İƏT Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
ölkəmizin ərazi bütövlüyü
çərçivəsində həllini dəstəkləyir
Qurumun Xarici İşlər Nazirləri Şurasının 41-ci sessiyasında qəbul edilən yekun Ciddə Bəyannaməsində Azərbaycanın ədalətli mövqeyi ilə bağlı həmrəylik ifadə olunub
Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının “İslam əməkdaşlığı üzrə sahələrin araşdırılması” şüarı altında 41-ci sessiyası keçirilib. Tədbirin açılış mərasimində çıxış edən İƏT-in baş katibi İyad bin Amin Mədəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha Azərbaycana dəstəyini ifadə edib və Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu diqqətə çatdırıb. O, münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün İƏT-ə üzv ölkələrə müraciət edib. Baş katib hələ də öz həllini tapmamış bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması istiqamətində İƏT-in öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.
Tədbirdə Azərbaycan Respublikasını təmsil edən xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyev çıxışında Azərbaycanın müsəlman ölkələri ilə həmrəy olduğunu deyərək ölkəmizin İƏT-ə üzv dövlətlər ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, beynəlxalq terrorizm və islamofobiya meyillərinin qarşısının alınması məqsədilə İƏT çərçivəsində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu ağır fəsadlar haqqında tədbir iştirakçılarına məlumat verilib və bu münaqişədə Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə İƏT-ə üzv dövlətlərə təşəkkür bildirilib.
İclasın nəticəsi olaraq, İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə bağlı həmrəylik ifadə olunub. İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib.
Qeyd edək ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnamədə “Xocalıya ədalət!” kampaniyasına həsr olunmuş xüsusi bənd öz əksini tapıb. Həmin bəndə əsasən, İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılır.
Bu məqamda xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün beynəlxalq qurumlarla yüksək işgüzar münasibətdə olan Azərbaycan ilə İƏT arasında müsbət əlaqələr mövcuddur. Yeri gəlmişkən, bir neçə gün öncə Bakıda İƏT əmək nazirlərinin II Konfransının qərarına əsasən təsis edilən Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclası keçirilib. Tədbirdə Komitəyə 9 üzv ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak ediblər. İclasda qeyd olunan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının layihəsi geniş və işgüzar müzakirələrdən sonra, iclas iştirakçılarının təklifləri də nəzərə alınmaqla qəbul olunub. Fəaliyyət Planında İƏT-ə üzv ölkələr arasında əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı üzrə 2014-2016-cı illər üçün texniki əməkdaşlıq istiqamətləri (əməyin təhlükəsizliyi və sağlamlığı üzrə göstəricilər, qlobal səviyyədə sistem (GHS), neft-qaz sənayesində, kimyəvi istehsal sahələrində, tikinti sektorunda əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı və s.) əksini tapır. Həmçinin, bu illər ərzində üzv ölkələrdə əməyin təhlükəsizliyi və sağlamlığı standartlarının geniş şəkildə tətbiqi, cari il ərzində isə Dövlət Əmək Müfəttişliyi Xidmətləri üçün vahid əməyin təhlükəsizliyi və sağlamlığı anlayışları üzrə tətbiqetmə siyasətlərinin hazırlanması nəzərdə tutulur. Planda əmək bazarı üzrə statistik məlumatların toplanmasının təşkili işlərinin əlaqələndirilməsi (2014-2015-ci illər), miqrant işçilərlə bağlı birgə məlumat bazasının yaradılması (2014-2016-cı illər) da yer alıb.
Bununla yanaşı, Fəaliyyət Planı məhbusların və məcburi köçkünlərin iqtisadi cəhətdən inteqrasiyasına yönələn təlim sistemini (2014-2016-cı illər), işçi hüquqlarının müdafiəsi və əmək bazarı üzrə qanunvericilik (2014-2015-ci illər) sahələrində də əməkdaşlığın həyata keçirilməsini, habelə İƏT-in Əmək bazarı və peşə təlimi mərkəzinin yaradılmasını nəzərdə tutur. Səsləndirilən təkliflərə uyğun olaraq, istehsalat qəzaları ilə bağlı sosial sığorta sisteminin tətbiqi, habelə əmək və məşğulluq problemlərinin həllinə islami prinsiplərdən yanaşma kimi məsələlər də ayrıca bəndlər kimi sənədə daxil edilib. Sənəddə qeyd olunan məsələlərin həlli ilə əlaqədar sponsor tərəflər də müəyyən olunub.
