İsmayıllı rayonu günü-gündən inkişaf edir, abadlaşır

 

Ötən il rayonda bir sıra sahələrdə yüksək irəliləyişlər əldə olunub, yeni iş yerləri açılıb

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz, qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, iki mərhələdə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin iqtisadi potensialı artıb. Artıq proqramın ikinci mərhələsi icra olunur və bu il başa çatacaq. Beləliklə həyata keçirilən siyasət regionların inkişafını təmin etməklə yanaşı, işsizlik probleminin aradan qalxmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına, o cümlədən, sahibkarlığın inkişaf etdirilməsinə yol açıb. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunur. Bu rayonlar sırasında İsmayıllının da adını çəkmək olar.

İsmayıllı tarixi dağ-kurort mərkəzi kimi...

Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1934-cü ildə inzibati ərazi vahidi kimi qeydiyyata alınıb. Mərkəzi İsmayıllı şəhəri olan, dağ-kurort mərkəzi sayılan rayon Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi 3629 m, Əsəddağ 3471 m, Qaraburğa 3345 m, Şahnəzərdağ 2874 m zirvələridir.

Gil yatağı, mineral bulaqları, istirahətə yararlı əraziləri var. Rayonda 109 yaşayış məntəqəsi mövcuddur. Onlardan 1-i şəhər (İsmayıllı), 2-si şəhər tipli qəsəbə (Lahıc, Basqal) 106-sı isə kəndlərdir. Basqal qəsəbəsi oz kəlağayıları ilə məşhurdur. Lahıc qəsəbəsi isə qədimliyi ilə seçilir və dünya misgərlik incilərindən ayılır. XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Rusiyada, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.

1980-ci ildən muzey-qoruğa çevrilən Lahıcda məhəllə məscidləri, su kəməri və dünyanın ən qədim kanalizasiya sistemlərindən sayılan kürəbənd, Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. İsmayıllı Azərbaycanın ən aparıcı turizm məkanlarından sayılır. Rayonun ərazisi 2074 kv.km, əhalisinin sayı 79144 nəfərdir.

Quruculuq-abadlıq işləri, yeni yolların çəkilişi 2012-ci ildə də davam etdirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqların icra edilməsi istiqamətində İsmayıllı rayonunda 2012-ci ildə tikinti və abadlıq işləri davam etdirilib. Rayonun respublika və yerli əhəmiyyətli yollarında xeyli işlər görülüb. 10 saylı Yol İstismar idarəsi tərəfindən 971 min manat dəyərində təmir işləri aparılıb. İsmayıllı-Lahıc avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Artıq yolun 10 km-ə qədər hissəsinə asfalt örtük vurulub. Qalınçaq kəndinin giriş yolunda 38 metr uzunluğunda və Göyçay çayının İstisu kəndindən keçən hissəsində, Qalaçıq, Çayqovuşan, İstisu kəndlərinə gedən yolda 68 metr uzunluğunda 4 aşırımlı dəmir-beton konstruksiyalı körpülər tikilib istifadəyə verilib. Kənd yollarının tikintisinə diqqət artırılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulmasına başlanıb. Sumağallı kəndində su-elektrik stansiyasında, “Cavanşir Qala” hotelində, İvanovka çörək zavodunda, rayon Polis Şöbəsinin inzibati binasında tikinti işləri davam etdirilib. Şəhərin Nizami küçəsində irimiqyaslı abadlıq işlərinə başlanıb. Ə.Mahmudov küçəsində piyadaların təhlükəsiz hərəkət etməsi üçün səkilər yenidən qurulub, Cavanşir küçəsində abadlıq işləri, Qala divarlarının tikintisi davam etdirilərək avtomobil dayanacağı yaradılıb.

İsmayıllı şəhəri ilə bərabər, iri yaşayış məntəqələrində də sosial problemlərin həlli istiqamətində işlər davam etdirilib. Qalınçaq, Qoşakənd, Tubukənd, Yenikənd, Şükürçü, Sulut kəndlərinə gedən avtomobil yolları təmir edilib, İvanovka kəndində 34 min kv.metrdən çox asfalt örtük salınıb, mini futbol meydançası tikilərək istifadəyə verilib.

Rayonda yeni iş yerləri açılıb, “əmək yarmarkaları” keçirilib...

Ötən ilin doqquz ayında rayonda faktiki qiymətlərlə ümumi məhsul buraxılışı 89 milyon 660 min manat olub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 795 min manat çoxdur. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsulda 8 faiz, sənayedə 3.5 faiz artım əldə olunub. Müqayisə olunan dövrdə pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 2,5 faiz, bir işçiyə hesablanan nominal orta əməkhaqqı 9,8 faiz artıb. Rayon büdcəsinin gəlirlər hissəsi ümumilikdə 12 milyon 838 min manata qarşı 12 milyon 943 min manat və ya 101 faiz, xərclər 12 milyon 838 min manata qarşı 11 milyon 708 min manat və ya 91 faiz icra olunub.

Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin uçotunda 13596 nəfər pensiyaçı var. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 9 ayda ödəniş müəssisələrinə 17 milyon 118 min manat məbləğində vəsait köçürülüb. Vəsaitin 14 milyon 618 min manatı Respublika DSMF-dən daxil olub ki, bu da ödənilmiş pensiya və müavinət məbləğinin 86,6 faizini təşkil edir. 2012-ci ilin doqquz ayında DSMF tərəfindən sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının toplanması vəziyyəti qənaətbəxş olub, proqnoz tapşırıq 100,3 faiz icra olunub.

“Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər planının icrası davam etdirilib. Ötən ilin sentyabrında rayonda növbəti “Əmək yarmarkası” təşkil olunub. “Əmək yarmarkası”nda idarə, müəssisə və təşkilatlar tərəfindən 215 boş iş yeri təqdim edilib, həmin iş yerlərinə 99 nəfər qeyri-məşğul vətəndaş işə göndərilib. Ötən il İsmayıllı rayon Məşğulluq Mərkəzinə 474 nəfər qeyri-məşğul vətəndaş iş axtarmaq məqsədi ilə müraciət edib. Onların 303 nəfəri və ya müraciət edənlərin 67 faizi işlə təmin olunub. Hazırda Rayon Məşğulluq Mərkəzində 508 nəfər işsiz statusu alan vətəndaş rəsmi qeydiyyatdadır, ötən ilin 9 ayı ərzində rayon üzrə 398 yeni iş yeri açılıb.

Elektrik, qaz və içməli su təchizatının yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb

Rayonun elektrik enerjisi ilə təminatında da yüksək irəliləyişlər əldə olunub. Belə ki, İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən ötən ilin 9 ayında istehlakçılara 36 milyon 152 min kilovat/saat enerji verilib, ödəniş 82,6 faiz icra olunub. 9 ayda 564 ədəd elektron tipli, 35 ədəd smart tipli sayğac quraşdırılıb, yararsız dayaqlar dəyişdirilib, 21 ədəd müxtəlif güclü transformator təmir edilib və transformator yarımstansiyalarında cari təmir işləri görülüb. 3,2 km hava xətti SİP kabellə əvəz olunub.

Rayonun qaz təchizatında da bir sıra yeniliklər müşahidə olunub. İsmayıllı Qaz İstismar sahəsi tərəfindən 11083 abonentə xidmət göstərilməklə 2012-ci ilin doqquz ayında istehlakçılara 16,1 milyon kub metr təbii qaz verilib. 2012-ci ildə bir sıra yaşayış məntəqələrinin daşıyıcı və paylayıcı qaz kəmərlərində təmir-bərpa işləri aparılıb. 4748 qaz sayğacı həyətlərdən küçə şəraitinə çıxarılaraq yenisi ilə əvəz olunub, abonentlər üçün 587 ədəd məişət-qaz sayğacı quraşdırılıb. May ayında Topçu kəndinə təbii qazın verilməsi bərpa olunub.

Bununla yanaşı, İsmayıllı şəhərində yeraltı qaz kəmərlərinin yerin səthinə çıxarılması və İvanovka kəndində qaz təsərrüfatının yenidən qurulması davam etdirilir. Şəhərdə diametri 200 mm olan polietilen borularla 3200 p/m daşıyıcı qaz xətti çəkilib. Basqal qəsəbəsi və Tircan kəndlərinin qazlaşdırılması üçün diametri 315 mm olan polietilen borularla daşıyıcı qaz kəmərinin tikintisinə başlanıb.

