Regionların inkişafı bütövlükdə respublikanın ümumi inkişaf göstəricilərinə təsir edən mühüm faktordur

 

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP-ın Regional inkişafyerli özünüidarə komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadədir

 

- