YAP Sədrinin müavini-İcra
katibi Əli Əhmədov “Azərbaycanı
Avropada tanıdaq!” devizi
altında keçirilmiş motoyürüşün
iştirakçıları ilə görüşüb
Əli Əhmədov: Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı sayəsində Azərbaycan cəmiyyətində özünə, dövlətə inam yarandı. Sizin yürüşünüz də özünəinamın nəticəsi olaraq baş tutub
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Harley Devidson HOG Baku”nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə iyunun 7-dən 21-dək Bakı-Zaqreb-Bakı marşrutu üzrə “Azərbaycanı Avropada tanıdaq!” devizi altında keçirilmiş motoyürüşün iştirakçıları ilə görüşüb.
Əli Əhmədov bu aksiyanı Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə, Azərbaycan xalqının həyatında oynadığı rola verilən qiymət kimi dəyərləndirib. Belə bir təşəbbüsü yüksək qiymətləndirən Əli Əhmədov deyib ki, bu qədər böyük bir məsafə qət etmək böyük uğurdur. “Bu, Azərbaycan dövlətinə, dövlətçiliyə böyük ehtiramdır. Eyni zamanda, siz böyük şücaət və fədakarlıq nümayiş etdirmisiniz. Bildiyimizə görə, bu yürüş zamanı zədə alanlar da olub. Təbii ki, əvvəlcədən çoxlu sayda çətinliklər ola biləcəyini bilirdiniz və Heydər Əliyevin yolunda belə çətinlikləri gözə aldınız. Mən bunu alqışlayıram. Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı sayəsində Azərbaycan cəmiyyətində özünə, dövlətə inam yarandı. Sizin yürüşünüz də özünəinamın nəticəsi olaraq baş tutub” - deyən YAP Sədrinin müavini qeyd edib ki, bugünkü inkişaf edən, güclənən, dünyada söz sahibinə çevrilən Azərbaycan məhz qurtuluş məfkurəsinin nəticəsidir. O, Azərbaycanın bir daha sülh tərənnümçüsü olduğunu sübut etdiyinə görə motoyürüşçülərə minnətdarlıq edib. Əli Əhmədov motoyürüşçülərin bu addımının gənc nəslə bir nümunə olduğunu da deyib.
Motoyürüşə rəhbərlik edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev aksiya çərçivəsində 8 ölkədə olduqlarını bildirib. O qeyd edib ki, bu aksiyanın məqsədi qurtuluşun mahiyyətini təbliğ etmək və Azərbaycanı tanıtmaq idi. V.Mustafayev artıq Avropada Azərbaycanın yaxşı tanındığını vurğulayıb: “Azərbaycanı təbliğ etmək məqsədilə Heydər Əliyev Fondunun nəşr etdiyi broşürlər və kitabları səfər etdiyimiz ölkələrdə paylayırdıq. Eyni zamanda, Azərbaycan, Gürcüstan, Türkiyə və Serbiyada Heydər Əliyevin abidələrini ziyarət etdik. Səfər etdiyimiz ölkələrdə bir sıra görüşlər də keçirdik. Məhz 15 iyun tarixində Serbiyada Heydər Əliyevin abidəsini ziyarət etdik və Ulu öndərimizin adını daşıyan parkda olduq. Bununla da, yürüş başa çatdı”.
“AtaBank” İdarə Heyətinin sədri, motoyürüş iştirakçısı İltifat Ağayev də aksiya ilə bağlı öz təəssüratlarını bölüşüb. O, Avropada Azərbaycanın yaxşı tanındığını qeyd edərək ölkəmizin inkişaf baxımından da öndə olduğunu vurğulayıb.
YAP Sədrinin müavini Əli Əhmədov partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı belə bir aksiyanın təşkil edilməsini bir daha yüksək qiymətləndirib: “Bu aksiyanın böyük mənası Heydər Əliyevin qayıdışının Azərbaycana nə verdiyini ifadə etməkdədir. Əlbəttə ki, bütün dünya Heydər Əliyevin qayıdışından sonra ölkəmizdə baş verən dəyişikliklərdən xəbərdardır. Siz yürüş zamanı bunun şahidi oldunuz. Amma siz bu aksiya ilə bütün dünyaya qurtuluşa vətəndaşlarımızın münasibətini ifadə etdiniz. Sevindirici haldır ki, Heydər Əliyevin xalqımız və dövlətimiz üçün müstəsna rolunu dərk edənlərin sayı o qədər artıb ki, əks düşünənlərin fikirləri cəmiyyətdə heç bir əhəmiyyət kəsb etmir. Artıq Heydər Əliyevin opponentləri də Onun dövlətimiz və xalqımız üçün misilsiz xidmətlərini dərk edir və qiymətləndirmək məcburiyyətində qalırlar”.
Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan dünyanın ən sabit ölkəsidir. Onun sözlərinə görə, sabitlik və əmin-amanlıq bugünkü reallığı səciyyələndirən başlıca əlamətdir: “Ola bilər ki, Azərbaycandan varlı ölkələr olsun. Amma Azərbaycandakı sabitlik, dinclik və əmin-amanlıq dünyanın az ölkəsində ola bilər”.
Prezident İlham Əliyevin “Azərbaycan dünyada sabitliyin, əmin-amanlığın bərqərar olduğu bir adadır” fikrini xatırladan Əli Əhmədovun sözlərinə görə, əgər bu sabitlik və əmin-amanlıq olmasa insanlar üçün yerdə qalan bütün dəyərlər əhəmiyyət kəsb etmir.
“Əgər ölkədə mərmilər partlayırsa, insanlar həlak olursa, qan tökülürsə, evlər dağılırsa, orada kiminsə nə qədər var-dövlətə sahib olmasının heç bir mənası yoxdur. Çünki orada insanın həyatının mənası və dəyəri yoxdur. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakmiyyətə qayıdışı ilə əlaqədar yaranmış ən böyük nemət ondan ibarətdir ki, ölkəmizdə sabitlik, əmin-amanlıq var. Hər şeydən əvvəl insanın həyatı ən başlıca dəyər kimi qiymətləndirilir. Bundan yüksək dəyər ola bilməz. Bu sabitlik digər dəyərlərin yaranması üçün həlledici əsas olub. Ölkənin iqtisadiyyatı inkişaf edib və bu inkişaf nəticəsində həyatımız köklü surətdə dəyişib. Digər sferalarda da böyük uğurlar əldə olunub. Və Azərbaycan sözün həqiqi mənasında dünyanın diqqətini cəlb edən ölkəyə çevrilib. Azərbaycan bu gün təkcə iqtisadiyyatı ilə yox, yeniləşməsi, modernləşməsi ilə seçilir. Hazırda ölkəmizdə insanların həyat səviyyəsinin daha da yüksəlməsi üçün bütün işlər görülür. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məhz bu məqsədlərə xidmət edir. Bütün dünya bunları görür, dünyada Azərbaycana diqqət artıb. Azərbaycan ərazisi və əhalinin sayına görə, böyük olmasa da, əhəmiyyəti, regiondakı liderliyi və dünya siyasətində oynamağa başladığı rol baxımından Azərbaycanı artıq kiçik dövlət hesab etmək olmaz” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Baş nazirin müavini deyib ki, Azərbaycanın hər bir vətəndaşı gələcəyə böyük ümidlə baxır. Hər ilin əvvəlki illərdən daha yaxşı olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, ildən-ilə insanların rifahı, həyat səviyyəsi yüksəlir. Vətəndaşların öz dövlətləri ilə qürur duyduğunu deyən YAP Sədrinin müavini bu amilin malik olduğumuz resurslardan səmərəli istifadə etməklə qarşımıza qoyulan vəzifələri daha qətiyyyətlə həyata keçirmək əzmini yaratdığını vurğulayıb. Əli Əhmədov onu da əlavə edib ki, Azərbaycan xalqı böyük iradəyə və gücə malikdir: “Azərbaycan xalqı gələcəyinə inanır. Bunun da fonunda yürüş ehtirası ortaya çıxır. Ali Baş Komandan əmr verən zaman hər kəs yürüşə çıxacaq. Bu, 20 il ərzində fədakarlıqla həyata keçirilən siyasətin nəticəsidir. Azərbaycan xalqı Qarabağ uğrunda yürüşə hazırdır. Bu yürüş həm Azərbaycan xalqının sülhə hazır olduğunu, həm də qətiyyətli olduğunu ortaya qoyur”.
Görüşün sonunda Əli Əhmədov yürüş iştirakçılarına Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitab hədiyyə edib.
Görüşdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak ediblər.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 24 iyun.- S. 4.