Jurnalistika onun ömrünün
mənası idi
Xasay Vəzirovun 100 illiyi
münasibətilə
Deyirlər ki, insanın nə istədiyini bilməsi istedadın əsas əlamətidir. Bəlkə də belədir: hər halda bunu təsdiq edən nümunələr az deyildir. Ən parlaq nümunələrdən biri isə həmvətənimiz Xasay Həsən oğlu Vəzirovun həyatıdır. Onun adı haqlı olaraq sovet dövrü Azərbaycan jurnalistikasının üç sütunu sırasında çəkilir: Nəsir İmanquliyev, İsrafil Nəzərov və o - Xasay Vəzirov. İndi artıq yaşlı nəslin nümayəndələri olan biz jurnalistlərin çoxu onu öz müəllimi hesab edir.
Tutduğu yüksək vəzifələrə baxmayaraq, bu, son dərəcə sadə, hətta bir qədər utancaq olan insanı onu tanımayanlara və ya az tanıyanlara təqdim etmək üçün əlimə yenidən qələm götürəndə (beş il əvvəl mən Xasay müəllim haqqında yazmışam) nədənsə böyük Eynşteynin haradasa oxuduğum “Xoşbəxt yaşamaq istəyirsinizsə, məqsədə bağlı olmalısınız” sözlərini xatırladım.
Bax, Xasay Vəzirovun həyatının məqsədi sözün əsl mənasında həmişə jurnalistika olmuşdur. Hərçənd jurnalistikaya aparan yol o qədər də asan olmamışdır...
Xasay Vəzirov Şuşada dünyaya göz açmışdır. 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə atası ailəsini Bakıya gətirir və əsilli-nəcabətli kökdən olmasına baxmayaraq, ailəni dolandırmaq üçün neft mədənlərində adi fəhlə işləməyə başlayır. O vaxtlar Xasayın 4 yaşı təzəcə tamam olmuşdu. Vaxt yel kimi ötüb keçir. Göz açıb-yummağa macal tapmamış orta məktəbi bitirən Xasay atasının yanında işləməyə başlayır. Lakin mədəndə çox ləngimir. Mətbəədə işləmək imkanı yarananda o, bu fürsəti əldən vermir. Sən demə, çap işi onu çoxdan maraqlandırırmış. Gənc fəhlə müxtəlif qəzetlərə məqalələr yazmağa başlayır və onları məmnuniyyətlə dərc edirlər. Bu isə onu daha da ruhlandırır.
Yəqin ki, Xasay Vəzirovun həyatının elə bu dövrünü gələcək böyük jurnalistin, intellektualın, əsl peşəkarın yaradıcılıq bioqrafiyasının başlanğıcı saymaq olar.
Lakin iş elə gətirir ki, Xasay Vəzirov ötən əsrin 30-cu illərinin əvvəllərində Sənaye İnstitutuna (indiki Neft Akademiyası) daxil olur. Bu, zamanın hökmü idi. İnstitutu mühəndis-iqtisadçı ixtisası ilə müvəffəqiyyətlə bitirən X.Vəzirov hətta müəyyən müddət kafedrada laborant işləyir, aspiranturanı bitirir. Öhdəsinə düşən vəzifələri ona xas olan məsuliyyət və vicdanla yerinə yetirir. Lakin mətbəədə işlədiyi illərdə yaranan jurnalist olmaq arzusu qəlbinin dərinliklərində böyüyür və getdikcə qol-budaq atır. Ona görə də “Neft kadrları uğrunda” adlı tələbə qəzetini redaktoru olmaq təklifinə həvəslə razılıq verir. Sevimli işi ilə məşğul olmağa başlayanda sanki qol-qanad açır, özünü sözün əsl mənasında xoşbəxt hiss edir...
