Azərbaycan Avropa
Şurası ilə fəal əməkdaşlıq edir
Ölkəmizin nümayəndə heyətinin üzvləri təşkilatın tədbirlərində fəal iştirak edirlər
Kimsəyə sirr deyil ki, Azərbaycan hazırda öz inkişafına görə regionun lider dövlətidir. Bu uğurun əldə edilməsi isə heç də asan olmayıb. Belə ki, məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində ölkəmiz regionda başlıca söz sahibinə çevrilib. Onu da qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu beynəlxalq aləmdə nümunə göstərilir. Bunun da əsasında beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə qarşılıqlı, həmçinin, bərabərtərəfli əməkdaşlıq dayanır.
Vurğulamaq yerinə düşər ki, beynəlxalq təşkilatlarla qarşılıqlı və bərabərtərəfli əməkdaşlıq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən xarici siyasət kursunun mühüm komponentini təşkil edir. Məhz bu siyasətin uğurla reallaşdırılması nəticəsində Azərbaycan Respublikası bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvlüyünə qəbul edilib və həmin qurumların kürsülərindən geniş istifadə edilərək ölkəmiz haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Belə beynəlxalq qurumlardan biri də Avropa Şurasıdır.
Hazırda Azərbaycan Respublikasının Avropa Şurası ilə münasibətləri normal məcrada inkişaf edir. Tərəflər bir sıra sahələrdə fəal əməkdaşlıq edir. Eyni zamanda, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti də qurumun işində çox fəaldır. Yeri gəlmişkən, bu günlərdə deputatlarımız Avropa Şurası Parlament Assambleyasının komitə iclasında iştirak edirlər. Belə ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Maltada səfərdə olublar. Komitə iclasında Albaniya tərəfindən qurum qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bu ölkənin hazırkı durumu, Makedoniya, Monako və Bolqarıstanda aparılmış monitorinqin nəticələri barədə müzakirələr aparılıb. Deputatlarımız müzakirələrdə fəal iştirak edərək, öz fikirlərini bölüşüblər.
Bundan başqa, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov və deputat Fazil Mustafa AŞ PA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün martın 2-dən 4-dək Fransada səfərdə olublar. Paris şəhərində keçirilən toplantıda uşaqların dini təriqətlərin aqressiv təsirindən qorunması, internetə çıxış hüquqları, Avropada demokratik təsisatlar və tüfeyli həyat tərzi keçirən insanların hüquqları, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə şahid qismində iştirak edən şəxslərin mühafizəsi və digər məsələlər müzakirə edilib. Milli Məclisin deputatı Sahibə Qafarova isə AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 6-dək Avstriyada səfərdə olacaq. Vyana şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, cinsi azlıqlara qarşı diskriminasiyanın aradan qaldırılması, onların hazırkı durumu və hüquqları barədə fikir mübadiləsi aparılacaq.
Ümumiyyətlə, Avropa Şurası ilə münasibətlərin inkişafında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti də fəal rol oynayır. Deputatlarımız sözügedən beynəlxalq təşkilatın tribunasından ölkəmizin maraqlarını layiqincə qoruyur, eyni zamanda, burada müxtəlif vəzifələrdə təmsil olunurlar. Belə ki, Azərbaycan nümayəndə heyətinin üzvləri dəfələrlə, həm məruzəçi təyin olunublar, həm də müxtəlif komitələrdə rəhbər şəxs seçiliblər. Deputatlarımız, həmçinin, AŞ PA-nın bir çox tədbirlərində də fəal iştirak edirlər. Ölkəmiz Avropa Şurasına 2001-ci ildən tamhüquqlu üzv kimi qəbul olsa da, bu münasibətlərin tarixi həmin ildən bir qədər də əvvələ gedib çıxır. Belə ki, 1993-cü ilin ikinci yarısından etibarən, Azərbaycanın xarici siyasətində Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumun təcrübəsindən faydalanmaq, öyrənmək meyillərini daha bariz şəkildə büruzə verirdi.
