Heydər Əliyev ideyaları bu gün də Azərbaycan dövlətinin inkişafının təməl prinsipidir

 

“Azərbaycan” nəşriyyatının baş direktoru, YAP Siyasi Şurasının üzvü Ağabəy Əsgərov www.yap.org.az saytına müsahibə verib

 

- Ağabəy müəllim, Azərbaycan xalqı Milli Qurtuluş Gününün 21-ci ildönümünü qeyd edir. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində dövlətçilik tariximizdə önəmli yerlərdən birini tutan bu əlamətdar gün haqqında fikirlərinizi bilmək maraqlı olardı...

- İlk növbədə, xalqımızı, Azərbaycanı sevən hər bir kəsi Milli Qurtuluş Günü münasibəti ilə təbrik etmək istərdim. Bu gün ölkəmizin dünyada söz sahibinə çevrilməsində, güclənib-qüdrətlənməsində, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasında, eyni zamanda, sabitliyin bərqərar olmasında Ulu öndər Heydər Əliyev ideyalarının əvəzolunmaz faktorları dayanmışdır. Çünki Ümummilli lider Heydər Əliyev xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün bütün gücü ilə işləyib.

Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq olmaz ki, dövlətçilik tariximizin özünəməxsus bir halqası olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb. Ona görə də, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərinı təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə diqqət yetirmək lazımdır.

- Sizcə Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu birinci dövrə nəzər salarkən hansı məqamlar daha çox nəzərə çarpmalıdır?

- Bu bir reallıqdır ki, Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə həmin vaxta qədər həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Çünki 1969-cu ilin iyuluna qədər Azərbaycan cəmiyyətində bədbinlik, ətalət, laqeydlik əhval-ruhiyyəsi hökm sürürdü. Sosial-iqtisadi göstəricilərin əksəriyyətinə, o cümlədən, əməkhaqqının səviyyəsinə, mənzil təminatına, məktəblərin və xəstəxanaların sayına, istehlak səviyyəsinə görə respublika ittifaq ölkələri arasında axırıncı yerlərdən birini tuturdu. Ərzağın xeyli hissəsi ittifaq fondundan alınırdı. Beləliklə, Ulu öndər qısa müddət ərzində həyata keçirdiyi işlərlə bütün bu neqativ halların aradan qaldırılmasına nail oldu və respublikamızın inkişafının əsasını qoydu. 1969-cu ilin iyuluna qədər inkişafına görə keçmiş SSRİ respublikaları arasında sonuncu yerlərdə qərarlaşan Azərbaycan məhz Ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası sayəsində qısa zaman kəsiyində bütün sahələr üzrə öncül yerləri tutmağa başladı. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda yüzlərlə yeni müəssisə tikildi, neftayırma və neft maşınqayırması müəssisələri tamamilə yenidən quruldu. İri elektron, elektrotexnika, radiotexnika və cihazqayırma sənayesi zavodları inşa edildi, respublikada sənaye istehsalı 2 dəfədən çox artdı. Ümumiyyətlə, 1969-cu ilin iyuluna qədər daha çox kənd təsərrüfatı ölkəsi olan Azərbaycan həyata keçirilən iri layihələr nəticəsində sənaye respublikasına çevrildi. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başladı. Azərbaycan sonrakı illərdə sənaye məhsulunun artım tempinə görə, ittifaq ölkələri arasında ilk yerlərdən birini tutdu. Statistik məlumatlara əsasən, 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ümumi daxili məhsulda 66 faizə çatmışdı. Bu illər ərzində ölkədə 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı. Aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilən Azərbaycanın ixrac potensialı da artdı. Bundan başqa, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsulları təkcə ittifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başladı. Məsələn, həmin illərdə respublikamızda istehsal edilən 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Onu da qeyd etmək yerinə düşər ki, nəinki sənayenin, ümumilikdə Azərbaycan iqtisadiyyatının “onurğa sütunuolan nəhəng müəssisələr, infrastruktur obyektləri məhz həmin illərdə tikilərək istifadəyə verildi. Buna misal olaraqGülüstan” sarayı, Prezident Administrasiyasının, Milli Məclisin, Milli Təhlükəsizlik Nazirliyinin binaları, Azərbaycan Televiziyasının teleötürücü qülləsi, Azərbaycan Ensiklopediyası, Kosmik Tədqiqatlar İnstitutu, “UlduzElektrik Cihazları Zavodu, Bakı Şampan Şərabları Zavodu, Neft Emalı Zavodu, Dəmir Yol İdarəsi, Bakı Dəmir Yolu Vağzalı, Əl Oyunları Sarayı, İdman-Konsert Kompleksi, Gəncə Avtomobil Zavodu, “ElektrotermZavodu, Sumqayıt İplik-Əyirici Fabriki, Lənkəran Konserv Zavodu, Xırdalan Ət və Süd Emalı Kombinatı, “Sirab” Mədən Suları Zavodu, bir neçə ayaqqabı fabriki, Bakı Zərgərlik Zavodu, Bakı Elektrik Maşınqayırma, Radiozavod, Elektron Hesablayıcı Maşınları Zavodu, Sumqayıt Kompressor Zavodu, Gəncə “BüllurZavodu, Dəniz vağzalı, “Azon”, “Alunit” zavodları və digər sənaye obyektlərini göstərmək olar.

