İstedadlı uşaqlar üçün
xüsusi inkişaf
proqramlarının hazırlanması
Təhsil sahəsində həyata keçirilən hər bir islahat, ilk növbədə, Azərbaycanın parlaq gələcəyinə hesablanıb
Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası və s. sahələri əhatə edir. Təbii ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan mütəmadi inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
Ölkəmizdə həyata keçirilən təhsil siyasətində dövlətimiz xüsusi qabiliyyəti, istedadı olan uşaq və gənclərə də böyük diqqət yetirir. Burada məqsəd belə insanların istedadlarını stimullaşdırmaq və ölkəmizin gələcək inkişafına yönəltməkdir. Təbii ki, bu istiqamətdə də müvafiq dövlət proqramları, tədbirlər planları həyata keçirilib. Bunların sırasında “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nı xatırlatmaq yerinə düşər. Qeyd edək ki, bu proqrama istedadlı uşaq və gənclərin inkişaf perspektivini müəyyənləşdirən sosial-psixoloji tədqiqatların aparılması, xüsusi istedadlı uşaqların üzə çıxarılması və onlarla işləmə mexanizminin formalaşdırılması, istedadlı uşaqların məlumat bankının, eləcə də milli reyestrin və internet portalın yaradılması, bu kateqoriyalı uşaqların oxuduğu təhsil müəssisələrinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və sair daxil idi. Proqramda, həmçinin, bu kateqoriyadan olan uşaqlar üçün yeni təhsil müəssisələrinin yaradılması və hazırkı müəssisələrin maddi-texniki bazasının təkmilləşdirilməsi nəzərdə tutulmuşdu. Artıq sözügedən proqram uğurla başa çatıb. Bununla belə, xüsusi istedadlı uşaq və gənclərlə bağlı işlər davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da istedadlı uşaqlarla bağlı xüsusi inkişaf proqramlarının hazırlanması məsələsi öz əksini tapır.
Ümumiyyətlə, xüsusi qabiliyyəti olan uşaqlarla işin reallaşdırılması mexanizmi çox əhəmiyyətlidir. Bu tipli proqramlar ümumtəhsil məktəblərindəki istedad və qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, şəxsiyyət kimi formalaşmalarına, düzgün peşə seçmələrinə şərait yaradır. Xüsusi qabiliyyətli uşaqlarla işin reallaşdırılması mexanizminin yaradılmasında əsasən aşağıdakılar nəzərə alınmalıdır: belə uşaqların axtarışı, uşaqların yaradıcılıq tələbatlarının təminatının təşkili, şagirdlərin öz qabiliyyətlərini reallaşdırması, ümumi akademik müvəffəqiyyət, şagirdin xüsusi maraq və meyillərinin aşkar edilməsi, müsabiqələr, olimpiadalar və s. Nəzərə alınmalıdır ki, düşünmək və yaratmaq qabiliyyəti hər bir insanın yaradılarkən aldığı ən qiymətli nemətdir. Bioloq-alimlər təsdiq edirlər ki, hər bir uşaq təbiətin təkrarolunmaz yeni eksperimentidir. Xüsusi qabiliyyətin hər bir fərddə özünəməxsus şəkildə təzahür etməsinə baxmayaraq, elə xüsusiyyətlər var ki, onlar bu və ya digər dərəcədə bütün istedadlı uşaqlarda, insanlarda mütləq olur. Xüsusi qabiliyyətin əsas əlaməti təxəyyül sferasına aiddir.
Həqiqi yaradıcı insanın ən vacib keyfiyyətlərindən biri də onun problemə yüksək həssaslığı, digərləri üçün sanki aydın olanları tam görmək qabiliyyətidir. Problemə yüksək həssaslıq təlimin xarakteri ilə əlaqədardır. Sərbəst tədqiqat işlərinə istiqamətləndirilmiş təlim bu qabiliyyəti inkişaf etdirir. Yaradıcılığın əsası - təfəkkürdə tamlıq, başqa sözlə, fəaliyyətin yeni strategiyasının tez və asan tapılması, assosiativ əlaqənin qurulması, bir sinif hadisədən məzmunca ondan çox uzaq olan digər qrup hadisələrə keçmək bacarığıdır. Xüsusi qabiliyyətin başqa bir tərəfi çoxlu sayda yeni ideyaların verilməsi, yəni təfəkkürün məhsuldarlığıdır. İdeya çox olduqca, müqayisə, inkişaf, dərinləşdirmə üçün optimal seçim imkanı da böyük olur. İstedadlı insanlara xas olan əsas keyfiyyətlərdən biri də mütəxəssislərin qeyd etdiyi kimi əla yaddaşdır. Xüsusi qabiliyyətli insanların yaradıcılıq fəaliyyətinin bu xüsusiyyətlərindən başqa, həm də onların şəxsi xarakterləri və ətraf mühitlə qarşılıqlı münasibətlərinin üsulları fərqlidir. Məsələn, onlar hər işi ən yaxşı tərzdə yerinə yetirir və ən az əhəmiyyətli detallara belə əhəmiyyət verirlər. İstedadlı uşaqların sırasına yüksək intellektli, yüksək səviyyəli yaradıcılıq qabiliyyətli, müəyyən sahə üzrə nailiyyətlər qazanan və yaxşı oxuyan uşaqları daxil etmək olar.
