Azərbaycan
- Tacikistan əlaqələri dinamik inkişaf edir
Bu il Düşənbədə Azərbaycan
iş adamlarının iştirakı ilə keçiriləcək
biznes forum müzakirə edilib
İyunun 11-də Azərbaycanın Tacikistandakı səfiri
Abbasəli Həsənov bu ölkənin insan hüquqları
üzrə müvəkkili Zarif Alizoda ilə
görüşüb. Görüşdə ölkələrimizin
müvafiq qurumları arasında əlaqələrin
inkişafının vacibliyi qeyd edilib, insan
hüquqlarının müdafiəsi sahəsində
qarşılıqlı faydalı əməkdaşlıq
üçün geniş imkanların olduğu
vurğulanıb.
Z.Alizoda Tacikistanda insan hüquqları ilə
bağlı mövcud problemlərin aradan
qaldırılması, gənclər arasında cinayət
hallarının artmasına, işgəncələrə
qarşı mübarizə, bu sahələrdə
görülmüş və görüləcək işlər
haqqında məlumat verib. İnsan
Hüquqları üzrə Müvəkkil İnstitutunun
beşillik fəaliyyətindən danışan Z.Alizoda bu sahədə
bir çox dünya ölkələri ilə yanaşı, Azərbaycanın
təcrübəsindən də yararlandıqlarını
bildirib.
A.Həsənov 1990-cı illərin əvvəlində
Tacikistanda olduğu kimi, Azərbaycanın da müstəqilliyini
bərpa etdikdən sonra üzləşdiyi çətinliklər
barədə danışıb. Tacikistan ombudsmanı həmin
dövrdə Azərbaycanın vətəndaş müharibəsi
təhlükəsi ilə üzləşməsi, ərazimizin
20 faizinin Ermənistan tərəfindən işğala məruz
qalması haqqında məlumatlandırılıb.
Bildirilib ki, Ermənistanın hərbi təcavüzü
nəticəsində 1 milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilib.
Bu gün Azərbaycandakı
qaçqınların və məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırıldığını deyən səfir
bunun ölkənin qısa zaman kəsiyində əldə
etdiyi iqtisadi inkişafla bağlı olduğunu diqqətə
çatdırıb. O vurğulayıb ki, bununla belə,
qaçqınlar və məcburi köçkünlər
öz dədə-baba torpaqlarına qayıtmaq arzusu ilə
yaşayırlar. Azərbaycan dövlətinin
qarşısında duran ən mühüm məsələlərdən
biri onların pozulmuş hüquqlarının bərpa
olunmasıdır.
A.Həsənov və Z.Alizoda insan hüquqları sahəsində
çalışan şəxslərin
qarşılıqlı səfərlərinin təşkil
olunması və təcrübə mübadiləsi aparılmasının
əhəmiyyətini qeyd ediblər. Həmçinin insan
hüquqları ilə bağlı hüquqi, siyasi, psixoloji
aspektlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə
səfir bu il Düşənbədə Azərbaycan iş
adamlarının iştirakı ilə biznes forumun, Azərbaycan
sənaye məhsulları sərgisinin təşkili, nəqliyyat,
təhsil sahələrində əməkdaşlıq, eləcə
də, Düşənbə-Bakı birbaşa hava reysinin bərpası
məsələləri üzərində iş
aparıldığını qeyd edib.
A.Həsənov
Z.Alizodaya yazıçı-publisist, Milli Məclisin
deputatı Elmira Axundovanın Azərbaycanın Tacikistandakı
səfirliyinin təşəbbüsü ilə Düşənbədə
tacik dilində çap olunmuş altıcildlik “Heydər
Əliyev: Şəxsiyyət və zaman”, N.Zinkoviçin “Həyatın
kəşməkəşləri” kitablarını hədiyyə
edib.
Vurğulamaq lazımdır ki, Azərbaycan ilə
Tacikistan arasında hər zaman müsbət əlaqələr
mövcud olub.
İki ölkə əlaqələrinin tarixinə
nəzər salsaq, görərik ki, müstəqilliyin əldə
edilməsi ilə Azərbaycanla Tacikistan arasında münasibətlərin
yeni mərhələsinin başlanğıcı qoyulub.
