Bu gün ölkəmizdə
qadınlar istər idarəetmədə, istərsə də
qərar qəbuletmədə yüksək fəallıqla təmsil
olunurlar
Ailə, Qadın
və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini,
YAP Siyasi Şurasının üzvü Aynur Sofiyeva www.yap.org.az
saytına müsahibə verib
- Aynur xanım, martın 8-də bütün dünyada qadınların bayramı qeyd ediləcək. Bu bayram ərəfəsində Azərbaycan qadınlarının cəmiyyətin inkişaf və tərəqqisində rolu haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, tarixin ayrı-ayrı dövrlərində ictimai-siyasi vəziyyətindən, yaşadığı məkandan, mənsub olduğu din, dil və mədəniyyətdən asılı olmayaraq, qadın öz hüquqları uğrunda mübarizə aparmışdır. Azərbaycanda da güclü qadın hərəkatı olub. Bu qadın hərəkatı qızlarımızın, qadınlarımızın təhsil alması və xüsusilə xeyriyyəçiliklə başlasa da, sonrakı dövrlərdə ictimai xarakter daşımışdır. Cəmiyyətin hərəkətverici qüvvəsi olan Azərbaycan qadını uzun bir tarixi yol keçərək özünü təsdiq etmiş, cəmiyyətin müxtəlif sahələrdə fəaliyyət göstərən fəal vətəndaşına çevrilmişdir. 1918-ci ildə seçib-seçilmək hüququna malik olan Azərbaycan qadını nəinki Şərq ölkələrini, eləcə də, bir sıra Avropa dövlətlərini, ABŞ-ı qabaqlayaraq, ictimai-siyasi proseslərə qoşulmuşdur.
Azərbaycanda aparılan düşünülmüş və məntiqli siyasətin tərkib hissəsi olan ictimai həyat sahələrində qadınların aktivliyinin artırılması məsələsi cəmiyyətin diqqət mərkəzində olmaqla aktuallıq kəsb edir. Bu gün ölkəmizdə qadınlar istər idarəetmədə, istərsə də qərar qəbuletmədə yüksək fəallıqla təmsil olunurlar. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28 faizə çatmışdır. Milli Məclisdə qadın deputatların sayı artır, hazırda ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faiz, son bələdiyyə seçkilərində isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb 26,7 faiz olmuşdur. Qadınlar elm, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində çalışırlar. Kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarımızın xüsusi çəkisi artaraq 17 faiz təşkil edir. Artıq respublikanın əksər rayonlarının icra başçılarının müavinləri qadınlardır. Hazırda elmin müxtəlif sahələrində tədqiqat aparan və tanınmış elmi tədqiqat institutları tərəfindən dəstəklənən alim qadınlarımızın sayı da artmışdır. Hüquq-mühafizə orqanlarında çalışan qadınlarımız kişilərlə bərabər, ölkəmizin və Vətənimizin asayişini qoruyurlar.
- Bəs Azərbaycanda dövlət qadın siyasəti hansı səviyyədə həyata keçirilir?
- Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” və 2000-ci ildə “Azərbaycanda qadın siyasətinin həyata keçirilməsi” barədə sərəncamları ölkəmizdə ictimai həyatın müxtəlif sahələrində qadınlara kişilərlə bərabər işləmək üçün yeni imkanlar yaratmış oldu. Qeyd etmək yerinə düşər ki, qadınların ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı onların formalaşdığı sosial-psixoloji şəraitlə sıx bağlıdır. Hazırda Azərbaycanda qadınlara münasibətdə köhnəlmiş adətlərin, fikirlərin tarixin arxivinə verilməsi, onların siyasətdə fəal iştirakı üçün münbit şəraitin yaradılması, qanunvericilik aktlarında zəruri düzəlişlərin edilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri addımların atılması, seçkilərdə qadınların yüksək fəallıq göstərməsi Azərbaycanda qadınların siyasi cəhətdən formalaşmasına mühüm təsir göstərib ki, bunun nəticəsində respublikamız inkişaf etmiş bəzi ölkələrlə ön sıraları bölüşərək dünya sivilizasiyasına inteqrasiya yolunda inamla irəliləyir.
