Azərbaycanın müdafiə
qabiliyyəti xeyli dərəcədə
güclənib
Müsahibimiz Milli Məclisin
Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucdur
- Zahid müəllim, Milli Məclisin Təhlükəsizlik və
müdafiə komitəsinin
yaz sessiyası üçün iş planına daxil olan qanun layihələri
hansı məsələləri
özündə ehtiva
edir?
- Bildiyiniz kimi komitə yaz sessiyası üçün iki qanun layihəsi təqdim edib. Bunlar «Hərbi qulluqçuların statusu haqqında» və «Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında» qanun layihələridir. Bu layihələr özlərində nələri ehtiva edir? İlk növbədə, «Hərbi qulluqçuların statusu haqqında» qanun layihəsi haqqında fikirlərimi bildirmək istəyirəm. Nəzərə almalıyıq ki, ötən dövr ərzində ölkəmizin müdafiə qabiliyyəti xeyli dərəcədə güclənib. Orduda çox böyük dəyişiklər baş verib, Azərbaycanın özünün həm müdafiə sənayesini yaratması, həm də özünü xarici silah asılılığından qurtarılması yönündə gördüyü tədbirlər zəruri edir ki, burada münasibətlərin daha da təkmil və sivil qurulması üçün hüquqi tənzimlənmələrin tamam yeni bir formasına keçilməlidir. Bu ölkəmizin beynəlxalq əlaqələrindən, götürdüyü öhdəliklərdən də irəli gələn məsələlərdir. Bütün hallarda sonuc etibarilə bu, ölkənin hərbi möhkəmliyinə, onun təhlükəsizliyinə müsbət təsir edirsə, bunlar reallaşdırılmalıdır. Ona görə də, hərbi qulluqçuların statusu ilə bağlı layihə tam yenidən işlənib. İnanıram ki, hazırki yaz sessiyasında bu layihəni müzakirəyə çıxarıb qəbul edə biləcəyik.
Əlbəttə ki, hərbi qulluqçuların statusu haqqında müvafiq ad altında başqa qanun hazırda qüvvədədir. Amma dövlət başçısı elə yeni addımlar atıb ki, bunlar qanunvericilikdə əksini tapmalıdır. Məsələn, xüsusi olaraq zabitlərin mənzillə təminatı, onların sosial müdafiəsinin gücləndirilməsi və s. məsələlərlə bağlı yeni baxışlar var. Büdcədə müdafiə xərclərinə yönələn 4 milyard dollara yaxın vəsaitin təxminən 25-26 faizi hərbçilərin əmək haqqı fonduna gedir. Bu rəqəmin artırılması imkanları mövcuddur. Eyni zamanda, ölkə rəhbəri iki il öncə 20 illik dövrdə qüsursuz xidmətlər göstərən hərbçi şəxslərin mənzillə təminatı üçün mühüm qərar verdi. Maliyyə Nazirliyi və digər müvafiq qurumlar lazımi addımlar atıb, hazırda da müəyyən işlər görülür. Hesab edirəm ki, yeni qanun layihəsi bu məsələləri tənzimləyə bilər. Eyni zamanda, hərbi qulluqçuların statusu məsələsinə baxılması mümkündür, eləcə də, onların bir sıra məsələləri də həll oluna bilər. Ümumən nəzərə almalıyıq ki, ölkədə müharibə şəraitində çalışan ordu qüvvələri üçün dövlətin imkanı var ki, proqram halında təminat sistemi həyata keçirilsin. Yəqin ki, sözügedən qanun layihəsi bu məsələləri tənzimləyəcək.
İkinci layihə üzərində isə geniş dayanmaq istəmirəm. Çünki söhbət çərçivə qanunundan gedir. Bu sənəd özündə ölkədə hansı hərbi birləşmələrin, hansı xarakterli qoşun növlərinin olmasını ehtiva edir. Yəni layihədə əlahiddə yeni məsələ yoxdur.
- Azərbaycan silahlı qüvvələrində müqaviləli xidmət edənlərin sayının artırılacağı bildirilir. Sizcə, bunun əhəmiyyəti nədən ibarətdir?