Məhz həmin dövrdən başlayaraq, Ümummilli lider Heydər Əliyevin ölkəmizin vahid Avropa ailəsinə daxil olması istiqamətində apardığı məqsədyönlü siyasəti nəticəsində, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması üçün zəmin yaradıldı. Və 2001-ci ilin yanvarında ölkəmiz bu beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi. Bu hadisə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu.
Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın xarici siyasətində əsas yer tutur. Bu istiqamətdə ölkəmiz bir çox dövlətlərlə yanaşı, beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edir. Uğurlu diplomatiya nəticəsində bir sıra beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər. Bunlardan biri də Avropa Şurası Parlament Assambleyası tərəfindən 2005-ci ildə qəbul olunmuş 1416 saylı Qətnamədir. Ümumiyyətlə, adıçəkilən qurumun məsələ ilə bağlı mövqeyi yalnız həmin sənədlə məhdudlaşmır və ölkəmizlə Avropa Şurası arasında sıx əməkdaşlıq mövcuddur. Bunun nəticəsində bəzi millət vəkillərimizin də Ermənistanın təcavüzkar siyasəti ilə bağlı hazırladığı sənədlər AŞ PA-da Avropa parlamentariləri arasında yayılıb. Nəzərə alsaq ki, bu il ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsinin 13 ili tamam oldu, bu baxımdan, ötən illər ərzində əməkdaşlığın tarixinə nəzər yetirmək yaxşı olardı. Qeyd edək ki, ötən dövr ərzində ölkəmizlə bu nüfuzlu təşkilat arasında geniş münasibətlər qurulub. Ölkəmizin bu təşkilata üzv olmaq tarixini xatırlasaq, çox maraqlı faktlarla rastlaşmaq mümkündür. Qeyd edək ki, Azərbaycan parlamenti 24 yanvar 1992-ci ildə Avropa Şurasına “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün müraciət etsə də, 3 fevral 1995-ci ildə AŞ PA Bürosu ölkəmizin “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. 28 iyun 1996-cı ildə isə Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. O zaman Ulu öndər Heydər Əliyevin gərgin zəhməti sayəsində görülən işlər öz bəhrəsini verməyə başlayıb. Belə ki, 15 may 2000-ci ildə Avropa Şurası Siyasi Komitəsinin Dublində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi J.Bomelin hesabatı dinlənilib və ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı müsbət rəy verilib. Həmin il mayın 22-də isə Avropa Şurası Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Limasolda (Kipr) keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi üçün müəyyən şərtlər irəli sürülüb. Bunun ardınca isə 12-13 iyun 2000-ci ildə AŞ Siyasi Komitəsinin Romada növbəti iclası keçirilib və Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı müsbət rəy verilib. 7-9 noyabr 2000-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı 14 saylı Qətnamə qəbul edilib. Bu sənəddə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər həddində müəyyənləşdirilməsi, eləcə də, ölkədə demokratiyanın inkişafı, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və s. məsələlər əksini tapmışdı.
3-4 yanvar 2001-ci ildə isə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Latviyanın xarici işlər naziri İ.Berzinş Latviya, Almaniya, Niderland və İsveçin həmin təşkilat yanında səfirləri ilə birlikdə Bakıda səfərdə olaraq, Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri, xarici işlər naziri, Konstitusiya Məhkəməsinin sədri və digər şəxslərlə görüşlər keçirib. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. Həmin il yanvarın 25-də Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilib. Mərasimdə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edib.