Çox-çox sonralar onu jurnalistikaya aparan yoldan söz düşəndə artıq yaşa dolmuş oğluna deyirdi: “Bilirsən, oğlum, xoşbəxt olmaq üçün mütləq sənə səadət bəxş edən işi görməlisən və belə bir xoşbəxtliyin mümkünlüyünə inanmalısan”.
Xasay Vəzirov hələ Böyük Vətən müharibəsi başlayana qədər mətbuatda ən aktual mövzularda 200-dən çox məqalə dərc etdirmişdir. Fəal surətdə, ən başlıcası böyük həvəslə kitab redaktə edirdi. Hərçənd bir çoxları başqasının işinə düzəliş etməyi hədər zəhmət sayır. O, belə hesab etmirdi. Redaktorluq bacarığı ona peşəkarlar arasında hörmət qazandırdı, bu da istedadın göstəricisi idi. Təxminən elə o dövrdə Xasay müəllim tanınmış alim Heydər Hüseynovun rəhbərliyi altında hazırlanmış 4 cilddə “Rusca-azərbaycanca lüğət”in tərtibçilərindən biri olur.
Xasay Vəzirov alman faşizminə qarşı müharibəni hərbi müxbir kimi Qafqazdan Berlinədək keçmişdir. O, respublika qəzetlərinə azərbaycanlı döyüşçülər haqqında oçerklər yazırdı. O vaxtkı böyük ölkəmizdə yaşayan bütün xalqlar ilə birlikdə Vətənin müdafiəsinə qalxan həmvətənlərimizdən qürur hissi ilə söz açan bu oçerkləri həm redaksiyalar, həm də oxucular səbirsizliklə gözləyirdilər.
Azərbaycan xalqının da misilsiz töhfə verdiyi möhtəşəm qələbədən bir neçə il sonra Xasay Vəzirovun həyatına yetərincə böyük zaman kəsiyində respublikamızın başlıca qəzeti - “Kommunist” qəzeti daxil olur. Xasay müəllimin məhz bu mətbu orqanın redaktoru vəzifəsində həm Şəxsiyyət, həm ictimai-siyasi xadim, həm də başçılıq etdiyi nəşrdə hər sözə görə məsuliyyət daşıyan jurnalist kimi yüksək keyfiyyətləri parlaq təzahürünü tapır.
Qəzet oxumaq eyni zamanda, necə deyərlər, onun birinci şəxsi ilə tanışlıq deməkdir. Qəzetdə nə yazırlar, necə yazırlar və kim yazır - bütün bunları, birinci şəxs, yəni, özünəməxsus zövqü və maraqları olan redaktor müəyyən edir. Hətta qəzet səhifəsində görünməsə belə qəzet bir növ onun ideologiyasının, zəkasının və qəlbinin aynası olur. X.Vəzirovun başçılıq etdiyi dövrdə çıxan “Kommunist” qəzetinin bağlamalarını vərəqləyərkən, nə gizlədək, bir çox mətləblərdən sərbəst yazmağın mümkün olmadığı o çətin dövrdə qəzetin can atdığı əsas məqsədi görürsən. Redaktor X.Vəzirov insanları narahat edən məsələləri, konyunktura ilə bağlı olmayan aktual mövzuları, eyni dərəcədə məsələnin yeni tərzdə qoyuluşunu, dəqiq və dərin təhlili, özünəməxsus jurnalist araşdırmasını həmişə özünün əsas məqsədi sayırdı. İlliyinə qədər ziyalı olan, daxili mədəniyyəti ilə seçilən Xasay müəllim xalq üçün ziyalı qəzeti buraxmaq istəyirdi. Təbii ki, qəzet ziyalıların məhdud dairəsi üçün deyil, bütün xalq üçün - dövlətə xidmət edən, dövlətdən asılı olan, taleyini onunla bölüşən hər kəs üçün nəzərdə tutulmuşdu.