Bir sözlə, Azərbaycanda bütün infrastruktur yenidən quruldu, kənd təsərrüfatında zamanın tələbinə uyğun islahatlar həyata keçirildi. Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başladı.

- Heydər Əliyev uzaqgörənliyi kimi dəyərləndirilən daha bir amil Onun hələ Sovet dönəmində ölkənin gələcəyi üçün milli kadr hazırlamansı istiqamətində göstərdiyi qətiyyətidir. Bununla bağlı Ulu öndər hansı taktiki gedişlər edirdi?

- 1969-1982-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Daha dəqiq desək, Azərbaycanın elmi potensialının, güclü kadr bazasının yaradılmasında müstəsna xidmətlərə malik olan Ulu öndər hələ hakimiyyətinin birinci dövründə ictimai-siyasi, iqtisadi-sosial, hərbi, elmi-mədəni, humanitar və digər sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün genişmiqyaslı işlər gördü.

Yəni, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri də məhz Azərbaycanın güclü kadr potensialının yaradılmasının əsasının qoyulması ilə bağlıdır. Xatırladaq ki, 1969-cu ilə qədər respublikamızın təhsil sferasında vəziyyət ürəkaçan səviyyədə deyildi və ölkəmiz keçmiş ittifaq ölkələri arasında sonuncu yerlərdən birini tuturdu. 1969-cu ilə qədər Azərbaycandan ittifaq respublikalarının ali təhsil müəssisələrinə göndərilənlərin sayı cəmi 47 nəfər təşkil edirdi. Ulu öndər hakimiyyətə gələndən sonra təhsilə xüsusi diqqət göstərməyə başladı və bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verildi. Həmin vaxt ittifaq respublikalarına təhsil almağa göndərilənlərin, ilk növbədə, ən nüfuzlu ali məktəblərdə yerləşdirilməsinə dair qərar qəbul olundu. Ümummilli lider Heydər Əliyevin bu strategiyası nəticəsində 1970-ci illərdə bütün ixtisaslar üzrə respublikamızdan kənarda təhsil alanların sayı 100 dəfəyə yaxın artdı. Həmin illərdə 3600-dən çox şəxs keçmiş ittifaqın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldı. Bu kadrlar peşəkar mütəxəssislər kimi yetişdikdən sonra respublikamızın dövlət strukturlarında müxtəlif vəzifələrdə işləməyə cəlb olundu. Onlar sənaye, maliyyə-iqtisadi, ictimai-siyasi, elmi-tədqiqat bölmələrində qabaqcıl kadr kimi çalışmağa başladılar. Həmin kadr potensialının bir hissəsi keçmiş ittifaqın iri sənaye, elmi-tədqiqat müəssisələrində fəaliyyətə başladı və bu, Azərbaycanın ziyalı təbəqəsinin, peşəkar kadrlarının respublikamızdan kənarda tanınmasında, şöhrət tapmasında mühüm rol oynadı.

