Ölkəmizdə fəaliyyət
göstərən dini təriqət və
cərəyanların fəaliyyəti qanunvericiliyə uyğun olmalıdır
Məlum olduğu kimi, xalqımız dünyada ən tolerant xalqlardan, Azərbaycan isə bu istiqamətdə nümunə hesab edilən dövlətlərdən biri kimi tanınır. Azərbaycanda insanların din, vicdan azadlığı yüksək səviyyədə qorunur. Ölkəmizin vətəndaşları özlərinin dini inanc seçimlərində azaddırlar. Bununla yanaşı, 1995-ci ildə qəbul olunan ölkə Konstitusiyasında da qeyd edildiyi kimi, Azərbaycanda din dövlətdən ayrıdır, ölkəmiz dünyəvi dövlətdir. Demokratik prinsiplər üzərində bərqərar olan Azərbaycan dövlətçiliyi öz inkişaf konsepsiyasında və həyata keçirdiyi daxili-xarici siyasət kursunda bunu hər zaman nümayiş etdirir. Bu gün Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında xüsusi yer tutmaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa zidd olmayan səviyyə və formada yararlanmağa geniş şəraitin yaradılması dövlətimizin fundamental tədbirləri sırasında yer almaqdadır.
Dini sekta və cərəyanların fəaliyyətində xarici maraqlar faktoru
Amma bəzi xarici qüvvələr din faktorundan sui-istifadə edərək bundan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Xüsusilə, müsəlman ölkələrində daxili qarşıdurmaların yaradılmasında xarici qüvvələrin diqtəsi ilə fəaliyyət göstərən dini cərəyanlar əsas rol oynayırlar. Təbii ki, bütün bu hərəkətlərin arxasında konkret maraqlar dayanır. Belə ki, siyasi-ideoloji prosesləri analiz edən ekspertlərə yaxşı məlumdur ki, dini-mənəvi dəyərləri təhrif və istismar etməklə ictimai qaydaları pozmağa və bununla da konkret maddi maraqları təmin etməyə çalışan qüvvələr “siyasi aktivlik” dövrü kimi səciyyələndirilən mərhələdə ortaya çıxaraq, cərəyan edən müsbət ictimai-siyasi tendensiyalara əngəl olmağa və ya onların üzərinə kölgə salmağa çalışırlar. Mühüm ictimai-siyasi proseslər ərəfəsində ortaya çıxan bu cür dağıdıcı qüvvələr gətirdikləri “ideya”larla ideoloji-siyasi müstəvidə paradoksal situasiya yaratmağa cəhd göstərirlər. Bununla da, dövlət strukturlarının konstitusion tələblər əsasındakı aşkar fəaliyyətinin üzərinə kölgə salmaq cəhdləri edilir. Son məqsəd isə, qeyd etdiyimiz kimi, konkret qüvvələrin cəmiyyətin mənəvi-ideoloji dəyərləri və ictimai münasibətləri üzərindən özlərinin dağıdıcı maraqlarının təmin olunmasına nail olmaqdır. Amma bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan dövləti fundamental mahiyyət kəsb edən qanunlar çərçivəsində vətəndaşlarının dini etiqad azadlığını ən yüksək səviyyədə təmin etməkdədir. Belə ki, bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən, dini etiqad azadlığından ictimai asayişə və əxlaqa zidd olmamaq şərti ilə yararlana bilər. Eyni zamanda, qanunlar çərçivəsində, konstitusion əsasda hər bir vətəndaşın təhsilalma hüququ yüksək səviyyədə təsbit edilir və buna dövlət səviyyəsində lazımi şərait yaradılır. Ona görə də, hər bir vətəndaş, istər məmur, istər siyasətçi, istərsə də, sadə insan öz fəaliyyətində hansısa cərəyanların maraqlarını deyil, milli maraqları üstün tutmalıdır.
Azərbaycanda tolerantlıq mühiti
milli maraqlara xidmət etməlidir
Qeyd etdiyimiz
kimi, Azərbaycan dünyanın müxtəlif
dinlərininin və etnik qrupların mehriban şəraitdə yaşadığı ən
tolerant ölkəsi kimi
tanınır. Din və etnik çoxluğu Azərbaycan dövləti
və xalqı üçün problem deyil,
əksinə, zəngin
xəzinədir ki, onu da insanlarımız
bu günədək qoruyub saxlayıblar. Tarix boyu baş vermiş
müharibələrdə, mürəkkəb siyasi situasiyalarda ölkəmizdə
yaşayan müxtəlif
dinin daşıyıcıları
və etnosların nümayəndələri bir-birinə
dəstək verib, ümumi düşmənə
qarşı bir səngərdə vuruşublar.
Məhz bu özəlliyilə Azərbaycan sözün həqiqi mənasında dünyanın digər çoxkonfessiyalı və
polietnik ölkələri
üçün nümunə
təşkil edir.
