Azərbaycan Avropa
İttifaqı üçün çox mühüm tərəfdaşdır
Joze Manuel
Barrozu: Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bu, Avropa İttifaqının Azərbaycana və
vacib ikitərəfli əlaqələrimizə verdiyi əhəmiyyətin
bariz nümunəsidir. Bundan əlavə, bu, mənim
ölkənizlə bağlı şəxsi mövqeyimlə əlaqəlidir,
çünki ölkənizin müasirləşməsi istiqamətində
atılan addımlar məni valeh edir
Xəbər verildiyi kimi, iyunun 14-də Avropa
Komissiyasının sədri Joze Manuel Barrozu ölkəmizdə
səfərdə olub. Olduqca zəngin keçən səfər
zamanı Avropa Komissiyasının sədri ilə Prezident
İlham Əliyev arasında təkbətək və geniş
tərkibdə görüşlər keçirilib. Eyni zamanda bu görüşlər çərçivəsində
müzakirələr aparılıb və ölkəmizlə
qurum arasında münasibətlər yeni keyfiyyət
qazanıb. Belə ki, Prezident İlham Əliyevin və
Joze Manuel Barrozunun iştirakı ilə Azərbaycan
Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan
Respublikasının İttifaqın proqramlarında
iştirakının ümumi prinsipləri haqqında çərçivə
sazişi üzrə bir tərəfdən Azərbaycan, digər
tərəfdən Avropa İttifaqı və onun üzvü
olan dövlətlər arasında tərəfdaşlıq və
əməkdaşlıq Sazişinin Protokolu imzalanıb.
Ümumiyyətlə, Avropa institutlarının rəsmilərinin
Azərbaycana səfərlərinin intensivliyi ölkəmizə
olan böyük maraqdan xəbər verir. Bu isə
başlıca olaraq Azərbaycan Respublikasının sürətli
inkişafı, dünya iqtisadiyyatında, xüsusən də
enerji bazarlarında artan rolu və hüquqi, demokratik dövlət
quruculuğundakı uğurları ilə bağlıdır.
AZƏRBAYCANDA
NÜMUNƏVİ HÜQUQİ DÖVLƏT QURUCULUĞU
HƏYATA KEÇİRİLİR
Bir çox Avroatlantik strukturların, o cümlədən
Avropa İttifaqının ölkəmizlə əməkdaşlığa
böyük maraq göstərməsi Azərbaycanın daxili və
xarici siyasət xəttilə birbaşa bağlıdır. Qərbə
inteqrasiya yolunu tutan Azərbaycanın demokratik dövlət
quruculuğu siyasətini bu baxımdan, başlıca faktor kimi
qəbul etmək olar. Əsası Ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan dövlət
quruculuğu siyasəti hələ 1990-cı illərdə
ictimai həyatın müxtəlif sferalarının totalitar
rejimin qalıqlarından tez bir zamanda azad olmasına kömək
etdi. Siyasi, iqtisadi sahələr başda
olmaqla ölkədə həyata keçirilən demokratik
islahatlar Azərbaycanın bu yolda qətiyyətli olduğunu
göstərdi.
Vətəndaşların hüquq və azadlıqlarının qorunması, xalqın siyasi iradəsinin seçkilərdə öz əksini obyektiv surətdə əks etdirməsi 1995-ci il noyabrın 12-də keçirilən referendumla Konstitusiyanın qəbulu ilə özünün möhkəm hüquqi əsasına sahib oldu. Azərbaycan vətəndaşlarının ən müxtəlif məsələlərlə bağlı hüquq, vəzifə və azadlıqlarının əks olunduğu Konstitusiya öz mükəmməlliyi ilə uzunmüddətli demokratiya ənənələrinə malik olan dövlətlərin ali qanunlarından heç də geridə qalmır. Bununla yanaşı, seçki sisteminin və qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması hakimiyyət bölgüsünün demokratik əsaslarda formalaşdırılmasına imkan verdi. Ölkədə keçirilən seçkiləri müşahidə edən beynəlxalq təşkilatların hesabatlarında əksini tapan müsbət rəylər hər növbəti seçkinin əvvəlkindən daha yüksək səviyyədə təşkil olunduğunu, şəffaflıq, bərabərlik prinsiplərinin qorunduğunu təsdiqləyir.
