Azərbaycan kultrologiya elminin yorulmaz tədqiqatçısı

 

Fuad Məmmədov! Bu ad neçə illərdir respublikanın elmi ictimaiyyətinə, mədəni həyatına yaxşı tanışdır. Əlbəttə, təkcə ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da onu tanıyırlar. Bu da həqiqətdir ki, onu tanımaqla yanaşı, bu alimi qiymətləndirirlər, dəyərləndirirlər.

Elm sahələrinə diqqət etsək, hər bir elmin seçilən, yadda qalan, bu elm sahəsinə möhrünü vurmuş alimlər göz önünə gəlir. Bu mənada “Kulturologiya” elmindən danışanda ən əvvəl göz önünə professor Fuad Məmmədov gəlir. Elm dünyası təkcə enişli-yoxuşlu yox, həm də müxtəlif çalarlı, müxtəlif tərəflidir. Bəzən elə olur ki, hər hansı elm sahəsi onu tədqiq edəni, öyrənəni, söz deyəni ucaldır, yüksəldir. Bəzən belə də olur ki, bir alim öz zəkasını, bütün varlığını ürəkdən sevdiyi, ürəkdən bağlandığı bir elm sahəsinə sərf edir, onu qram-qram, zərrə-zərrə yaşadığı cəmiyyətə çatdırır. Bu yolda ezop çətinliyi, əzabı onu qorxutmur. O, bu elmin dəyərini, xeyrini, vacibliyini öz xalqına çatdırır və axırda istəyinə, arzusuna yetir, bu elmi vətənində qabaqcıl elmlərlə yanaşı qoya bilir, bu elmi ictimaiyyətə sevdirərək bu əməldən, bu zəhmətdən özü də ucalır. Bax, Fuad müəllim belə bir yolun yolçusu olub... Onun xalqa bəxş etdiyi bu elm kulturologiya elmidir.

Kulturologiya Qərbdə, inkişaf etmiş ölkələrdə geniş şəbəkəsi olan, öyrənilən, ictimai həyata tətbiq olunan bir elm sahəsidir. Bizdə uzun bir dövr elə güman edilib ki, “Kulturologiya” mədəniyyətdir, yaxud incəsənətdir. Əslində isə, “Kulturologiya” mədəniyyətdən, incəsənətdən daha geniş məfhumdur. Kulturologiya tam halda götürüldükdə insan fəaliyyəti haqqında elmdir. Təbii ki, insan fəaliyyəti özlüyündə çox genişdir, çoxtərəflidir.

Xarici ölkələrdə istehsal mədəniyyəti, istehlak mədəniyyəti, idarəçilik mədəniyyəti, xidmət mədəniyyəti və s. və i. elm sahələri məlumdur. Dərindən baxılanda burda paradoksal məqamlar vardır. Burada ruhi mənəviyyatla əqli düşüncə bir vəhdətdə aparıcı rol oynayır.

Fuad Məmmədov çox gənc vaxtlarından keçilməmiş yolla irəliləməyi, tapdanmış yolla getməkdən həmişə üstün tutmuşdur. Fuad müəllimi tanıyanlar yaxşı bilirlər ki, o kulturologiyanı ölkəmizdə qəbul etdirilənə qədər nə qədər sipərləri dəf etməli olmuşdur. Bu mənada alim 1985-ci ildə Azərbaycanda ilk dəfə tarix elmi üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Hələ o vaxtlar onun 60-a qədər tədqiqatı məhz tarix elminə həsr olunmuşdur ki, həmin tədqiqat işləri bu günə kimi yerli və xarici alimlərin, tədqiqatçıların araşdırmalarının istinad nöqtəsinə çevrilmişdir.