Xasay Vəzirov çox nəcib və dürüst adam idi. Öz əməkdaşlarından da bunu gözləyir və tələb edirdi. Deyilənə görə, redaksiyanın çaparaq iclaslarında tez-tez bu sözləri təkrarlayırmış: “Bəli, biz oxuculara müəyyən biliklər, kiminsə yeni təcrübəsini çatdırırıq. Amma axı, qəzet öz oxucularına həm də ədalətin zəfər çalacağına ümid, həyatın ritmini pozan müəyyən hərəkətlərlə razılaşmadığını bildirmək imkanı verməlidir. Bizim onları məyus etməyə haqqımız yoxdur. Hətta bir insanın ümidlərini doğrultsaq belə, hesab edin ki, əbəs yerə yaşamırıq”.
Onun redaktorluq etdiyi qəzetin səhifələrində parlaq publisistika nümunələri ilə bərabər, sadə insanların problemləri barədə, o cümlədən insanları, o vaxtın dili ilə desək, “doğma sovet hakimiyyətindən” və ya “dünyada ən ədalətli sovet məhkəməsindən” müdafiə etmək üçün materiallar işıq üzü görürdü. O başa düşürdü ki, oxucunu yalnız dürüst və mötəbər qəzet cəlb edə bilər. Eyni zamanda, istedadlı, yaxşı ədəbi dili ilə seçilən, zövqlə tərtib edilən qəzet. Axı, bunun özü də oxucuya olan hörmətin təzahürüdür.
Qəzetin və qəzet işçilərinin fəaliyyətini səciyyələndirən bu prinsiplər Xasay Vəzirovun dövründə daha da möhkəmləndi.
İnsan mövzusu redaktoru çox narahat edirdi. O bilirdi ki, qəzet bəzilərinə sevinc bəxş edir, digərlərini isə məyus edir. Xeyirxah və səmimi olan Xasay müəllim tənqidi materiallar hazırlayan müəlliflərə öyüd-nəsihət verərək deyirdi ki, materialda tənqidə məruz qalanları təhqir etməsinlər, onları incidib, şərəf və ləyaqətlərini alçaltmasınlar. Ancaq bütün bunlar, şəksiz ki, gerçəklik, dəqiqlik və obyektivlik fonunda olmalıdır: axı, qəzeti milyonlarla insan oxuyur. Lakin nə qədər nəzakətli tərzdə səslənsə də tənqid elə tənqiddir və o vaxtlar heç kim adının qəzetdə hallanmasını istəmirdi. Napoleon əbəs yerə deməyib ki, üç qəzetdən 100 min süngüdən daha çox qorxur...
Xasay Vəzirovun redaktorluq istedadı həm də bunda idi ki, o, düşünən, ideya və təşəbbüslərinə inandığı və dəstəklədiyi insanları qəzetdə işləməyə cəlb etməyi çox gözəl bacarırdı. Bir çox peşəkar jurnalistlər məhz onun rəhbərlik etdiyi illərdə redaksiyaya gəlmiş, uzun müddət işləmiş və bəlkə kimsə hələ də işləyir. Zənnimcə, X.Vəzirovun redaktorluq fəaliyyəti dövrünə aid yazılara hakim kəsilən səmimiyyət, xeyirxahlıq və həmrəylik hissi, ilk növbədə, həmin jurnalistlərin sayəsində mümkün olmuşdur.
Məgər ictimai nikbinliyi bütün bunlar müəyyən etmirmi?!
Biz belə yanaşmanın əhəmiyyətini, əfsuslar olsun ki, çox-çox sonra, mətbuat özünün “illüziyalar dünyası” yarada bilmək kimi böyük bacarığından tamamilə imtina etdikdən sonra daha dərindən başa düşdük.
Xasay müəllim ötən əsrin 50-ci illərinin sonunda Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AzTAc-ın (hazırda AzərTAc) direktoru təyin olunur. O, bu məsul vəzifədə yenə də öz məsləkinə - dövlətin müəyyən etdiyi siyasi mövqeyə müvafiq materiallar buraxmaq, informasiyanın dürüstlüyünə və yüksək ədəbi səviyyəsinə nail olmaq əqidəsinə sadiq qalır. Müxbirlərdən məsuliyyət, böyük dəqiqlik və dürüstlük tələb edir.