Beləliklə, “Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da-hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - deyən Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Ulu öndər Heydər Əliyevin xalqımızın istiqlal uğrunda mübarizə tarixində misilsiz xidmətidir.

- Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlı nə deyə bilərdiniz?

- Qeyd edim ki, tarix geri dönmür, ancaq təkrar olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şərait bir qədər başqa məzmunda, lakin daha əlverişli formada əsrin sonuncu on illiyində yenidən təkrarlandı. SSRİ-nin dağılmasının nəticəsi olaraq, digər müttəfiq respublikalarla yanaşı Azərbaycan da öz müstəqilliyini elan etdi: 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə, müstəqilliyini elan və həm də bərpa etdi. Bu aktla, Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da və ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması məhz dahi rəhbərimiz Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşdı. Çünki 1991-1992-ci illərdə, o cümlədən, 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövrü hesab edilən həmin dövrdə Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. Öz xalqına qarşı ağır cinayətlər törətmiş Vəzirov və Mütəllibovun xəyanətkar əməlləri, həmçinin, özbaşınalığa rəvac verən AXC-”Müsavat” hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, məhz Ümummilli liderin 1969-1982-ci illərdə ölkə rəhbəri olduğu dövrdə yaradılan iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, milli sərvətlərimiz talan edildi. AXC-”Müsavat” rəhbərliyi ölkə hakimiyyətini əldə saxlamaq üçün qanunsuz silahlı dəstələrin yaradılmasına rəvac verdi. Bu, sonradan Azərbaycanda separatizm meyillərinin güclənməsinə əlverişli şərait yaratdı.

Xalqımız üçün ən qiymətli nemət olan dövlət müstəqilliyinin qorunması, o cümlədən, xalqın mənafeyini qorumaq üçün həvalə olunan hakimiyyətə yalnız mənfəət prizmasından yanaşan AXC-“Müsavatcütlüyü ölkəni iqtisadi tənəzzülə uğratmaqla yanaşı, siyasi cəhətdən də gərgin bir vəziyyət yaratmışdı. Ölkədə kriminogen durum gündən-günə pisləşir, cinayətkarlıq baş alıb gedirdi, qanunun tələbləri, səlahiyyətli, vəzifəli şəxslərin əmr və sərəncamları, göstərişləri icra olunmurdu. Sadəcə, hər kəs öz silahlı dəstəsinə arxayın olaraq hakimiyyət savaşı aparırdı. Ölkədə istehsal dayanmışdı, iqtisadi böhran həyatın bütün sahələrini iflic etmişdi. Digər tərəfdən, siyasi qurumlar arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi.

Məhz belə bir ağır zamanda xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələr xalqın dəstəyi ilə zərərsizləşdirildi. Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdiUlu öndərin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı.

Belə bir böhranlı vaxtda Yeni Azərbaycan Partiyasının yaranma zərurətini də xüsusilə qeyd etmək lazımdır. Belə ki, məhz bu ərəfələrdə ziyalılar, tanınmış siyasi-ictimai xadimlər, eləcə də sadə xalq nümayəndələri Ulu öndərin ətrafında toplaşaraq dövlətçiliyin xilasını Onun missiyasında, Onun siyasi iradəsində - rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında görməyə başlamışdı. Bu baxımdan, YAP-ın yaranması sonrakı zamanlarda dövlətin qorunması, daxilixarici düşmənlərdən azad edilməsi istiqamətində çox mühüm siyasi rol oynadı. Əbəs yerə deyil ki, Heydər Əliyev ziyalıların Ona müraciətinə cavabında vurğulamışdı ki, “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur”. O, bu haqqından bütün qətiyyəti ilə istifadə etdi və yalnız Yeni Azərbaycan Partiyasının Sədri kimi deyil, eyni zamanda, xalqın Ümummilli lideri kimi dövlətçiliyi, ölkəni düşdüyü bəlalardan qorumuş oldu. Əlbəttə ki, bu kimi faktorlar sonrakı illərdə YAP-ın güclənməsində, qüdrətlənməsində, beynəlxalq aləmdə ən güclü siyasi təşkilata çevrilməsində çox əhəmiyyətli rol oynadı. Bu gün YAP-ın sıralarında 600 mindən çox insanın üzv olması da bu deyilənləri kifayət qədər təsdiq edir.

