Qurtuluş və Heydər Əliyevin möhtəşəm
qayıdışı Azərbaycan xalqının istəyinin
və iradəsinin ifadəsi idi
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə Şamaxıda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
İyunun 14-də Şamaxı rayonunda, “Şamaxı Palace” hotelində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP-ın Şamaxı, İsmayıllı, Göyçay, Ağsu və Qobustan rayon təşkilatlarının fəalları iştirak edib.
Tarixi bayram münasibətilə konfrans iştirakçılarını təbrik edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən bəhs edərək bildirib ki, Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Əli Əhmədov deyib ki, Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar idi.
Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixi Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın təhlükələrdən qurtulduğunu qeyd edən YAP Sədrinin müavini, 15 iyun tarixinin Azərbaycan tarixində tutduğu yerdən danışıb və qeyd edib ki, bu gün xalqımızın taleyində dönüş anı olub. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib.
Əli Əhmədov bildirib ki, hər bir vətəndaş tərəfindən Heydər Əliyevin möhtəşəm və tarixi qayıdışını özündə ehtiva edən Milli Qurtuluş Günü mühüm hadisə kimi dəyərləndirilir. Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı qurtuluş məfkurəsi ilə birbaşa əlaqədardır. YAP Sədrinin müavini deyib ki, qurtuluş və Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur: “Ölkəmizin tarixinin ən həssas dövründə Heydər Əliyevin qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi. Bu qayıdışın əsasını qurtuluş məfkurəsi təşkil edir. Qurtuluşun digər mənası Azərbaycanın siyasi təlatümlərdən xilas edilməsi ilə bağlıdır. O dövrü xatırlayanlar bunun nə demək olduğunu aydın şəkildə təsəvvür edirlər. Qurtuluş, eyni zamanda, iqtisadi tənəzzülün qarşısını aldı. Bu da Heydər Əliyevin böyük qayıdışını əks etdirən çox vacib məqamlardan biridir. Eyni zamanda, bir məqam da odur ki, qurtuluş Azərbaycanı o zaman düçar olduğu beynəlxalq təcriddən xilas etdi. Ümumiləşmə apararaq demək olar ki, qurtuluş məfkurəsi Azərbaycanın mənəvi böhrandan, mənəvi aşınmadan xilas olması mənasını daşıyır. Qayıdış, əslində Azərbaycanı bütün istiqamətlər üzrə bürümüş böhrandan xilas etdi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasını özündə ehtiva edirdi. 1990-cı illərin əvvəlində Azərbaycan təlatümlü anlarını yaşayanda xalqın qəlbində əsas kök salan istəklər hər şeydən əvvəl Azərbaycanın məhv olmaqdan xilas olunması ilə bağlı idi. Bu xilası da Ümummilli lider Heydər Əliyevin adı ilə əlaqələndirirdilər. Heydər Əliyevin atdığı qətiyyətli addımlar insanların bu gözləntilərini tamamilə doğrultdu”.
Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyevin bu qayıdışı xilaskarlıq missiyası ilə yanaşı, digər missiyaları da özündə ehtiva edirdi. Onun sözlərinə görə, bu da xilaskarlıq missiyasının əsasında Azərbaycanın inkişafının təmələrinin yaradılmasından ibarət idi. Bu qayıdışın ölkəni ağır durumdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın təminatı olduğunu deyən YAP İcra katibinin sözlərinə görə, ölkədə sabitliyin bərqərar olunması ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilib, iqtisadi tənəzzülün qarşısı alınıb. Belə ki, Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulub. Əli Əhmədov deyib ki, Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. “Ulu öndər sabitliyi təmin etdikdən sonra ölkənin inkişafının bünövrəsinin yaradılması kimi ikinci bir missiyanı-quruculuq missiyasını üzərinə götürdü. İqtisadi islahatların həyata keçirilməsi, neft müqavilələrinin imzalanması, torpaq islahatı, siyasi, sosial, mədəni sahədə islahatlar, beynəlxalq əlaqələrin qurularaq möhkəmlənməsi və s. tədbirlər həyata keçirildi. Bununla da, qayıdışdan başlayan möhtəşəm quruculuq mərhələsi öz əsasını götürmüş oldu” - deyə, YAP Sədrinin müavini qeyd edib. Əli Əhmədov deyib ki, bu gün qurtuluş haqda danışarkən, göz önündə indiki Azərbaycan reallıqları dayanır. Belə ki, 1990-cı illərin əvvəlində böhrandan əziyyət çəkən Azərbaycanın yerində günü-gündən inkişaf edən, dünya birliyində layiqli yer tutan, regionda lider funksiyalarını artıq birdəfəlik öz əlinə almış Azərbaycan canlanır. “Biz, qurtuluşun məntiqi haqqında danışarkən insanların həyatında baş verən dəyişiklikləri də göz önünə gətiririk. Çünki bu dəyişikliklərin başlıca mənası insanların həyatının müsbət mənada dəyişməsi ilə bağlıdır. Biz artıq yeni mühitdə yaşayırıq, insanların həyata baxışı dəyişib. Qurtuluş bugünkü Azərbaycandır, onun insanıdır. Qurtuluş Azərbaycanın inkişafının etibarlı dayaqlarıdır və uzun illər Azərbaycana xidmət edəcək” - deyə, Baş nazirin müavini vurğulayıb.
Hazırda Azərbaycanın sürətli və dinamik inkişafının məhz Milli Qurtuluş Günü ilə başlamasını bir daha vurğulayan Əli Əhmədov, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Natiq qeyd edib ki, bu gün Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı, ilk növbədə, vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, paytaxtla bərabər regionlar da sürətli tərəqqi yolu ilə inamla addımlayır. Azərbaycanın regionun ən güclü dövlətlərindən biri olduğunu vurğulayan Əli Əhmədov qeyd edib ki, insanların ölkəsinə, dövlətinə, Prezidentinə inamı artıb. YAP Sədrinin müavini deyib ki, tədbirin Şamaxıda keçirilməsinin məqsədi də qurtuluşun Azərbaycanın hər yerinə yeni ab-hava gətirdiyini bir daha yerli nümunə əsasında nəzərdən keçirməkdir. Onun sözlərinə görə, Azərbaycanın hər yerində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və uğurla həyata keçirdiyi siyasət əsasında ciddi dəyişikliklər baş verməkdədir: “Bakı şəhəri ilə yanaşı, bütün bölgələrdə də ciddi inkişaf müşahidə olunmaqdadır. Hər yerdə iqtisadiyyat inkişaf edir, yeni iş yerləri yaradılır, infrastruktur yeniləşir, insanların həyatı yaxşılaşır, insana layiq olan həyat şəraiti ölkənin bütün guşələrində yaradılır. Bu prosesi Şamaxı rayonunda da görürük. 20 il əvvəl ölkəmizdə belə bir inkişafa nail olacağımızı təsəvvür etmirdik. Bu işlər təkcə Şamaxıda yox, digər bölgələrdə də özünü göstərir. Bu, Prezident İlham Əliyevin Azərbaycanın inkişafının yeni bir mərhələsinin əsasının qoyulmasından ibarət olan strategiyası ilə bağlıdır. Prezidentimiz dəfələrlə bəyan edib ki, həyata keçirilən siyasət insana xidmət edir”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 15 İyun - Milli Qurtuluş Gününün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında rolu barədə geniş danışıb. E.İbrahimov böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətindən bəhs edərək qeyd edib ki, Ulu öndər Heydər Əliyev Öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir: “Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bu günü və sabahı görünür. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son yarıməsrlik tarixinin mərhələləri ilə üst-üstə düşür. Ona görə də ən yeni tariximizi Ümummilli lider Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil”.