İki dövlət arasında diplomatik əlaqələrin əsası
29 may 1992-ci ildə qoyulub. 2007-ci ildən Azərbaycan
Respublikasının Tacikistan Respublikasında səfirliyi fəaliyyətə
başlayıb.
İki ölkə əlaqələri parlamentlərarası
səviyyədə də inkişaf edir. Belə ki, 2005-ci il dekabrın 13-də Milli Məclisin qərarı
ilə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr
üzrə işçi qrupu yaradılıb. 29 sentyabr
2006-cı il tarixində Tacikistan
parlamentinin yuxarı palatasının Azərbaycan
Respublikasının Milli Məclisi ilə parlamentlərarası
dostluq və əməkdaşlıq qrupunun əsası qoyulub.
İki ölkənin dövlət
başçılarının və digər yüksək rəsmi
şəxslərinin qarşılıqlı səfərləri
müqavilə-hüquq bazasının formalaşmasına,
münasibətlərin müxtəlif sahələr üzrə
inkişafına şərait yaradıb. Bu baxımdan, Prezident
İlham Əliyevin Tacikistana 15-16 mart 2007-ci il
tarixli səfəri xeyli səmərəli olub. Səfər
zamanı iki ölkə arasında bir sıra sahələr
üzrə 11 hökumətlərarası saziş
imzalanıb.
Öz növbəsində, Tacikistan Prezidenti Emoməli Rəhmonun
2007-ci ilin avqustunda Azərbaycana rəsmi səfəri
zamanı iki ölkə arasında müxtəlif sahələr
üzrə 9 sənəd imzalanıb.
Azərbaycanla Tacikistan arasında iqtisadi əlaqələrin
inkişaf etdirilməsi imkanları genişdir. Asiyanı
Avropa ilə siyasi, iqtisadi, coğrafi, mədəni baxımdan
birləşdirən körpü rolunu oynayan Azərbaycanla əlaqələr
Tacikistan üçün Qərbə çıxış
imkanıdır. Xüsusən də TRACECA
layihəsi çərçivəsində bərpa edilən
“İpək yolu” belə bir imkanı yaratmağa xidmət
edir. Azərbaycan Prezidentinin 7 fevral 2008-ci il
tarixli Sərəncamına əsasən, Azərbaycan
Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi
əməkdaşlıq məsələləri üzrə
Birgə Hökumətlərarası Komissiya yaradılıb.
Bundan əlavə,
12-14 fevral 2008-ci il tarixlərində Tacikistanın iqtisadi
inkişaf və ticarət naziri, Azərbaycan Respublikası və
Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
həmsədri Bobozoda Qulomconun rəhbərlik etdiyi nümayəndə
heyəti respublikamıza səfər edib. Səfər çərçivəsində
12 fevral 2008-ci il tarixində Azərbaycan
Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın həmsədrlərinin işçi
görüşünün protokolu imzalanıb. Bundan
bir gün sonra isə Bakıda Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini ilə tacikistanlı həmkarı
arasında 15 mart 2007-ci ildə Düşənbə şəhərində
imzalanmış “Azərbaycan Respublikası və Tacikistan
Respublikası arasında dostluq və əməkdaşlıq
haqqında Müqavilə” üzrə Ratifikasiya Fərmanlarının
mübadiləsi həyata keçirilib.
2012-ci ilin iyul ayında ölkəmizə rəsmi səfər
edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan
Prezidenti İlham Əliyev arasında növbəti
mühüm görüş baş tutub. Görüşdə
iki ölkə arasındakı münasibətlərin müxtəlif
sahələrdə inkişafından məmnunluq bildirilib, əlaqələrin
daha da genişləndirilməsi üçün yaxşı
potensialın olduğu qeyd edilib. Dövlət
başçısı Tacikistan Prezidentinin Azərbaycana rəsmi
səfərinin ölkələrimiz arasında əməkdaşlığın
daha da möhkəmləndirilməsi baxımından önəmini
vurğulayıb. Görüşdə ikitərəfli,
regional və beynəlxalq məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Sözsüz ki, keçirilən görüşlər,
imzalanan müqavilələr iki ölkə arasında iqtisadi əlaqələrin,
həmçinin, qarşılıqlı ticarətin həcminə
öz təsirini göstərməkdədir. 2013-cü ildə Azərbaycan
ilə Tacikistan arasında ticarət dövriyyəsinin həcmi
13,80 milyon ABŞ dolları, o cümlədən, ixracın həcmi
13,76 milyon dollar, idxalın həcmi isə 0,04 milyon dollar təşkil
edib. Bu dövr ərzində Tacikistan ilə xarici ticarət
saldosu müsbət 13,72 milyon dollar olub.
