Azərbaycan Avropa Şurasının ən fəal üzvlərindəndir
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staa ölkəmizdə səfərdə olub
Məlum olduğu kimi, Prezident İlham Əliyev iyunun 18-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staanı qəbul edib. Görüşdə Herviq Van Staa paytaxtımızda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
Dövlətimizin başçısı təkcə paytaxtda deyil, respublikanın ayrı-ayrı regionlarında sürətli inkişafın getdiyini, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramının qəbul olunduğunu və uğurla icra edildiyini bildirib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin inkişafı, ölkəmizin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanın hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi ölkəmizin qurumla əməkdaşlığına marağı daha da artırıb.
AZƏRBAYCAN-AVROPA ŞURASI ƏLAQƏLƏRİNİN TƏMƏLİNİ ULU ÖNDƏR Heydər Əliyev QOYUB
Müstəqilliyin ilk illərinə nəzər salsaq, görərik ki, 1993-cü ildən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın demokratik cəmiyyət quruculuğu yolunda inamla irəliləməsi beynəlxalq qurumların da ölkəmizə olan inam və etimadını artırdı. Belə ki, 1995-ci ildə Azərbaycanda demokratik əsasda ilk parlament seçkisi keçirildi. Ulu öndərin rəhbərlik etdiyi komissiyanın hazırladığı Konstitusiya layihəsi ictimai müzakirəyə təqdim edildikdən və Avropa Şurası tərəfindən sənədə müsbət rəy verildikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Ali qanun qəbul olundu. Qəbul edilən yeni Konstitusiyanın maddələrinin böyük əksəriyyətinin insan hüquq və azadlıqlarına həsr edilməsi, hətta bir çox demokratik ölkələrin qanunvericiliyində belə görünməyən haldır. İqtisadi sahədə isə ümummilli səviyyədə özəlləşdirmənin aparılması ilə açıq bazar iqtisadiyyatına keçidin əsası qoyuldu.
Bütün bunlar Azərbaycanın demokratik inkişaf, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolunda irəlilədiyini dünyaya nümayiş etdirdi. Azərbaycanın demokratik keçid prosesinə inamla qatılması beynəlxalq təşkilatların ölkəmizlə əməkdaşlığını daha da stimullaşdırdı.
Demokratik inkişaf yolunu seçən Azərbaycanda insan hüquq və azadlıqları, demokratik təsisatların formalaşdırılması sahəsində işlərin uğurla həyata keçirilməsində Avropa Şurası ilə əlaqələrin böyük rolu var. 1997-ci ildə Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən II zirvə toplantısında iştirak edən Ulu öndər Heydər Əliyev Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi apararaq əməkdaşlığın inkişaf imkanlarını qiymətləndirib.
1998-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” Sərəncamla isə ölkəmizlə qurum arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyulub. Bunun ardınca respublikamızda demokratik islahatların həyata keçirilməsi daha da sürətlənib. Belə ki, 1993-cü ildən etibarən icrasına faktiki olaraq moratorium qoyulan ölüm hökmü 1998-ci ildə ləğv edilib. Bunun ardınca həmin il avqustun 16-da Azərbaycanda mətbuat üzərində senzura ləğv olunub. Demokratik islahatların davam etdirilməsi yönündə fikir mübadiləsinin aparılması məqsədilə 1998-ci il sentyabrın 11-də Avropa Şurasının yardımçı və məsləhətçi orqanı olan Venesiya Komissiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Həmin ilin noyabrında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Strasburqa səfəri çərçivəsində təşkilat rəsmilərini ölkəmizdə Konstitusiya Məhkəməsinin təşkili, formalaşması və fəaliyyəti barədə məlumatlandıraraq bu sahədə demokratik islahatların uğurla aparıldığını bildirib. Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ərəfəsində qarşılıqlı əməkdaşlığın miqyası daha da genişlənib. Buna misal olaraq, 2000-ci il iyunun 1-də AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Limasol görüşünün nəticələrinə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərlə görüşlərə dair səlahiyyətlərin həyata keçirilməsi haqqında imzaladığı sazişi göstərmək olar.
