Salyan rayonu inkişafının yeni mərhələsini yaşayır
Rayonda yeni istehsal sahələrinin inkişaf
etdirilməsi mühüm sosial-iqtisadi
irəliləyişə təkan verib
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkələrdən biri kimi, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Salyan rayonudur.
Belə ki, bu ilin birinci rübündə rayonda məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 40 milyon 98 min manat olub. Bundan başqa, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 650 min manat, yəni 4,8 faiz artaraq 14 milyon 191 min manata çatıb. Vurğulayaq ki, bəhs edilən dövrdə rayonda rabitə, nəqliyyat sahələrinin həcmində də qeyd edilən artım baş verib. Sənaye məhsulunun ümumi həcmi 12 milyon 141 min manat, əhaliyə göstərilən pullu xidmət 9 milyon 868 min manat olub. Rayonda adambaşına düşən orta aylıq əməkhaqqı 238 manat təşkil edir.
Rayon əhalisinin sosial problemlərinin həll edilməsi daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Belə ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun icrası ilə əlaqədar 2813 ailənin 12387 nəfər üzvü sosial yardım alır. Bir ailəyə düşən sosial yardımın orta məbləği 130,8 manat, hər bir ailə üzvünə düşən sosial yardımın məbləği 29,7 manatdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırda 5409 nəfərə sosial müavinət ödənilir. Rayonda 15869 nəfər pensiyaçıya xidmət olunur.
Salyan rayonunda yerli istehsal genişləndirilir
Rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılır. Belə ki, ölkə başçısı tərəfindən sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq rayonda bir sıra böyük təsərrüfatlar yaradılıb. Eyni zamanda, Kürsəngi kəndində “NNEM Fermer təsərrüfatı” MMC tərəfindən illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun və “Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan meyvə qurutma müəssisəsinin, Qaraçala qəsəbəsində 2400 başlıq heyvandarlıq kompleksinin, Kürqaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 400 başlıq heyvandarlıq kompleksinin, “Yoluçka” tipli 20 başlıq müasir tələblərə cavab verən kompüterləşmiş sağım sexinin tikintisi başa çatdırılıb və müasir tipli ofis binasının tikintisinə başlanılıb. Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 2014-cü ilin I rübündə 198 daimi iş yeri yaradılıb.
Abadlıq-quruculuq işləri hər zaman diqqət mərkəzindədir
Salyan rayonunda bu ilin birinci rübündə abadlıq-quruculq işləri də diqqət mərkəzində saxlanılıb. Belə ki, Salyan şəhərinin küçələrinə 2100 kv.m üzlük daşlar döşənib, səki kənarına 3190 metr bordurlar düzülüb, 940 metr küvet qazılıb, 3320 kv.m sahəyə tamet-piltə düzülüb. Rayon ərazisində 12 min ədəddən çox ağac əkilib. Şəhər ərazisində 5 mərtəbəli yaşayış binasının və ticarət mərkəzinin tikintisi davam edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Salyan-Şirvan avtomobil yolunun 2013-2014-cü ildə əsaslı təmirinə başlanılıb. Eyni zamanda, şəhər sakinlərini çoxdan narahat edən ən böyük problemlərdən də biri öz həllini tapıb. Belə ki, Kür çayının iki yerə böldüyü Salyan şəhərinin müasir körpü ilə birləşdirilməsi üçün də artıq mühüm tədbirlər görülür, tikinti işləri aparılır.
Rayon əhalisinin enerji, qaz və içməli su problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb
Rayonda enerji təchizatını yaxşılaşdırmaq üçün mühüm tədbirlər görülüb. 3 ədəd 110/35 kv-lıq və 8 ədəd 10-6 /0,4 kv-luq transformator əsaslı, 38 ədəd 10-6/0,4 kv-lıq yarımstansiyalar cari təmir edilib. Eyni zamanda, şəhərin SİP kabelə keçməsi ilə əlaqədar 29 ağac dayaq, 4 dəmir-beton dayaq, 5 ədəd dəmir dayaq quraşdırılıb. Rayon ərazisində ümumilikdə 0,6 km məsafədə qüsurlu məftillər SİP kabellə əvəz olunub.
Rayonun qaz təsərrüfatında da ardıcıl tədbirlər görülməkdədir. Belə ki, rayonun Qaraçala qəsəbəsində yeni qazlaşma işləri aparılıb. Həmin qəsəbədə 820, Arbatan kəndində isə 58 ədəd yeni qaz sayğacları quraşdırılıb. Kürqaraqaşlı kəndinin 350 evdən ibarət hissəsində qazlaşma işləri aparılaraq sona çatdırılıb. Şəhərin Ə.Quliyev küçəsində 17 evdən ibarət yeni yaşayış sahəsində qazlaşma işləri yekunlaşdırılıb.
Bundan başqa, əhalini fasiləsiz, itkisiz, keyfiyyətli və normal təbii qazla təmin etmək məqsədi ilə yeni çəkilmiş qaz xətləri üzərinə 10 ədəd müasir tipli qaz tənzimləyici və 13 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılıb.
