Azərbaycan-Çexiya əlaqələri
dinamik inkişaf edir
İki ölkə arasında əldə olunmuş razılaşmalar münasibətlərin gələcəkdə daha sürətli templə inkişafına zəmin yaradır
Xəbər verildiyi kimi, martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Vitezslav Pivonka ilə görüşüb. Görüşdə Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda parlamentlərarası əlaqələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd edilib.
Görüş zamanı Elmar Məmmədyarov Vitezslav Pivonkanı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Öz növbəsində, etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edən səfir Vitezslav Pivonka fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycanın dinc və mehriban tərəfdaşlıq münasibətlərinə əsaslanan xarici siyasət xəttində dünyanın bütün dövlətləri ilə sıx əməkdaşlığı mühüm yer tutur. Belə dövlətlərdən biri də Çexiyadır. Rəsmi Bakı Mərkəzi-Şərqi Avropa ölkəsi olan Çexiya ilə qarşılıqlı faydalı əlaqələrin yüksələn xətlə inkişafında maraqlıdır. Bu maraq, eyni zamanda, hər 2 ölkənin iqtisadi sahədə keçid dövrünü sürətlə başa vuraraq demokratikləşmə, sosial-iqtisadi inkişaf, habelə Avroatlantik strukturlara inteqrasiya sahəsində mühüm uğurlar qazanması ilə şərtlənir. Çexiyanın Mərkəzi və Şərqi Avropanın keçmiş sosialist ölkələri arasında ən sürətlə inkişaf edənlərdən biri olması bu əməkdaşlığın daha da genişlənməsinə müsbət impulslar verib. Təbii ki, Çexiya hökumətini və iş adamlarını ölkəmizlə əməkdaşlığa sövq edən vacib səbəblərdən biri, həm də Azərbaycanın iqtisadiyyatının yüksək sürətlə inkişaf etməsidir.
Ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə təkan verən digər mühüm amil isə Çexiyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. 1992-ci ilin 8 yanvarında belə bir mühüm qərar qəbul edən rəsmi Praqa respublikamızın müstəqilliyinin möhkəmlənməsinə töhfə verməklə yanaşı, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa yüksək marağını nümayiş etdirib. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 29 yanvar 1993-cü il tarixdə qurulub, sonrakı illərdə bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaradılıb. Azərbaycanın Milli Məclisi 2005-ci il 11 mart tarixində Çexiyada ölkəmizin səfirliyinin təsis olunmasına dair qanun qəbul edib. Azərbaycanın bu ölkədəki səfirliyinin açılış mərasimi 2007-ci il avqustun 15-də baş tutub. Çexiyanın ölkəmizdəki səfirliyi isə 2009-cu il dekabrın 1-də təsis edilib.
Azərbaycan Respublikasının Milli Məclisində 2011-ci il 8 aprel tarixində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Çexiya Respublikası Parlamentinin aşağı palatası olan Deputatlar Palatasında 2011-ci il 19 iyul tarixində Çexiya-Azərbaycan Parlamentlərarası dostluq qrupu təsis edilib. Çexiya Respublikası Parlamentinin yuxarı palatası olan Senatda 2012-ci il 24 may tarixində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb. Sözügedən qrup Deputatlar Palatasında fəaliyyət göstərən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun tərkib hissəsidir.
Azərbaycanla Çexiya ikitərəfli münasibətlərlə yanaşı, Avropa məsələləri, xüsusilə, “Şərq Tərəfdaşlığı” sahəsində qarşılıqlı faydalı əməkdaşlıq aparmaq potensialına malikdirlər. İki ölkə arasında müxtəlif sahələr üzrə 23 sənəd imzalanıb.