Professorun əmək fəaliyyətinin böyük bir qismi Azərbaycan Elmlər Akademiyası (AEA) ilə bağlı olmuşdur. Belə ki, o, bu sistemdə müxtəlif vaxtlarda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində özünü layiqincə doğrultmuşdur. Bu dövrdə Azərbaycan elminin tarixinə həsr olunmuş 60-dan artıq ekspozisiya sərgisi təşkil etmişdir ki, bunun da sayəsində Azərbaycan aliməri SSRİ Xalq Təsərrüfatı sərgisinin və bir sıra xarici ölkələrin 200-dən artıq medal və diplomları ilə təltif olunmuşdur. Gənc alimin belə bacarığına güvənərək ona elm-tarixi muzeyinin, elm-tarixi və nəzəriyyəsi mərkəzinin layihələrinin hazırlanması həvalə edilmişdir. Fuad Məmmədov Akademiya sistemində çalışdığı müddətdə ictimai əsaslarla AEA-nın sərgi işləri üzrə Elmi Şuranın katibi vəzifəsini də uğurla yerinə yetirmişdir. Qaynar təbiətli Fuad müəllim işgüzarlığına, zəkasına görə daima göz önündə olmuş, ona yeni-yeni elmi tapşırıqlar verilmişdir. Fuad müəllim 1974-1990-cı illərdə Azərbaycan tarix muzeyinin “Bilik” cəmiyyətinin sədri, Elmlər Akademiyasının “Bilik” cəmiyyətinin sədr müavini, “Azərbaycanın ən yeni tarixi” problemi üzrə Elmi Şuranın üzvü seçilmişdir.

Gənc alim ötən əsrin 70-80-ci illərində elmi, elmi-təşkilati və ictimai fəaliyyəti SSRİ XTS-nin gümüş, bürünc medalları, Baş Komitənin diplomu, Respublika və SSRİ-nin “Bilik” cəmiyyətlərinin döş nişanı, təşəkkürləri, Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurası və ÜİLKGİ MK-nın fəxri fərmanları ilə mükafatlandırılmışdır.

1989-cu ildən Fuad Məmmədov öz tədqiqatlarını Azərbaycanda kulturologiya sahəsinə yönəldir. Bu elmin ilk pioneri kimi respublikada yadda qalan işlər görür. O, dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi sahəsində cəsarətli innovativ tədqiqatlar aparır və dəyərli elmi nəticələr əldə edir. Azərbaycan elmində bu, yeni istiqamət demək idi.

Bütün bunlar gənc alimə həm şöhrət gətirir, həm də onu yeni elmi cəhdlərə ruhlandırırdı.

Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov “Simurq” Azərbaycan Mədəniyyət Assosiyasını yaradır və onun prezidenti olur. “Simurq” Assosiasiyasının ətrafına çox keçmədi ki, respublikanın görkəmli alimləri, mədəniyyət işçiləri və ziyalılar toplaşdı. Bir qədər sonra isə baş redaktoru və təsisçisi olduğu “Simurq” adlı Beynəlxalq Kulturoloji jurnalını ərsəyə gətirdi. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reestrinə daxil edilmişdir.

Bütün bunlar yuxusuz gecələrin, əzmkar əməyin, parlaq zəkanın nəticəsində başa gəlmişdir. Özünün yorulmaz və ümumi amallar mənafeyinə xidmət edən uğurlu fəaliyyəti ilə ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, o cümlədən cəmiyyətin inkişafına layiqli töhfələr verən professor Fuad Məmmədov indiyə qədər 200-dən artıq elmi və elmi-maarif xarakterli əsərlərin, o cümlədən 11 kitabın müəllifi və tərtibatçısıdır. Bu baxımdan, onun dünya miqyasında rezonans yaradan “Kulturologiya” (Bakı, 2002), “Kulturologiya effektiv həyat fəaliyyətinə aparan yol kimi” (Bakı, 2006) və “İdarəetmə mədəniyyəti, xarici ölkələrin təcrübəsi” (Bakı, 2009) fundamental monoqrafiyalarını xüsusilə qeyd etmək lazımdır. Onu da əlavə edək ki, adıçəkilən son monoqrafiyanın əsasında alimin özü tərəfindən hazırlanmış ilk innovativ kurs “İdarəçilik mədəniyyəti” 10 ilə yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında uğurla tədris olunur.

Təqdirəlayiq haldır ki, professor Fuad Məmmədovun bir qayda olaraq, fundamental elmi əsərləri Azərbaycan hüdudlarından kənarda da görkəmli alim, mütəxəssis və diplomatlar tərəfindən yüksək qiymətləndirilir, alimin mühazirələri və elmi araşdırmaları hər zaman diqqəti cəlb etmişdir. Məhz buna görə də, onun əsərləri Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Çin, Avstriya, Fransa, Macarıstan, Estoniya və dünyanın bir sıra qabaqcıl ölkələrinin dövlət kitabxanalarında, eyni zamanda, Avropa Şurası, BMT, UNESCO, Roma Klubu, Amerika Konqresi kimi nüfuzlu qurumların kitabxanalarında saxlanılmaqla Azərbaycan elminə şərəf gətirmişdir. Bundan başqa, daima Azərbaycanın milli maraqlarını ön planda saxlayan professor Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya, Macarıstan və başqa ölkələrdə Beynəlxalq konfranslarda, simpoziumlarda, müxtəlif cəmiyyətlərdə və səfirliklərdə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Onun adı 2000-ci ildə Avropa Şurasının Mədəniyyət siyasəti üzrə Ekspert Şurasının siyahısına daxil edilmişdir.

Dünya kulturoloqları azərbaycanlı alimi təkcə kulturoloq kimi yox, həm də yenilikçi, səmərələşdirici, novator alim kimi dəyərləndirirlər və qeyd edirlər ki, professor Fuad Məmmədovun kulturoloji yeniliklərinin istehsal sahələrinə, idarəçilik sahəsinə, ən nəhayət isə, cəmiyyət həyatına tətbiqi bütün sferalarda bəşəriyyətin inkişafına təkan verə bilər.

Professor Fuad Məmmədov xarici ölkələrdə keçirilən konfranslarda yaxından iştirak etməklə bərabər, öz vətənində də samballı kulturoloji konfrans və yığıncaqlar keçirir.

2011-ci ilin sonunda onun rəhbərliyi altında, insan kapitalının inkişafına həsr olunmuş I Bakı kulturoloji konfrans keçirildi. Həmin konfrans iştirakçıları tərəfindən qəbul olunmuş deklarasiya Azərbaycanda kulturologiya elminin inkişafı üçün, demək olar ki, proqram xarakteri daşıyır. Ona görə də bu dəyərli alim haqqında dünyanın çox məşhur kulturoloq alimləri söz söyləmiş, fikir bildirmişlər. Bunlardan bir neçəsinin fikirlərinə nəzər yetirək:

Məşhur kulturoloq, akademik Aleksandr Zapesotski professor Fuad Məmmədovun 2009-cu ildə çapdan çıxmış monoqrafiyasını elmi və praktiki cəhətdən olduqca yüksək səciyyələndirərək yazırdı ki, elmi mənada monoqrafiya universal kulturoloji biliklərin məzmunlu toplusu olmaqla, idarəetmə probleminə orijinal kulturoloji yanaşma, idarəetmə proseslərinin sistemləşdirilməsi və təsviri, Şərq və Qərb ölkələrində dövlət idarəçilik nəzəriyyəsi və praktikası kulturoloji baxış sayəsində xüsusi dəyərə malikdir...

Bundan başqa, Rusiya Elmlər Akademiyasının ictimai elmlər bölməsinin rəhbəri akademik V.S.Styopin, Avropa Elm və Sənət Akademiyasının prezidenti professor Feliks Unqer, Kanadanın Karleton Universitetinin professoru, Dövlət və sosial idarəetmə Mərkəzinin direktoru Pyotr Dutkeviç və digərləri professor Fuad Məmmədov haqqında dəyərli fikirlər söyləmişlər.

Bu yaxınlarda professor Fuad Məmmədov Sankt-Peterburq şəhərində “Smolniy” Universitetində keçirilən “Qlobastika: vəziyyət və inkişaf perspektivləri” simpoziumunda “Kulturologiya və insan kapitalı” mövzusunda parlaq məruzə etmişdir. Onun məruzəsi çox böyük maraqla qarşılanmış, dünya alimlərinin müzakirə mövzusuna çevrilmişdir.

Azərbaycanlı alim buradaca Hindistanın Braxma Kumaris Universitetinin “Gələcək dünyanın Akademiyasının Sankt-Peterburq mərkəzi”ndə keçirilən “Müasir gənclərin mədəniyyətində etniklik və ümumbəşərilik” və “Kulturologiya və gənclərin mənəvi inkişafı” mövzularda məruzələr etmişdir. Braxma Kumaris İnstitutunun Sankt-Peterburq Mərkəzinin direktoru D.Santoş, Hindistanın Rusiyadakı konsulu Çander Prakaş Qandi ilə polemika apararaq, nəticədə professor Hindistanda keçiriləcək Beynəlxalq görüşdə iştirak etmək üçün dəvət almışdır.

