Azərbaycan BMT ilə əlaqələrə böyük əhəmiyyət verir

 

Prezident İlham Əliyev: Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyiniöz milli maraqlarını hər şeydən üstün tutur

 

Bildiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatı (BMT) öz təsir imkanları qərarların icrası baxımından müasir dünyamızda ən önəmli beynəlxalq təşkilatlardan biridir. Dünyanın 192 dövlətini öz sıralarında birləşdirən BMT sülhün və təhlükəsizliyin qorunması ilə yanaşı, terrorizmə və cinayətkarlığa qarşı mübarizə, ətraf mühitin qorunması, demoqrafik vəziyyət, narkotik maddələrin dövriyyəsinin aradan qaldırılması, regional münaqişələrin dayandırılması, yoxsulluğun azaldılması, insan haqları, nüvə silahlarının yayılmasına mane olmaq, xalqlar arasında mədəni əlaqələrin genişlənməsi, tarixi-mədəni irsin qorunması və sair bu kimi çox mühüm əhəmiyyət kəsb edən məsələlərlə məşğul olur. Dünyanın siyasi mərkəzi sayılan BMT, ona bağlı olan 30-dan yuxarı qurum vasitəsilə qarşıya qoyulan vəzifələri həyata keçirir. Yarandığı vaxtdan, BMT bir çox sahələrdə uğur qazanıb.

Martın 2-də Azərbaycan Respublikasının bu mötəbər quruma üzv olmasının növbəti ildönümü tamam olub. Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.

Əlbəttə ki, BMT kimi dünyanın ən nüfuzlu təşkilatının sıralarına qoşulmaq Azərbaycan dövlətinin beynəlxalq masştabda tanınması baxımından ilk ən böyük uğurlardan biri olmaqla yanaşı, həm də mötəbər tribuna idi. Lakin o zamankı Azərbaycan hakimiyyəti sonradan prosesləri düzgün dəyərləndirməyərək bu tribunadan yararlanmaq şansından istifadə etmədi. Həmin illərdə iqtidarda olanların naşı və səriştəsiz əməlləri nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdən təcrid vəziyyətinə salınmış, ölkəmiz bölgədə təklənmiş və milli maraqlarımız zərbə altında qalmışdı.

Ancaq Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi bütün digər sahələrdə olduğu kimi Azərbaycanın xarici siyasətində də yeni pəncərə açdı. Məhz Ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində vəziyyəti dəyişdirmək, bölgədə və ümumilikdə, dünyada Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün oldu. Ümummilli lider Heydər Əliyevin xarici ölkələrə ardıcıl səfərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər, aparılan gərgin işlər sayəsində qısa zaman ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı, ölkəmizin sosial-iqtisadi vəziyyəti və potensialı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı, respublikanın xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edildi.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən, çevik və məqsədyönlü xarici siyasət doktrinasında Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi əsas yerlərdən birini tuturdu. Yenidən müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin qarşısında çox mühüm vəzifələr dayanırdı. Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, bir milyon nəfərdən yuxarı qaçqın və məcburi köçkünlərin olması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Azərbaycanın qarşılaşdığı problemləri həll etmək üçün daxilixarici siyasətdə düzgün və əsaslı xəttin həyata keçirilməsi lazım idi. Müstəqillikdən ötən illərə nəzər salsaq, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəni böhrandan çıxarmaq üçün nə qədər nəhəng işlərin görüldüyünü bir daha aydın şəkildə dərk edə bilərik.

Yəni, müstəqil Azərbaycanın inkişafının Heydər Əliyev mərhələsində xarici siyasət sahəsində, o cümlədən BMT-də ölkənin fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm işlər görüldü.

Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət xəttinin həyata keçirilməsi sayəsində BMT miqyasında Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verilib. Azərbaycanın haqlı mövqeyinin dünya ictimai rəyinə çatdırılması baxımından Ulu öndər Heydər Əliyevin 1994-cü il sentyabr ayının 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı əhəmiyyətli rol oynayıb. Bu, müstəqil Azərbaycan dövlətinin Prezidentinin BMT tribunasında ilk çıxışı idi. Ümummilli lider proqram xarakterli həmin nitqində bir sıra məsələlərə toxunmuş, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini ifadə edərək bildirmişdi: “Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olaraq belə hesab edir ki, yalnız Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək yolu ilə təcavüzün nəticələrini aradan qaldırmaq, uzunmüddətli sülhün bərqərar edilməsi və regionun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sabit və əməli danışıq prosesi aparmaq olar”.

Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın miqyasının dünya ictimaiyyətinə beynəlxalq təşkilat səviyyəsində çatdırılması həmin dövrdə olduqca vacib idi. Məhz bunu nəzərə alaraq Ulu öndər Heydər Əliyev həmin çıxışda demişdi: “Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Mən Azərbaycan tərəfinin dəhşətli itkilərini sözlə deməliyəm. 20 mindən çox adam həlak olmuşdur, 100 minə yaxın adam yaralanmış və xəsarət almışdır, 6 min adam əsir düşmüşdür, bir milyondan çox azərbaycanlı - ölkə əhalisinin təxminən 15 faizi qaçqın vəziyyətinə düşmüşdür və çadır şəhərciklərində yaşayır. Onlar öz vətənində evsiz-eşiksiz qalmışlar. Yayın istisindən, qışın soyuğundan, epidemiyalardan əziyyət çəkirlər, ən zəruri şeylərə ehtiyac duyurlar. Azərbaycanın işğal edilmiş ərazilərində 7 yüz şəhər və kənd dağıdılmışdır. Həmin şəhər və kəndlərdə demək olar, bütün evlər, məktəblər, xəstəxanalar yandırılmış və talan edilmiş, qədim mədəniyyət abidələri məhv edilmişdir”.

Ümummilli lider Heydər Əliyevin BMT tribunasından səsləndirdiyi bu fikirlər Ermənistanın işğalçı əməllərinin əsl mahiyyətinin ifşa edilməsi baxımından atılan mühüm addımlardan biri idi. İlk dəfə olaraq beynəlxalq aləmin ən nüfuzlu təşkilatının kürsüsündən Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında tutarlı və həqiqi faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. Bundan sonra dünyanın nəzəri bu bölgədə cərəyan edən hadisələrə yönəldi və problemlərin həlli yönündə addımlar atılmağa başlandı.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın BMT müstəvisində həyata keçirdiyi siyasətin stratejitaktiki tərəflərini dəqiq şəkildə müəyyən edərək, bu təşkilatla münasibətləri həmişə diqqət mərkəzində saxlayırdı. Məhz yürüdülən bu xəttin nəticəsində, Ermənistanın və erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, BMT-də açılan müzakirələrdə Dağlıq Qarabağın Azərbaycana mənsubluğu “BMT və ATƏT arasında əməkdaşlıq” qətnaməsində öz əksini tapdı.

Azərbaycanın BMT ilə əməkdaşlığı yalnız bir istiqamətlə məhdudlaşmır. Tərəflər bir sıra aspektlərdə birgə layihələr həyata keçirib, çoxşaxəli əməkdaşlıq ölkəmizdəki problemlərin həllinə kömək edib. BMT-nin müxtəlif qurumlarında fəaliyyətin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan yuxarı Azərbaycan vətəndaşlarının ağır şəraitini yüngülləşdirmək üçün BMT İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlıq, Ümumdünya Ərzaq Proqramı, UNİCEF və başqa təşkilatlar çərçivəsində humanitar yardımlar alınıb.

Azərbaycan-BMT münasibətlərinin inkişafı Prezident İlham Əliyevin xarici siyasətində də önəmli yer tutur. Hələ 2003-cü ilin sentyabrında o vaxt Azərbaycanın Baş naziri kimi BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən cənab İlham Əliyev bildirmişdi ki, BMT Təhlükəsizlik Şurası mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşmazlıqların meydana çıxması şəraitində uyğun çevikadekvat münasibət göstərə bilmir. O, mövcud BMT mexanizmlərinin zamanın tələblərinə cavab vermədiyini və bununla bağlı təşkilatda islahatların aparılmasının vacib olduğunu vurğulamışdı.

Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən bu nəhəng təşkilatla əlaqələrə xüsusi önəm verdiyini qeyd edən Prezident İlham Əliyev iştirak etdiyi BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında da bu münasibətlərə yüksək qiymət verib. Prezident İlham Əliyev sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində BMT-nin rolunun artırılması məsələsindən danışarkən qeyd edib: “Ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasından ibarətdir”.

