Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin müasirləşdirilməsi, təlim-tədris prosesində yeni texnologiyaların istifadəsi yönündə məqsədyönlü aparılır

Məlum olduğu kimi, Azərbaycanda sosial-iqtisadi sahələrdə modernləşmə, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yerli standartların beynəlxalq səviyyəyə yüksəldilməsi tədbirləri həyata keçirilir. Şübhəsiz, innovasiyaların geniş tətbiqi təhsil sahəsindən də yan keçmir.

TƏHSİLDƏ MODERNLƏŞMƏ SİYASƏTİ

Bildiyimiz kimi, gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində, cəmiyyətdə özünə layiqli yer tutmasında keyfiyyətli təhsilin rolu həlledicidir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsi olaraq, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.

Dünya təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.

Bu baxımdan, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının məqsədlərindən biri də ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması baxımından bir sıra əhəmiyyətli məsələlər nəzərdə tutulub. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyətində dərslik siyasətinin prioritet istiqamətlərdən biri olduğunu deməyə əsas verir. Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi islahatların səmərəliliyinin artırılmasında yeni yaradılmış Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin üzərinə mühüm vəzifələr düşür.

İNNOVASİYALARIN TƏTBİQİ SAHƏSİNDƏ ƏMƏLİ ADDIMLAR

Qeyd olunduğu kimi, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş müəllimin fəaliyyətini şərtləndirən əsas amillərdir. İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir.

Məlumdur ki, Azərbaycan təhsilində müasir texnologiyaların istifadəsinin genişləndirilməsi məsələsi bu sahədə həyata keçirilən islahatların mərkəzində dayanır. Son 9 ildə İKT sahəsində icra olunmuş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində respublikanın əksər ümumtəhsil məktəbləri, texniki peşə müəssisələri, dövlət orta ixtisas təhsili müəssisələri və bütün ali məktəblər kompüter avadanlığı ilə təmin olunub. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə “1 şagird : 1 kompüter” layihəsinin sınaqdan keçirilməsi üçün bir sıra pilot məktəblər seçilib. Layihəyə 15 pilot məktəb (Bakıda 12 məktəb, Sumqayıtda 2 məktəb və Xaçmazda 1 məktəb) cəlb edilib. Bu məktəblərə ümumilikdə 2000-dən çox netbuk paylanılıb və məktəblərdə simsiz internetlə təmin edilib.

Cari ilin əvvəlində akademik Zərifə Əliyeva adına liseydə “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağı istifadəyə verilib.

Sadalananlar təsdiq edir ki, təhsil müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun inkişaf etdirilməsi prioritet məsələlərindəndir. Bu baxımdan, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin İnternetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter-planşetlə təmin olunmasının nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir.

Daha bir diqqəti çəkən məqam, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədi ilə 2008-ci ildən etibarən “Elektron Məktəb” layihəsinin həyata keçirilməsidir. Hazırda, 50 təhsil müəssisəsi layihəyə cəlb edilib ki, onların da 43-ü orta ümumtəhsil məktəbləridir. “Elektron Məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardanvalideyn nəzarət sistemindən istifadə olunur. Bu vasitələrlə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elektron jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS vasitəsilə izləyə bilir.

Sözsüz ki, həyata keçirilən tədbirlər məktəblərin kompüterləşməsi sahəsində böyük irəliləyişlərə gətirib çıxarıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda, Azərbaycanda hər 25 şagirdə orta hesabla bir kompüter düşür. Halbuki, 7 il əvvəl 101 şagirdə bir kompüter düşürdü. Həmçinin, ötən ilin sentyabr ayında dövlət əyani ümumi təhsil müəssisələrində keçirilmiş statistik müayinənin nəticələrinə əsasən, məktəblərin 88,3 faizi, o cümlədən, şəhər yerlərində 97,4 faizi, kənd yerlərində isə 85 faizi kompüterlə təmin olunub. 2012-ci illə müqayisədə kompüterlərin sayı 5,8 min ədəd və ya 12,6 faiz artaraq 51,6 minə çatıb. Cari tədris ilinin əvvəlinə 79,9 faiz şəhər, 37,1 faiz kənd ümumi təhsil müəssisələrinin internetə çıxışı, 36,1 faiz şəhər, 6,3 faiz kənd ümumi təhsil müəssisələrinin isə elektron poçtu olub.

Təhsildə müasir texnologiyaların tətbiqi sahəsində Təhsil Nazirliyi bir sıra xarici şirkətlərlə əməkdaşlıq şəraitində də işlər görür. Məsələn, ötən ilin sonlarında 132-134 nömrəli təhsil kompleksində Təhsil Nazirliyi və Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin dəstəyi ilə “Samsung Smart School” proqramı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş sinif istifadəyə verilib. Yaradılmış xüsusi sinif 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatı ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə və printerlə təchiz olunub.

Həmçinin, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycanın Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi və 2014-2016-cı illəri əhatə edən “Azərbaycan Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması və müəllimlərin səriştəsinin artırılması” layihəsini də qeyd etmək lazımdır. Layihənin məqsədləri müəllimlərin təlimi üçün onlayn “E-tədris” sisteminin yaradılması ilə müəllimlərin potensialının və təhsilin keyfiyyətinin artırılması, rəsmi sənədlərin idarə olunması strukturunun kompüterləşdirilməsi ilə idarəçiliyin səmərəliliyinin və vətəndaşların Nazirliyin administrasiyasından məmnunluq səviyyəsinin yüksəldilməsi, eyni zamanda, Koreya texnologiyasının “nou-hausuinkişaf təcrübəsinin bölüşdürülməsi ilə Azərbaycan müəllimləri və dövlət rəsmilərinin insan qaynaqlarına töhfə verməkdir.

Ümumiyyətlə, Azərbaycanda müəllimlərin, təlim-tədris işçilərinin kompüter biliklərinə yiyələnməsinə böyük önəm verilir. Belə ki, artıq ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçmiş pedaqoji kadrların sayı ölkə üzrə 100 min nəfərdən çoxdur.

Sadalananlar isə Prezident İlham Əliyevin Azərbaycanda təhsilin müasirləşdirilməsi, təlim-tədris prosesində yeni texnologiyaların istifadəsi yönündə məqsədyönlü siyasətindən xəbər verir. Qeyd edək ki, son dövrlərdə Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlar bu istiqamətdə böyük irəliləyişin göstəricisidir.

Təqdirəlayiq haldır ki, təhsil sahəsində aparılan islahatlar ardıcıl xarakter daşıyır. Prezident İlham Əliyevin də çıxışlarından birində söylədiyi kimi, təhsil sahəsində aparılan islahatlar Azərbaycanın uzunmüddətli inkişafına hesablanıb: Bizim üstünlüyümüz ondan ibarətdir ki, təbii sərvətlərimiz də varbiz təbii sərvətlərin işlənməsindən əldə edilmiş gəlirləri insan kapitalına, o cümlədən, təhsil sahəsində aparılan islahatlara yönəldirik. Ancaq biz elə etməliyik ki, gələcəkdə ölkəmizin uğurlu və uzunmüddətli inkişafını elm, biliklər, texnologiyalar müəyyən etsin”.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 8 mart.- S.8.