Ötən il əhalinin içməli su təminatının yaxşılaşdırılmasına da diqqət artırılıb. Xanagah-İsmayıllı su xəttində, şəhərdaxili su və kanalizasiya xətlərində təmir işləri görülüb. İsmayıllı şəhərində iki ədəd sub-artezian quyusunun enerji transformatoru və su nasosu təmir olunub. “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində Dünya Bankının vəsaiti hesabına İsmayıllı şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Artıq 71 km kanalizasiya, 28 km uzunluğunda su xətti çəkilib.

Kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb...

Rayonda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi yönündə əsaslı addımlar atılıb. Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin və digər yaşayış məntəqələrinin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi tərəfindən tədbirlər davam etdirilir. Ötən il əlavə olaraq 17 ədəd iritutumlu metal zibil qutusu hazırlanaraq İsmayıllı şəhərinin küçələrinə qoyulub. Mərkəzləşdirilmiş bölgüyə əsasən rayona Çin Xalq Respublikasının istehsalı olan məişət tullantıları daşıyan avtomobil verilib. Ötən ilin 9 ayı ərzində Mənzil İstismar Sahəsi tərəfindən Natəvan küçəsində 2 ədəd 16 mənzilli, M.F.Axundov küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmiş 27 mənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib, Vahab Osmanov küçəsində yerləşən 36 və Natəvan küçəsində 16 mənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə başlanılıb. Bundan başqa, Heydər Əliyev prospekti 107, Ərəstun Mahmudov 14 ünvanında yerləşən binaların dam örtüyündə əsaslı təmir işləri aparılıb.

2012-ci ilin doqquz ayında əhaliyə göstərilən rabitə və poçt xidmətlərinin səviyyəsi də yaxşılaşıb. Belə ki, 2012-ci ilin üçüncü rübündə Quşencə, Qalınçaq, Ruşan, Göytəpə, Talıstan və Diyallı elektron ATS-lərin birləşdirici xətləri yeni fibrooptik kabellə əvəz olunub, abonentlərin yüksək sürətli, genişzolaqlı internet xidmətlərindən istifadə etmək imkanı yaranıb. İsmayıllı Poçt filialında poçt və maliyyə xidmətlərinin keyfiyyəti artıb, kütləvi ödənişlərin əhalidən qəbulunda və kompüter şəbəkəsi vasitəsilə abonentlərin hesabına işlənməsində irəliləyişə nail olunub. Rayonda 9 ayda 55 milyon 244 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 72 min manat və ya 8 faiz çoxdur.

Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində əsaslı yeniliklər müşahidə olunmaqdadır...

2012-ci ildə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən bu sahələr üzrə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və sərəncamların, həmçinin dövlət başçısının digər tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı xeyli işlər görülüb. Ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin yüksəldilməsinə, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə diqqət artırılıb. Cari ildə Kürdeldarbəyli kənd tam orta, Talış və Sərdahar ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. İsmayıllı şəhər 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 6 nömrəli, Lahıc, Basqal qəsəbə, Topçu, Təzəkənd, Talıstan kənd tam orta, Gəndov kənd ümumi orta məktəblərində cari təmir işləri aparılıb. Müdrü, Pirəbilqasım, Mücü və Yeniyol kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılıb. Məktəblərin inventar-avadanlıqlarla təminatı yaxşılaşdırılıb.

“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, şagirdlərin fənn olimpiadalarında və digər müsabiqələrdə iştirakı təmin olunub. Ötən ilin mart ayında keçirilən fənn olimpiadalarının respublika mərhələsində rayonun 9 nəfər şagirdi uğurlu nəticələr əldə edib və respublika rayonları arasında ən yaxşı nəticəyə nail olublar.

Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi və idmanın inkişafı diqqət mərkəzində saxlanılıb, “Cəsurlar” hərbi-idman və turizm yarışlarının respublika mərhələsində Təzəkənd tam orta məktəbinin komandası, “Şahin” hərbi-idman yarışlarında isə Diyallı kənd tam orta məktəbinin komandası II yeri tutublar.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində şəhər 2 saylı, Qubaxəlilli və Tircan kənd tam orta məktəbləri “Ən yaxşı ümumtəhsil müəssisəsi” adını qazanıb. Bundan başqa, şəhər 1 saylı tam orta məktəbin müəllimi Pərvanə Piriyeva, Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev və Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Samir Ağabalayev isə “Ən yaxşı müəllim” adına layiq görülüblər. Məktəbi bitirən məzunlardan 262 nəfəri ali məktəblərə, 110 nəfər orta ixtisas məktəblərinə qəbul olunublar. Qəbul olunmuş məzunlardan 11 nəfəri 600 baldan çox, 44 nəfəri isə 500-dən çox bal toplayıblar.

2012-ci ilin ötən dövrü ərzində rayonda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhaliyə göstərilən tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması üçün əhəmiyyətli tədbirlər görülüb, Lahıc qəsəbəsində və İvanovka kəndində 15 çarpayılıq yeni xəstəxana binalarında, həmçinin, Tircan və Topçu kəndlərində yeni həkim məntəqələrində tikinti işləri davam etdirilib. Xəstəxananın Poliklinika şöbəsində cari təmir işləri aparılıb. 2012-ci ilin III rübündə Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işlərinə başlanılıb. Bu il rayon Mərkəzi Xəstəxanası cərrahi əməliyyatlar aparmaq üçün cərrahi alət dəsti, tibbi mebel dəsti və digər müasir avadanlıqlarla təmin olunub.

Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə sanitar-epidemioloji briqadalar yaradılıb, vaxtaşırı kəndlərə göndərilməsi təmin edilib və infeksiya ehtimalı olan yaşayış məntəqələrində dezinfeksiya işləri həyata keçirilib. Görülmüş işlərin nəticəsidir ki, 2012-ci ildə yoluxucu xəstəliklərin sayı 2011-ci ilin eyni dövrü ilə müqayisədə xeyli azalıb.

Ötən il mədəni-maarif müəssisələrinin fəaliyyətində dönüş yaradılıb. Rayon Mədəniyyət evinin bazasında Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradılıb, kənd Mədəniyyət evi və klublar isə həmin mərkəzin filialları olub. Maddi-texniki bazası zəif olan və kifayət qədər oxucusu olmayan kitabxanalar birləşdirilərək kitabxanaların sayı 60-dan 49-a endirilib. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, mədəniyyət evləri və klubların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülüb. Diyallı kənd mədəniyyət evində, İvanovka kənd kitabxanasında, Uşaq İncəsənət məktəbində, muzeylərdə cari təmir işləri aparılıb.

Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəni-kütləvi tədbirlərin keçirilməsinə diqqət artırılıb, tarixi günlər və bayramlar yüksək səviyyədə qeyd olunub. Ötən il “İsmayıllı günü” münasibəti ilə avqust ayının 31-də keçirilmiş tədbir xüsusən qeyd olunmalıdır. Rayonun Qala divarları qarşısında möhtəşəm bayram təntənəsi yaşanıb. Qala divarları qarşısında təşkil edilmiş tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin ayrı-ayrı mədəni-maarif müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, milli azlıqların folklor qruplarının çıxışları olub, misgərlərin, turizm, kitab, xalçaçı və ipəkçi toxucuların əl işlərinin sərgiləri təşkil edilib və milli mətbəx nümunələri nümayiş olunub. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Yaponiyanın və Rusiya Federasiyasının ölkəmizdəki səfirləri, Belarus Respublikasından nümayəndə heyəti, Milli Məclisin deputatı Novruzəli Aslanov və digər qonaqlar iştirak ediblər. Böyük əhali kütləsinin qatıldığı “İsmayıllı günü”ndə rayonun qədim tarixi, zəngin folkloru, xalq sənətkarlığı, müasir sosial-iqtisadi inkişafı, xüsusilə təhsil, mədəniyyət və turizm sahələrində qazanılan yüksək nailiyyətləri nümayiş olunub.

Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini, vətəndaşların maddi rifahının yaxşılaşmasını təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, eyni zamanda, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunub və əldə edilən uğurlardan İsmayıllı rayonuna da pay düşüb.