Xüsusi qabiliyyətli və istedadlı uşaq o uşaqlara demək olar ki, təcrübəli mütəxəssislərin qiymətləndirilməsinə görə, bir və ya bir neçə fəaliyyət sahəsində - intellektual, akademik, yaradıcı, ünsiyyət və liderlik, incəsənət və idmanda yüksək fəaliyyət nümayiş etdirsin. Beləliklə, xüsusi qabiliyyətin tərifində inkişaf və yaradıcılıq qabiliyyəti üstün rol oynayır. Belə uşaqların əsas fərqləndirici xüsusiyyəti ondadır ki, onların düşünmə tərzi heç kimə oxşar olmayan, qeyri-standart və orijinal olur. Bu tipli uşaqların aşkar edilməsi məktəb həyatının ən vacib proseslərindən biridir. Uşağın xüsusi qabiliyyəti onun inkişafının daha sonrakı mərhələlərində də aşkar oluna bilər. İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafı xüsusi yaradıcı proqram və tədris materiallarının işlənib hazırlanmasını və reallaşdırılmasını tələb edir. Xüsusi qabiliyyətlilərin təliminə tipik yanaşma məktəb tədris proqramının sürətlə və dərindən öyrənilməsinin təşkilidir. Yaradıcılığa tələbat xüsusi qabiliyyətin reallaşdırılması üçün həm də intellektual səviyyənin yüksəldilməsini tələb edir. Hazırda xüsusi qabiliyyətli uşaqların yaradıcılığı, ünsiyyət bacarığı, liderliyin formalaşdırılması və digər şəxsi keyfiyyətlərinin inkişafı üçün xüsusi təlim proqramları hazırlanmalıdır. İstedadlı uşaqlarla iş zamanı təlimin dialoq formasından istifadə etmək məqsədəuyğundur. Artıq bütün bunlarla bağlı müvafiq addımlar atılmaqdadır.
Beləliklə, qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır. Öz növbəsində ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Daha dəqiq desək, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.
Təhsil Nazirliyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkə təhsilinin strateji hədəflərindən biri kimi gənclərin potensialını inkişaf etdirməyi nəzərdə tutur. Nazirlik tərəfindən “SABAH” qruplarının yaradılması istedadların üzə çıxarılması prosesində bir yenilik olduğunu təsdiqləyir. “SABAH” qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunacaq. Qəbul olunmuş qərara əsasən, qruplar Təhsil Nazirliyinin tabeliyində olan 20 ali təhsil müəssisəsindən 15-nin bazasında yaradılır və həmin ali məktəblərin 8 ixtisas qrupunun 5-i üzrə, ümumilikdə, 15 minə yaxın tələbəni əhatə etməlidir. “SABAH” qruplarına tələbələr Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə əyani şöbənin birinci kursunu müvəffəqiyyətlə bitirənlərin arasından seçiləcək. Elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə “SABAH” qruplarına seçilmiş tələbələrin ikinci kursdan təhsilini davam etdirmələri nəzərdə tutulur.
Xatırladaq ki, artıq fevralın 13-də Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimatı olub. Təqdimat mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov “SABAH” qruplarının yaradılması zərurəti, onun fəlsəfəsi, məqsədi barədə fikirlərini açıqlayıb. Nazir bildirib ki, qloballaşan dünyada yeni biliklərə və texnologiyalara yiyələnməkdə xarici dillərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir və “SABAH” qruplarında bu məsələlərə də xüsusi diqqət veriləcək. O, vurğulayıb ki, daha savadlı, bacarıqlı hər bir azərbaycanlı tələbəsinə “SABAH” qrupları açıq olacaq: “Qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Onların intellektual və yaradıcılıq potensialının inkişafı, elm, təhsil və yeni texnologiyalara marağının artması da bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini aktuallaşdırıb. Müasir dövrdə gənc alim və mütəxəssislərin fəaliyyət sahələrində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqi tələb olunur. Bu məqsədlərə nail olmaq üçün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğun mütəxəssis hazırlığının təmin olunması əsas vəzifələrdəndir”.
Həmçinin, təhsildə dünya təcrübələrindən bəhrələnməyin faydalı olduğunu xatırladan nazir, “SABAH” qruplarında müvafiq sahənin inkişafı üçün səmərəli olan təcrübələrin tətbiq olunacağını da diqqətə çatdırıb.
Bir sözlə, vurğulamaq lazımdır ki, ölkəmizdə mövcud intellektual potensialın zənginləşdirilməsi, kadr hazırlığı istiqamətində atılan addımlardan biri də gənclərin xarici ölkələrdə təhsil almasının təşkilidir. Bu istiqamətdə də uğurlu siyasət həyata keçirilir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 7 mart.- S.5.