Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər çoxşaxəlidir

 

İki ölkə arasında mühüm əhəmiyyətli məsələlərdə geniş əməkdaşlıq mövcuddur

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfiri Hidayət Orucov Bişkek şəhərinin meri Kubanıçbek Kulmatovla görüşüb. Səfirlikdə keçirilən görüşdə Bişkek şəhərinin baş memarı Bakıtbek Abdiyev və şəhər Meriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Ermek Canat da iştirak ediblər.

H.Orucov Bişkek merini səfirlikdə görməkdən məmnunluğunu bildirib, bu münasibəti Azərbaycan xalqına, dövlətinə hörmət və ehtiramın ifadəsi kimi qiymətləndirib.

Səfir Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O deyib ki, Azərbaycan və Qırğızıstan rəhbərləri ölkələrimiz arasında əlaqələrin inkişafında maraqlıdırlar.

K.Kulmatov Azərbaycan və qırğız xalqlarının dostqardaş xalqlar olduqlarını qeyd edib və ölkələrimiz arasında münasibətlərin dərinləşdirilməsi üçün heç bir maneənin olmadığını bildirib.

O deyib ki, Bakı və Bişkek şəhərləri arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair Saziş layihəsi hazırlanır və sənədin imzalanması Azərbaycan və Qırğızıstan əməkdaşlığının inkişafına təkan verəcək. Görüşdə Bişkek şəhərində Ümummilli lider Heydər Əliyev adına parkın salınması məsələsi də müzakirə edilib. B.AbdiyevE.Canat salınacaq parkın ərazisində Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi və digər layihələr haqqında məlumat veriblər. Səfir hazırlanmış layihə ilə bağlı təkliflərini bildirib. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, bütün Türk dünyasının fəxridir. Heydər Əliyev hər zaman türkdilli ölkələrə və xalqlara böyük məhəbbət bəsləyirdi.

H.Orucov qardaş ölkələr olan Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində çox görüldüyünü, lakin mövcud potensialdan hələ kifayət qədər istifadə edilmədiyini söyləyib.

Xatırladaq ki, SSRİ dövründə ittifaq respublikaları olaraq bir dövlətdə təmsil olunan Qırğızıstan və Azərbaycan imperiyanın süqut etməsi ilə dövlət müstəqilliyi əldə ediblər. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılıb. 2002-ci ildə Qırğızıstan Respublikasının Azərbaycandakı fəxri konsulluğu yaradılıb. 2005-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 2008-ci ildə Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri təyin edilib.

2007-ci il tarixində isə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında səfiri təyin edilib. Rəsmi əlaqələrə gəldikdə 22-24 avqust 1995-ci ildə Ulu öndər Heydər Əliyev Bişkekdə Manasın 1000 illiyinə həsr olunmuş tədbirlərdə və Türkdilli dövlətlərin III Sammitində iştirak edib. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi münasibəti ilə Qırğızıstan Respublikası Baş nazirinin müavini K.Nanayevin başçılıq etdiyi nümayəndə heyəti Bakıda olub. 1998-ci ildə Bakıda keçirilmiş TRACECA proqramı çərçivəsində tarixi İpək Yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində Qırğızıstan Respublikasının sabiq Prezidenti Əsgər Akayev iştirak edib və əsas sazişi imzalayıb. 1999-cu ildə Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Xüsusi xidmət orqanları rəhbərlərinin II Konfransında Qırğızıstan Respublikası da təmsil olunub. 1999-cu ildə Bakıda İƏT-ın IX toplantısında Qırğızıstan Respublikası xarici işlər nazirinin birinci müavini A.Cekşenkulovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. 2000-ci ildə Türkdilli Dövlət Başçılarının Bakıda keçirilmiş VI Zirvə görüşündə və “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi tədbirlərində Qırğızıstan Respublikasının nümayəndə heyəti də iştirak edib.