İsmayıllı rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub

Qeyd etmək lazımdır ki, 2013-cü il İsmayıllı rayonunun sosial-iqtisadi inkişafında uğurlu olub. Ötən ilin avqust ayının 14-də Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı rayonda gedən genişmiqyaslı tikinti-quruculuq və iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin açılışında iştirak edib. Ölkə başçısı rayonu inkişaf etdirmək, insanların həyatını daha da yaxşılaşdırmaq, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq və quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə dəyərli tövsiyə və tapşırıqlar verib. Rayonun sosial-iqtisadi inkişafı və İsmayıllı şəhərində tikinti-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 15 avqust 2013-cü il tarixli Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan 2 milyon manat vəsait və digər maliyyə mənbələri hesabına rayonda tikinti-abadlıq, quruculuq işləri geniş miqyas alıb, infrastrukturun yeniləşməsi sahəsində müsbət addımlar atılıb.

Ötən il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” başa çatıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilib. 2013-cü ildə yaşayış evləri, inzibati binalar, yollar tikilib, əsaslı təmir olunub. Eyni zamanda, şəhər ərazisində bütün kommunikasiya, daşıyıcı elektrik xətləri yeniləşdirilir, yeraltı qaz xətləri üzə çıxarılır. Küçələrin səki daşları dəyişdirilir, səkilərə yeni üzlük daşlar döşənir. Hesabat ilində rayonda ümumilikdə 12 min 556 kvadratmetr yaşayış evi tikilib istifadəyə verilib. Vətəndaşların müraciətləri nəzərə alınmaqla Heydər Əliyev prospektində və H.Zərdabi küçəsində 240 və 150 yerlik xeyir-şər evləri tikilib, Ə.Ələkbərzadə küçəsində yeni avtovağzal inşa edilib. İvanovka kəndində sutkalıq gücü 16 ton olan çörək zavodu, Sumağallı kəndində 1,8 meqavat gücündə su-elektrik stansiyası tikilib, İsmayıllı şəhərində tikiş fabriki istifadəyə verilib. Hazırda fabrikdə 50 nəfər işçi çalışır.

Hesabat ilində Lahıc qəsəbəsi və İvanovka kəndinin hər birində 15 çarpayılıq kənd sahə xəstəxanası, Tircan, Topçu kəndlərində həkim məntəqəsi tikilərək müasir tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib.

Rayonun sosial infrastrukturu yenilənir

Məktəb tikintisi sahəsində də xeyli uğurlu irəliləyişlər olub. Müdri və I Yeniyol tam orta məktəbləri, həmçinin, Mücü kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik, Pirəbilqasım ibtidai məktəbi üçün 40 şagird yerlik bina tikilərək şagirdlərin ixtiyarına verilib.

Rayonda yol infrastrukturunun yeniləşməsi, təmiri və bərpası istiqamətində də əsaslı işlər görülüb, bir sıra layihələrin icrası başa çatıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış maliyyə vəsaiti ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulması başa çatdırılıb, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 20-26-cı kilometr hissəsi əsaslı təmir olunub. Basqal-Sulut avtomobil yolunda qəzalı vəziyyətdə olan körpünün yerində 32 metr uzunluğunda yeni dəmir-beton körpü tikilib istifadəyə verilib. Şəhərdaxili yolların abadlaşdırılması və yenidən qurulması işləri aparılıb.

Ötən il rayonun M.Orucov küçəsi başdan-başa yenilənib, bütün yaşayış evlərinin və digər inzibati binaların dam örtüyü dəyişdirilib, damlara eyni rəngli dəmir örtük vurulub, səkilər bərpa edilib, üzlük daş döşənib, evlərin hasar və darvazalarına milli üslubda görkəm verilib. Ümumilikdə 2013-cü ildə küçə və yollara 60 min kvadrat metrdən çox asfalt beton örtük vurulub.

Bundan başqa, rayon mərkəzində yaşayış evlərinin və inzibati binaların inşası davam etdirilib. Nizami küçəsində beşmərtəbəli iki yaşayış binasında, Q.Aslanov küçəsindəki uşaq bağçasında, Qalınçaq kənd orta məktəbinin, Şəbiyan kənd məktəbinin binasında inşaat işləri davam etdirilib. İsmayıllda müasir tələblərə cavab verən Cüdo mərkəzi tikilib. 2013-cü ildə icrasına başlanan Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə, İkinci layihə əsasında şəhərin su-kanalizasiya sistemində tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Artıq 138 kilometr kanalizasiya, 175 kilometr su xətti çəkilib, 4242 evə kanalizasiya və su əlaqələri verilib. Hazırda sınaq-yoxlama işləri və təmizləyici qurğunun tikintisi icra edilir. Rayon Mərkəzi Xəstəxanasında, rayon Mədəniyyət Mərkəzində əsaslı təmir işləri davam etdirilir.