Azərbaycan ilə Çexiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər mütəmadi xarakter daşıyır. Məhz son dövrlərdə 2 ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin intensivliyinin artması əlaqələrə dinamiklik gətirib. Qeyd edək ki, dövlət başçıları səviyyəsində, 2002-ci ilin noyabrında Ümummilli lider Heydər Əliyevin NATO-nun Praqadakı sammitində iştirak etmək məqsədilə Çexiyaya ilk səfəri gerçəkləşib. Ulu öndər Heydər Əliyevin bu səfəri və dost ölkə rəsmiləri ilə keçirdiyi görüşlər münasibətlərdə dinamizmin artmasına səbəb olub. Ulu öndərin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Çexiya ilə münasibətlərə önəm verir. 2009-cu ilin mayında Prezident İlham Əliyev “Şərq Tərəfdaşlığı” və enerji sammitlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Bundan 2 il sonra Çexiya Respublikasının o zamankı Prezidenti Vatslav Klausun ölkəmizə rəsmi səfəri gerçəkləşib. Vatslav Klausun Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında genişmiqyaslı əməkdaşlıq üçün ciddi potensialın mövcudluğunu təsdiqləməklə yanaşı, mövcud əlaqələrin dərinləşdirilməsi məqsədinə xidmət edən bir sıra praktik addımlarla yadda qalıb. Səfər çərçivəsində əldə olunan bir sıra razılaşmalar bunun əyani təzahürüdür. Prezident İlham Əliyev Bakıda çexiyalı həmkarı ilə keçirdiyi görüşlərdə 2 ölkənin hərtərəfli əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğunu bir daha bəyan edib. Dövlət başçısı əmin olduğunu bildirib ki, Çexiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bu baxımdan uğurlu nəticələrə səbəb olacaq: “Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət veririk. Əlaqələrimiz çox uğurla inkişaf edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin bir çox səfərləri həyata keçirilmişdir. Əlbəttə ki, cənab Prezidentin rəsmi səfəri münasibətlərimizin ən vacib məqamıdır. Əminəm ki, səfər əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni və enerji sahələrində olduqca fəal şəkildə inkişafı ilə nəticələnəcəkdir. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir. Ümid edirik ki, səfər nəticəsində ölkələrimizin işgüzar dairələri bir yerə toplaşacaqlar və birgə biznes aparmaq imkanlarını araşdıracaqlar”.
2012-ci il aprelin 5-də isə Prezident İlham Əliyevin Çexiyaya səfəri baş tutub. Praqada Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının o vaxtkı Prezidenti Vatslav Klausun birgə mətbuat konfransı olub. Prezident İlham Əliyevin Praqaya səfərinin əlaqələrin bundan sonra da inkişafına təkan verəcəyinə əminliyini ifadə edən Çexiya Prezidenti Vatslav Klaus bildirib ki, Çexiya Respublikası olaraq Azərbaycanın Avropa məkanına inteqrasiya planlarını alqışlayır: “Bu baxımdan, xüsusilə də, Avropa ilə münasibətlərdə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində biz dəstəyimizi verəcəyik və bundan sonra da əlimizdən gələni etməyə hazırıq”.
Eyni zamanda, həmkarı Vatslav Klausa minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin getdikcə genişləndiyini diqqətə çatdırıb: “Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur. Keçən illə müqayisədə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Bu gün imzalanan sənədlər mədəniyyət və turizm sektorunu əhatə edir və beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir”.
İki ölkə əlaqələrinin inkişaf perspektivlərinə təkan verən addımlardan biri kimi dəyərləndirilən Praqa görüşü çərçivəsində ölkələr arasında “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Çexiya Respublikası Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsinin prezidenti Milan Holeçek, “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula imzalayıblar.
2009-cu il 24 iyul tarixində Prezident İlham Əliyev Çexiyanın maliyyə naziri Eduard Yanotanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycan-Çexiya münasibətlərinin son vaxtlar dinamik inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin 2 ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Dövlətimizin başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu söyləyib, eyni zamanda, iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Dövlət başçısı İlham Əliyev Çexiyanın maliyyə nazirinin Azərbaycana bu səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Öz növbəsində, Eduard Yanota ölkəsinin Azərbaycanla münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, Çexiya ilə Azərbaycan arasında iqtisadi sahədə, o cümlədən, maliyyə sektorunda əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu söyləyib. O bildirib ki, Bakıya səfərinin əsas məqsədlərindən biri bu sahədə əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparmaqdır.
Azərbaycanla Çexiya arasında münasibətlər həm də qeyri-hökumət təşkilatları, eləcə də, ayrı-ayrı biznes strukturları səviyyəsində dəstəklənir. 2009-cu il 13-14 fevral tarixlərində Çexiyanın baş naziri M.Topolanekin, 23-25 sentyabr 2009-cu il tarixlərində isə, bu ölkənin Parlament Senatının sədri P.Sobotkanın Bakıya işgüzar səfəri baş tutub.
2013-cü il 17 aprel tarixində isə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiya parlamenti Deputatlar Palatasının Xarici əlaqələr komitəsi sədrinin müavini Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən nazir iki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə, xüsusilə turizm, mədəniyyət, enerji, infrastruktur kimi sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb. Nazir parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək, Çexiya-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin və xüsusilə də bu səfərin bütövlükdə 2 ölkə arasındakı münasibətlərin genişlənməsinə töhfəsini verəcəyini diqqətə çatdırıb. Görüş zamanı, həmçinin, regional məsələlər, Azərbaycan-Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” proqramı ətrafında da fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini söyləyib və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çexiyaya təşəkkürünü bildirib.