Qeyd etmək lazımdır ki, Avropa Şurasının əsas qurumu olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlər də Azərbaycanın xarici siyasi əlaqələrində, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsinin genişləndirilməsində önəmli yer tutur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Avropa Şurası və onun Parlament Assambleyası ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. AŞPA-dan olan nümayəndələrlə çoxsaylı görüşlərində Azərbaycanla qurum arasında əlaqələrin inkişaf səviyyəsini müzakirə edən Ulu öndər ölkəmizin təşkilatda iştirak perspektivlərini yüksək qiymətləndirib.
Azərbaycanın Avropa Şurası ilə yaratdığı fəal əlaqələr, habelə demokratiyanın bərqərar edilməsinə xidmət edən daxili siyasi, iqtisadi, sosial islahatlar ölkəmizin tezliklə quruma üzv qəbul olunması ilə nəticələndi. Belə ki, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilən iclasında Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi haqqında qərarından sonra həmin ilin aprelində keçirilən AŞPA-nın plenar sessiyasında Azərbaycan nümayəndə heyəti tamhüquqlu üzv kimi iştirak edib. AŞPA-dakı nümayəndə heyətimiz 6 nəfər əsas və eyni sayda əvəzedici üzvdən ibarətdir. Təşkilatın sessiyalarında iştirak edən nümayəndə heyətimiz Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiəsini təmin etmək yönündə fəaliyyət göstərir.
Eyni zamanda, AŞPA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti öz əksini tapıb.
ARDICIL DEMOKRATİK, HÜQUQİ İSLAHATLAR SİYASƏTİ
Bildiyimiz kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəfləri sırasında yer alır. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir.
Demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla davam etdirilir. Bu gün Azərbaycanda sürətlə artan vətəndaş cəmiyyəti institutları, minlərlə qeyri-hökumət təşkilatı dövlətin güclü dəstəyini hiss edir.
Bu gün şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub.
Əlbəttə ki, insan haqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də beynəlxalq təşkilatlarla münasibətlərinə böyük təsir göstərib. Demokratik inkişaf və güclü iqtisadiyyat Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında başlıca amilə çevrilib. Ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyə başlaması da bunu təsdiq edir.
Digər tərəfdən, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü kimi uğurlu fəaliyyəti də ölkəmizin müsbət imicinin möhkəmlənməsinə təsir göstərir. Bu dövrdə Azərbaycan qurumda aktiv fəaliyyətini davam etdirib, beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə öz töhfələrini verib və BMT TŞ-nin gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayaraq, daim qətiyyətli mövqeyini ortaya qoyub. Bütövlükdə, ötən müddətdə Azərbaycan BMT TŞ-nin üzvü kimi, səmərəli fəaliyyət göstərib, quruma ayrı-ayrı vaxtlarda bir ay davam edən iki sədrlik müddətində vəzifəsinin öhdəsindən uğurla gəlib.
Bu gün demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xəttini davam etdirən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir. İqtisadi sahədə liberallaşma, genişmiqyaslı özəlləşdirmə tədbirləri, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla sürdürülməsi nəticəsində Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub. Həmçinin, qeyd olunduğu kimi, ölkədə ölüm hökmünün, mətbuat üzərində senzuranın ləğv edilməsi, ənənə halını alan əfv fərmanları ilə hər il minlərlə məhbusa amnistiya elan edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin sadələşdirilməsi və digər çoxsaylı humanist qərarlar Azərbaycanın həqiqətən hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir. Hüquq və azadlıqların təminatı vətəndaş cəmiyyəti quruculuğunun fundamental şərtlərindəndir. Söz və vicdan azadlığının mövcud olduğu cəmiyyətdə KİV-lər azad fəaliyyət göstərir, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının yaranması və inkişafı mümkün olur. İldən-ilə vətəndaş cəmiyyəti institutlarının sayı, funksionallığı artır, ictimai həyatdakı rolu möhkəmlənir. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulub. Müasir Qərb təcrübəsindən yararlanan Azərbaycanda uğurlu məhkəmə-hüquq islahatları aparılıb, demokratiya prinsiplərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb. Buna paralel olaraq, qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının qorunması təmin olunur.