İsmayıllı rayonunda quruculuq işlərinin 2014-cü ildə də davam etdirilməsi nəzərdə tutulur. Belə ki, bu il görkəmli oftalmoloq alim Zərifə Əliyeva adına park, onun ətrafı, qala divarları əsaslı surətdə yenidən qurulacaq, ona müasir və milli görkəm veriləcək. Həmçinin, rayonda Əbülhəsən Ələkbərzadə, Nizami Səmədov küçələrinin yenidən qurulmasına başlanılıb. Burada sakinlərin təhlükəsiz və rahat hərəkəti üçün səkilər quraşdırılır, yol genişləndirilir, asfalt örtüyü vurulur. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci üçün bütün infrastruktura malik binanın, velosiped istehsalı zavodunun, tikinti istehsal müəssisəsinin inşasına başlanacaq. Hazırda onların layihələşdirilməsi və maliyyə-smeta sənədlərinin hazırlanması prosesi gedir.

Sosial problemlərin həlli daim diqqət mərkəzindədir

Ölkədə həyata keçirilən güclü iqtisadi siyasətin nəticəsi olaraq əməkhaqqının artım dinamikası yüksələn xətt üzrə inkişaf edib. 2013-cü ildə əvvəlki illə müqayisədə orta aylıq əməkhaqqı 9,4 faiz artaraq 242 manata çatıb. Ötən ildə rayonda ümumi məhsul buraxılışı 155 milyon 440 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 21 milyon 843 min manat çoxdur. Artım sənaye üzrə 10 faiz, kənd təsərrüfatı üzrə 9,3 faiz, tikinti üzrə 38,8 faiz, nəqliyyat üzrə 4,9 faiz, rabitə üzrə 11,2 faiz və ticarət üzrə 7,7 faiz təşkil edib. Ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun payı getdikcə artır. Belə ki, 2013-cü ildə ümumi məhsulun 150 milyon 919 min 200 manatı və ya 97,1 faizi qeyri-dövlət sektorunun payına düşür.

Bazar iqtisadiyyatının, özəl sektorun, sahibkarlıq fəaliyyətinin inkişafı ölkədə iqtisadi siyasətin əsasını təşkil edir. 2013-cü ildə sahibkarlar tərəfindən İsmayıllı rayonunda çoxsaylı ticarət obyektləri, çörək zavodu, istirahət mərkəzləri, xalça və ayaqqabı emalatxanaları, fermer təsərrüfatları, arıçılıq təsərrüfatları və sair sahələr yaradılıb. Rayonda orta və kiçik ticarət yönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artıb. Ötən il rayonun Kürdmaşı kəndində “İsmayıllı Şərab-1” ASC-nin şərab zavodu yenidən qurularaq istehsala başlayıb. “Quşçuluq” ASC-də isə ötən il 462 ton quş əti və 1 milyon 243 min ədəd damazlıq yumurta istehsal edilib. Broyler quşçuluq təsərrüfatının inkişafı ilə əlaqədar illik istehsal gücü 240 min baş olan daha bir müəssisə-”İsmayıllı quşçuluq” müəssisəsi fəaliyyətə başlayıb. Hazırda ilkin mərhələdə 44 min baş istehsal gücü olan iki sex fəaliyyətdədir. Bundan əlavə, fabrikin 4 sexində tikinti-quraşdırma işləri davam etdirilir.

Hesabat ilində sahibkarlıq fəaliyyəti ilə məşğul olan arıçılar tərəfindən 47 ton yüksək keyfiyyətli bal istehsal edilib. 2013-cü ildə Bakı şəhərində keçirilən respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilib, laboratoriya yoxlamalarının nəticələrinə görə İsmayıllı arıçılarının məhsulu keyfiyyət tərkibi etibarilə daha yüksək olub.

