Azərbaycanla Türkmənistan
arasında dostluq əlaqələri daha da möhkəmlənir
Azərbaycan-Türkmənistan münasibətləri təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, eləcə də Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyətə malikdir
Azərbaycanın xarici siyasətində bütün ölkələrlə, o cümlədən də türkdilli ölkələrlə bərabərhüquqlu sıx əməkdaşlıq əlaqələri mühüm yer tutur. Bu cəhətdən ölkəmizlə Türkmənistan arasında dostluq münasibətlərinin getdikcə möhkəmlənməsini və yeni üfüqlər fəth etməsini xüsusi vurğulamaq mümkündür. Hər iki ölkə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir və qarşılıqlı etimad nümayiş etdirir.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin cari il iyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonraTürkiyə Respublikasının Prezidenti Abdullah Gül və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla birgə görüşü olub.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib. Azərbaycan, Türkiyə və Türkmənistan arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi ifadə olunub.
Qeyd edək ki, keçmiş
ittifaq dağıldıqdan sonra müstəqil Azərbaycanla Türkmənistan
arasında diplomatik əlaqələr
1992-ci il iyunun 9-da
yaradılıb. 1999-cu il iyunun
8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə
başlayıb. 2001-ci il iyunun
4-də Türkmənistan tərəfi maliyyə
problemlərini əsas gətirərək Azərbaycandakı
səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik
yenidən öz fəaliyyətini bərpa
edib. 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə
başlayıb.
İki ölkə arasında əlaqələrin dərinləşməsində, eləcə də, narahatlıq doğuran müəyyən problemlərin aradan qaldırılmasında dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində fikir mübadiləsi aparmaları mühüm rol oynayır. 1993-cü il dekabrın 23-24-də Aşqabadda keçirilən MDB-yə üzv ölkələrin başçılarının Zirvə toplantısında iştirak edən Ulu öndər Heydər Əliyevlə Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov arasında keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılıb. 1994-cü il oktyabrın 26-27-də Türkmənistanın müstəqillik günü münasibəti ilə keçirilən tədbirlərdə Ümummilli lider Heydər Əliyev də iştirak edib. 1996-cı il martın 18-19-da Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
1997-ci il dekabrın 13-də Tehranda keçirilmiş İslam Konfransı Təşkilatının Zirvə toplantısında Ulu öndər Heydər Əliyevlə Saparmurad Niyazov arasında keçirilən görüşdə Xəzər dənizinin orta xəttinin müəyyən edilməsi və Xəzər dənizində bir sıra neft yataqlarının mənsubluğu məsələlərinin həll edilməsi üçün iki ölkə arasında ekspertlər qrupunun yaradılması haqqında razılıq əldə olunub. 17-19 noyabr 2007-ci ildə Bakıda Türkdilli Dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlığının XI Qurultayı keçirilib. Qurultayda Türkmənistanın Nazirlər Kabinetinin Sədr müavini X.Saparlıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
2008-ci il mayın 19-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Görüşdə Azərbaycan - Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulanıb. Türkmənistanın dövlət başçısının Azərbaycana bu rəsmi səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirilib. Danışıqlardan sonra iki ölkənin Maliyyə, Xarici İşlər və Nəqliyyat nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinə dair dövlət başçıları bəyanatla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirib: “...Bu gün müzakirə etdiyimiz mövzulardan biri də Xəzər problemi idi. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitinin yekunlarını, eləcə də, Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsinin gələcək yollarını razılıq hissi ilə qeyd etdik. Əminik ki, Türkmənistanın və Azərbaycanın bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyəti həmin məsələnin hərtərəfli tənzimlənməsinə kömək edəcəkdir...”.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov isə bəyanatında vurğulayıb: “...İlk növbədə, bütün dünyada enerji dövlətləri statusuna malik olan hər iki ölkənin iqtisadiyyatı üçün baza əhəmiyyəti kəsb edən yanacaq-energetika sektorunda tərəfdaşlıqdan söhbət gedir. Möhtərəm İlham Heydər oğlu ilə bugünkü danışıqların gedişində biz bu mövzuya xüsusi diqqət yetirdik. Bizim ümumi fikrimiz belədir ki, məhz bu sahə gələcək dövlətlərarası tərəfdaşlığın strateji istiqamətinə çevriləcəkdir...”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il noyabrın 28-də Türkmənistana rəsmi səfərə gedib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Geniş tərkibdə keçirilən görüşdə isə Prezident Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Azərbaycanla münasibətlərinə böyük önəm verdiyini vurğulayıb. Prezident Qurbanqulu Berdiməhəmmədov tranzit boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması barədə Türkmənistanın beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. O, zəngin neft və qaz yataqları olan Azərbaycanın və Türkmənistanın regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşdığını xüsusi vurğulayıb. Prezident İlham Əliyev isə Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, eləcə də Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti olduğunu bildirib.
Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafında yanacaq-enerji sektorunun xüsusi yer tutması təbiidir. Bu sahədə əməkdaşlığı şərtləndirən əsas amil ilk növbədə hər iki ölkənin zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Azərbaycanın uğurlu neft-qaz strategiyası və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açıb. Təsadüfi deyil ki, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşündə əsas müzakirə mövzularından biri energetika sahəsində əməkdaşlıq məsələsi olub. Bir vaxtlar Azərbaycanın enerji layihələrinə qarşı çıxan Türkmənistan artıq Azərbaycan üzərindən keçəcək qaz kəməri planına dəstək verir, ölkəmizlə ortaq enerji layihəsinə qoşulmaq niyyətini gizlətmir. Çünki Türkmənistanın Qərbə çıxışı üçün yeni alternativ yola ehtiyacı var. Azərbaycandan və Gürcüstandan keçən Transxəzər nəqliyyat dəhlizi isə bu sahədə yeganə vasitədir. Bu baxımdan, getdikcə daha da canlanmaqda olan Türkmənistan-Azərbaycan dialoqunun əsas müzakirə predmetlərindən biri də rəsmi Aşqabadın enerji ixracı sahəsində alternativ layihələri inkişaf etdirmək niyyətidir. Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuat üçün bəyanatla çıxış edən Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, “...biz “açıq qapı” siyasətinə və karbohidrogen ehtiyatlarımızın nəqlinin şaxələndirilməsinə tərəfdarıq”.
Azərbaycan Prezidenti İlham Əliyev bu barədə bildirib ki, Xəzəryanı iki ölkə nəinki özlərinin enerji təhlükəsizliyini təmin edir, həm də başqa ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol gələcəkdə artacaqdır. Dövlətimizin başçısı deyib: “İki müstəqil dövlət kimi biz öz enerji potensialımızı tamamilə reallaşdırmışıq. Həyata keçirdiyimiz sərmayələr və layihələr xalqlarımızın xoşbəxt gələcəyini təmin edir və hələ bir çox onilliklər ərzində təmin edəcəkdir”.
Geniş tərkibdə görüşdən sonra dövlət başçılarının iştirakı ilə Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmiryolu - bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərinin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında təhsil, əməkdaşlıq haqqında saziş, hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında saziş və digər sənədlər imzalanıb.
Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun üçtərəfli görüşü olub. Görüşdə üç ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.
2009-cu il noyabrın 3-dən 6-dək Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov müvafiq sərəncam imzalayıb.
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində Azərbaycanı Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət ustaları təmsil ediblər. Aşqabadda məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Məxdumqulu adına Türkmənistan Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulub.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 14 iyun.- S.12.