Prezident İlham Əliyevin Azərbaycanın dövlət başçısı seçilməsinin ardından dövlətlərarası münasibətlər davam etdirilib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın Dövlət katibi Dastan Sarıqulovu qəbul edib. Görüş zamanı Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin müxtəlif sahələri ilə bağlı məsələlər müzakirə edilib. 2006-cı ildə İƏT-in IX Zirvə görüşü çərçivəsində Bakıda səfərdə olan Qırğızıstan Baş nazirinin birinci müavini M.Kerimkulov Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında hökumətlərarası iqtisadi komissiyanın yaradılmasının vacibliyi vurğulanıb və bunun qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına təkan verəcəyi qeyd olunub. 2009-cu ildə Qırğızıstan parlamenti (Joqorku Keneş) sədrinin birinci müavini Çolpon Bayekovanın başçılığı ilə Qırğız nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul edilib. 2009-cu ildə Bakıda İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə konfrans keçirilib. Qırğızıstan tərəfindən ölkənin Dövlət Gömrük Komitəsinin nümayəndəsi tədbirdə iştirak edib. 2009-cu ildə Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Qırğızıstan Respublikası da təmsil olunub. Zirvə görüşünün sonunda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi imzalanıb. 2010-cu ildə İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət başçılarının X Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının keçid dövrü Prezidenti Roza Otunbayeva arasında görüş keçirilib. 2010-cu il tarixində Qırğızıstanda keçirilmiş parlament seçkilərində Azərbaycan müşahidə missiyası iştirak edib. 2010-cu il tarixində İstanbulda keçirilmiş İƏT-in zirvə toplantısı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Qırğızıstan Respublikasının Prezidenti Roza Otunbayeva arasında təkbətək görüş olub.

2012-ci ilin martında Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev ölkəmizə səfər edib. Səfər çərçivəsində iki ölkə başçıları arasında keçirilən görüşdə Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb. Daha sonra geniş tərkibdə davam etdirilən görüşdə Qırğızıstan Respublikasının Prezidentini ölkəmizdə salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin əlaqələrimizin və ikitərəfli münasibətlərimizin inkişafına verilən əhəmiyyətin çox yaxşı göstəricisi olduğunu vurğulayaraq deyib ki, münasibətlərimizin çox gözəl gələcəyi var. Ölkə başçısı vurğulayıb ki, qarşılıqlı münasibətlərimizdə yol verilmiş vaxt itkisinin əvəzini tez bir zamanda çıxacağıq. Çünki bizim razılaşmaların konkret işlərə transformasiyası göz qabağındadır. Bu mənada Qırğızıstan Respublikasının Prezidentinin ölkəmizə səfərinin müstəsna əhəmiyyəti var: “Çünki bu, ilk səfərdir. Bizim iqtisadi, enerji və əlbəttə ki, siyasi sahələrdə qarşılıqlı münasibətlərin gələcək inkişafına dair böyük planlarımız mövcuddur. Mənə çox xoşdur ki, Siz bizim ölkəyə səfərə gəlmisiniz. Bu, uzun fasilədən sonra Azərbaycan ilə bir daha tanış olmaq üçün imkandır. Başlıcası isə, çox ümidverici mərhələyə qədəm qoyan ikitərəfli münasibətlərimizin inkişafı yollarını müəyyənləşdirməkdir. Buna görə bir daha Sizi və nümayəndə heyətinizin bütün üzvlərini salamlayıram. Ümid edirəm ki, səfərin nəticələri çox uğurlu olacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır”.

Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev münasibətlərimizin inkişafından çox müsbət nəticələr gözlədiyini söyləyib. Ümidvar olduğunu bildirib ki, münasibətlərin inkişafı baxımından itirilən 20 ili qarşıdakı iki ildə fəal işləməklə qaytarmaq mümkün olacaqdır. Prezident Almazbek Atambayev bildirib ki, Azərbaycan Respublikasının Ulu öndəri Heydər Əliyev “Manas” dastanının 1000 illik yubileyi ilə bağlı Bişkekdə olanda demişdir ki, “Dinimiz bir, dilimiz bir, kökümüzbirdir”. Qırğızıstan Respublikasının başçısı qeyd edib ki, münasibətlərimizi tamamilə başqa səviyyəyə qaldırmalıyıq: “Görürəm ki, biz bunu reallığa çevirə biləcəyik. Mən çox şadam və fəxr edirəm ki, Azərbaycan bu dərəcədə dəyişmişdir. Mən burada 21 il bundan əvvəl də olmuşam. Dünən və bu gün isə gördüm ki, əlbəttə, bu, tamamilə başqa Azərbaycandır. Ona görə ki, bizdən fərqli olaraq prezidentlər sarıdan Sizin bəxtiniz gətirmişdir. 1993-cü ildən başlayaraq yaxşı bünövrə qoyulmuşdur. Bu indidavam edir. Ona görə də, Azərbaycan belə tərəqqi edir, yüksəlir”.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Prezidentinin və Qırğız Respublikası Prezidentinin Birgə Bəyanatı”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına qəbul olunması üzrə Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Qeyd edək ki, Qırğızıstan Respublikası ilə Azərbaycan arasında münasibətlər çoxşaxəlidir. İstər beynəlxalq təşkilatlar, istərsə də digər qurumlarda yaxın əlaqələrə malik olan ölkələr mühüm strateji məsələlərdə bir-birilərinə dəstək nümayiş etdirirlər.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 26 iyun.- S. 12.