Azərbaycan-NATO: Uğurlu əməkdaşlıq modeli

 

NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı “Rouz-Rout” seminarında regional problemlərin həllində parlament diplomatiyasının rolu vurğulanıb

Xəbər verildiyi kimi, bu günlərdə Bakı üçüncü dəfə NATO Parlament Assambleyasının 86-cı “Rouz-Rout” seminarına ev sahibliyi edib. Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: çağırışlar və imkanlarmövzusunda keçirilən seminar cari il iyunun 16-dan 18-dək davam edib. Rouz-Rout” seminarını açan Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizin təşkilatla çox yaxşı münasibətlərinin qurulduğunu vurğulayaraq, Sülh Naminə Tərəfdaşlıq və Fərdi Tərəfdaşlıq proqramı çərçivəsindəki əməkdaşlığı yüksək qiymətləndirib.

Qonaqları salamlayan Milli Məclisin sədri Oqtay Əsədov müəyyənləşən yanaşmaların Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təminatına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Spiker əlavə edib ki, Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, təhlükəsizlik təhdidlərinə qarşı mübarizə, təhlükəsizlik və müdafiə islahatları ilə bağlı məsələlərdə praktik əməkdaşlıqdan ibarətdir. Bizim ölkəmiz NATO ilə əməkdaşlığa bütövlükdə Avroatlantika məkanında təhlükəsizliyə, sülhə, iqtisadi inkişafademokratiyaya töhfə vermək imkanı kimi baxır. Azərbaycan NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında yaxından iştirak edir. Cənubi Qafqazda mövcud çağırışları aradan qaldırmaq üçün potensial imkanlar olduğunu bildirən spiker deyib ki, bunun üçün ilk növbədə, qarşılıqlı etimada əsaslanan, ikili standartlardan azad olan əməkdaşlıq inkişaf etdirilməlidir. Beynəlxalq qaydanın əsas elementlərinə təsir göstərməkdə davam edən, dövlətlərin ərazi bütövlüyünüsabitliyini pozan əsas təhdidləri və çağırışları dəf etmək üçün onlara vahid yanaşma təmin edilməlidir. Milli Məclis sədri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq ölkəmizin uzun illərdən bəri beynəlxalq birliyə çağırışlar etdiyini, ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların həyata keçirilməsini tələb etdiyini vurğulayıb.

Tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə ölkəmizə təşəkkürünü bildirən NATO Parlament Assambleyasının prezidenti Hu Beylin regional problemlərin həllində parlament diplomatiyasının rolunu qeyd edib. Azərbaycanın mürəkkəb regionda yerləşdiyini deyən qurum rəsmisi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərin davam etdiriləcəyini söyləyib, eləcə də ölkəmizin dünyada sülhün, təhlükəsizliyin təminatına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Seminarda “Cənubi Qafqaz: dəyişkən regional və beynəlxalq təhlükəszilik çağırışları” mövzusunda çıxış edən LİNKS Təhlili və Oksford Universitetinin direktoru Dennis Sammut Azərbaycanda gedən iqtisadi inkişafı, müsbət dəyişiklikləri xüsusi vurğuyayıb. D.Sammut iqtisadi cəhətdən qüdrətli Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq bunun region üçün ciddi təhlükə olduğunu söyləyib. O əlavə edib ki, bu problem sülh yolu ilə həll olunmalıdır və burada Azərbaycanın ərazi bütövlüyünə hörmət prinsipi əsas götürülməlidir.

Ümumiyyətlə, beynəlxalq təşkilatlarla yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyil ki, hazırda müstəqil Azərbaycan BMT-nin, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər mötəbər beynəlxalq qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Bundan başqa, respublikamız Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatlarla da fəal əməkdaşlıq edir. Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biriNATO-dur. Təməli 1949-cu ildə qoyulan bu blok ötən müddət ərzində fəaliyyətini şərqə doğru genişləndirib. Hazırda NATO-nun 28 üzvü var. Bunlar aşağıdakı ölkələrdir: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstan.

Azərbaycan Respublikası ilə NATO arasında geniş məzmunlu əməkdaşlığın əsası Ümummilli liderimiz Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə qoyulub. Ölkəmiz 2004-cü ildən qurumun “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Azərbaycan 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.

Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avroatlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas məqsədi müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Eyni zamanda, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak edir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, “NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək” Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən biridir.

NATO qüvvələri ilə uzlaşmanın yaradılması PAP (Planlaşdırma və Analiz Prosesi) mexanizminə əsaslanır. 1997-ci ildən etibarən PAP əməliyyat hazırlığı naminə Azərbaycanı NATO-nun müdafiə planlamasına cəlb edir. Azərbaycan Silahlı Qüvvələri həyata keçirmək üçün üzərinə daha çox tərəfdaşlıq məqsədləri götürürbunlarNATO-nun hərbi, təlim və texniki standartlarını tətbiq etmək vasitəsilə NATO qoşunları ilə hərbi uzlaşmaya nail olunmasına” yönəlir. Azərbaycan xaricdə sülhməramlı məqsədlər üçün xüsusi bölmələr hazırlayıb. 2008-ci ildə bu bölmələr eyni vaxtda üç sülhməramlı əməliyyata cəlb edilib: KFOR (Kosovo Qüvvələri), ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) və Çoxmillətli Qüvvələr (İraq).

Müasir beynəlxalq sülhməramlı əməliyyatlar çoxfunksiyalı və mürəkkəbdir. Onların uğuru dövlətlərin əməliyyatların planlaşdırılması və aparılmasının bütün mərhələlərində komanda və nəzarət vasitələrinə cəlb edilməsindən asılıdır. NATO tərəfdaş dövlətləri öz əməliyyatlarına cəlb etmək üçün inkişaf etmiş mexanizmə malikdir. 1999-cu ildən Siyasi-Hərbi Çərçivə sənədi NATO-nun rəhbərlik etdiyi SNT əməliyyatlarında NATO ilə Tərəfdaş dövlətlər arasında əməkdaşlığı tənzimləyir. Bu sənədin məqsədi “NATO-nun gələcək əməliyyatlarına qoşulan tərəfdaş dövlətlərə əməliyyatlara siyasi istiqamətin verilməsi və üzərində nəzarət edilməsinə töhfə vermək üçün müvafiq imkanların verilməsinin təmin edilməsidir”. Bu mexanizmin vacib aspektlərindən biri tərəfdaşlara beynəlxalq qərargahlarda vəzifələr tutmaq imkanının verilməsidir. Bu, “Tərəfdaş dövlətlərin əsl tərəfdaşlıqda töhfəsinin tanınması müttəfiqlər və tərəfdaşlar arasında etimadın və anlaşmanın yaradılması, onların həmrəyliyinin gücləndirilməsi üçün vacibdir”.

Bütövlükdə götürdükdə Azərbaycan NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. bu kimi aktual məsələlər müzakirə olunur, eləcə də, praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda dəfələrlə səfərdə olan NATO rəsmiləri əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Digər tərəfdən, Azərbaycanın regiondakı rolununmövqeyinin güclənməsi Alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilirona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir.

Qeyd edək ki, həm Azərbaycan dövlətinin, həm də NATO rəhbərliyinin qarşılıqlı münasibətlərə ciddi önəm verməsinin nəticəsində son illərdə ölkəmizlə bu qurum arasında əlaqələr daha da dərinləşib. Müntəzəm olaraq Azərbaycanın və NATO-nun yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri keçiriliryeni əməkdaşlıq imkanları müzakirə edilir. Cari il yanvarın 15-də Prezident İlham Əliyev Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun Baş katibi Anders Foq Rasmussen ilə görüşüb.

Görüşdə NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən Baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun Baş katibi Anders Foq Rasmussen Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Dövlət başçısı İlham Əliyev də Öz növbəsində NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. NATO ilə əlaqələrin Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Cari ilin aprel ayında isə NATO-nun baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru ölkəmizdə səfərdə olub. Bakıya səfəri çərçivəsində NATO rəsmisini Prezident İlham Əliyev qəbul edib.

Görüşdə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. Sorin Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nunSülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.

Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladıb. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Mübariz ABDULLAYEV    

Yeni  Azərbaycan.-2014.- 25 iyun.- S. 8.