Ümumiyyətlə, Azərbaycan bu nüfuzlu təşkilatın imkanlarından istifadə edərək Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində ciddi səylər göstərib. Görülən işlərin nəticəsində bu təşkilat Ermənistanın təcavüzünü pisləyən sənəd qəbul edib. 25 yanvar 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə və 1690 (2005) saylı tövsiyə qəbul olunub. Həmçinin, nümayəndə heyətimizin üzvləri ardıcıl olaraq bu yöndə sənədlər hazırlayaraq, Avropa parlamentariləri arasında yayıblar. Qeyd etdiyimiz kimi, 1416 saylı qətnamə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana diplomatik üstünlük verən vacib beynəlxalq sənəddir. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bu sənədin əhəmiyyətini vurğulayıb. Qətnamədə bildirilir ki, Avropa Şurası Parlament Assambleyası silahlı əməliyyatların başlamasından illərlə vaxt keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. “Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.
Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənçiliyin qorxunc etnik təmizləmə anlayışını xatırladan genişmiqyaslı etnik qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı Qətnamələrini xatırladır və əlaqədar tərəflərin, xüsusilə, silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riayət etməsini təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsində ifadə olunmuş tələbə tərəfdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir”. “Assambleya Azərbaycan və Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini imzalamalarını və Nizamnamənin 93-cü Maddəsinin 1-ci bəndinə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna tərəfdar çıxmalarını xatırladır. Bununla əlaqədar olaraq, Assambleya Minsk qrupunun həmsədrlərinin himayəsi altında keçirilən danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, Azərbaycan və Ermənistana Məhkəmənin Statutunun 36-cı Maddəsinin 1-ci bəndinə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsindən faydalanmağı nəzərdən keçirmələrini təklif edir. Assambleya Azərbaycan və Ermənistanı Assambleya daxilində, eləcə də, Qafqaz Dördlüyünün Parlament spikerlərinin görüşləri kimi digər forumlarda ikitərəfli parlamentlərarası əməkdaşlığı gücləndirməklə özləri arasında siyasi barışığı təşviq etməyə çağırır. O, hər 2 nümayəndə heyətinin bu cür barışıq istiqamətində tərəqqini nəzərdən keçirmək üçün Assambleyanın hər hissəvi-sessiyasında görüşməsini tövsiyə edir” - deyə, qətnamədə vurğulanır.
Təşkilatın bu məsələ ilə bağlı atdığı addımlar yalnız həmin qətnamə ilə bitmir. AŞ PA-nın sülh prosesini irəli aparmaq üçün Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasına qərar verməsi də önəmli faktorlardan biridir. Müəyyən fasilədən sonra Alt Komitənin fəaliyyətinin bərpa olunması Avropa Şurasının münaqişənin həlli üçün göstərdiyi səylərin davamlı olmasından xəbər verir. Doğrudur, Ermənistan nümayəndələri bu komitənin işindən boyun qaçırmağa çalışırlar. Amma nəzərə alınmalıdır ki, nüfuzlu beynəlxalq təşkilatın qərarlarına hörmətsizlik göstərilməsi Ermənistana yaxşı heç nə vəd etmir. Ötən 13 il ərzində üzərinə düşən vəzifələri Avropa Şurasında dəqiqliklə yerinə yetirən Azərbaycan bu mötəbər qurumun layiqli üzvü olmaqla yanaşı, Avropa ölkələri qarşısında duran problemlərin həllində yaxından iştirak edə bilən dövlətə çevrilib. Bu gün Azərbaycana maraq təkcə ölkəmizin strateji-coğrafi mövqeyi və zəngin təbii ehtiyatları ilə deyil, eyni zamanda, möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.
Prezident İlham Əliyevin vaxtilə Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizə rəhbərliyi dövrü, xüsusilə, əlamətdardır. Məlum olduğu kimi, 24-27 aprel 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq qurumun bu iclasında tamhüquqlu üzv kimi iştirak edib. Beləliklə, nümayəndə heyətimiz elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquqa zidd nəticələrini konkret faktlarla ifşa etməyə müvəffəq olub.
Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə cənab İlham Əliyev hər bir çıxışında avropalılara erməni təcavüzünün mahiyyətini açıqlayır, faktlarla sübut edirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası bizim ölkəmizə hansı təhlükələri yaradıb və Avropaya necə təhlükə yarada bilər.
Əslində, Azərbaycanın digər beynəlxalq qurumlara nisbətən daha çox Avropa Şurasında uğur qazanması da məhz Prezident İlham Əliyevin Azərbaycan parlament nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlıdır. Belə ki, cənab İlham Əliyevin AŞ PA-da gördüyü işlər nəticəsində Azərbaycan nümayəndə heyətinin qurumda rolu əhəmiyyətli dərəcədə artıb və nümayəndə heyətimizlə hesablaşırlar.
Avropa Şurası Parlament Assambleyasının 2004-cü il yaz sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı isə Azərbaycan tarixinin çox əlamətdar bir dövrünə qiymət vermək baxımından xüsusi əhəmiyyətə malik olub. Belə ki, 28-29 aprel 2004-cü ildə Azərbaycan Prezidenti kimi Strasburqa səfər edən cənab İlham Əliyev Avropa Şurasının bir sıra yüksəkrütbəli nümayəndələri ilə görüşüb. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞ PA-nın fəxri üzvü diplomunu və medalını təqdim edib. Yeri gəlmişkən, Azərbaycan Prezidentinə AŞ PA-nın fəxri üzvü diplomu və medalının təqdim olunması bu təşkilatın Prezident İlham Əliyevin səmərəli fəaliyyətinə və işgüzarlığına verdiyi yüksək qiymət kimi səciyyələndirilə bilər. Həmin mərasimdə çıxış edən AŞ PA-nın sədri Piter Şider “Biz ən fəal deputat və nümayəndə heyətinin rəhbəri, habelə, AŞ PA-nın ən fəal rəhbərlərindən biri, nəhayət ən fəal dövlət başçısı kimi qiymətləndirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevi yenidən öz yanımızda görməkdən fərəh hissi keçiririk. Sizin Avropa dəyərlərinə, Avropa Şurasına xüsusi diqqətiniz hamımızda minnətdarlıq hissi doğurmuşdur” - deyib.
Öz növbəsində, Prezident İlham Əliyev də AŞ PA-da fəaliyyət göstərdiyi illərin Onun üçün çox qiymətli olduğunu vurğulayıb: “Həyatımın bu dövrü mənim üçün bəlkə də ən maraqlı, mühüm zaman kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib rol oynadı”.
Onu da bildirmək yerinə düşər ki, bu gün dövlətimizin xarici siyasət kursu ölkənin müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunması, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi üçün mövcud əlverişli şəraitin qorunub saxlanılması, digər dövlətlərlə formalaşmış bərabərhüquqlu və faydalı münasibətlərin sərhədlərinin genişlənməsi və balanslaşdırılmış praqmatik xarici siyasətin həyata keçirilməsindən ibarətdir.
Bu baxımdan, Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirib, dünya iqtisadi sisteminə sıx inteqrasiya uğurlarımızı şərtləndirib. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla bərqərar olması, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının makroiqtisadi nəticələri, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsi düzgün müəyyən edilən siyasi kursun məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının yeni mərhələdə daha da zənginləşdirilməsi böyük perspektivlərdən xəbər verir və Azərbaycan bu istiqamətdə ardıcıl uğurlara imza atmaqdadır.
Məhz bunların nəticəsində son illər Azərbaycan-Avropa Şurası əlaqələri daha da genişlənib, ölkəmiz bu təşkilatda böyük nüfuza malikdir. Ötən 12 il ərzində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri daim fəallıqları ilə seçiliblər. Nümayəndə heyətimizin uğurlu fəaliyyəti öz növbəsində ölkəmizin Avropa ailəsində yerinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha geniş yayılmasına xidmət edib. Bütün bunlar isə Azərbaycan sürətli inkişafı fonunda ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 4 mart.- S.11.