Milli Qurtuluş Günündən sonra Ümummilli lider Heydər Əliyevin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunu tutmasından, buna qədər Naxçıvanda Ali Məclisin sədri olarkən həyata keçirdiyi islahatlardan danışan YAP İdarə Heyətinin üzvü bildirib ki, Ulu öndər demokratik Azərbaycanın gələcək inkişaf istiqamətlərinin əsasını məhz bu qədim torpağımızda başlamışdı. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitlik bərpa olundu və bununla da, inkişaf proseslərinə start verildi. Azərbaycanın inkişaf strategiyasının məhz Ulu öndər Heydər Əliyev tərəfindən hazırlandığını xatırladan E.İbrahimov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində ölkəmiz hərtərəfli surətdə inkişaf edir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxışında bildirib ki, iqtisadiyyat siyasətlə bilavasitə bağlıdır. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrini xatırladan Ş.Hacıyev deyib ki, iqtisadiyyat olmasa cəmiyyət həyatının inkişafından danışmağa dəyməz. Komitə sədri çıxışında 1993-cü ilin iqtisadi mənzərəsindən danışaraq qeyd edib ki, müharibə şəraitində olan ölkədə anarxiyanın davam etməsi nəticəsində iqtisadiyyatın tamamilə tənəzzülə uğraması, dövlətin tamamilə defolt vəziyyətinə düşməsi həmin dövrü xarakterizə edən əsas xüsusiyyətlərdəndir: “Həmin illərdə inflyasiyanın göstəricisi 1700 faiz idi. Dünya təcrübəsində belə hala az təsadüf olunub. 1992-ci ildə dövriyyəyə buraxılan manat inflyasiyanın qarşısında alıcılıq qabiliyyətini itirmişdi. Eyni zamanda, istehsal demək olar ki, dayanmışdı, hər il orta hesabla istehsal 20 faiz aşağı düşürdü. Digər dövlətlərlə iqtisadi əlaqələr itirilmişdi və onun bərpası üçün heç bir cəhd göstərilmirdi. 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra iqtisadi inkişaf strategiyasını hazırlayıb həyata keçirməyə başladı. Keçmiş SSRİ-də planlı iqtisadi sistem mövcud olmasına baxmayaraq, Heydər Əliyev bazar iqtisadiyyatının incəliklərini də dərindən bilirdi”.
Çıxışında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən və uğurlarından bəhs edən Ş.Hacıyev qeyd edib ki, hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi inkişafı yeni mərhələdə uğurla həyata keçirilir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli də çıxışında bildirib ki, Milli Qurtuluş bayramı Azərbaycan tarixinin çox önəmli günlərindəndir. Onun sözlərinə görə, xalqımız bu günün dəyərini yaxşı bilir: “Ona görə də Milli Qurtuluş Günü bayram kimi ölkənin hər yerində qeyd olunur, həmin günün əhəmiyyətindən danışılır. Biz Heydər Əliyevin tarixi qayıdışı ilə dövlət kimi dağılmaqdan, qardaş qırğınından, separatçılıqdan qurtulduq. O dövrdə sosial sahədə də ağır vəziyyətlə üzləşmişdik. Çünki səriştəsiz hakimiyyət populist sosial addımlar atırdı, eləcə də dövlət büdcəsi yox vəziyyətdə idi. Ulu öndər Heydər Əliyev Azərbaycanı məhz bu bəlalardan xilas etdi”.
