Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir

 

Ölkəmizlə qurum arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb

Müasir beynəlxalq münasibətlər sisteminin suverennüfuzlu aktoru olan Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya təşkil edir. Dövlətimiz məhz bu cür paritet inteqrasiyanın fonunda Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Məhz bu cür münasibətlərdən birini də Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri təşkil edir.

Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Məhz bu cür qarşılıqlı etimad mühiti və dərin əməkdaşlığın fonunda İttifaq Azərbaycanda həyata keçirilən daxilixarici siyasət kursunu təqdir etməkdədir.

Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin mütəmadi inkişaf tendensiyasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər məhz tərəflər arasındakı əlaqələrin ötən zaman kəsiyindəki dinamikasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin legitim əsasları Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Bəhs olunan Saziş Azərbaycanla Avropa İttifaqı və onun üzv dövlətləri arasında ticarət, investisiya, iqtisadi qanunvericilik və mədəni əməkdaşlıq, həmçinin, immiqrasiyailleqal ticarətin qarşısının alınması sahələrində hüquqi sənəddir. Məlumat üçün qeyd edək ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ilin aprel ayında imzalanıb və 1999-cu il 1 iyul tarixində saziş tərəflərinin parlament orqanlarında ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin başlıca strateji məqsədi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təmin olunması və ölkədə paritet əsasda fəaliyyət göstərən xaricidaxili iqtisadi operatorlar vasitəsilə açıq, bazar əsaslı leqal iqtisadiyyatın yaranmasını təmin etməkdir. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycanla Avropa İttifaqı arasında üç əsas qurum yaradılıb. Bunlar Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi və Parlament Əməkdaşlığı Komitəsidir. Qeyd edək ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) 105 maddədən və 5 əlavədən ibarətdir. Sazişin ilk bölməsi ümumi müddəalar adlanır və burada sazişin BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Yeni Avropa haqqında Paris Xartiyasına əsaslandığı bəyan olunur. İkinci bölmə siyasi dialoq haqqındadır, üçüncü bölmə isə mal ticarəti adlanır və burada ən əlverişli rejimin aid olduğu sahələr, azad ticarət prinsipi əks olunub.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması Avropa Yeni Qonşuluq Siyasəti (AYQS) ilə mümkün olub. Məlumat üçün qeyd edək ki, Avropa Yeni Qonşuluq Siyasətinin reallaşdırılmasına 2004-cü ildən başlanıb və onun başlıca strateji məqsədi Avropa İttifaqı ilə qonşu ölkələr arasında yeni parçalanma hallarının qarşısını almaq, davamlı və stabil təhlükəsizlik və firavanlığı təmin etməkdir. Avropa Yeni Qonşuluq Siyasətinin əsas mexanizmini ikitərəfli qaydada razılaşdırılan Fəaliyyət Planı təşkil edir. Bu plan Cənubi Qafqaz ölkələri ilə 2006-cı ildə razılaşdırılıb. Plana əsasən, əməkdaşlıq zamanı qısa və orta müddətə həyata keçiriləcək iqtisadisiyasi islahatların siyahısı verilir, atılacaq konkret addımlar müəyyənləşdirilir. Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı il tarixində Brüsseldə Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilib.

2006-cı ildə Avropa Yeni Qonşuluq Siyasəti fəaliyyətə başladıqdan sonra 31 dekabr 2006-cı ildən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin əsas maliyyə vasitəsi olan TACİS proqramı, Yaxın Şərq və Aralıq dənizi ölkələri üzrə MEDA proqramı və digər tematik planlar öz fəaliyyətini yekunlaşdırıb və Avropa Yeni Qonşuluq Siyasətinin təqdimatı ilə bütün tərəfdaşlıq ölkələri üçün yenivahid olan Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti təklif olunub. Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin əsas məqsədləri ümumi iqtisadi sistemin sabit inkişaf etməsi üçün edilən səylərin artırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılması və dövlət sektorunun müasirləşdirilməsinə, vergigömrük qanunvericiliklərində islahatların aparılmasına, neftdən gələn gəlir və özəlləşdirmə sahəsində şəffaflığın təmininə, Dünya Ticarət Təşkilatına daxilolma prosesində inkişafa əsaslanır.

Ötən ilin noyabrın 29-da isə Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Sammit çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalanıb. Daha sonra III “Şərq tərəfdaşlığı” Sammitinin plenar iclası keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib.

Şübhəsiz, Avropa İttifaqı hazırda Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Yeri gəlmişkən, dünən Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb. Bu barədə Azərbaycanın Avropa İttifaqındakı Nümayəndəliyi məlumat yayıb. Sazişi Azərbaycan tərəfindən Azərbaycanın Aİ yanında Nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov, Avropa İttifaqı tərəfindən isə Avropa Komissiyasının Daxili Siyasət üzrə baş direktoru Stefano Manservisi və hal-hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Yunanıstanın Avropa İttifaqındakı səfiri Teodoros Sotiropolus imzalayıblar. Qeyd edək ki, bu Saziş 29 noyabr 2013-cü il tarixində Vilnüs Sammiti zamanı imzalanmış Azərbaycan Respublikası və Avropa İttifaqı arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi Sazişi ilə birgə Avropa Parlamenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Bir məqama xüsusi toxunmaq gərəkdir ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davaminkişaf etdirilməsi ilk növbədə Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasiiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir:

Əvvəla, Azərbaycanın rasional enerji siyasəti regionalqlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Avropa İttifaqı üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatikrasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin, o cümlədən, Avropanın enerji strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Avropa dövlətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.

İkincisi, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Məhz bu amilAvropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verməsini şərtləndirir.

Üçüncüsü, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları, o cümlədən, bu gün Azərbaycanla əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan Avropa İttifaqı ölkəmizdə demokratiyaonun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını, həmçinin, sağlam əsaslara söykənən milli-mənəvi dəyərlərin cəmiyyət həyatının bütün sahələrinə sirayət etməsini yüksək qiymətləndirirlər. Bu gün Avropa İttifaqını Azərbaycanla əməkdaşlığa cəlb edən əsas amillərdən biri də xalqımızın ali milli-mənəvi dəyərlərin daşıyıcısı olmasıdır. Beləliklə, milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların - müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması kimi pozitiv göstəricilər qurum tərəfindən olduqca yüksək qiymətləndirilir.

Vurğulamaq gərəkdir ki, tərəflər arasındakı siyasi, iqtisadi sahələrlə yanaşı, digər istiqamətlər də əməkdaşlıq üçün xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə sıx təmasların formalaşdırılması əməkdaşlıq əlaqələrinin inkişafına təkan verir. Yeri gəlmişkən, fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi xanım Malena Mard ilə görüşüb. Görüşdə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mövcud əlaqələrin inkişafı müstəvisində mənəvi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, müstəqil daxilixarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Nəticə etibarilə, ekspertlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Perspektivdə isə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyini və münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyini söyləmək olar.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 1 mart.- S.8.