Milli və beynəlxalq hüquqi aktların Azərbaycanda daha effektiv həyata keçirilməsinin təmin olunması məqsədilə qəbul olunan dövlət proqramları ildən-ilə öz müsbət nəticələrini verib. Eləcə də, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyanın və Pekin Platformasının müddəalarına uyğun olaraq, 12 strateji istiqamət üzrə görülən işlərin nəticəsi olaraq bir sıra yeni qanunlar qəbul olunub. Mövcud qanunlara və məcəllələrə dəyişikliklər edilib. Qanunvericilik bazası təkmilləşdirilib, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Ailə Məcəlləsi və Mülki Məcəlləsində qadınların işləmək, iqtisadi, yaşamaq və mülkiyyət hüquqları öz əksini tapıb. Dövlət ailə, qadın və uşaq siyasətinin təkmilləşdirilməsinə, geniş və davamlı formada həyata keçirilməsinə xüsusi diqqət göstərən Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunu təsdiq etməklə, həm də cəmiyyətdə qadınlara bərabər imkanlar yaratdı. Onun 2010-cu ildə imzaladığı Fərmanla “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulu qadın məsələlərinin əhəmiyyətli olduğunun təzahürüdür. Bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələrdə, qəbul olunan dövlət proqramlarında gender komponentləri nəzərə alınır və əsas istiqamət kimi götürülür. Həmçinin, Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir.
- Müasir Azərbaycan ailəsinin inkişafında, eləcə də, milli-mənəvi dəyərlərin qorunmasında qadınların rolu nədən ibarətdir?
- Xalqımızın çox qədim tarixi olduğu qədər də, çox zəngin milli-mənəvi dəyərləri vardır. Həm ailədə, həm də cəmiyyətdə qadının üzərinə daha çox məsuliyyət düşür. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən-nəslə ötürən qadındır. Övladı ata-ana birgə tərbiyə etsə də, əsas təsir anadan gəlir. Ana övladına daha yaxın olur, onu daha yaxşı tanıyır. Qeyd edək ki, ata-ana uşaqları dünyaya göz açdığı gündən onları cəmiyyət üçün layiqli övaladlar kimi, əsl vətəndaş kimi böyütməyə çalışır və böyüdür də. Ailə münasibətlərinin düzgün qurulması, ailə funksiyasının müəyyənləşdirilməsi, ailə üzvləri arasında münasibətlərdə insan hüquqlarının qorunması, qadın və kişilərin hüquq və vəzifələri Azərbaycan Respublikası Konstitusiyasının bir çox maddələrində öz əksini tapmışdır. Bugünkü uşaqlar və gənclər müstəqil Azərbaycanın gələcəyidirlər. Gənclərin gələcəkdə layiqli ailə qurmaları üçün onlara sosial-iqtisadi, hüquqi, milli-mənəvi dəyərlərin aşılanması, onların fiziki cəhətdən sağlam, yaradıcı əməyə can atan insan kimi formalaşması, təhsil-tərbiyə məsələləri həm ananın, həm də atanın diqqət mərkəzində saxlanmalıdır. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Ailə qanunvericiliyi ailə hüquqlarının maneəsiz həyata keçirilməsi, bu hüquqların məhkəmədə müdafiəsi, ailənin möhkəmləndirilməsi probleminə ciddi diqqət və böyük qayğı göstərilməsi və bununla əlaqədar olaraq qadınların əmək və məişət şəraitinin əsaslı surətdə yaxşılaşdırılması, analıq borcunun yerinə yetirilməsi üçün onlara lazımi imkan yaradılması mühüm sosial vəzifələrdir.
Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də, ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin vəhdətində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır. Ölkədə aparılan bütün islahatların mərkəzində ailənin tamlığının, bütövlüyünün qorunub saxlanması durmalı, əsas məqsəd ailələrin sosial rifah tərzinin yaxşılaşdırılmasına yönəldilməli, ailə üzvlərinin hüquqları nəzərə alınmalıdır.