H.Rəcəbli qeyd edib ki, Heydər Əliyevin tarixi qayıdışından sonra Azərbaycanda yeni sosial tipli dövlət qurulmağa başladı. Sosial sahədə islahatların dünyada ən çətin islahatlar kimi səciyyələndirildiyini deyən komitə sədri bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə bu yöndə uğurlu islahatların əsası qoyuldu. Onun sözlərinə görə, ölkədə uğurlu sığorta-pensiya islahatları həyata keçirilib, ünvanlı sosial yardım sistemi tətbiq olunub, aztəminatlı ailələr üçün sosial müavinətlərin verilməsi kimi addımlar atılıb. H.Rəcəbli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxışında bildirib ki, 1993-cü ilin əvvəllərində ölkə daxilindəki çəkişmələr, hakimiyyət uğrunda mübarizə, erməni işğalı Azərbaycanın mövcudluğunu real təhlükə qarşısında qoymuşdu. Onun sözlərinə görə, belə bir çətin məqamda xalq Ulu öndər Heydər Əliyevə müraciət etdi: “Ulu öndərimiz bu müraciəti cavabsız qoymadı və hakimiyyətə qayıdaraq bütün problemləri aradan qaldırdı”. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu inkişaf siyasətinin həyata keçirildiyini deyən A.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda sosial-iqtisadi inkişaf yeni mərhələyə qədəm qoyub. O deyib ki, ölkədə müşahidə olunan dinamik inkişaf bütün bölgələrdə də özünü göstərir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının əhəmiyyətini vurğulayan icra başçısı Şamaxının da inkişaf göstəricilərini diqqətə çatdırıb. Son 10 ildə Prezident İlham Əliyevin Şamaxıya 8 dəfə səfər etdiyini deyən A.Məmmədovun sözlərinə görə, dövlət başçısı bu müddətdə rayonun sosial-iqtisadi inkişafına dair 6 Sərəncam imzalayıb. İcra başçısı qeyd edib ki, Dövlət proqramlarının icrası nəticəsində rayonda təhsil, səhiyyə müəssisləri yenidən qurulur, eyni zamanda, Şamaxıda Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatınının yeni binası, Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı, Tarix Diyarşünaslıq Muzeyi, İncəsənət Təhsil Mərkəzi və s. obyektlər tikilib istifadəyə verilib.
Tədbirə yekun vuran Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bir daha Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində əhəmiyyətindən bəhs edib, eyni zamanda, partiya fəaliyyəti ilə bağlı öz tövsiyələrini verib. Əli Əhmədov bildirib ki, ötən ilin oktyabrında prezident seçkilərindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti 10 ilin inkişafına start verilib: “28 - May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı dövlət başçısı qarşıdakı 10 ildə inkişafın hansı istiqamətlərdə həyata keçiriləcəyi və hansı hədəflərə çatacağımız barədə fikilərini bildirdi. 20 il ərzində möhtəşəm inkişafdan sonra növbəti 10 ildə inkişaf, yaradılmış etibarlı zəmin əsasında daha da möhtəşəm olacaq. Dövlətin gücü daha da möhkəmlənəcək, regionda, bütün dünyada rolu daha da yüksələcək, insanların rifahı daha da yaxşılaşacaq, insanların həyatı daha mənalı və məzmunlu olacaq. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması əsas vəzifəmiz olacaq. İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə biz bu hədəflərə nail ola biləcəyik. Bu inkişaf strategiyasının həyata keçirilməsində YAP-ın hər bir üzvünün üzərinə məsuliyyət və vəzifələr düşür. Məmnunluq hissi ilə demək olar ki, bu günə qədər Prezidentimizin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilib. İnanıram ki, bundan sonra da YAP üzvləri öz məsuliyyətini dərindən dərk edərək üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün fədakarlıq nümayiş etdirəcəklər. YAP-ın tarixi, Heydər Əliyev ideyalarına, Prezidentimizə, xalqa sədaqət tarixi bu vəzifələrin öhdəsindən gələcəyimizə inanmağa əsas verir. Azərbaycan gücləndikcə, YAP da güclənəcək, ölkəmizin ictimai-siyasi həyatında mövqeyini daha da artıracaq. Bu gün YAP sıralarında birləşən insanların sayı 600 min nəfəri ötüb. Bu, böyük möhtəşəm ordudur. Bu güc təkcə, sayın çoxluğunda deyil. Amma Prezidentimizə, Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycana, dövlətçiliyimizə sədaqət, mütəşəkkillik və fədakarlığa hazır olmaq YAP-ın gücünü daha da möhtəşəm edir. Güman edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti illərdə həyata keçirilən inkişaf siyasətində YAP daha fəal olacaq və öz töhfəsini verəcək”.
Bu ilin sonlarında ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov bu seçki kampaniyasının uğurla keçməsi üçün YAP-ın hazırlıq işlərinə başladığını vurğulayıb. Əli Əhmədov partiya üzvlərinə bütün proseslərdə fəal olmağı tövsiyə edib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 18 iyun.- S.6.