Kənd təsərrüfatının inkişafı ildən-ilə yüksəlir

2013-cü ildə İsmayıllı rayonunda kənd təsərrüfatının inkişafı da nəzərəçarpacaq dərəcədədir. Bu sahədə məhsul istehsalının ümumi həcmi 68 milyon 406 min manat olub ki, bu göstərici 2012-ci illə müqayisədə 9,3 faiz çoxdur. Rayonun aqrar iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir. 2013-cü ildə rayonun taxılçılıq tarixində ilk dəfə olaraq 80894 ton taxıl istehsal edilib. Aparılan aqrotexniki tədbirlər nəticəsində hər hektardan götürülən məhsul 2012-ci illə müqayisədə 4 sentner artırılıb.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına iyun ayında 6951 nəfər istehsalçıya becərdikləri 29 min 976 hektar əkin sahəsinə görə 1 milyon 199 min manat yardım ödənilib.

Rayonda 2013-cü il ərzində heyvandarlığın inkişafına da diqqət artırılıb. İribuynuzlu mal-qara 51320 başa, o cümlədən inək və camışlar 23925 başa, xırdabuynuzlu heyvanlar 79105 başa çatdırılıb.

Hesabat dövründə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 60 hektar sahədə meşə bərpa işləri aparılıb ki, bunun da 37 hektarı meşə əkini və 23 hektarı meşə səpinindən ibarətdir. Müəssisə tərəfindən payız-yaz mövsümündə meşə dolaylarında 126 min ədəd ağac əkilib. 2013-cü ilin yazında İsmayıllı-Muğanlı avtomobil yolunun ətrafının yaşıllaşdırılması məqsədilə 10 min ədəd, payızda isə 4 min ədəd ağac əkilib.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında Üzümçülüyün İnkişafı Dövlət Proqramı” ilə əlaqədar 2013-cü ildə 28 hektar sahədə yeni üzüm bağı salınıb, üzüm bağlarının sahəsi 859 hektara çatdırılıb. Yeni meyvə bağlarının salınması sahəsində də ardıcıl iş aparılır.

Kommunal xidmətlərin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır

İsmayıllı rayonunda vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar 2013-cü ildə də davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2013-cü ildə 1041 ailənin 3419 üzvünə ünvanlı sosial yardım təyin olunub. Ötən ilin sonuna olan məlumata əsasən rayonda 3661 nəfər sosial müavinət alır. İl ərzində sosial müavinətlər üzrə 2 milyon 717 min manat ödəniş aparılıb, 34 nəfər Çernobıl əlilinə müalicə xərcləri üçün 5984 manat birdəfəlik yardım verilib. Rayonda əmək pensiyası alanların ümumi sayı 13595 nəfərdir. Orta aylıq pensiya məbləği ilin əvvəlində olan 139,67 manatdan 158 manata çatdırılıb.

Ümumilikdə 2013-cü il ərzində Rayon Məşğulluq Mərkəzində 1079 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınıb, 811 nəfəri işlə təmin edilib.

Ötən il rayonda əhaliyə göstərilən kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. 2013-cü ildə yerinə yetirilmiş kommunal xidmətlərin həcmi 497 min manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 min manat çoxdur. Mənzil İstismar sahəsi 978 mənzilə kommunal xidmətləri göstərib. Dövlət vəsaiti hesabına aparılmış təmir işləri yaşayış binalarına yeni görkəm verməklə bərabər, uzun illər hökm sürən problemləri aradan qaldırıb.

2013-cü ildə Dövlət Proqramına uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində əsaslı işlər görülüb. Hazırda rayon mərkəzi də daxil olmaqla 32 yaşayış məntəqəsi qazlaşdırılıb. Rayon ərazisində qaz kəmərlərinin yenidən qurulması, təmiri, istismar müddətini başa vurmuş məişət qaz sayğaclarının dəyişdirilərək yenisi ilə əvəz olunması itkinin qarşısını alır. İsmayıllı şəhərində qaz kəmərlərinin yerin səthinə çıxarılması və qaz təsərrüfatının yenidən qurulması davam etdirilir.