Yan Hamaçek ölkəmizə səfər etməkdən məmnun olduqlarını və Azərbaycanın iqtisadi inkişaf sürətindən təsirləndiyini deyib.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan-Çexiya əlaqələri qarşılıqlı maraqlara söykənir. Azərbaycan Çexiya üçün hazırda iqtisadi baxımdan inkişaf edən, böyük həcmdə ümumi daxili məhsula malik, karbohidrogenlə zəngin ölkədir. Bu baxımdan, Çexiya respublikamızla, ilk növbədə, energetika sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan yalnız neft istehsalçısı deyil, həm də tranzit ölkə kimi Çexiya üçün əhəmiyyətlidir. Çexiya Respublikasının idxal etdiyi neftin 25 faizi məhz Azərbaycan Respublikasının neftidir.
Həmçinin, Çexiyanın ticarət tərəfdaşları arasında Azərbaycan böyük potensiala malikdir. İki ölkə arasında ticarət dövriyyəsi də hər il böyük həcmdə artır. İllik 1,5 milyard ABŞ dolları məbləğində ticarət dövriyyəsi Azərbaycanı Çexiyanın ixrac strategiyasında maraqlı ölkəyə çevirib. Bu məbləğin təqribən 1,3 milyard dolları enerji sektoru məhsullarının - neft məhsulları və digərlərinin payına düşür. Qarşıya qoyulan məqsədlərdən biri də Azərbaycandan Çexiyaya qeyri-enerji sektoru məhsullarının ixracını genişləndirməkdir. Artıq çoxsaylı ikitərəfli layihələr həyata keçirilir və bir çox yeni layihələrlə bağlı müzakirələr aparılır. Azərbaycan ilə Çexiya emal sənayesi, infrastruktur, tibbi avadanlıq və müdafiə sənayesi sahələrində də əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələr “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası Vergilər Nazirliyi və Çexiya Respublikası Maliyyə Nazirliyi arasında Vergi Administrasiyasının fəaliyyəti sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Çexiya Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” əsas saziş və müqavilələrlə tənzimlənir.
14-15 noyabr 2011-ci il tarixlərində Praqada iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın ilk iclası keçirilib.
Eyni zamanda, Azərbaycanla Çexiya arasında humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir. 2007-ci il 20-29 iyul tarixlərində Çexiyanın Uherske Hradişte şəhərində 33-cü Yay Film məktəbi keçirilib. Tədbirdə Qafqaz filmi günləri çərçivəsində “Şərikli çörək”, “Özgə həyat”, “Nəsimi”, “Ailə”, “Xram Vozduxa”, “Üç qız”, “Neft” və s. filmlər nümayiş etdirilib. 2009-cu il 23 sentyabr tarixində Bakıda keçirilmiş “Şərq-Qərb” beynəlxalq film festivalında çex rejissoru, “Oskar” mükafatçısı Y.Sverak iştirak edib. Tədbirdə Çexiyanın Moraviya folklor musiqi ansamblı çıxış edib. 2012-ci il 30 may tarixində Praqa Qalasında azərbaycanlı cazmen Şahin Növrəslinin kvartet konserti keçirilib.
Bundan başqa, “Çexiyanın ümumi ali təhsil ocaqlarında xarici tələbələr üçün təqaüd yerlərinin açılması haqqında” Çexiya Respublikası Hökumətinin 27 iyun 2011-ci il tarixli qərarına əsasən ölkəmiz üçün energetika, nəqliyyat, kənd təsərrüfatı, iqtisadiyyat və ya tibb təhsil proqramında bakalavr, magistr elmi dərəcəsinin alınması üçün 1 yer açılıb.
Azərbaycan və Çexiya arasında ikitərəfli əlaqələrin sürətli inkişafına əsaslı təkan verən mühüm təsir amillərindən biri də hər iki dövlətin mövqelərinin beynəlxalq və regional məsələlərdə üst-üstə düşməsidir. Çexiya Azərbaycanın Trans-Qafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmini baxımından əlverişli geosiyasi məkanda yerləşir. Azərbaycanın malik olduğu zəngin neft-qaz ehtiyatları isə Çexiya Respublikasının enerji təhlükəsizliyində, habelə tranzit-kommunikasiya əhəmiyyətinin artmasında mühüm rola malikdir. Beləliklə də, enerji təhlükəsizliyi məsələlərinin gündəmə gəldiyi bir zamanda rəsmi Praqa Azərbaycanın bilavasitə iştirakı ilə gerçəkləşəcək strateji əhəmiyyətli enerji layihələrində iştiraka xüsusi maraq göstərir. Rəsmi Praqa respublikamızın zəngin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına ixracı prosesində fəal iştirakçı olmaq arzusunu gizlətmir və konkret təkliflərlə çıxış edir.
