Azərbaycan diplomatiyasının fəaliyyətində Dağlıq Qarabağ münaqişəsi

 

Münaqişənin həlli istiqamətində nümayiş etdirilən prinsipial mövqe ilə yanaşı, ölkəmizin iqtisadi və hərbi gücünün, beynəlxalq siyasi nüfuzunun artması işğalçı Ermənistanı çıxılmaz vəziyyətdə qoyub

Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində və diplomatiyasının fəaliyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, bu çərçivədə, ölkənin ərazi bütövlüyünün bərpasına, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarına nail olunması prioritet təşkil edir. Daha dəqiq desək, ərazi bütövlüyünün bərpasının xarici siyasətdə prioritet olması Azərbaycan xarici siyasətinin əsasında ölkənin milli maraq və mənafelərinin dayandığını göstərən vacib faktordur.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət nəticəsində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müdafiə diplomatiyasından hücum diplomatiyasına keçib. Bu, ilk növbədə, Azərbaycanın inkişafı və beynəlxalq aləmdəki nüfuzu ilə bağlıdır. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə resurslarının qıtlığı, beynəlxalq siyasi arenada kifayət qədər tanınmaması, erməni lobbisinin və Ermənistanın apardığı informasiya müharibəsində məğlub durumda olması ölkəni müdafiə mövqeyində dayanmağa məcbur edirdi. Lakin Ümummilli lider Heydər Əliyevin uzaqgörən daxilixarici siyasi kursu sayəsində Azərbaycanın hər bir cəhətdən güclənməsi, informasiya blokadasını yarması, dünyada müəyyən nüfuzimic sahibi olması nəticə etibarilə, milli maraqların təmin olunması yolunda daha inamlı və intensiv fəaliyyətə şərait yaradıb. Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi Azərbaycanın xarici ikitərəfli əlaqələrində və beynəlxalq təşkilatlarla əməkdaşlığında önəmli istiqamətə çevrilib.

MÜNAQİŞƏNİN HƏLLİ İSTİQAMƏTİNDƏ BEYNƏLXALQ QURUMLARLA APARILAN İŞ

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım missiyasını ATƏT-in 1992-ci ildə yaradılan Minsk qrupu üzərinə götürüb. Rəsmi Bakı 1994-cü il mayın 12-də Azərbaycan ilə Ermənistan arasında atəşkəs haqqında müqavilənin imzalanmasından sonra Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirak edir. Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiyanı təmsil edən həmsədrlərin vasitəçiliyi ilə bu illər ərzində Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirilib, münaqişənin paket və mərhələli həlli yönündə təkliflər irəli sürülüb. Lakin problemin ədalətli və beynəlxalq hüquq normalarına uyğun həlli yönündə Azərbaycanın səylərinə baxmayaraq, Ermənistan öz qeyri-konstruktiv siyasətini davam etdirərək, təcavüzkar siyasətindən əl çəkmək istəmədiyini göstərib. İşğalçı Ermənistan təkcə siyasi təmaslar zamanı nümayiş etdirdiyi destruktiv mövqeyi ilə deyil, həm də münaqişə zonasında törətdiyi ciddi provokasiyaları ilə vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışır. Minsk qrupu ölkələrinin, o cümlədən, həmsədr dövlətlərin işğalçı Ermənistana təzyiq göstərməməsi münaqişənin həllini bir qədər də uzadır.

Buna baxmayaraq, Azərbaycan müxtəlif nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı və təcavüzkar siyasəti barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılmasına çalışır. Bildiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərdiyi 2012-2013-cü illərdə ölkəmiz qurumun fəaliyyətində aktiv iştirak edərək beynəlxalq sülh və təhlükəsizliyə aid məsələlərdə prinsipial mövqe nümayiş etdirib. Bu dövrdə Azərbaycan Respublikası üçün xüsusilə mühüm hadisə 2012-ci ilin 4 may tarixində Prezident İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş yüksək səviyyəli iclasının keçirilməsi olub. Sözügedən iclas terrorizmə qarşı beynəlxalq mübarizəyə töhfə təşkil etməklə yanaşı, bir sıra regional məsələlərin hərtərəfli müzakirəsi, o cümlədən, Ermənistanın dövlət terroru siyasətinin ifşa edilməsi baxımından əlamətdar olub. İclasın nəticəsi olaraq qəbul olunan TŞ sədrinin bəyanatında Şura üzvləri terrorizmin bütün növlərini pisləyib və BMT üzvü ölkələrin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət etməsinin zəruriliyi və dini və mədəni müxtəlifliyə hörmətin əhəmiyyəti vurğulanıb.

Ümumiyyətlə isə, ötən 20 ildən bir qədər çox müddətdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə zəmin yaradan çoxlu sayda beynəlxalq hüquqi sənədlər qəbul olunub. Bunlar sırasında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, AŞ PA-nın, Qoşulmama hərəkatının qərar və qətnamələrini göstərmək olar. Əlbəttə ki, ərazilərin işğalının aradan qaldırılmasını, məcburi köçkünlərin torpaqlarına qayıtmasını, işğal altındakı torpaqlarda yerləşən və Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin dağıdılmasının qarşısının alınmasını tələb edən belə beynəlxalq sənədlərin mövcudluğu Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında ölkəmizin mövqeyini gücləndirən vacib amildir.

Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə ölkə rəhbərliyinin uğurlu diplomatik gedişləri hazırkı vəziyyətdə Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Çünki BMT Nizamnaməsinin ölkələrin ərazi bütövlüyü prinsipinə və adıçəkilən təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinə əsasən konfliktin həlli Ermənistanın qoşunlarını işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxarmasından keçir. Ermənistan diplomatiyasını çətin duruma salan digər məqam beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünə olan dəstəyini artırmasıdır. Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi çərçivəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyisiyasi müstəqilliyinə və eləcə də, münaqişənin bu prinsiplər əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə diplomatik səylərini davam etdirir.

XOCALI SOYQIRIMININ DÜNYADA TANIDILMASI

Azərbaycan dövləti ilə yanaşı, qeyri-hökumət təşkilatları, diaspor qurumları Dağlıq Qarabağ münaqişəsi haqqında gerçəkləri dünyaya çatdırmaq yönündə intensiv fəaliyyət aparır. Bunun da nəticəsi olaraq, son illərdə münaqişə həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılıq səviyyəsi daha da artıb və bunun nəticəsində müxtəlif instansiyalarda münaqişənin buya digər aspektlərinə, xüsusən də, erməni vəhşiliyinin ən bariz nümunələrindən olan Xocalı soyqırımına münasibət bildirən qərarlar qəbul olunur.

Azərbaycanın yaxın keçmişinin faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımıza qarşı ədalətsizlik olmaqla bərabər insanlıq əleyhinə cinayətdir. Bu cinayəti törədənlərin cəzalandırılması, azərbaycanlılara qarşı yönələn bu soyqırımı aktı barədə beynəlxalq ictimaiyyətin məlumatlanması və dünyada qəbul olunması ölkəmiz üçün prinsipial önəm daşıyır. Azərbaycan ərazilərinin 20 faizinin düşmən tapdağı altında olduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığı bir dövrdə keçmişi tanımaq və tanıtdırmaq ölkənin bu günü və gələcəyi üçün olduqca böyük əhəmiyyətə malikdir. Məhz bu istiqamətdə illərdir ki, həyata keçirilən dövlət siyasəti tarixin yaddaşlarda möhkəmləndirilməsinə, Azərbaycan həqiqətlərinin dünyada təbliğinə yönəlib.

Ermənistanın işğalçı siyasəti, onun azərbaycanlılara qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı ayrı-ayrı ölkələrin və ABŞ ştatlarının qanunverici orqanlarında tanınmaqdadır. Əvvəlcə qeyd edək ki, “soyqırımı” anlamını verən “genosid” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnamə ilə qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyada müəyyən edilib və hər hansı milli, etnik, irqiya dini qrupların tam və ya qismən məhv edilməsi niyyətindən doğan müxtəlif hərəkətləri bildirir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, habelə, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi və Beynəlxalq Cinayət Məhkəməsinin statusu kimi sənədlər də ermənilərin Xocalıda törətdiyi qətliamın soyqırımı adlandırılmasına və günahkarların bu əsasda məsuliyyətə cəlb edilməsinə tam hüquqi əsas verir.

Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlər isə olduqca təqdirəlayiqdir. Xüsusən də, dövlətin siyasi xətti ilə yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bütün dünyaya səs salıb. Təsadüfi deyil ki, Meksika, Pakistan, Kolumbiya, Çexiya, BosniyaHersoqovina, Peru, Honduras kimi dövlətlər, ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Meyn, Nyu-Meksiko, Arkanzas, Missisipi, Pensilvaniya, Oklahoma, Tennessi, Qərbi Virciniya, Konnektikut, Florida və nəhayət, İndiana ştatı da daxil olmaqla 15 federal subyekti, eləcə də, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. 2014-cü ildə məhz sadalananlardan Honduras dövləti və İndiana ştatı soyqırımını rəsmən tanıyıb ki, bu da Azərbaycan həqiqətlərinin tanıdılması işinin səmərəli və fasiləsiz olaraq aparılmasının, əldə olunan uğurların davamlı xarakter almasının təsdiqidir.

ERMƏNİSTAN DİPLOMATİK TƏZYİQ QARŞISINDA

Şübhəsiz, danışıqlar prosesində Azərbaycanın öz mövqeyini ardıcıl surətdə müdafiə etməsi ilə bərabər, müxtəlif ölkələrin, eləcə də, erməni lobbisinin güclü olduğu ABŞ ştatlarının bir-birinin ardınca Xocalı soyqırımını tanıması Ermənistan üzərində böyük siyasi təzyiq formalaşdırır. Eyni zamanda, Azərbaycanın hərtərəfli güclənməsi amili də nəzərdən qaçmamalıdır. Bu gün Azərbaycanın dövlət büdcəsi Ermənistanınkından 10 dəfə, hərbi büdcəsi isə işğalçı ölkənin dövlət büdcəsindən ən azı 2 dəfə çoxdur. Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü ordudur. Azərbaycanın dünyadakı nüfuzunun artması, həmçinin, beynəlxalq münasibətlərin konyukturasının ölkəmizin maraqlarına uyğun istiqamətdə dəyişməsi Ermənistanı daha da çıxılmaz vəziyyətə salıb.

Beləliklə, sadalananları nəzərə alsaq və Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyevin sözlərindən də göründüyü kimi, münaqişənin həlli yalnız ədalətin bərpa edilməsi yolu ilə mümkündür: “Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir. Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir”.

 

Hülya MƏMMƏDLİ

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Yeni  Azərbaycan.-2014.- 5 mart.- S.6.