- Biz xeyli beynəlxalq tədbirlərdə oluruq, eləcə də, başqa ölkələrin təcrübəsi öyrənilir. Ordu quruculuğu 1-5 ilin işi deyil. Bu, uzunmüddətli strateji bir fəaliyyətdir. Digər tərəfdən, burada təkmilləşmə, yeniləşmə və islahatlar daim tələb olunur. Müqaviləli ordu modeli hazırki dövrdə xüsusilə NATO ölkələrində tətbiq edilir. Bu, artıq peşəkar iş səviyyəsində gerçəkləşdilir. Həmin ölkələrdə alternativ hərbi xidmət insanların həyat tərzi, iş yeridir, peşəkar həyatını sərf etdiyi məkandır. Belə olan təqdirdə biz nəzərə almalıyıq ki, Azərbaycanda müqaviələli qaydada minlərlə insan orduda çalışır. Onların müəyyən bir dövrlə bağlı müvafiq strukturlarla hüquqi razılaşmaları var. Amma bu, bütövlükdə müqaviləli ordu anlamına gəlməməlidir.
Hazırda Azərbaycanın müqaviləli ordu sisteminə keçidini, çağırış sisteminin ləğvi məsələsini ciddi müzakirə etmək lazımdır. Bu indiki şəraitdə bizə nə verə bilər? Bu, elə bir sistemdir ki, kimlərsə ordudan kənarda qalırsa, kimlərsə yüksək təminat əsasında silahlı qüvvələrdə 25 illik xidmət göstərir. Əlbəttə ki, müqaviləli ordunun öz üstünlükəri var. Məsələn, NATO ordularında bir briqadanın 1500 nəfərlik heyətinin gördüyü işi keçmiş sovet respublikalarının ordu quruluşlarına malik olan ölkələrdə 4 mindən artıq bir kontingent yerinə yetirir. Yəni bu sistemlərin funksiyaları da, təminat şərtləri, üzərində daşınan öhdəliklər də tamamilə fərqlidir. Bütün bunların fonunda müqavilələi ordunun başqa bir üstünlüyü mobil bir orduya malik olmasıdır. Bu sistemə keçid öyrənilir. Bunun üstünlükləri ilə bərabər ilk vaxtlar problemlər də yaradır. Məsələn, bu problemlər qonşu Gürcüstanda da, eləcə də Şərqi Avropa ölkələrində də yaşanıb. Azərbaycan hazırda müharibə şəraitində yaşayır. Ona görə də, hesab edirəm ki, belə bir vəziyyətdə ölkəmizin müqaviləli ordu sisteminə tam keçidi hələ gələcəyin işidir.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hazırki durumu necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, artıq ATƏT-in Minsk qrupu formatının bu münaqişənin həllinə yaramadığını hər kəs bilməkdədir. Azərbaycan cəmiyyətində illüziyalar yoxdur və hamı bu reallığı qəbul edir. Hər kəs ona şahiddir ki, regionda «Dağlıq Qarabağ» amili iqtisadi-siyasi imkanlara sahiblənmək vasitəsidir, təzyiq alətidir. Bu, həm də regional kontekstdə oturuşmaq, öz geopolitik maraqlarını həyata keçirmək üçün də bir fürsətdir.
