Milli müstəqilliyimizin və inkişafımızın əsasında
Qurtuluş məfkurəsi durur
Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin
şanlı qürur səhifəsidir
Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi yetkililər arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.
Müstəqilliyin ilk illərinin xarakteristikası: xaos və anarxiya
1991-ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən, amma tamamilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii geosiyasi şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz müstəqilliyini elan etməsi, həmçinin, xalqların azadlıq mücadiləsi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız yanaşmasının bariz nəticəsi idi ki, həmin vaxt hakimiyyətdə olanlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr də göstərdi ki, o zamankı rəhbərlik təbii geosiyasi situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyildi.
Beləliklə, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri Azərbaycanı fərqli korporativ maraqlara malik olan güclərin siyasi mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirmişdi.
AXC-“Müsavat” cütlüyü Azərbaycanı xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi
Bundan sonra hakimiyyətə gəlmiş AXC-“Müsavat” cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər.
Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.
Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qaldı
Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC-“Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi.
Əslində, Surət Hüseynovun başladığı 4 iyun qiyamı da Azərbaycanda AXC-“Müsavat” iqtidarının heç bir təsir və rola malik olmadığının göstəricisi idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz. Xüsusilə də mürəkkəb proseslərin cərəyan etdiyi bir mərhələdə zəngin dövlətçilik təcrübəsinə malik olan siyasi lider yoxdursa, o zaman hər hansı bir uğurdan bəhs etmək olmaz. Məhz AXC-”Müsavat” hakimiyyətinin komandasında siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu, eləcə də bütün bu dağıdıcı prosesləri şərtləndirən əsas amillərdən biri kimi çıxış etdi.
Ölkəyə “rəhbərlik” edən qüvvələr Azərbaycanı xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirdilər
Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Bir sözlə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Ulu öndər Heydər Əliyev xalqımızın xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi
Əlbəttə, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji funksiyaları müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. Daha dəqiq desək, Qurtuluş məfkurəsi Azərbaycan dövləti və xalqını tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran iftixar mənbəyidir.
1993-cü il, əslində, real müstəqilliyimizin ilk ili oldu
Beləliklə, bütün bunların qanunauyğun sonucu kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev qısa bir zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Eyni zamanda, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsini təmin etmiş oldu.
Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.
Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Yeri gəlmişkən, 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, 1993-cü il, əslində, real müstəqilliyimizin ilk ili olmuşdur: “Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
O da qeyd edilməlidir ki, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, gerçəkləşdirilən sistemli və kompleks islahatlar sayəsində Azərbaycan, sözün əsl mənasında, sabitlik adasına çevrildi. İctimai-siyasi sabitlik ölkənin hərtərəfli inkişafına müstəsna töhfələr verdi, Azərbaycanın müstəqil siyasət yürüdərək yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir”.
Müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Başqa sözlə, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Bir sözlə, 1991-ci ilin oktyabrında formal olaraq elan edilməsinə baxmayaraq, 1993-cü ilin iyunundan, yəni Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləməkdədir. Məhz bütün bu nailiyyətlərin önəminə toxunan Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq”.
Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qeyd etdiyimiz kimi, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.
Yeni Azərbaycan.-2014.- 14 iyun.- S.4.