- Ulu öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının genişləndirilməsi, demokratik dövlət quruculuğunun inkişafı istiqamətində qanun bazasının yaradılmasında hansı ilklərə imza atdı?

- Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hüquqi dövlət quruculuğuna başlandığı bəyan olunsa da, bu vəzifənin həyata keçirilməsi müstəqil Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Milli Konstitusiyanın qəbul olunması ilə reallaşdı. Konstitusiyada yer alan müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadisosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaqbu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi müddəalar dövlətin xarici-daxili siyasətinin prioritetini təşkil etdi.

Ulu öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının genişləndirilməsi, demokratik dövlət quruculuğunun inkişafı istiqamətində qanun bazasını yaratmaqla dövlətin hüquqi əsasını qoydu. Bu gün Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, xalq hakimiyyəti və dövlətin əsasları, dövlət hakimiyyətinin qolları, yerli özünüidarəetmə orqanları, hüquqqanun ilə əlaqədar olan ictimai münasibətlərin nizamlanması da əhatəli şəkildə təsbit edilmişdir ki, bu da ölkəmizin Əsas Qanununun demokratik prinsiplərin daşıyıcısı olan beynəlxalq aktlar sırasına daxil olmasına imkan verir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas diqqətini həm də ölkəmizin Avropa məkanına inteqrasiyasının gücləndirilməsinə yönəltmişdi. Məhz ölkəmizin Avropa Şurasına qəbul olunması bu istiqamətdə atılan böyük addımlardan biri idi. Görülən çoxşaxəli işlər qısa müddət ərzində öz bəhrəsini verdi. 1996-cı ilin iyununda Azərbaycana Avropa Şurasında “xüsusi qonaqstatusu verildi. “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 20 yanvar tarixli Sərəncamı, “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında” 1998-ci il 16 aprel tarixli Sərəncamı, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncamı Azərbaycanın bu yolla inamlı irəliləyişi idi. Sonrakı dövrlərdə Azərbaycan beynəlxalq təşkilatlar ilə yaxından əməkdaşlıq proqramları həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində nail olduğumuz bu nəticələr Azərbaycanın demokratik inkişaf prosesinə dönməz xarakter verdi, azadlığın və qanunçuluğun möhkəm təminatını yaratdı və 2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul olunmasını şərtləndirdi.

- Ağabəy müəllim, bütövlükdə ötən 21 il ərzində ölkəmizin inkişafını necə səciyyələndirərdiniz?

- Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Artıq Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulub. Ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə görülən işlər, əldə olunan nəticələr müstəqilliyimizin dönməz, sarsılmaz və əbədi olacağına dəlalət edir. Bu, Azərbaycan xalqının ən müqəddəs arzusudur.

Beləliklə, Azərbaycan tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparanuğurlu, dayanıqlı nəticələrə nail olan, Azərbaycanın milli qürurunu özünə qaytaran, dövlətimizi öz sərvətlərinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər Ümummilli liderimiz Heydər Əliyev olub.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı inkişaf strategiyasının ən böyük uğurlarından biribaşlanan işlərin uğurla davam etdirilməsidir.

Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi-siyasi sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirir. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırılıb, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olunub.

Bu gün Ulu öndərimiz Heydər Əliyev cismən aramızdan ayrılıb. Amma Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasi məktəbi və inkişaf strategiyası bu gün də Azərbaycan xalqının inkişafının təməl prinsipi sayılır. Bu baxımdan, Azərbaycan xalqı hər zaman öz Ümummilli liderini xoş xatirələrlə anır, Onu qəlblərdə əbədi olaraq yaşadır.

 

Yeni  Azərbaycan.-2014.- 14 iyun.- S.5.