İndiki AzərTAc-da olanlar yəqin ki, müxtəlif illərdə müxtəlif cür adlanan agentliyin bütün rəhbərlərinin divardan asılan şəkillərinin fəxri sırasında hörmətli Xasay Vəzirovun da portretini görmüş və əlbəttə, üzündəki mehriban, onu çoxlarından fərqləndirən xəfif təbəssümə diqqət yetirmişlər.
Lakin həmişə nə qədər mülayim, səbirli və başa düşən olsa da, tələbkarlığı da vardı. Qeyd edim ki, o, ilk növbədə özünə qarşı tələbkar idi. Onu tanıyanlar belə bir epizodu xatırlayırlar... Amma bu barədə bir qədər sonra...
Məlumdur ki, X.Vəzirov dövlət informasiya agentliyində iki dəfə işləmişdir: onun direktorluq fəaliyyəti 1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya məsələləri üzrə katibi vəzifəsinə seçilməsi ilə bağlı dayandırılmışdı. O dövrdə ittifaq miqyaslı “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri kimi onunla tez-tez görüşürdüm və etiraf edim ki, onun müdrik və xeyirxah məsləhətlərinə həmişə qulaq asırdım.
Xasay Vəzirov Mərkəzi Komitədən sonra düz 10 il Partiya Tarixi İnstitutuna başçılıq etdi. Sonra 15 il Azərnəşrdə işlədi. Axı, onun redaktorluq məharətində rəqibi yox idi. Doğma AzərTAc-a, təəssüf ki, artıq ömrünün sonlarına yaxın - ötən əsrin 90-cı illərində bu dəfə tərcüməçi kimi qayıtdı. Gənclərə ilk növbədə məsuliyyətli olmağı, işə ciddi yanaşmağı məmnuniyyətlə öyrədirdi. Özü də sözlə yox, şəxsi nümunəsi ilə öyrədirdi, çünki uzun danışmağı xoşlamırdı. Yadımdadır, agentlikdə (o vaxtlar mən də bu agentlikdə işləyirdim) əməkdaşlar üzlərində qocaman jurnalistə çox böyük hörmət sezilən gülümsər ifadə ilə danışırdılar ki, Xasay müəllim çox vaxt özünün bu və ya digər tərcüməsini təkrar-təkrar yoxlayır, halbuki tərcümələri qüsursuz idi. Lakin narahat təbiətli, mətbuatda gedən sözün xüsusi məsuliyyətini unutmayan Xasay müəllim əmin idi ki düzgün hərəkət edir. AzərTAc-ın indiki baş direktoru Aslan Aslanov bu yaxınlarda Xasay müəllimin oğlu ilə görüşündə belə bir epizodu yada saldı.
O vaxtlar baş direktorun müavini işləyən Aslan müəllim bir gün axşamdan xeyli keçmiş evinə gedəndə agentliyin qapısında Vəzirovla rastlaşır. “Niyə geri qayıdırsınız? Axı, növbədən sonra, deyəsən, evə getmişdiniz?”, - deyə soruşur. Xasay müəllim bir qədər pərtləşərək cavab verir: “Bəli, elədir. Amma evə çatar-çatmaz bugünkü bir tərcümə yadıma düşdü və mənə elə gəldi ki, orada qeyri-dəqiqliyə yol verilib. Material isə artıq buraxılıb və sabah qəzetdə çıxacaq. Elə ona görə qayıtmışam: yoxlamaq lazımdır”. Məncə, şərhə ehtiyac yoxdur.
Çəkdiyi zəhmətə belə münasibət, işinə belə sədaqət böyük ehtirama layiqdir. Nə demək olar, yaşlı nəslin nümayəndələri öz peşəsinə daha həssas yanaşır, jurnalist adını uca tuturdular. O dövrə xas olan məsuliyyətin cüzi hissəsi bu gün olsaydı!