Çıxışında Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, Azərbaycan dünyada sülhün qorunması istiqamətində səylərini daim davam etdirəcək: “Biz daha sülhsevər, təhlükəsiz və ədalətli dünya üçün çox zəruri olan BMT və onun nizamnaməsinə inamımızı bir daha təsdiqləmişik”.

BMT-nin Baş Assambleyasının 60, 61 və 62-ci sessiyalarında Azərbaycanın maraqlarına xidmət edən məsələlər, 63-cü sessiyasında isə Azərbaycanın işğal edilmiş ərazilərindəki durum müzakirəyə çıxarılıb, bununla bağlı müxtəlif qərarlar qəbul olunub. Qurumda Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə layihəsi yayılıb. Sənəddə işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, eləcə də, ATƏT-in faktaraşdırma missiyasının məruzəsi, ekoloji məruzə barədə məlumatlar öz əksini tapır. Azərbaycan bu addımla Dağlıq Qarabağ məsələsinin həllində BMT-ninrolunu artırmaq fikrindədir. Baş Assambleyanın 65-ci sessiyasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı həm BMT-nin fəaliyyətini qiymətləndirib, həm də Azərbaycanın bu mötəbər təşkilatdan gözləntilərini ifadə edib. Azərbaycanın davamlı inkişaf, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin mərkəzi rolunu tanıdığını bir daha ifadə edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan hesab edir ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır. Dövlət başçısı, həmçinin, qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir: “Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirilməsi, ağır cinayətlərin əsas məsuliyyətini Ermənistanın üzərində olduğunu tanıyıb”.

Prezident daha sonra bildirib ki, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyib və ərazi əldə etmək üçün gücdən istifadə etməyin yolverilməzliyini bəyan edib. O, həmçinin, BMT-nin Dağlıq Qarabağın Azərbaycan hissəsi kimi tanımasını və ölkənin bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını qeyd edib. BMT Baş Assambleyası, ATƏT və Avropa Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatlar, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı buna oxşar qətnamələr qəbul ediblər. “Təəssüf ki, beynəlxalq ictimaiyyətin öz mövqeyini bəyan etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altında qalmaqda davam edir. Ermənistan vicdanla danışıqlar aparmaq əvəzinə gözlənilməz nəticələri ilə təhlükəli olan daha da böyük gərginlik yaratmaq siyasəti yolunu tutub” - deyə, Prezident İlham Əliyev bildirib.

Göründüyü kimi, bu gün Azərbaycan-BMT münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı inkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olub. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadiSosial Şurasının (ECOSOC) üzvü seçilib.

2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə münasibətlərimizin yeni mərhələyə daxil olmasını şərtləndirib. Xatırladaq ki, Azərbaycan üzvlüyə 17 raundluq səsvermədən sonra seçilib. Səsvermənin ilk raundu 21 oktyabrda olub. Həmin səsvermədə Azərbaycan 74, rəqibləri Sloveniya 67, Macarıstan isə 54 səs toplayıb. Ancaq yetərsay yəni, 129 səs olmadığı üçün Azərbaycanla Sloveniya növbəti raunda qatılıb. İkinci raundda isə Sloveniya 97, Azərbaycan isə 90 səs toplayıb. Daha sonra səsvermə 9-cu raundadək qalib müəyyən olunmadan davam edib. 24 oktyabrda səsvermə yenidən keçirilib. Səhər sessiyasında keçirilən 10-cu raund səsvermədə də qeyri-daimi üzvlük üçün yeganə boş qalan 5-ci yer müəyyən edilməyib. Azərbaycan 110, Sloveniya isə 83 səs toplayıb. Sloveniyanın 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyə namizədliyini geri götürməsindən sonra yeganə namizəd kimi son səsvermədə iştirak edən Azərbaycan 155 səs toplayaraq növbəti iki il ərzində BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzvü kimi ilk dəfə 4 yanvar 2012-ci ildə iştirak edib. Mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik edib. Azərbaycan sədrlik estafetini ABŞ-dan alıb və bir ay sonra - iyunun 1-də isə sədrliyi Çinə ötürüb. Azərbaycanın sədrliyi dövründə BMT TŞ-də 13 açıq, 16 qapalı iclas keçirilib. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi; habelə mətbuat üçün 7 bəyanatı qəbul edilib. Bütün bunlar ölkəmizin dünyada böyük nüfuz qazanmasından xəbər verir. Təsadüfi deyil ki, Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru D.Sammut deyib ki, bu hadisə Azərbaycanın vacib beynəlxalq oyunçu olduğunu sübut edib. ABŞ Dövlət Departamenti isə bu qələbə münasibətilə Azərbaycanı təbrik edib. Qeyd olunub ki, Birləşmiş Ştatlar BMT Nizamnaməsində əks edilən prinsiplərin dəstəklənməsi, şuranın işinin səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülhsabitliyin qorunmasında rolunun artması üçün Azərbaycan ilə yaxından işləyəcəyinə ümid edir. Təbriklərini Azərbaycan Prezidentinə şəxsən çatdıran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizin müstəqillik tarixində ən böyük uğura imza atdığını və Türkiyənin bundan qürur hissi keçirdiyini bildirib.