Əlbəttə, belə sevindirici və yadda qalacaq hadisələrdən çox-çox danışmaq olar...

Professor Fuad Məmmədov görkəmli pedaqoqdur. O, gənclik illərindən pedaqoji fəaliyyət göstərir. 1999-cu ildən bu günə kimi Fuad müəllim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru vəzifəsində çalışır. O, həm də Dövlət İdarəçilik Akademiyasının və Bakı Rəssamlıq Akademiyasının Dissertasiya Müdafiə Şurasının üzvüdür.

Fuad müəllim səmimi və xeyirxah insan kimi də tanınır. Tələbələr və müdavimlər arasında böyük nüfuza malikdir. Kulturologiya və idarəetmə sahəsində müxtəlif ixtisaslar üzrə çoxlu kadrların hazırlanmasında onun böyük xidmətləri vardır.

Professor Fuad Məmmədov ölkəmizdə ictimai xadim və elm sahəsində alovlu maarifçi kimi yaxşı tanınır. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan kulturoloqlar cəmiyyətinin sədri, “Mədəniyyət və Cəmiyyət” daimi kulturoloji seminarın elmi rəhbəri, “İdrak” kulturoloji televiziya verilişinin müəllifi və aparıcısıdır. Onun 22 illik fəaliyyəti və rəhbərliyi altında Azərbaycan və dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi məsələlərinə həsr olunmuş 300-dən artıq yerli, regional, milli və beynəlxalq səviyyəli seminarlar, treninqlər, konfranslar, “dəyirmi masa”lar keçirilmişdir. Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsinə verdiyi töhfələrə görə o, ABŞ-ın Biqrafik İnstitutunun şərəf medalı, “Humay”, “İntelekt” və “Qızıl Qələm” mükafatları laureatı, “Sülh səfiri” beynəlxalq adla, “Mədəniyyət səfiri” milli ictimai adla təltif olunmuşdur. Eləcə də, Mədəniyyət və turizm, Təhsil nazirlərinin fəxri fərmanlarına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomuna, Misirin Təhsil Nazirliyinin “Qızıl medalı”na, “Simurq” Beynəlxalq medalına və başqa mükafatlara layiq görülmüşdür.

Bir vətənpərvər ziyalı kimi həmişə fəal olmağa müvəffəq olan professor Fuad Məmmədovun elmi əsərləri müasir milli inkişafımız üçün mühüm əhəmiyyət daşıyır. Onun tarixi və nəzəri tədqiqatları Azərbaycan cəmiyyətinin və dövlətinin mütərəqqi və sabit inkişafına, xalqın rifahının və həyat səviyyəsinin yüksəlməsinə və Azərbaycanın beynəlxalq miqyasda rəqabətə dözümlüyünün və qüdrətinin artmasına yönəlmişdir. Ölkə başçısının bütün sahələr kimi bu sahənin də inkişafına göstərdiyi diqqət və qayğı bütün elm adamları kimi onun da fəaliyyətinə güclü stimul verir və yeni uğurların qazanılmasına ruhlandırır. İnanırıq ki, professor Fuad Məmmədovun Azərbaycan elminə verdiyi töhfələrin sayı bundan sonra daha da artacaq və genişlənəcəkdir.

Bu günlərdə şad xəbər eşitdik: AMEA-nın üzvlüyünə namizədlər müsabiqəsinə professor Fuad Məmmədov da sənədlərini təqdim etmişdir. İnanırıq ki, elmi ictimaiyyət Fuad müəllimin titanik fəaliyyətini nəzərə alacaq və onun namizədliyinə səs verəcəklər. Buna Fuad müəllimin böyük haqqı vardır.

 

Musa QuluzadƏ,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,

tarix elmləri doktoru, Azərbaycan

Yazıçılar Birliyinin üzvü,

Azərbaycanın Əməkdar müəllimi

Yeni  Azərbaycan.-2014.- 20 iyun.- S. 6.