Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən qüdrətli ordusudur

 

Ordunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı daha da artırır

Azərbaycan Milli Ordusunun yaradılmasından 96 il ötür. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsindən təxminən bir ay sonra - 1918-ci il 26 iyun tarixli fərmanla Milli Ordunun yaradılması prosesinə başlanıldı, avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi quruldu. Hələ çar Rusiyası dövründə yaponlarla müharibədə öz istedad və bacarığı, peşə bilikləri ilə yüksək nüfuz qazanan general Səməd bəy Mehmandarov hərbi nazir, general Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

Milli Ordunun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin mövcud təhdidlərə qarşı mübarizə aparmasına kömək etdi. Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətraf qəzalar erməni-bolşevik işğalından xilas edildi. Milli Ordu hissələri hökumətə qarşı qaldırılan qiyamların yatırılmasında xüsusi səy göstərdi, Qazaxda Azərbaycan sərhədini pozan erməni qoşunları darmadağın edildi. Həmin dövrdə Azərbaycan ordusunun ayrı-ayrı hissələrinə rəhbərlik edən Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generallar var idi. Təəssüf ki, 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə müstəqil ordumuzun da varlığına son qoyuldu.

Azərbaycanda qüdrətli və mütəşəkkil ordunun formalaşdırılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də təxirəsalınmaz tədbirlər görüldü. 1994-cü il mayın 12-də atəşkəsin elan olunması ilə müasir Azərbaycan dövlətçiliyinin əsas dayağına çevriləcək ordu quruculuğu prosesinə start verildi. İlk növbədə, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Heydər Əliyev yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv etdi, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə mütəşəkkil, qüdrətli ordu formalaşdırıldı, eləcə də onun gücləndirilməsi və ordu daxilində davamlı islahatların aparılması üçün müvafiq zəmin yaradıldı.

Yeri gəlmişkən, müstəqil dövlətimizin güclü və qüdrətli ordusunun memarı olan Ümummilli lider Heydər Əliyev hələ SSRİ dönəmində ordu quruculuğu istiqamətində strateji əhəmiyyətli bir sıra mühüm addımlar atmışdı. 1969-cu ildən sonra Ulu öndər Azərbaycanda ilk dəfə milli hərbçi kadrların təhsil alması sistemini formalaşdırmaqla böyük bir tarixin başlanğıcını qoymuşdu. Bu kontekstdə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılmasını xüsusilə qeyd etmək lazımdır. Bununla da Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmuşdu. Ümummilli lider 1970-80-ci illərdə keçmiş SSRİ-nin aparıcı ali hərbi məktəblərində milli hərbi kadrların yetişdirilməsi istiqamətində də davamlı tədbirlərin həyata keçirilməsinə nail olmuşdu. Ulu öndərin təşəbbüsu ilə 1972-ci ildən etibarən hər il 300-400, sonralar isə 800-900 nəfər gənc tanınmış ali hərbi məktəblərə təhsil almağa göndərilmişdi.

Beləliklə, məhz 1993-cü ilin iyunundan sonra başlanan mütəşəkkil ordu quruculuğu sayəsində silahlı qüvvələrin maddi-texniki təminatı əsaslı dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrin ehtiyaclarının təminatı istiqamətində Azərbaycanın müxtəlif müəssisələrində məqsədyönlü iş aparıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.

Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyunun Silahlı Qüvvələr Günü kimi, 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə isə 18 avqustun Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı kimi qeyd olunması varislik prinsipinə sadiqlikdən irəli gəlirdi.

Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. Əsası C.Naxçıvanski adına Hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Eyni zamanda, Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər 20 avqust 2001-ci il tarixli Fərman ilə müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Bununla yanaşı, yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə göndərildi. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılmasına əhəmiyyətli töhfələr verdi.

Beləliklə, Azərbaycanda qüdrətli və mütəşəkkil ordunun formalaşdırılması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Ölkəmizin 2014-cü ilə nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb. Ermənistanın hərbi xərcləri isə Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə azdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində planlı, elmi əsaslarla aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir.

Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib və aviasiya texnikasının texniki resurslarına qənaət olunub. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb. Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də işlər görülür. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

Eyni zamanda, müvafiq sahədə kadr potensialının inkişaf etdirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər görülür. Bu kontekstdə qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hazırda xaricdə təhsil alan hərbi qulluqçularının sayı 253 nəfərdir. Azərbaycan-NATO əlaqələri və ikitərəfli əməkdaşlığa əsasən, digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar. Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin tədris müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi məqsədilə Hərbi Akademiyada “Müdafiə strategiyası və planlaşdırılması adlı yeni fənn tədris proqramına əlavə edilib.

Bundan başqa, Azərbaycanın müxtəlif ölkə və qurumlarla hərbi əməkdaşlığını uğurla davam etdirməsi ordu quruculuğuna mühüm töhfələr verir. Qeyd edək ki, hazırda ölkəmiz dünyanın 57 ölkəsi ilə ikitərəfli hərbi əməkdaşlıq edir, onlardan 34-ü ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalanıb. Eyni zamanda, 24 dövlətdə Silahlı Qüvvələrimizin hərbi attaşelik aparatı və hərbi nümayəndəliyi təsis edilib və fəaliyyət göstərir.

Onu da bildirmək yerinə düşər ki, son dövrdə ən müasir “Smerç” yaylım atəşli reaktiv sistemləri, “Toçka-U” taktiki raket kompleksləri, “BUK-1MB” zenit-raket kompleksləri, “T-90S” tankları, “TOS-1A” ağır odatan sistemləri, “MSTA-S” özüyeriyən artilleriya haubitsaları, özüyeriyən “Pion” topları, o cümlədən ölkəmizdə istehsal olunan “Şahin” və “Qaranquş” pilotsuz uçuş aparatları silahlanmaya qəbul edilib. Bundan başqa, ölkəmizdə nizami ordunun daha da inkişaf etdirilməsi ilə yanaşı, müdafiə sənayesi də inkişaf etdirilir. Ölkəmiz artıq öz istehsalımız olan silah-sursatlarla dünyada tanınır.

Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Başqa sözlə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Azərbaycan ictimaiyyəti ölkənin sürətlə artan iqtisadi, hərbi gücünü dərk edir, sosial-psixoloji, demoqrafik, maliyyə böhranı keçirən, hər cür qanunsuzluq və özbaşınalığın baş alıb getdiyi Ermənistan ordusunun vəziyyətini görür. Eynilə, Azərbaycan ordusunda da öz gücünə inam, mübarizə əzmi hökm sürür. Azərbaycan hərbçiləri Vətən qarşısında müqəddəs borcu yerinə yetirərək tarixi torpaqlarımızı işğaldan azad etmək üçün mübarizəyə hər an hazır vəziyyətdədirlər. Və Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusu qarşısında duran vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır.

Şübhəsiz, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi isə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Bununla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da sürətləndirir.

Bu baxımdan, Azərbaycan ordusunun gücünün artırılması işğalçı Ermənistan üzərində həm davamlı psixoloji təzyiq vasitəsidir, həm də münaqişənin həllinin sülh yolu ilə tənzimlənməsi imkanları tükənəcəyi zaman həlledici qüvvəyə çevriləcək. Bu səbəbdən, ordunun gücləndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək.

Beləliklə, bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır.

 

Yeni  Azərbaycan.-2014.- 26 iyun.- S. 4.