2012-ci il may ayının 3-də Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təşkil olunan rəsmi qəbulda da dövlətimizin başçısı qeyd edib ki, bu, müstəqillik illərində göstərdiyimiz səylərin qiymətləndirilməsidir: “Bu, son 20 il ərzində kəskin surətdə dəyişmiş, qarşısında olduqca böyük məqsədlər qoymuşbu məqsədlərə çatmağa çalışan müasir gənc ölkəyə göstərilən dəstəyin rəmzi oldu. Biz 20 il öncə müstəqil ölkəyə çevrildik. Xalqımızın böyük tarixi, mədəniyyəti və adət-ənənələri vardır. Lakin biz müstəqil deyildik. 20 il öncə dövlətimizi, dövlətçiliyi qurmaq, qonşularımız və dostlarımızla sülhdostluq şəraitində həyatımızı yaşamaq fürsəti bizə nəsib oldu”.

Dövlətimizin başçısı, həmçinin, qeyd edib ki, Azərbaycan BMT ilə əlaqələrə böyük əhəmiyyət verir: “Regionun aparıcı ölkəsi kimi güclü iqtisadiyyata malikik. Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan qlobal işlərdə öz rolunu oynamağa hazırdır.

Əlbəttə ki, regional səviyyədə irəli sürdüyümüz istər siyasi, istər iqtisadi, istərsə də enerji və digər sahələrdə təşəbbüslər yeni vəziyyət yaradır. Enerji təşəbbüslərimiz regional enerji xəritəsini dəyişir və regionda çiçəklənməyə, proqnozlaşdırmaya doğru aparır. Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik və dostlarımızla əməkdaşlığı gücləndirmək arzusundayıq. Bir neçə ay öncə beynəlxalq ictimaiyyət və BMT ailəsi bizə öz böyük dəstəyini verdi. Biz Təhlükəsizlik Şurasına seçildik. Bu gün mən bizə dəstək verən bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Seçilmək üçün biz 16 turdan keçməli olduq. Çox güclü rəqiblərimiz var idi. Bu, güclü, lakin ədalətli rəqabət oldu. 155 ölkənin dəstəyini almaqdan qürur hissi duyuruq”.

2 il ərzində BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada sülhsabitliyin, təhlükəsizliyin təmin olunması yönündə ciddi təşəbbüslər ortaya qoyan Azərbaycan bu müddətdə iki dəfə Təhlükəsizlik Şurasına sədrlik edib. Heç də təsadüfi deyil ki, bir çox ekspertlər də Azərbaycanın bu 2 il ərzində BMT TŞ-dəki fəaliyyətini uğurlu hesab edir. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışı zamanı vurğulayıb ki, 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu: “Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüququ və ədaləti müdafiə etmişik, hər bir məsələ ilə bağlı konkret mövqe sərgiləmişik, prinsipial mövqe tutmuşuq. Deyə bilərəm ki, bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Hazırda hesab edirəm ki, bu dəstək daha da böyükdür. Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyiniöz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır”.

 

Aqşin ŞAHİNOĞLU

Yeni  Azərbaycan.-2014.- 6 mart.- S.6.