Dini azadlıqdan cəmiyyət maraqlarına və dövlətçiliyə qarşı sui-istifadə olunmamalıdır

 

Saleh Kazımov: Din xadimi dini işlərlə, dövlət xadimi isə dövlət işlərilə məşğul olmalıdır

 

Müasir dövrdə əksər cəmiyyətlərdə insanların hər bir sferada hüquq azadlıqlarının, o cümlədən, vicdan etiqad azadlığının təmin olunduğu dünyəvi hüquqi idarəetmə sistemi formalaşdırılır. Belə sistemin fəaliyyət göstərdiyi cəmiyyətlərdə ayrı-ayrı dinlərin, dini cərəyanların, təriqətlərin, sektaların nümayəndələri arasındakı münasibətlər qarşılıqlı dözümlülük, xoşgörü və bərabərhüquqluluq prinsipləri ilə nizamlanır. Hüququn aliliyininsağlam mənəvi münasibətlərin təmin olunduğu belə mühitdə ictimai sabitlik və təhlükəsizliyin, eləcə də, dövlətin maraqlarının qorunması mümkün olur.

DÜNYA TƏCRÜBƏSİNDƏ DİNİN SİYASİLƏŞDİRİLMƏSİNİN MƏNFİ NƏTİCƏLƏRİ

Çoxəsrlik dünya təcrübəsi tarixin bütün dövrlərində dindən siyasi maraqlar naminə istifadə hallarının baş verdiyini göstərir. Bu zaman adətən, fərqli siyasi qütblərdə dayanan tərəflər eyni dinin mahiyyətini müxtəlif formalarda şərh edərək ayrı-ayrı dini cərəyanların, təriqətlərin yaranmasına gətirib çıxarırlar. Zaman keçdikcə, təriqətlərin və sektaların təbliğ etdikləri ideyalar onların qaynaqlandığı dinin təməl prinsiplərindən uzaqlaşır, hətta ziddiyyətlər belə yaranır. Nümunə üçün qeyd edək ki, hazırda bir sıra Yaxın Şərq ölkələrində siyasi motivlərin təsirilə yaranan münaqişələrdə bəzi dini cərəyanların aparıcı nümayəndələrinin “dini mübarizə” adı altında insanları ekstremizmə, radikallığa, müxtəlif zorakı üsullardan istifadəyə çağırması İslamın təməl prinsiplərinə tamamilə ziddir.

Bu o deməkdir ki, dinin siyasi proseslərdə bir vasitə kimi istifadə olunması, son nəticədə, onun öz mahiyyətindən uzaqlaşmasına, cəmiyyətdə mənəvi saflıq mühitini formalaşdırmaq əvəzinə, münaqişə mənbəyinə çevrilməsinə gətirib çıxarır.

Bakı Dövlət Universitetinin professoru, ilahiyyatçı Saleh Kazımov orta əsrlərdə Avropa ölkələrində bəzən təriqətlərin, dinin dövlətlərin işlərinə müdaxiləsinin mənfi nəticələrinin özünü göstərdiyini bildirib: “Bir çox hallarda din xadimlərinin məsələlərə müdaxiləsi dövlətçilik ənənələri ilə ziddiyyət təşkil edib. Sözsüz ki, dövlət xadimləri dünyəvilik prinsipinə sadiq şəxslər olmalıdır. Dini təəssübkeşliklə hakimiyyətə gəlmək, dövlətçiliyə müdaxilə etmək barədə Mavərdi adlı tarixçi deyib ki, “hər kim dini öz şəxsi mənfəətlərinə alət edərsə, onun başı dərddən qurtulmaz”. Dinin siyasətə qarışdırılması dövlətçiliyə təhlükə törədir. Bu səbəbdən də din xadimi dini işlərlə, dövlət xadimi isə dövlət işlərilə məşğul olmalıdır. Dinin siyasətdə vasitə kimi istifadə olunması XVIII əsrdə Osmanlı hökumətinin müxtəlif dövrlərdə Rusiya ilə müharibələrə başı qarışdığı bir vaxtda Ərəbistan və xüsusən də, Hicaz bölgəsində özünü göstərib. Həmin vaxt hakimiyyətdən narazı olan bəzi qruplar irqi, dini məqamları əsas götürərək özlərinə siyasi dəstək axtarmağa və dindən bir siyasi vasitə kimi istifadə etməyə başladılar ki, bu da Osmanlı imperiyasının parçalanmasında müəyyən rol oynadı”.

AZƏRBAYCANDA DİN AZADLIĞINI QORUYAN DÜNYƏVİ SİSTEM MÖVCUDDUR

Məlumdur ki, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır. Uzun əsrlər boyu xalqımız özünün milli, dini mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb.

Təqdirəlayiq haldır ki, müasir Azərbaycan dövlətçiliyi də məhz xalqın tolerantlıq ənənələrinə söykənən dünyəvi idarəçilik sisteminə malikdir. Bunun təsdiqini, ilk növbədə, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında görmək mümkündür. Konstitusiyanın 7-ci maddəsində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 18-ci maddənin I bəndində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmin maddənin II bəndi ilə insan ləyaqətini alçaldanya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağan olunur. Vicdan azadlığı ilə bağlı müddəaların əksini tapdığı 48-ci maddədə isə hər bir kəsin dini etiqad azadlığı, dinə münasibətini müstəqil formalaşdırmaq və ifadə etmək hüququ təsbit edilib. Həmin maddədə əksini tapandini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursaya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir” və “dini etiqadya əqidə hüquq pozuntusuna bəraət qazandırmır” müddəaları isə dini etiqad azadlığından sui-istifadə hallarının qarşısının alınması baxımından olduqca böyük önəm daşıyır.

Eyni zamanda, vicdan azadlığı məsələsinə aidiyyəti olan digər hüquqi sənədlər, eləcə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti də dövlət-din münasibətləri barədə Konstitusiyada əksini tapan təməl prinsiplərə söykənir. Nəticədə, ölkədə dövlətçilik, ictimai sabitlik əleyhinə aparmayan istənilən dini təşkilat, cəmiyyət və sektaların fəaliyyətinə şərait yaradılıb. Bu səbəbdən də, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri özlərini sərbəst hiss edirlər.

DİNİ AZADLIQ DÖVLƏTÇİLİK MARAQLARINA XİDMƏT ETMƏLİDİR

Beləliklə, dünyəvi dövlətdə vətəndaşların hüquq və azadlıqlarının, həmçinin, dini etiqad azadlığının təmin olunması milli dövlət maraqlarının müdafiəsinin tərkib hissəsidir. Bu o deməkdir ki, dinin siyasətdən ayrı olduğu cəmiyyətlərdə müxtəlif konfessiyaların nümayəndələri özlərini bərabərhüquqlu və sərbəst hiss edirlər. Belə olan halda qarşılıqlı dözümlülük və hörmət münasibətləri formalaşır ki, bu da ictimai sabitliyin qorunub saxlanmasında önəmli faktordur.

Bunun əksi isə yəni, dövlət idarəçiliyində sünnilik, şiəlik, sələfilik, nurçuluq və digər dini cərəyanlara təəssübkeş münasibətin göstərilməsi, hər hansı dinin, yaxud dini cərəyanın digərlərindən üstün tutulması milli dövlət maraqları ilə bir araya sığmır. Bu səbəbdən, Azərbaycanda mövcud olan dünyəvi əsaslarda formalaşan demokratik, hüquqi sistem fərdin azadlıqları ilə dövlətin maraqlarını uzlaşdırmağa imkan verir.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 6 mart.- S.4.