Hazırda demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla addımlayır. İqtisadi sahədə liberallaşma, genişmiqyaslı özəlləşdirmə tədbirləri, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla sürdürülməsi nəticəsində Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub.
Beləliklə, ölkədə ölüm hökmünün, mətbuat üzərində senzuranın ləğv edilməsi, ənənə halını alan əfv fərmanlarının imzalanması, hər il minlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizənin gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, həmçinin, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin sadələşdirilməsi və digər çoxsaylı humanist qərarlar Azərbaycanın həqiqətən hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir. Eyni zamanda, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilən bu tədbirlər Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasını sürətləndirib.
Bir sözlə, ölkəmizdə Prezident
İlham Əliyevin rəhbərliyi altında genişləndirilən
demokratik islahatlar öz gözəl nəticələrini verməkdədir.
Yeri gəlmişkən, Avropa
Komissiyasının sədri ilə birlikdə mətbuata bəyanatla
çıxışı zamanı Prezident İlham Əliyev
bu mövzuya toxunaraq fundamental azadlıqların təmin edilməsinin
hökumətimizin başlıca prioritetlərindən
olduğunu deyib: “Çünki biz ölkəmizin müasirləşməsini
həyatımızın bütün sahələrinin
müasirləşməsi ilə bağlayırıq. Bu gün Azərbaycanda
bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad
internet mövcuddur. Cənab sədrə
dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet
istifadəçisidir. Ölkəmizdə
toplaşmaq azadlığı, təşkilatlanma azadlığı
tam şəkildə təmin olunur. Din
azadlığı da ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə
və cəmiyyətdir. Bizim ən
böyük sərvətlərimizdən biri ölkəmizdə
müxtəlif xalqların və dinlərin nümayəndələrinin
sülh və həmrəylik şəraitində
yaşamasıdır”.
AZƏRBAYCAN-AVROPA
İTTİFAQI ƏMƏKDAŞLIĞI SÜRƏTLƏ
İRƏLİLƏYİR
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avropa
İttifaqı arasında münasibətlərin hüquqi əsası
Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi (TƏS) ilə qoyulub. 22 aprel 1996-cı ildə
Lüksemburq şəhərində imzalanan sənəd
Sazişə qoşulan bütün dövlətlər tərəfindən
ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il
tarixində qüvvəyə minib. Tərəfdaşlıq
və Əməkdaşlıq Satışı əməkdaşlığı
möhkəmləndirmək üçün müvafiq
mexanizmlər təmin etməklə, Azərbaycanla qurum
arasında münasibətlərə yeni təkan verib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət,
investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq
sahələrində genişmiqyaslı əməkdaşlığı
nəzərdə tutur. Onun əsas məqsədlərindən
birini Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının
qanunvericiliyinə uyğunlaşdırılması təşkil
edir.
Qarşılıqlı əməkdaşlıqda irəliyə doğru digər bir mühüm addım kimi Azərbaycanın Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi haqqında Avropa İttifaqı Şurasının 14 iyun 2004-cü il tarixli qərarını qeyd etmək olar. Avropa İttifaqı ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələni təşkil edir. Qonşuluq siyasətinə qatılmaqla ölkəmiz bir sıra imkanlardan yararlana bilir. Əməkdaşlığın üstünlükləri sırasında ölkədə siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi qarşılığında Avropa İttifaqının daxili bazarında müəyyən paya sahib olmaq, vətəndaşların, kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak etmək, Avropa İttifaqının üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi imkanlarını sadalamaq olar. Həmçinin, AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan Respublikası üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Avropa İttifaqı proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim edib. 2006-cı ilin 14 noyabr tarixində Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclası zamanı Azərbaycan Respublikası-Avropa İttifaqı Fəaliyyət Planı qəbul edilib. Bununla da, daha əvvəl TƏS ilə tənzimlənən Azərbaycan- Avropa İttifaqı münasibətlərinin gələcək inkişafının istiqamətləri sözügedən sənəddə müəyyən olunub.