Salyan rayonunun əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya təchizatı sistemlərinin yenidən qurulması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Belə ki, “Kürsu” təmizləyici qurğular kompleksindən istifadə etməklə qurğudan nəql olunan su Salyan rayonu ilə yanaşı, Hacıqabul, Şirvan, Neftçala və Biləsuvar şəhərlərinin su təchizatının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Bu məqsədlə yeni magistral su kəmərinin inşası üçün rayon ərazisindəki Babazanan dağında yeni su anbarının tikilməsi və təzyiqli su xəttinin çəkilməsi işləri aparılır.
Bundan başqa, rayonun Cəngan, Kolanı, Seyidan, Qardili və Bəydili kəndlərində sutəmizləyici qurğunun tikintisi aparılır. Bu il Birinci Varlı, İkinci Varlı, Peyk, Yeni Uluxanlı, Düzənlik və Bəşirbəyli kəndlərində də qurğunun tikintisi nəzərdə tutulub, bu məqsədlə həmin kəndlərin ərazisinə müxtəlif avadanlıqlar gətirilib.
Müasir rabitə texnologiyalarından istifadə genişləndirilir
2014-cü ilin ilk 3 ayında Salyan telekommunikasiya qovşağı “Aztelekom” İstehsalat Birliyinin müəyyən olunmuş əsas texniki-iqtisadi göstəriciləri üzrə 160,8 min manat proqnoz tapşırığına qarşı 161,1 min manatlıq rabitə xidməti göstərib. O cümlədən əhaliyə göstərilən rabitə xidməti 102,6 min manat proqnoza qarşı 106,2 min manat olub.
Bu ilin ilk üç ayında 84 ədəd yeni telefon abunəçiləri qeydə alınıb. Hazırda rayon ərazisində 6355 ədəd telefon abunəçisinə genişzolaqlı internet xidməti, 21 növ servis xidməti, İP TV və görüntülü telefon xidməti olmaqla müxtəlif multimedia xidmətləri göstərilir.
Birinci rüb ərzində qovşağın telefon şəbəkəsində 1810 metr iritutumlu magistral kabellərdə, 2140 metr məsafədə kiçiktutumlu kabellərdə əsaslı təmir işləri aparılıb, 3650 metr məsafədə paylayıcı kabellərdə və hava rabitə xətlərində əsaslı və cari təmir işləri görülüb.
Salyan rayonu ölkəmizin ərzaq təhlükəsizliyi məsələsində mühüm yer tutur
Rayonda ərzaq təhlükəsizliyi məsələləri də uğurla həll edilir. Belə ki, 2013-cü ilin payızında 2014-cü ilin məhsulu üçün 17404 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 6215 hektarı buğda, 11189 hektarı isə arpa əkin sahələri təşkil edir. Rayonda yetişdirilən iribuynuzlu heyvanların sayında mühüm artım baş verib. Kiçikbuynuzlu heyvanların sayında da mühüm irəliləyiş hiss edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qoyun və keçilər 3492 baş artaraq 10,1 faiz, inək və camışlar 779 baş artaraq 10,1 faiz artıb. Ət istehsalı 2052 ton, süd istehsalı isə 10138 ton olub. Yumurta istehsalı 6000 ədəd olub.
Rayon ərazisində torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 317 km kollektor dren şəbəkəsi, 106,15 km suvarma kanalları lildən təmizlənib. 9 ədəd elektrik mühərrikləri əsaslı, 27 ədəd elektrik mühərrikləri cari, 11 ədəd nasos aqreqatları əsaslı, 16 ədəd nasos aqreqatları cari, 53 ədəd hidrotexniki qurğu cari, 3 ədəd hidropostlar cari təmir olunub.
Təhsil, səhiyyə sahələrinin inkişafı prioritet məsələlərdəndir
Rayonun təhsil sistemində də yüksək inkişaf yaşanmaqdadır. Son 3 ildə rayonda 480 yerlik Qarabağlı-1, 360 yerlik Yolüstü, 640 yerlik Plastmas tam orta, 180 yerlik Düzənlik, 220 yerlik Boranıkənd, 80 yerlik Quyçu ümumi orta məktəbləri, Uşaqların Texniki Yaradıcılıq Mərkəzi və rayon Təhsil şöbəsi üçün yeni inzibati bina, şəhər 8 saylı tam orta məktəb üçün 160 yerlik yeni korpus tikilib, Dayıkənd kənd, Qaraçala qəsəbə, 8 saylı tam orta məktəblər və 2 saylı uşaq bağçası əsaslı təmir edilib.
Peyk kəndində 220 yerlik yeni məktəb binasının və 5 saylı ümumi orta məktəb üçün əlavə 2 sinif otağı və idman zalının tikintisi davam edir. Kürqaraqaşlı kəndində 100 yerlik uşaq bağçası tikilir, Qarabağlı kəndində və Babazanan yaşayış sahəsində uşaq bağçası üçün yeni binaların tikintisinə hazırlıq işləri görülür.