Fikrimcə, Dağlıq Qarabağ problemi üç geoplitik güc mərkəzinin arasındakı savaşdır. Minsk qrupunun hazırkı formatı atəşkəsin pozulması fonunda dərk etdi ki, atılan bu güllələr həm də onların əleyhinədir. Bu, onların mandatının iflasa uğramasının, bu formata etimadın olmamasının göstəricisidir. Əgər tərəflər özləri münaqişənin gələcəyini silahlı vasitələrlə görürlərsə, bu o deməkdir ki, beynəlxalq orbitrlər hər hansı bir rol oynamır. Həmsədrlər zamanı xeyli dərəcədə əldən buraxdılar. Bəlkə də, münaqişənin 2000-ci illərin əvvəlində həlli ehtimalı daha böyük idi. Rusiyanın indi gücü artır, onun beynəlxalq münasibətlər sistemində rolunun dərinləşdiyi zamanda Qərb Cənubi Qafqazda hərbi vasitələrə əl atmaq niyyətində deyil. Bunu Gürcüstanın taleyi də sübut edir. Ona görə də, mən düşünürəm ki, hazırki dövrdə ən optimal model dövlətimizin başçısının gerçəkləşdirdiyi siyasətdir. Bu da ölkəmizi iqtisadi və siyasi cəhətdən səfərbər etmək, onun imkanlarını gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, Dağlıq Qarabağ münaqişəsinin vurduğu ziyanları minimuma endirmək və s. işlərdir. Hesab edirəm ki, hazırki dönəmdə müharibə qərarı əldə etmədiyimiz siyasi nəticələri, danışıqları tamamilə alt-üst edər və qarşısıalınmaz proseslərə yol açar. Həmin qanlı əməliyyatlara başlamaq nə qədər asandırsa, onu başa çatdırmaq bir o qədər çətindir. Çünki müharibənin öz qanunları var.
- Zahid müəllim, fevralın 26-da bəşər tarixinin ən böyük soyqırımlarından olan Xocalı qətliamının 22-ci ildönümü oldu. Ümumiyyətlə, ermənilərin törətdiyi ən böyük vəhşiliklərdən olan Xocalı soyqırımını insanlığa qarşı cinayət olaraq necə səciyyələndirərdiniz? Bu soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlər nə kimi nəticələr verməkdədir?
- Ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasəti nə bu günün, nə dünən işidir. Onlar bu terror siyasətini iki yüz ildir ki, müəyyən fasilələrlə davam etdirirlər. Son iki yüz illik tarixin hər bir səhifəsini çevirəndə erməni vəhşiliyini, vandalizmini görməmək mümkün deyil. Onların yüz illərdir beyinlərində bəslədikləri qondarma xəyalların həyata keçməsi üçün qeyri-insani yollardan istifadəyə can atması hər zaman qanlı qətliamlara, insanlığa sığmayan faciələrə yol açıb. İnsanlığa qarşı olan Xocalı qətliamı da ermənilərin uzun illər həyata keçirdiyi bu məqsədli siyasətinin nəticəsidir.
Azərbaycan dövləti bu soyqırımın dünyada tanıdılması istiqamətində sistemli iş aparır. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Həqiqətən də, son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın keçmiş sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar öz mövqeyini açıqlayıb. Bu mənada bir sıra ölkələrin parlamentlərinin qəbul etdiyi qətnamələr xüsusi əhəmiyyətə malikdir. Eləcə də, ABŞ-ın bəzi ştatları bu soyqırımı tanıyıb. Bu, Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlərin müsbət nəticələridir.
Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri yetərincədir. Məhz Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımını xüsusi qeyd etmək lazımdır. Təşkilatın qəbul etdiyi sənəd beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan ilk qətnamə sayılır. Qeyd edim ki, İƏT çərçiəvsində bu barədə bir neçə dəfə müvafiq sənədlər qəbul olunub. Bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti də xüsusi qeyd edilməlidir. Bu isə Azərbaycanın soyqırımın dünyada tanıdılması istiqamətində apardığı siyasətin uğuru sayılmalıdır. Bilirsiniz ki, hazırda dünyanın bir çox ölkələrində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Azərbaycan dövləti bu istiqamətdə öz addımlarını davam etdirir və Xocalı soyqırımının dünya birliyində tanınması yönündə aparılan fəaliyyət müsbət nəticələrini verməkdədir.
Əminəm ki, nəticə etibarilə Azərbaycan onlarla ölkənin qərarını aldıqdan sonra ərazisinin işğaldan azad olunmasına, soyqırıma məruz qalmış şəhərin bərpasına, bütövlükdə Dağlıq Qarabağın Azərbaycanın suveren iradəsi altında yaşamasına doğru gedəcək.
Yeni Azərbaycan.-2014.- 1 mart.- S.5.