Avropa İttifaqı ilə müxtəlif proqramlar çərçivəsində uğurlu əməkdaşlıq edən Azərbaycanın qurumla əlaqələri son illərdə daha da intensivləşib. Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində geniş əməkdaşlıq edən Azərbaycanın Avropaya inteqrasiya siyasəti qurum tərəfindən müsbət qarşılanır. “Şərq Tərəfdaşlığı” (ŞT) təşəbbüsü Avropa İttifaqı Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu əhatə edir. 3 dekabr 2008-ci il tarixində ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd Avropa Komissiyası (AK) tərəfindən Avropa Parlamentinə və Avropa İttifaqının dövlət və hökumət Başçılarının Şurasına təqdim olunub. Bu iki sənəd ŞT-yə dair AK-nın mövqeyi və təkliflərini əks etdirərək, AQS çərçivəsində Aİ-nin Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edib. 2009-cu ildə Praqada ŞT üzrə keçirilən Zirvə görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin, gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən Birgə Bəyannamə qəbul edilib və bununla da ŞT-yə yüksək rəsmi səviyyədə başlanğıc verilib.
“Şərq Tərəfdaşlığı” Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Qeyd edək ki, Prezident İlham Əliyev sözügedən bəyanatında ölkəmizin qurum ilə “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığının əhəmiyyətini xüsusi vurğulayıb və yaxın zamanlarda tərəflər arasında münasibətlərin yeni səviyyəyə yüksəldiləcəyini bildirib.
Öz növbəsində, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyanatla çıxışı zamanı öncə ölkəmizə növbəti dəfə səfər etməsindən məmnun olduğunu deyib: “Prezident İlham Əliyevin dəvəti ilə yenidən Azərbaycanda olmağımdan çox məmnunam. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bu, Avropa İttifaqının Azərbaycana və vacib ikitərəfli əlaqələrimizə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bundan əlavə, bu, mənim ölkənizlə bağlı şəxsi mövqeyimlə əlaqəlidir, çünki ölkənizin müasirləşməsi istiqamətində atılan addımlar məni valeh edir”.
Avropa İttifaqının ölkəmizlə əməkdaşlığa çox böyük önəm verdiyini, Azərbaycanın qurumun ən sıx tərəfdaşlarından biri olduğunu vurğulayan qonaq, həmçinin, “Bu münasibətlər həm Azərbaycan xalqı, həm də Avropa İttifaqı vətəndaşlarının firavanlığı naminə inkişaf edəcəkdir. Biz bu gün ikitərəfli münasibətlərimizə dair və bir sıra regional məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Biz əlaqələrimizin gələcək inkişaf istiqamətlərinə toxunduq və qeyd etmək istərdim ki, Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır” deyib.
Barrozu onu da bildirib ki, əməkdaşlığın tezliklə yeni nəticələri özünü göstərəcək: “Prezident İlham Əliyevlə belə bir razılığa gəldik ki, Strateji Müasirləşmə Tərəfdaşlığı sənədinin müzakirəsinə təkan verək və onu sürətləndirək. Ümid edirəm ki, bu danışıqlar yaxın aylarda başa çatacaqdır. Çox şad olardım ki, yaxın gələcəkdə Prezident İlham Əliyev Brüsselə səfər etsin və həmin sənədi imzalasın”.
AZƏRBAYCAN AVROPANIN ƏN BÖYÜK ENERJİ TƏRƏFDAŞLARINDANDIR
Bu məqamda vurğulamaq yerinə düşər ki, mühüm neft-qaz ixracatçısı olan ölkəmizin xarici iqtisadi əlaqələrində enerji amili mühüm çəkiyə malikdir. Azərbaycanın enerji siyasətində şaxələndirməyə üstünlük verməsi həm ölkəmizin, həm də xarici iqtisadi tərəfdaşlarımızın maraqları ilə uzlaşır. Ölkəmiz, həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur. Bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin 25-30 faiz təşkil etməsi kifayət qədər yüksək göstəricidir.
Eyni zamanda, “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycan son dövrlərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Son illərdə Xəzərin dibində aşkar edilən yeni qaz yataqları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin “mavi yanacağa” olan tələbatının ödənməsinə imkan verəcək.
Sadalanan amillər nüfuzlu dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim maraq göstərməsinə səbəb olur. Xüsusən də Avropa İttifaqı bu sahədə ölkəmizin atdığı addımları yaxından izləməklə bərabər, öz dəstəyini də nümayiş etdirir.
Bildiyimiz kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələri əhatə edən iqtisadi tərəfdaşlığın çox mühüm tərkib hissəsini enerji sahəsində əməkdaşlıq təşkil edir. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” ölkəmizlə təşkilat arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Bu Memorandumun əsas məqsədləri Avropa İttifaqının enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin, Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.
Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Son illər dünya enerji bazarında baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışır. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından güclü tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur. Ölkəmiz digər neft və qaz ixrac edən dövlətlərdən fərqli olaraq heç vaxt bu ehtiyatlardan kiməsə siyasi təzyiq üsulu kimi istifadə etməyib və bu niyyətdə deyil. Azərbaycan tərəfdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər əməkdaşlıq prinsipləri üzrə əlaqələrə üstünlük verir.
Hazırda dünya enerji bazarında aparıcı yer tutan Azərbaycanın qarşıdakı yaxın illərdə hasilatı 20-30 faiz artırması üçün potensial enerji mənbələri mövcuddur. Ölkəmizin illik neft hasilatı 50 milyon tondan çoxdur. Qaz hasilatı isə 25 milyard kubmetrə yaxındır. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə ixrac edilir. Bu real göstəricilər Azərbaycanın zəngin enerji resursları ilə bölgədə böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrildiyini şərtləndirir.
Qeyd edək ki, 2013-cü il dekabrın 17-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” qaz yatağı üzrə yekun investisiya qərarının imzalanması “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi istiqamətində tarixi addım idi. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə “mavi yanacağın” Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Ümumilikdə, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bundan əlavə, Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) tikintisi də sürətləndiriləcək.
Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan TANAP layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Jose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub qaz dəhlizi” ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir.
TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Bildiyimiz kimi, TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Mərkəzi və Cənubi Avropanın sərhədlərinə çatdırılmasını nəzərdə tutur. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə 2013-cü ilin iyununda “Şahdəniz” Konsorsiumu Trans-Adriatik (TAP) qaz kəməri layihəsini “NABUCCO”, TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənubi-Şərqi Avropa boru kəməri) layihələrinin arasından seçib.
Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcəkdir.
Göründüyü kimi, bu gün Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamızın enerji sahəsində diversifikasiya siyasəti dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, Azərbaycanın 100 ildən artıq müddətdə dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır.
Təsadüfi deyil ki, enerji üzrə əməkdaşlıq mövzusu Azərbaycan Prezidenti ilə Avropa Komissiyasının sədri arasında keçirilən sonuncu görüşlərdə də əsas müzakirə mövzusu olub və hər iki tərəf bu sahədə əməkdaşlığın sürətlə genişləndirilməsinə olan marağı ifadə ediblər. Joze Manuel Barrozu bəyanatında bu barədə bildirib: “Azərbaycan bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Məmnunam ki, biz “Cənub qaz dəhlizi” ilə bağlı irəliləyişi də müzakirə etdik. Mən və Prezident İlham Əliyev bu sahədə bir neçə il ərzində çox fəal çalışmışıq və şadıq ki, biz artıq real addımların atılmasının şahidiyik. Bu gün biz “Şahdəniz” qazının - Avropa istehlakçılarına nəql olunacaq qazın başlanğıc nöqtəsi olan Səngəçal terminalına birlikdə səfər edəcəyik. Bu, ilk mərhələdə 2019-cu ildən etibarən əlavə 10 milyard kubmetr qazın Avropaya nəql edilməsi deməkdir və gələcəkdə qazın həcmi artacaqdır. Biz “Cənub qaz dəhlizi” layihəsinin sürətləndirilməsi və genişləndirilməsi məsələsinə də toxunduq və razılığa gəldik ki, qarşıdan gələn illər ərzində bu məsələ bizim qarşılıqlı prioritetimiz olacaqdır”.
Bütövlükdə, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının inkişafına böyük fayda gətirir. Qarşılıqlı maraqlara xidmət edən Azərbaycan-Aİ əməkdaşlığı regionlararası inteqrasiya prosesinə böyük töhfədir. Bu isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ilə əlaqələri genişləndirməyə çalışan Avropa İttifaqını ölkəmizlə əməkdaşlığı daha da gücləndirməyə sövq edir. Eyni zamanda, hərtərəfli düşünülmüş enerji siyasəti Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir. Səfərlərin və görüşlərin bu ildə də davam etdirilməsi Azərbaycan-Aİ əlaqələrinin geniş potensialından xəbər verir. Bu baxımdan, qarşıdakı illərdə münasibətlərin daha da genişlənəcəyini, əməkdaşlığın intensivləşəcəyini söyləmək olar.
Hülya
MƏMMƏDLİ
Yeni
Azərbaycan.-2014.- 19 iyun.- S.8.