İclas çərçivəsində Malayziya tərəfinin Dövlət Məşğulluq Xidmətləri üzrə Şəbəkəyə dair təqdimatı olub. Tədbirin nəticələri kimi, həmçinin, İƏT-in əmək nazirlərinin növbəti konfransına təqdim olunmaq üçün hesabat və İcra Proqramının layihəsi də nəzərdən keçirilərək qəbul edilib. Xatırladaq ki, İƏT-in əmək nazirlərinin növbəti konfransı 2015-ci ildə İndoneziyada keçiriləcək. Həmin vaxta qədər İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəyə sədrliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Ümumiyyətlə, Azərbaycan İƏT-in üzvü olaraq təşkilat çərçivəsində sıx əlaqələrə malikdir. Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasındakı münasibətlər xarici siyasət kursumuzun prioritet istiqamətlərindən sayılır. İKT (sonradan İƏT) 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb, 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İKT yanında müşahidəçi statusuna malikdirlər. İKT Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq edir. Təşkilat 1975-ci ildən bəri BMT yanında müşahidəçi statusu alıb. 1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İKT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən, sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr fəaliyyət göstərir.
Vurğulamaq lazımdır ki, İƏT ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəli və davamlı xarakterə malikdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet respublikaları arasında ilk olaraq məhz Azərbaycan İƏT-ə üzv olmaq barədə müraciət edib.
Qurumla ölkəmiz arasındakı münasibətlər Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha möhkəm xarakter alıb. 1994-cü ilin may ayından etibarən Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən, İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanılıb.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri Azərbaycan-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında Onun müqəddəs Kəbədə ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırıb. Ümummilli liderin İKT baş katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə Konfransında iştirakı və İKT baş katibi, həmçinin, bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində İKT Zirvə görüşləri tarixində ilk dəfə olaraq, Kasablankada “Ermənistan-Azərbaycan münaqişəsi haqqında” siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunun mütəmadi salınmasına nail olunub.
Qeyd olunmalıdır ki, gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə olaraq, 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT xarici işlər nazirlərinin 24-cü Konfransı və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb. Xatırladaq ki, siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmasının tələb edilməsi, bu problemə dair baş katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKT-yə üzv ölkələr tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İKT dövlətlərinə narazılığını bildirməsi ilə müşayiət olunsa da, əks-rezonans doğurub. Eyni zamanda, qeyd olunan qərar və qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirilib.
Azərbaycan da öz növbəsində İKT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, həmçinin, Fələstin probleminə münasibətdə daim konstruktiv mövqe sərgiləyib, özünün birmənalı və dəyişməz mövqeyini nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, Onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti 33-cü Konfransının, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun keçirilməsi, həmçinin, digər konfrans və tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi yuxarıda qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Azərbaycan, həmçinin, İƏT-in müxtəlif təşkilatları ilə də sıx əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı ildə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib. Həmçinin, 2008-ci ilin iyununda Bakıda keçirilən “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak edən İKT baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edib. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın məhz Azərbaycanın birinci xanımıdır.
Qurumun XI Zirvə Konfransında İƏT-in yeni Nizamnaməsi qəbul edilib ki, bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü işi və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, 2008-ci ildə BMT Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi “Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyət” adlı qətnamənin qəbul edilməsində İƏT-ə üzv olan dövlətlərin mövqeyi həlledici rol oynayıb.
Təşkilatın 2011-ci ilin fevralında keçirilən İƏT xarici işlər nazirlərinin 36-cı iclasında da analoji mövqe bir daha vurğulanıb. İclasda bir daha qeyd olunub ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirməyib. Quruma üzv olan ölkələrin xarici işlər nazirlikləri Ermənistanı işğaldan əl çəkməyə çağırıb.
Təşkilatın Azərbaycanın bir nömrəli probleminin həllində ölkəmizə verdiyi dəstək bununla da yekunlaşmır. Qeyd etdiyimiz kimi, 2009-cu ildən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası keçirilir. Kampaniya çərçivəsində Xocalı qətliamının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib. Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləşdirilib, faciə saytın istifadəçilərinə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilib. Xocalı qətliamının adı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnam və başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib.
