Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır

 

Azərbaycan hər zaman fərqli dinlərin, müxtəlif millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olub. Xalqımız tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirib. Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılıb. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn, Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etmək missiyası kimi böyük bir yükü çiyinlərinə götürən Ümummilli liderimiz Heydər Əliyev o dövrdə yaranan gərginliklərin, baş verən mürəkkəb və ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi, milli dəyərlərinin yenidən bərpası istiqamətində böyükçox önəmli işlər gördü. Bu mövqe xalqımızın əsrlərlə formalaşdırdığı zəngin mədəni və dini-mənəvi irsdən bəhrələnməklə yanaşı, zamanın ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi.

Azərbaycanın ən ağır günündə yenidən millətinin və dövlətinin xilasına yeganə ümid işığı olan Ulu öndərin mövqeyi məhz bu prioritetə söykənirdi. Dövrün gərginliyinin tələbi baxımından uğurlu, düşünülmüş, uzaqgörən siyasi strategiya müəyyənləşdirməklə, ölkəmizdə yaşayan bütün millətləri bir ideologiya-AZƏRBAYCANÇILIQ ideologiyası ətrafında birləşdirməklə yanaşı, Ümummilli liderimiz Heydər Əliyev xalqın sahib olduğu milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə, bu irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı, vasitəçi oldu.

Bir sözlə, Ümummilli lider xalqın dini-mənəvi, milli dəyərlərinin qorunub saxlanılması istiqamətində çox mühüm işlər görüb. Eyni zamanda, Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, bu sahədə də Ulu öndərin siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Konstitusiyasında da dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutudur.

Müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir. Dinlərarası dialoq daha da gücləndirilir. Bu gün ölkəmizdə tarixi, dini abidələrə xüsusi diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir, yenidən qurulur. Heydər Əliyev Fondu da bu işə öz töhfəsini verir.

Azərbaycan Konstitusiyası dini-milli tolerantlığın hüquqi təməlidir...

Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan hər zaman fərqli dinlərin, fərqli millətlərin qardaşlıq zəminində yaşadığı ərazi olub. Müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XX əsrin sonunda Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə şəraitin yaradılması birbaşa Ulu öndərimizin fəaliyyəti ilə bağlı idi.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Sovet İttifaqının dağılması köhnə post-sovet məkanında, ən əsası isə Cənubi Qafqaz regionunda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər.

Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar, o cümlədən bütün millətlərin nümayəndələri qanun qarşısında bərabərdir və eyni statusa malikdirlər. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılan digər dinlərə də qayğı göstərir. 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra Rus Pravoslav Kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş Patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdiona baş kafedral kilsə statusu verdi. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu.

Ötən ilin dekabrında Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olub. Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2012-ci ildə başlanılan tikinti işləri nəticəsində dördmərtəbəli binada məhs otağı, müxtəlif tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün otaqlar, kilsə təhsilinin verilməsi məqsədilə bazar günü məktəbinin fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Bundan başqa, mərkəzdə müxtəlif dini komitələr - yeparxiya, kanonik ayinlər, kataxizasiya, eləcə də kilsə mediası üçün ayrıca otaqlar nəzərdə tutulub. Mərkəzdə kitabxana da fəaliyyət göstərir, qonaqlar üçün xüsusi otaqlar var.

Respublikanın katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss edir. 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verildibu bina kiçik kilsəyə çevrildi. Hazırda respublikamızın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edilib ki, xarici görkəminə görə o, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.

Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını hazırlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ildə dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. Roma-katolik kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfər isə xüsusi əhəmiyyət daşıyırdı. Bakıda olarkən Papa Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapıblar.

Müasir Azərbaycan dünyaya tolerantlıq və sivilizasiyalararası dialoqun inkişafı modelini nümayiş etdirir

Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət, Əjdərbəy məscidləri yenidən və əsaslı şəkildə təmir edildi. 2011-ci ilin dekabrın 22-də Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Xatırladaq ki, 2010-cu ildə dövlətimizin başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlarİttifaq” məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalamışdı. Sərəncama əsasən, məsciddə yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə aparılması üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdı. Məscidin açılış mərasimində isə Qafqaz regionunun dini rəhbərləri iştirak edirdi. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun davamçısı olaraq Prezident İlham Əliyev də Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafına xüsusi olaraq qayğı göstərir. 2011-ci ilin dekabr ayında Bibiheybət məscidinin açılışı zamanı söylədiyi nitqində dövlət başçısı bu məsələyə xüsusi olaraq toxunub: “Azərbaycan xalqı öz dinitarixi ənənələrinə çox sadiqdir. Dinimiz, tariximiz, milli-mənəvi dəyərlərimiz bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Son illər ərzində bizim tarixi, dini abidələrimiz təmir edilir, yenidən qurulur. Bizim üçün çox böyük əhəmiyyət daşıyan ziyarətgahlar, ibadət yerləri dövlət tərəfindən qorunur, təmir edilir. Azərbaycanda 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə son 8 il ərzində Azərbaycanda 117 məscid tikilmişdir. Onların bir hissəsi dövlət, bir hissəsi dini icmalar, bir hissəsi isə Heydər Əliyev Fondu tərəfindən tikilmiş və təmir edilmişdir”.

Bununla yanaşı, Azərbaycanın bir müsəlman ölkəsi olması hər zaman dövlət başçısı tərəfindən xüsusi olaraq vurğulanır. Bu baxımdan Prezident İlham Əliyev dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarət problemlərinin ortadan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Artıq hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni, Məkkəni, Mədinəni ziyarət edə bilir. Bu məsələlər Azərbaycanda davamlı şəkildə icra olunacaq. Çünki Ümummilli liderimiz Heydər Əliyevin həm siyasi, həm də mənəvi varisi olaraq Prezident İlham Əliyev Ulu öndərin apardığı işləri davam etdirir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: “Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır. Mən tam əminəm ki, öz dininə hörmət edən insan mütləq başqa dinlərə də hörmətlə yanaşmalıdır. Dinlərarası dialoq daha da gücləndirilməlidir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar vardır. Azərbaycanın fəaliyyəti və Azərbaycanın timsalında görülən işlər göstərir ki, multikulturalizm yaşayır. Onun ünvanlarının biri məhz Azərbaycandır və digər ünvanlar vardır. Multikulturalizmə alternativ yoxdur. Multikulturalizmə alternativ özünütəcriddir”.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 6 mart.- S.5.