokratik dövlətləri və
təşkilatları Azərbaycanın
demokratiya yoluna sadiq olduğunu bəyan etməkdədirlər. Məlum
olduğu kimi, bu günlərdə Avropa Qonşuluğu İnformasiya Mərkəzinin
yaydığı məlumata
əsasən, “Avropa Qonşuluğu Barometri” çərçivəsində Azərbaycanda keçirilən
sorğunun nəticələri
vətəndaşların böyük
əksəriyyətinin ölkədəki
demokratiyadan razı olduğunu təsdiqləyib.
Belə ki, 2013-cü ilin dekabr və 2014-cü ilin yanvar aylarında
rəyi soruşulan
974 respondentin 65 faizi Azərbaycandakı demokratiyadan
razı qalıb.
Bu göstərici orta hesabla digər
“Şərq Tərəfdaşlığı”
ölkələri üzrə
olan göstəricidən
29 faiz yüksəkdir.
Sorğuda iştirak edənlərin
62 faizi öz həyatlarından məmnundurlar.
Həyatdan məmnunluq
səviyyəsi gənclər
və təhsil alan respondentlər
arasında daha yüksəkdir. Xatırladaq
ki, təşkilatın
ötən il
açıqladığı digər bir sorğunun nəticələrində
respondentlərin 60 faizinin
ölkədə gedən
demokratik proseslərdən
razı olduğu əksini tapmışdı.
Respondentlərin 46 faizi Avropa İttifaqının (Aİ) mühüm
tərəfdaş olduğunu,
45 faizi Avropa İttifaqı və Azərbaycan arasında effektiv əməkdaşlıq
üçün kifayət
qədər ümumi dəyərlərin olduğunu
hesab edir. Rəyi soruşulan respondentlərin
48 faizi hesab edir ki, Aİ regiona sülh və stabillik gətirir.
Onu da qeyd edək ki, respondentlərin 56 faizi hesab edir ki, Aİ ilə Azərbaycan arasında gözəl münasibətlər var. Bu nisbət Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) Şərq regionu üzrə göstəriciyə (47 faiz) nisbətən daha yaxşıdır. Rəyi soruşulanların yalnız 16 faizi münasibətlərin yaxşı olmadığını hesab edir.
Araşdırmalar göstərir ki, azərbaycanlıların 42 faizi Aİ-yə inanır ki, bu da BMT-nin (27 faiz) və NATO-nun (25 faiz) müvafiq göstəricisindən çoxdur. Avropa İttifaqının maliyyələşdirdiyi Sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində həyata keçirilib.
“Avropa Qonşuluğu Barometri” çərçivəsində Azərbaycanda keçirilən sorğunun nəticələri nəyi ifadə edir?
Şübhəsiz, məlum sorğu həm ölkədəki demokratik durumun, həm də Azərbaycanın xarici siyasətinin vətəndaşlar arasında məmnunluq doğurduğunu göstərir. Bu, eyni zamanda, ona dəlalət edir ki, Azərbaycanın daxili və xarici siyasəti sırf milli maraqlar üzərində qurulub və ölkəmiz doğru yolda irəliləyir.
Bütün bunların fonunda bir daha belə bir nəticəyə gəlmək olur ki, Ulu öndər Heydər Əliyevin milli dəyərlər və maraqlara müvafiq surətdə başlatdığı demokratik transformasiyanın milli modelinin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə yeni keyfiyyətdə davam etdirilməsi siyasi sistemin təməl struktur elementlərinin təkmilləşməsinə təkan verməklə yanaşı, hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunmasını da şərtləndirmiş oldu. Nəticə etibarilə, milli demokratiya modelinin fonunda siyasi və iqtisadi islahatların paralel surətdə - effektiv şəkildə aparılması milli inkişafın fundamental determinantı qismində çıxış edir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 13 iyun.- S.2.