Heç şübhəsiz, Azərbaycan üçün ölkələrlə münasibətdə ən vacib məsələlərdən biri həmin dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyidir. Prezident İlham Əliyevlə Çexiyanın keçmiş Prezidenti Vatslav Klausun sözügedən mətbuat konfransında (2012-ci il aprelin 5-i) məsələ ilə bağlı suala cavabında bu münaqişənin iki ölkə münasibətlərində diqqət mərkəzində olduğunu bildirib: “Mən Azərbaycanın mövqeyini yaxşı anlayıram. Təbii ki, mən də tam və qəti olaraq heç cür razılaşa bilməzdim ki, ölkəmin bir hissəsi işğal altında olsun. Amma əfsuslar olsun ki, bu vəziyyətin məhz nizamlanması ilə bağlı mənim hər hansı bir xüsusi, möcüzəli həll variantım yoxdur, təklif edə bilmərəm”.
Əlavə edək ki, Çexiya Avropa İttifaqına (Aİ) üzv ölkə olaraq Azərbaycanın qurumla əlaqələrini dəstəkləyir. Bu barədə Vatslav Klaus bəyan edib ki, Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı müsbət bir layihədir və ölkəsi həmin layihənin yaradıcılarından biridir. Eyni zamanda, Çexiya tərəfi Azərbaycanın həmin proqram çərçivəsində iştirakını geniş şəkildə müzakirə edib və Azərbaycanla aparılan əməkdaşlığa müsbət yanaşır. Onun sözlərinə görə, ölkəsi Azərbaycanın bu sahədə mövqeyini bilir və bu tərəfdaşlıq Azərbaycanın mövqeyi, maraqları ilə də üst-üstə düşür. Vatslav Klaus Azərbaycanın bu istiqamətdə qəti addımlarını sonadək davam etdirəcəyinə əminliyini ifadə edib.
Bir məqamı da xatırladaq ki, 2013-cü ilin əvvəlində Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqin söylədiyi qərəzli fikirlər Azərbaycanda ictimaiyyətin, həmçinin, ölkə rəhbərliyinin narazılığına səbəb olmuşdu. Bu ilin yayında Çexiya Respublikasının Prezidenti Miloş Zeman AzərTAc-a müsahibəsində bu məsələyə münasibətini bildirərək Karel Şvartsenberqin bəyanatlarını yersiz adlandırmışdı. Eyni zamnada, Miloş Zeman məsələ ilə əlaqədar Çexiya-Azərbaycan münasibətlərinə xələl gəlməyəcəyinə ümid etdiyini bildirmişdi: “Əks halda bu, çox böyük təəssüf doğuracaqdır. Paytaxtlarımızda ölkələrimizin səfirlikləri açılandan sonra münasibətlərimizin inkişafı üçün çox iş görülmüşdür. Azərbaycan dünyanın bu dəyişkən hissəsində daha çox ehtiyac duyulan strateji müttəfiqdir”.
Ümumilikdə, qeyd olunanlar deməyə əsas verir ki, Azərbaycanı Cənubi Qafqaz regionunun mühüm ölkəsi sayan rəsmi Praqa onunla hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir. Başqa sözlə, Çexiya Mərkəzi-Şərqi Avropada Azərbaycanın yaxın tərəfdaşlarından biridir. Eyni zamanda, hər iki ölkənin rəhbərliyi siyasi iradə nümayiş etdirərək əməkdaşlıq üçün mövcud potensialın açılmasına xidmət edən kompleks tədbirlər həyata keçirir. Əldə olunmuş razılaşmalar isə münasibətlərin bundan sonrakı mərhələdə daha sürətli templə inkişafına yaxşı imkanlar yaradır.
Azərbaycan Çexiya üçün hazırda iqtisadi baxımdan inkişaf edən, böyük həcmdə ümumi daxili məhsula malik, karbohidrogenlə zəngin ölkədir. Çexiya respublikamızla, ilk növbədə isə energetika sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan yalnız neft istehsalçısı deyil, həm də tranzit ölkə kimi Çexiya üçün əhəmiyyətlidir.
Sevinc NURİYEVA
Yeni Azərbaycan.-2014.- 7 mart.- S.8.