Bu ilin fevral ayından rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının müasir tarixinin hərtərəfli öyrədilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin irsi ilə əlaqədar mövzuların tədrisinə başlanılıb. Bu ilin ilk 3 ayında rayonun 32 tam orta məktəbinin 991 nəfər şagirdi dinləyici kimi iştirak edib.
2014-cü ilin I rübündə rayonda səhiyyə sahəsində müəyyən işlər görülüb. Bu dövr ərzində müasir tələblərə cavab verən rayonlararası Şorsulu Psixiatriya xəstəxanası üçün 100 çarpayılıq yeni korpus tikilib istifadəyə verilib, xəstəxana zəruri inventar və tibbi avadanlıqlarla təmin edilib. Hazırda 50 çarpayılıq Ağciyər Xəstəlikləri Xəstəxanası inşa edilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq 2014-cü ildə Qaraçala qəsəbə xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin əsaslı təmiri, inventar və avadanlıqla təmin olunması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən respublikamızda fevral ayının 17-dən may ayının 1-nə kimi əhalinin tibbi müayinəsi aparılıb. Bu iş Salyan rayonunda da mütəşəkkilliklə həyata keçirilib. Tibbi müayinələrin aparılması üçün Mərkəzi Rayon Xəstəxanasında həkim komissiyaları yaradılıb, ərazilərdə əhali arasında tibbi maarifləndirmə işləri aparılıb. Ötən dövr ərzində 50 mindən çox əhali tibbi müayinədən keçib.
Gənclərin sağlam inkişafı hər zaman diqqətdə saxlanılır
2014-cü ilin birinci rübündə rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan 16 mədəniyyət evi, 27 klub, 55 kitabxana, Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Dövlət Rəsm Qalereyası, Dövlət Kukla Teatrı, İncəsənət məktəbi, Yenikənd Musiqi Məktəbi əhaliyə mədəni xidmət göstərib. Hesabat dövründə rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən dövlət, peşə bayramlarına, tarixi hadisələrə və yubileylərə həsr olunan 19 mədəni kütləvi tədbirlər keçirilib, Çuxanlı kəndindəki “N” saylı hərbi hissədə əsgərlər qarşısında konsertlər verilib.
Bundan başqa, rayonda əhalinin fiziki sağlamlığı, idmanın kütləviliyi, uşaq, yeniyetmə və gənclərin idman sahəsində nailiyyətlər əldə etməsi istiqamətində müəyyən işlər görülüb. Gənclər və İdman İdarəsi tərəfindən gənclərlə iş sahəsi üzrə bir sıra tədbirlər keçirilib. Bu tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsinə, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılmasına, asudə vaxtın səmərəli təşkilinə, əlamətdar günlərə, yeniyetmə və gənclərin zərərli vərdişlərin profilaktikasına, narkomaniya və QİÇS-ə qarşı mübarizəyə həsr olunub.
Rayon rəhbərliyi əhali ilə mütəmadi görüşlər keçirir
Hesabat dövründə bələdiyyələrin də fəaliyyətində mühüm irəliləyişlər nəzərə çarpıb. Belə ki, orta məktəblərdə sinif otaqlarının, kənddaxili və kəndarası yolların təmiri, yaşıllıqların salınması, zibilliklərin ləğv edilməsi, bəzi suvarma kanallarının və kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi və s. kimi məsələlərin yerinə yetirilməsi bələdiyyələrin fəaliyyətinin tərkib hissəsi olub. Rayonun sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin və bələdiyyə orqanlarının Əlaqələndirmə Şurasının birgə fəaliyyəti nəticəsində müsbət nəticələr əldə edilib.
Bundan başqa, 2014-cü ilin I rübündə rayon İcra Hakimiyyəti başçısı aparatına vətəndaşlardan daxil olmuş ərizə, şikayət və təkliflərin sayında azalma müşahidə olunub. 2014-cü ildə 285 ərizə, şikayət və təklif daxil olub ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz və ya 12 ərizə azdır. Bu dövrdə rayon İcra Hakimiyyəti başçısının rəsmi qəbulunda 118, səyyar qəbullarda isə 81 nəfər vətəndaşın müraciəti dinlənilib və müraciətlərlə əlaqədar müvafiq tədbirlər görülüb.
Salyanlılar Ulu öndər Heydər Əliyev ideyalarına sadiqdirlər
Salyan rayonu hər zaman siyasi fəallığı ilə də seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasıdır. YAP Salyan rayon təşkilatı 1993-cü ildə yaranıb. Yaranan zaman 227 üzvü, 24 ilk partiya təşkilatından ibarət olan YAP rayon təşkilatının hazırda 7159 üzvü var. Bu üzvlərin 3114 nəfərini qadınlar, 2993 nəfərini isə gənclər təşkil edir. Bu ilin ilk üç ayında rayon təşkilatına 340 nəfər üzv qəbul olunub. Salyan ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və dövlət başçısının apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 19 iyun.- S.6.