Demokratiyanın inkişafında Qərb təcrübəsindən faydalanan Azərbaycan bir sıra məsələlərdə həm də əksər ölkələrə nümunə ola bilər. Məlum olduğu kimi, ən müxtəlif dinlərin, konfessiyaların nümayəndələri ölkəmizdə sərbəst yaşayırlar. Hazırda, bir çox ölkələrdə, hətta inkişaf etmiş demokratik dövlətlərdə belə, mədəniyyətlərin toqquşması yaşanır. Azərbaycan isə fərqli mədəniyyətlərin qovuşduğu bir məkandır. Ölkəmizdə mövcud olan tolerantlıq, dözümlülük mühiti müxtəlif mədəniyyətlər arasında inteqrasiya və paralel inkişafa səbəb olur. Harmoniyalı çoxmədəniyyətliliyin özü də bir mədəniyyətdir və bu baxımdan, Azərbaycanda multikulturalizm mədəniyyəti mövcuddur.
Beləliklə, Azərbaycan həm xarici siyasət istiqamətlərinə, həm də daxili sosial, siyasi, iqtisadi inkişafın xüsusiyyətlərinə görə Qərbin görmək istədiyi standartlara sahib olan bir ölkədir. Bu səbəbdən, təsadüfi deyil ki, Qərb dövlətləri və təşkilatları Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf yolunu dəstəkləyir. Azərbaycan Prezidentini Azərbaycan xalqı da dəstəkləyir və bu dəstək ictimai-siyasi proseslərdə özünün aydın əksini tapır.
AVROPA ŞURASI AZƏRBAYCANA BÖYÜK MARAQ GÖSTƏRİR
Qeyd etdiyimiz kimi, Avropa Şurası ölkəmizlə çoxşaxəli əlaqələri bundan sonra da inkişaf etdirmək niyyətindədir. Bunu qurum rəhbərlərinin müntəzəm surətdə ölkəmizə baş tutan səfərləri də təsdiq edir. Digər Avropa təşkilatları kimi, AŞPA da Azərbaycanın enerji sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir. Bu səbəbdəndir ki, 2007-ci il yanvarın 26-da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair AŞPA-da 338 saylı yazılı bəyannamə qəbul olunub. Bəyannamədə Avropa ölkələrində enerji daşıyıcılarına olan tələbatın getdikcə artması fonunda, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin Avropa üçün alternativ enerji mənbəyi kimi mühüm əhəmiyyəti vurğulanıb. Öz növbəsində, Azərbaycan da Avropa Şurası ilə münasibətlərdə milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsinə, haqq səsinin bütün dünyada eşidilməsinə çalışır.
Qeyd olunduğu kimi, cari il mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrlik Azərbaycana keçib. 14 may tarixindən başlayan sədrlik müddəti altı ay davam edəcək. Qeyd edək ki, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan ilk dəfə bu qurumun Nazirlər Komitəsinə sədrlik edir. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi müddət üçün prioritetləri də məlumdur. Ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirəcək, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcək, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verəcək, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəkləyəcəkdir.
Avropa Şurasının yaradılmasının 65-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu təşkilata sədrliyi üzərinə götürən Azərbaycanın müəyyənləşdirdiyi hədəflərə tam şəkildə nail olacağına heç bir şübhə yoxdur. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi uğurlu təcrübəsi bunu deməyə tam əsası verir.