Zənnimcə, bəzi redaksiyalarda jurnalist adının dəyərdən düşməsi bəzən həmin kollektivlərdə yaradıcılıq və xeyirxahlıq ab-havasının olmaması üzündən baş verir. Yadımdadır, peşəkar jurnalist, “İzvestiya” qəzetinin baş redaktoru Aleksey Acubey deyirdi ki, əgər jurnalistika sahəsində xeyirxahlıq itirsə, orada fırıldaqçılar at oynatmağa başlayır.
Xasay Vəzirov bu həqiqəti Acubeydən hələ çox-çox əvvəl başa düşən insanlardan idi. O, harada işləyirsə-işləsin, həmkarları ilə söhbətlərində onlara jurnalistikanın söykəndiyi başlıca prinsipi - çox vaxt istedad və peşəkarlıqla yanaşı addımlayan xeyirxahlığı aşılamağa çalışırdı. Onu bilavasitə tanıyan AzərTAc-ın əməkdaşları bunu yaxşı bilirlər. Xasay müəllim agentlikdə tərcüməçi işləyəndə təcrübəsini həvəslə gənclərlə bölüşür, ona müraciət edən müxbirlərə məsləhətlər verir, agentliyin yaydığı bu və ya digər materialla bağlı maraqlı müzakirələr aparırdı.
İctimai-siyasi xadim, jurnalist, publisist, tərcüməçi-redaktor Xasay Vəzirov Azərbaycan tarixinə həm də ölkəmizin mətbuatının yorulmaz tədqiqatçısı kimi daxil olmuşdur. Onun hazırladığı monoqrafiyalar, tarixi oçerklər və sənədlər toplusu milli Azərbaycan jurnalistikasının hələ 1920-ci ildən əvvəlki yoluna işıq salmışdır. Xasay müəllim qəzet-jurnal işinin praktiki aspektlərindən, çap işinin təşkilinin əsas prinsiplərindən, redaksiya-nəşriyyat fəaliyyətindən, qəzet janrlarının xüsusiyyətlərindən, redaktorun məsuliyyətindən, tərcüməçinin peşəkarlığından çox və maraqlı yazırdı. Axı, o, bütün bunları ovcunun içi kimi bilirdi, çünki özü də bu yollardan keçmişdi...
Xasay Vəzirovun həyat devizini qısaca ifadə etsək, belə səslənər: “O, heç vaxt soruşmazdı ki, Vətən mənim üçün nə edib. Hesab edirdi ki, sən özün soruşmalısan: “Vətən, sənin üçün nə edə bilərəm?”.
Xasay Vəzirovun xidmətləri diqqətdən kənarda qalmırdı: onu ordenlərlə təltif edir, fəxri adlar verir, ali hakimiyyət orqanlarına seçirdilər. Hələ həyata vəsiqə verdiyi tələbələrinin, gənc jurnalistlərin minnətdarlıq hissindən danışmıram. Onlar Xasay müəllimi təkcə gözəl müəllim kimi deyil, həm də nəcib və səmimi insan kimi xatırlayırlar.
Bəli, bütün bunlar Xasay Vəzirovun həyatında var idi və ona sevinc və məmnunluq hissi bəxş edirdi. Lakin onu tanıyanlar bilirlər ki, bu gözəl insan heç də mükafat və ad-san üçün yaşayıb-yaratmırdı. Titullar, adlar - bütün bunlar onun üçün ikinci dərəcəli idi, həyatının məqsədi deyildi.
Bunlar ona lazım idimi?! Əminəm ki, bütün böyük insanlar kimi Xasay müəllimə də öz adı bəs idi. Xasay Vəzirov isə Azərbaycan jurnalistikasında silinməz bir iz qoymuş Addır.
Elmira
ƏLİYEVA
Yeni Azərbaycan.-2014.- 4 mart.- S.7.