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir. Bu haqda sizin fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanımın milli-mənəvi dəyərlərimizin, folklorumuzun, milli musiqimizin-muğamın qorunması və dünya xalqlarına, dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı işləri xüsusilə qeyd etmək istərdim. Onun elm, təhsil, mədəniyyət xadimlərinə qayğı ilə yanaşması Mehriban xanımın yüksək ziyalılığı ilə xarakterizə oluna bilər. Talassemiyalı xəstələrin müalicəsi üçün atdığı qətiyyətli addımlar, idmançı qadınlarımızın yüksək zirvələri fəth etməsində fədakar əməyi, qaçqın və köçkün ailələrinin problemləri və onların həlli yolları ilə daim maraqlanması Mehriban xanımın şəxsiyyət saflığı və mənəvi zənginliyinin bariz ifadəsidir. Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti tək Azərbaycan çərçivəsinə sığmır, sərhədləri aşaraq Fransada, Rusiyada, Rumıniyada, Pakistanda, Polşada, Gürcüstanda alqışlanır və bu fəaliyyətinə görə həmin ölkələrin ali dövlət mükafatları ilə təltif edilir. Tolerantlığı, cəmiyyətdə dialoq və multikulturalizmi, insan hüquqlarının qorunmasını, cinslərarası diskriminasiyanın qarşısının alınmasını dəstəkləyən Mehriban xanımın təşəbbüsü ilə ölkəmiz neçə-neçə beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Yüksək amallar daşıyıcısı, ən nəcib insani keyfiyyətləri özündə ehtiva edən Mehriban xanım Əliyeva həm də Azərbaycan qadınlarını yüksək qiymətləndirərək Azərbaycan Respublikası qadınlarının III qurultayındakı (2009) çıxışında demişdir: “Tarix boyu Azərbaycanda mədəniyyətimizin, ana dilimizin, dinimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunub saxlanılmasında qadınlarımızın misilsiz xidməti olub. Azərbaycanda qadın, ana, uşaq hər zaman müqəddəs sayılıb. Azərbaycan qadınları uşaqlarını vətənpərvərlik, xeyirxahlıq, mərdlik, qonaqpərvərlik ruhunda tərbiyə edərək xalqımıza xas olan bu gözəl xüsusiyyətləri qoruyub saxlayıblar”.
- Aynur xanım, Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Əvvəlcə, çoxmissiyalı Heydər Əliyev Fondunun uğurla həyata keçirdiyi lahiyələr içərisində “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini xüsusilə qeyd etmək istərdim. Məhz bu fondun himayəsi ilə Azərbaycanda yüzlərlə məktəb tikilmiş, əsaslı təmir olunmuş, bərpa edilmişdir. Bunun nəticəsində minlərlə məktəblinin daha yaxşı təchiz olunmuş, səliqəli, təmiz və işıqlı sinif otaqlarında təhsil alması təmin olunmuşdur. Belə məktəblər ancaq mərkəzlərdə deyil, ucqar kəndlərdə də ucaldılmış, şagirdlərin daha rahat şəraitdə təhsil almasını stimullaşdırmışdır. İndiyə qədər də Heydər Əliyev Fondu tərəfindən bütün tələblərə cavab verən məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri aparılıb. Fondun təşkil etdiyi sonuncu tədbirdə isə məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti təhlil olunub, məktəbəqədər təhsil müəssisələrinin inkişafının sürətləndirilməsi qərarı qəbul olunub. Əlbəttə, bunu azərbaycanlı uşaqların, körpələrin hərtərəfli inkişafı üçün Fond tərəfindən atılan növbəti humanist addım, xeyirxahlıq missiyası adlandırmaq olar. Çünki uşaqlar nə qədər rahat, dinc şəraitdə böyüsələr, gələcəyimiz bir o qədər sağlam və möhkəm olar. Erkən yaşda uşağın hərtərəfli inkişafını təmin edən sosial mühitdə tərbiyəsi onun bir vətəndaş kimi formalaşmasını təmin edir. Məhz bu səbəbdən uşağın erkən dövrdə inkişafına yatırılan investisiya dövlətin gələcəkdə iqtisadi inkişafı baxımdan səmərəli hesab edilir. Bu layihə həm də əmək fəaliyyəti ilə məşğul olan valideynlərin uşaqlarının əlverişli mühitdə böyüməsi baxımından əhəmiyyətlidir.
Yeni Azərbaycan.-2014.- 7 mart.- S.4.