ƏRAZİ BÜTÖVLÜYÜNÜN TƏMİN OLUNMASI YÖNÜNDƏ FƏALİYYƏTƏ DƏSTƏK
Azərbaycan üçün vacib olan məsələlərdən biri də AŞPA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu mövqedir. Təşkilatın keçirdiyi tədbirlər çərçivəsində aparılan müzakirələrdə iştirak edən Azərbaycanın qurumdakı nümayəndə heyəti hər zaman ölkəmizin haqq səsini ucaltmağa, beynəlxalq ictimaiyyəti problemlə bağlı məlumatlandırmağa çalışıb. Bu baxımdan, Prezident İlham Əliyevin AŞPA-dakı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. AŞPA-da Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərdiyi 2001-2003-cü illərdə O, parlamentin Azərbaycanla bağlı qərarlarına təsir göstərməklə yanaşı, 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini və Büro üzvü seçilməklə, ölkəmizi daha yüksək səviyyədə təmsil etmək imkanına nail olmuşdu. Azərbaycan-AŞPA əlaqələrinin möhkəmlənməsində böyük xidmətlər göstərən Prezident İlham Əliyev 2004-cü ilin aprelində qurumun fəaliyyətində aktiv iştirakına görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
AŞPA-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin münasibətinin və problemin tezliklə sülh yolu həllinin göstəricisi olaraq qətnamə və tövsiyələr qəbul olunub. Qurumun Dağlıq Qarabağ problemi ilə əlaqədar qəbul etdiyi 1047, 1119, 1416 saylı qətnamələrində işğala son qoyulması tələb olunur, münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi dəstəklənir. AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalının davam etdiyini və Avropa Şurasının üzvü olan bir ölkənin digər üzv dövlətə məxsus torpaqları işğal etməsini həmin dövlətin Şura qarşısında götürdüyü öhdəlikləri ciddi şəkildə pozduğunu təsdiq edir. 1997-ci ildə qəbul edilən 1119 saylı qətnamədə isə işğal edilmiş ərazilərin qaytarılması, bütün qaçqın və məcburi köçkünlərin geri dönməsi, Dağlıq Qarabağa tərəflərin ortaq razılığı əsasında geniş muxtariyyatın verilməsi münaqişənin həlli yolları kimi göstərilir. AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə və tövsiyələrdə mühüm məqamlardan biri də konfliktin BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələbləri əsasında həllini vacib bilməsi, işğalçı qoşunların zəbt etdiyi ərazilərdən çıxarılması tələbini də ortaya qoymasıdır.
AŞPA-da Azərbaycanın haqlı mövqeyini özündə əks etdirən sənədlərdən biri də 24-27 aprel 2001-ci il tarixində Azərbaycan Respublikasının qurumdakı nümayəndə heyətinin ilk dəfə olaraq assambleyanın iclasında tamhüquqlu üzv kimi iştirak etdiyi dövrdə yayılıb. Belə ki, AŞPA-nın plenar sessiyası zamanı 9 ölkə və təşkilatda fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yer alıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanıb.
Qeyd edək ki, münaqişənin həllinə yardım məqsədilə AŞPA tərkibində mövcud olan Dağlıq Qarabağ üzrə Alt Komitə Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi nəticəsində fəaliyyətini dayandırıb. Əslində, Ermənistanın bu mövqeyi müəyyən dərəcədə təəccüb doğurmur. Çünki işğalçı ölkə AŞPA-nın müxtəlif illərdə qəbul etdiyi, qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təmin edilməsini tələb edən qətnamələrinə də bu vaxta qədər əməl etməyib. Bu səbədən də, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə Azərbaycanla birgə səylərin müsbət nəticələr verməsi üçün AŞPA-nın imkanları çərçivəsində Ermənistana təzyiqlərin göstərilməsi sülhün əldə olunması baxımından faydalı ola bilər.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 20 iyun.- S. 8.