Bununla yanaşı, 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən və 51 ölkənin parlament nümayəndələrinin iştirak etdiyi VI konfransında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Qətnamədə bildirilib ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını dəstəkləyir: “Üzv dövlətlərin parlamentlərini insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözügedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağırırıq”.
Qeyd etmək lazımdır ki, bu sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk qətnamədir. Yeri gəlmişkən, qətnamənin qəbulu prosesində Ermənistanın da təmsil olunduğu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinə üzv olan dövlətlərin nümayəndələri də iştirak ediblər. Bu isə Azərbaycan həqiqətlərinin daha bir beynəlxalq təşkilat tərəfindən də qəbulunun təməli sayıla bilər. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində əldə olunan ilk uğur İƏT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbul edilməsi sayıla bilər. 2009-cu ilin iyul ayında isə DƏ-İKGF ilə İSESCO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunub.
2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyası keçirilib. İƏT-lə sıx əməkdaşlıq edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu da (DƏ-İKGF) sessiyada təmsil olunub. DƏ-İKGF tərəfindən sessiyaya Xocalı faciəsini soyqırımı aktı kimi tanımaq barədə qətnamə layihəsi təqdim edilib.
İƏT XİNŞ həmin qətnaməni qəbul etməklə Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan edib. DƏ-İKGF nümayəndə heyətinin rəhbəri kimi sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına dair xüsusi bənd yer alıb. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətləri bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”.
Sözügedən qətnamədə, həmçinin, DƏ-İKGF tərəfindən həyata keçirilən “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” beynəlxalq mükafat layihəsi alqışlanıb və üzv dövlətlər bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırılıb. Həmin mükafat layihəsinə 2011-ci ilin noyabrında Bakıda DƏ-İKGF-nin və Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsis konfransı zamanı start verilib və ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərara alınıb. İƏT XİNŞ-nin 40-cı sessiyasında DƏ-İKGF-yə 2014-cü ildə İƏT ölkələri gənclər və idman nazirlərinin konfransını təşkil etmək həvalə olunub.
Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. Ümumiyyətlə, Azərbaycan İƏT çərçivəsində aktiv fəaliyyət göstərir, dinlər və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Nazir E.Məmmədyarov da Azərbaycanın İslam sivilizasiyasının ayrılmaz bir hissəsi olduğunu, onun mütərəqqi irsini bölüşdüyünü və bu əsasda da İƏT ölkələri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Ümumiyyətlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Təbii ki, bu uğurlar indiki hakimiyyətin həyata keçirdiyi siyasət nəticəsində əldə edilir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Məhz respublikamızın beynəlxalq siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki, ölkəmizin dövlətlərarası və regional münasibətlərdə fəaliyyəti xarici ekspertlər və siyasi analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Ümumiyyətlə, respublika rəhbərliyinin həyata keçirdiyi fəal xarici siyasət müxtəlif dövlətlərlə çoxistiqamətli faydalı əməkdaşlığa əsaslanır. Bu əlaqələr gerçəkliyə çevrilən nəhəng enerji layihələri və bir sıra digər layihələrlə daha möhkəm və praqmatik xarakter alır. Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Tam müstəqil siyasət həyata keçirən Azərbaycan dövləti yalnız milli maraqlara uyğun addımlar atır. Şübhəsiz, milli maraqlarımızı yüksək səviyyədə qorumaq və təmin etməyimiz bundan sonra da müəyyən xarici dairələri narahat edəcək. Xüsusilə də, işğalçı Ermənistanı. İƏT-in toplantısında Xocalı soyqırımı haqqında qəbul olunmuş qərarlar işğalçı dövləti və onun havadarlarını ciddi narahat edir. Ona görə də beynəlxalq müstəvidə əsl həqiqətlərin gizlədilməsi üçün erməni lobbisi bütün gücünü səfərbər edib. Lakin dövlətimiz və onun rəhbərliyi milli maraqlara əsaslanan siyasəti davam etdirməkdə qətiyyətlidir. Təbii ki, bu siyasət Azərbaycana gələcəkdə də böyük uğurlar qazandıracaq və beynəlxalq miqyasda nüfuzunu, mövqeyini daha da gücləndirəcək.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 21 iyun.- S. 8.