2013-cü ildə Tacikistanın ölkəmizin xarici ticarət
dövriyyəsindəki payı 0,04 faiz, o
cümlədən, ixracda 0,06 faiz təşkil edib.
Bundan başqa, hər iki ölkə müdafiə və
təhlükəsizlik sahələrində də əməkdaşlığa
böyük maraq göstərir. 30 sentyabr 1999-cu il
tarixində MDB iştirakçı dövlətlərinin
Milli Təhlükəsizlik nazirlərinin görüşü
zamanı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi
ilə Tacikistanın Milli Təhlükəsizlik Nazirliyi
arasında əməkdaşlıq haqqında Saziş
imzalanıb. Saziş iki ölkə arasında
imzalanmış ilk sənəddir. 1-2 iyun 2006-cı il tarixlərində isə Azərbaycanda rəsmi
səfərdə olan Tacikistanın müdafiə naziri
Ş.Xayrulloyev Prezident İlham Əliyevin qəbulunda olub, bir
sıra rəsmi şəxslərlə görüşüb.
Səfərin ən mühüm nəticələrindən
biri “Azərbaycan Respublikası Hökuməti və Tacikistan
Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq
haqqında Saziş”in imzalanması olub. Bundan
başqa, Azərbaycanla Tacikistan Mərkəzi Asiyada narkotiklərə
nəzarət sahəsində əməkdaşlığa dair
qarşılıqlı anlaşma Memorandumuna üzvlük
çərçivəsində beynəlxalq cinayətkarlığa
qarşı mübarizədə əməkdaşlıq edir.
Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq
şəklində də inkişaf etməkdədir. İki ölkə
rəsmiləri dəfələrlə Müstəqil Dövlətlər
Birliyi, İslam Əməkdaşlıq Təşkilatı kimi
təşkilatların müxtəlif səviyyəli
toplantılarında iştirak çərçivəsində
görüşlər keçiriblər. Bu
həm də dövlətlərin beynəlxalq arenada bir-birinə
dəstək olması baxımından da vacibdir.
Bu ilin aprel ayında isə Tacikistanın xarici işlər
naziri Sirociddin Aslov ölkəmizdə səfərdə olub. Prezident
İlham Əliyev Tacikistanın xarici işlər naziri
Sirociddin Aslovu qəbul edib. Görüşdə
dövlət başçısı Azərbaycan ilə
Tacikistan arasında ikitərəfli münasibətlərin
bütün sahələrdə uğurla inkişaf etdiyini
vurğulayıb. Tacikistan Prezidenti Emoməli
Rəhmonun ölkəmizə səfərini məmnunluqla
xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli
əlaqələrin gələcək inkişafı ilə
bağlı məsələlərin müzakirəsi
baxımından önəmini qeyd edib. Dövlət
başçısı Tacikistanın xarici işlər nazirinin
Azərbaycana səfərinin əməkdaşlığın
daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə
ümidvar olduğunu bildirib.
Sirociddin Aslov isə, öz növbəsində, Tacikistan
Prezidentinin Azərbaycanın dövlət
başçısını ölkəsinə rəsmi səfərə
dəvət məktubunu Prezident İlham Əliyevə təqdim
edib.
Görüşdə,
həmçinin, Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq
üçün yaxşı hüquqi bazanın
mövcudluğu vurğulanaraq, iki ölkənin müxtəlif
sahələrdə, o cümlədən, iqtisadi, ticarət, sənaye,
sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin
genişləndirilməsi üçün böyük
imkanların olduğu bildirilib.
Göründüyü kimi, Azərbaycanla Tacikistanın əməkdaşlığın
müxtəlif sahələr üzrə genişləndirilməsi
üzrə mövqeləri üst-üstə düşür
və atılan addımlar əlaqələrin bundan sonrakı
inkişafına möhkəm zəmin yaradır.
Pərviz
SADAYOĞLU
Yeni
Azərbaycan.-2014.- 18 iyun.- S.12.