Dini azadlıq konstitusiya hüququdur, amma...
Hələ 1995-ci ildə respublikamızın Konstitusiyası qəbul edilərkən, orada öz əksini tapmış maddələr bu sərvətimizin daha etibarlı qorunmasına münbit şərait yaratdı. Bununla da, Azərbaycanda müxtəlif dinlərin və ya etnosların nümayəndələrinin hüquqları dövlət səviyyəsində qorunmağa başlandı. Konstitusiyanın 18-ci maddəsinin I və II bəndlərinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Bununla yanaşı, ali qanunun 48-ci maddəsinin I və II bəndlərinə görə, hər kəsin vicdan azadlığı və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Bu maddələr onu göstərir ki, Azərbaycan dövləti onun ərazisində yaşayan insanların hər birinin hüquqlarını qoruyur və onları müxtəlif təhlükələrdən müdafiə edir. Eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Qanun mövcuddur ki, bu sənəd sözügedən məsələləri hüquqi cəhətdən tənzimləyir. Amma bütün bunlar, din pərdəsi altında müxtəlif təxribatçı fəaliyyətlər sərgiləməyə əsas vermir.
Dini icma və sektaların fəaliyyəti milli maraqlara qarşı olmamalıdır
Azərbaycanda dini sektorun fəaliyyətini tənzimləyən həm dövlət qurumu, həm də dini icma var. Məlumdur ki, Qafqaz Müsəlmanları İdarəsi bu sahədə çox böyük işlər görür. Qurum ölkənin dini-mənəvi həyatı ilə bağlı təxirəsalınmaz tədbirlərdə iştirak edir və insanların dini təfəkkürünün düzgün formalaşmasında vacib rol oynayır, dini mərasimlərlə bağlı həm maarifləndirici, həm izahedici, həm də təbliğedici işlər görür. Bununla yanaşı, ölkəmizdə Dini İşlər üzrə Dövlət Komitəsi fəaliyyət göstərir ki, bu da müxtəlif dini təmayüllü təşkilatlarla dövlətin münasibətlərini koordinasiya edir. Əlbəttə ki, Azərbaycanda çoxsaylı dini təriqətlər fəaliyyət göstərir və onların böyük hissəsi dövlət qeydiyyatından keçib. Müəyyən qisim sektalar isə qeydiyyatsız fəaliyyət göstərirlər. Amma Azərbaycan hüquqi dövlət olduğu üçün bütün dini sektaların, cərəyanların fəaliyyəti mütləq qanunla tənzimlənməlidir. Son dövrlər ölkə mətbuatında ayrı-ayrı dini təriqətlər haqqında müxtəlif tipli yazılar yazılmaqdadır. Bu yazılarda əsasən vəhabilik, nurçuluq, sələfilik və bu kimi digər cərəyanların fəaliyyətindən bəhs edilir. Şübhəsiz ki, Azərbaycan güclü dövlətdir və heç bir halda hansı təmayüldən, dini dünyagörüşündən asılı olmayaraq, bu tipli cərəyanların fəaliyyəti yalnız və yalnız hüquqi müstəvidə mümkün ola bilər. Ona görə də, müxtəlif vasitələrlə dövlət idarəçiliyinə transfer olmağa cəhd göstərən ayrı-ayrı sektaların nümayəndələrinin qarşısı qətiyyətlə dövlət tərəfindən alınır və bundan sonra da alınacaq. Dünya təcrübəsindən görürük ki, müxtəlif dini cərəyanların, təriqət nümayəndələrinin bu və ya digər vasitələrlə mərkəzi dövlət orqanlarında təmsil olunmaları nəticə etibarilə ölkənin milli-dövlətçilik maraqlarına zərbə vurur. Bu, eyni zamanda, həmin ölkədə mövcud olan din və vicdan azadlığına da xələl gətirir.
Din istismar vasitəsi olmamalıdır
Bu mənada deyə bilərik ki, bu vasitələrlə dövlətimizə zərbə vurmaq mümkün deyil və ölkəmizin hüquq-mühafizə orqanları öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Heç bir şəkildə hansısa dini təriqətin Azərbaycanda idarəetmə işlərinə qarışmasına yol verilməyəcək. Sirr deyil ki, Azərbaycan qloballaşan dünyada o ölkələrdəndir ki, öz sabitliyi və stabil inkişafı ilə fərqlənir və dövlətimiz ağır zamanları itkisiz arxada qoya bilib. Bu isə, əlbəttə ki, dövlətimizin rəhbərinin rasional addımları və milli həmrəylik çərçivəsində mövcud olan pozitiv münasibətlər hesabına baş tutur. Ona görə də, müəyyən xarici qüvvələrin əlində vasitə olan hansısa dairələrin dövlətin qanunvericiliyinə qarşı çıxması yolverilməzdir. Çünki hər kəs qanun qarşısında bərabərdir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 5 mart.- S.5.