Ötən il əhalini fasiləsiz olaraq içməli su ilə təchiz etmək üçün müvafiq tədbirlər görülüb. Hazırda istifadədə olan köhnə su xətlərinin qəzalı hissələri təmir olunub, zərurət yaranan sahələrdə korroziyaya uğramış borular yenisi ilə əvəz edilib. Kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülüb.

Rayonda əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Rayonun səhiyyə sektorunda 121 nəfər həkim, 351 nəfər orta tibb işçisi çalışır. Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illər İsmayıllı rayonunda da əsaslı tədbirlər həyata keçirilib, yeni tibb məntəqələri tikilib və əsaslı təmir olunub. Tibbi avadanlıqların yeniləşdirilməsi, müasir texnologiyaların tətbiqi sahəsində müəyyən işlər görülüb. 2013-cü il ərzində Rayon Mərkəzi Xəstəxanasında əvvəlki ildən aparılan əsaslı təmir və yenidənqurma işləri davam etdirilib.

İsmayıllı rayonu turizm mərkəzinə çevrilməkdədir

Rayon ərazisində 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Bunlardan 160-ı dövlət qeydiyyatına alınaraq onlara inventar nömrəsi verilib. Abidələrdən biri-Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir. Abidələr haqqında məlumatlar, fotolar toplanaraq Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinə təqdim olunub.

İsmayıllıda turizmin inkişafı üçün çox əlverişli potensial mövcuddur. Rayonda turizmin inkişafı ilə bağlı müxtəlif layihələrin icrasına başlanılıb, müəyyən işlər görülüb. Son illər rayona gələn turistlərin sayı xeyli artıb, 2013-cü ildə bu rəqəm 82 minə çatıb. İsmayıllının zəngin təbiəti, həmçinin, Lahıc, Basqal, Sulut, Qalacıq, Mollaisaqlı tarixi abidələri xarici turistləri daha çox özünə cəlb edir. Rayonun milli-etnik zənginliyi turizmin inkişafına şərait yaradır. Rayonda dağ, atçılıq, ekoturizm və s. sahələrin inkişafı üçün münbit şərait mövcuddur.

2013-cü il bütün sahələrdə olduğu kimi gənclər və idman sahəsində də ölkəmiz üçün uğurlu və yaddaqalan il olub. Rayonda gənclər siyasətinin həyata keçirilməsi diqqətdə saxlanır. Son vaxtlar rayonda gənclərin potensialından ölkənin mənafeyinə və inkişafı naminə tam və düzgün istifadə olunur. Yaranmış problemlərin həllində onların iştirakı əsas götürülür. Gənclərin özəl sahələrə, dövlət idarəçiliyinə cəlb edilməsi sahəsində mühüm addımlar atılır.

Rayon əhalisinin problemlərinin həlli daim İcra Hakimiyyətinin diqqət mərkəzindədir

Rayonda tarixi günlər, milli və dini bayramlar, anım və xatirə günləri geniş miqyasda, kütləvi formada, mahiyyətinə uyğun qaydada keçirilir. Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Onun həyat və fəaliyyətini, xalq qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə rayonda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən üç ekspozisiya zalı ziyarətçilərə xidmət göstərir. Burada 5000-ə yaxın kitablar, elektron kitabxana, kompüter kabineti, “Heydər Əliyev irsini araşdırma Mərkəzi” mövcuddur. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, “Mübarək səfərlər, səmimi görüşlər” kitabının buraxılmasında Mərkəzin imkanlarından istifadə olunub. Genişmiqyaslı “Gül yaradıcılıq” bayramı keçirilib.

2013-cü ildə rayon İcra Hakimiyyətinin saytı və elektron poçt ünvanı yaradılıb, həmin ünvan vasitəsilə vətəndaşlardan 80 müraciət daxil olub. 2013-cü ildə rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xətt”ə 307 müraciət daxil olub. Müraciətlər təhlil edilib, həlli üçün lazımi tədbirlər görülüb. Rayonun inzibati ərazi dairələrində 76 səyyar görüş-qəbul keçirilib, həmin qəbullarda 13 min 520 nəfər iştirak edib. Səyyar qəbullarda 586 məsələ barəsində təklif və fikirlər söylənib.

 

Pərviz SADAYOĞLU     

Yeni  Azərbaycan.-2014.- 4 mart.- S.9.