Müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı

 

Sirr deyil ki, hazırda Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, elmi, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının tətbiqinin real nəticələridir.

Azərbaycanda təhsil sahəsində inkişafın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Biz bu strategiyanın uğurlu nəticələrini bütün sahələrdə, o cümlədən, təhsil sistemində əldə olunmuş mütərəqqi inkişafda aydın görürük. Təhsil sistemində inteqrasiya, təhsil standartlarının müasirləşdirilməsi, təhsildə keyfiyyətin artırılması, bilik və bacarıqlı gənc nəslin yetişdirilməsi istiqamətində görülən işlər Azərbaycan təhsilinin inkişafını təmin edib. Bu inkişafın əsası isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

Xatırlatmaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə maddi istehsalın bütün sahələrində ardıcıl artım dinamikasına nail olunub, əhalinin sosial müdafiəsi xeyli güclənib. Ulu öndər Heydər Əliyev təhsilin inkişafına milli inkişafın və dövlətçiliyin təməl məsələsi kimi yanaşaraq yüksək bacarıqlı və savadlı elmi kadrlar hazırlayan müəssisələrin, prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən elm-təhsil mərkəzlərinin işinin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Eyni zamanda, 1970-1980-ci illərdə yüzlərlə azərbaycanlı gənc respublika rəhbəri Heydər Əliyevin böyük səyləri nəticəsində SSRİ-nin ən mötəbər ali təhsil müəssisələrinə göndərilmiş və təhsil aldıqdan sonra yüksək səviyyəli mütəxəssislər kimi işlə təmin olunmuş, respublikamızın inkişafına mühüm töhfələr vermişdir. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda ümumtəhsil məktəblərinin sayı bir neçə dəfə artmış və həmin illərdə ali təhsil müəssisələrinin sayı da artırılmış, ali təhsil müəssisələrində təhsil alanların sayı 70 mindən 100 minə çatdırılmışdır.

Azərbaycanda təhsil sistemində əsaslı irəliləyişlər əldə olunub

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, daxilixarici təzyiqlər, ölkədə baş verən təhlükəli proseslər nəticəsində bu müstəqilliyi itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir çətin durumda Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndərimiz Heydər Əliyev ölkəmizi, dövlətimizi tarixin daha bir çətin sınağından üzüağ çıxardı. Milli-mənəvi dəyərlərimizin hamisi olmuş Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də tənəzzülün qarşısını aldı. Milli ideologiyaya xidmət edən təhsilimizin inkişafı üçün əlverişli şərait yaradıldı. Ümummilli lider Heydər Əliyev milli dövlət quruculuğu prosesində “Elmə, təhsilə göstərilən yüksək qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir” tezisi ilə çıxış edirdi. Ümummilli lider Heydər Əliyev 2000-ci il iyunun 13-də təhsil sisteminin əsaslı surətdə təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaradan “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Eyni zamanda, atılan digər mütərəqqi addımlar sayəsində Azərbaycan məktəbi, milli təhsilimiz çox böyük uğurlar qazanmışdır.

Sevindirici haldır ki, bu gün Ümummilli liderimizın müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil ölkəmizə yeni-yeni tarixi nailiyyətlər qazandırır. Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasətinin mühüm istiqamətlərini təhsil infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi, təhsilin və kadr hazırlığı işinin keyfiyyətinin artırılması təşkil edir. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda təhsil sistemində əsaslı irəliləyişlər əldə olunub. Həmçinin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər Azərbaycanda aparılan təhsil islahatlarına və təhsilin inkişafına öz layiqli töhfələrini verib.

Strategiya Azərbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirir

Müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət bir şeyi aydın dərk edib ki, təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini müəyyən edir. Bu mənada qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Bu baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini nəzərdə tutan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturununinsan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağaömür boyu təhsil prosesinə qoşulmağa imkan verən stratejikonseptual məqamlardır. Buna görə də, tam məsuliyyətlə deyə bilərik ki, sözügedən sənəd Azərbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirir.

Eyni zamanda, sürətlə modernləşən Azərbaycanda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha təsirli addımların atılmasına ehtiyac var. Bu ehtiyacın ödənilməsi tələbindən irəli gələn Dövlət Strategiyasının əsas məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Bu mənada ölkəmizdə təhsil sistemininin inteqrasiyasını təmin etmək məqsədilə atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Boloniya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi ilə bağlı mühüm Dövlət proqramları qəbul edilib.

Son 10 ildə ölkəmizdə 2700-dən çox orta məktəb tikilib

Son illərdə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilib, yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilərək istifadəyə verilib. Həmçinin, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul olunub, əməkhaqları və pensiyalar dəfələrlə artırılıb. Bu artım təhsil işçilərinə də əsaslı təsir edib. Eyni zamanda, təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin ümumi həcminin əhəmiyyətli dərəcədə yüksəlməsi nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, 2700-dən çox orta məktəb tikilibya əsaslı təmir olunub. Nəticədə 1 milyondan artıq şagirdin təlim şəraitinin yaxşılaşdırılması təmin edilib. Bu dövrdə təhsilin məzmunca yeniləşdirilməsinə yönəlmiş islahatlar aparılıb, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılıb. Bununla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı” çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməklə, dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə ali təhsil almağa göndərilib. Ötən müddətdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən nailiyyətlər qazanılıb. Bu dövrdə təhsilin informasiyalaşdırılması sahəsində iki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyüter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyüter nisbəti təmin olunub, məktəblərin 37 faizi internet şəbəkəsinə qoşulub.

Yeni şərait yeni hədəfləri müəyyənləşdirir

Bundan başqa, ölkəmizdə kadr hazırlığı işinin təşkili, savadlı, bilikli müəllimlərin, bacarıqlı təhsil işçilərinin potensialının artırılması yönündə də ardıcıl işlər görülür. Təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu istiqamətdə atılan addımlar daim diqqət mərkəzindədir və gələcəkdə daha geniş işlərin görülməsi planlaşdırılır: Biz mövcud müəllim korpusunun təkmilləşdirilməsi ilə eyni vaxtda bu gün müəllim kimi fəaliyyət göstərməyən, lakin müvafiq bilik və səriştəyə malik olan peşəkarların və elm mütəxəssislərinin təhsil sektoruna cəlb edilməsinə nail olmalıyıq. Bu məqsədlə Təhsil Nazirliyi onlar üçün pedaqoji hazırlıq kursları təşkil etməyə hazırdır. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək könüllü attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi təmin ediləcək, attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır. Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması üçün müvafiq addımlar atılacaq, pedaqoji fəaliyyətinin qiymətləndirilməsindən sonra onun maddi motivasiya və vəzifə yüksəlişinin təmin olunması üzərində işləmək lazım gələcəkdir”.

 

Zahid İLHAMOĞLU

Yeni  Azərbaycan.-2014.- 5 mart.- S.6.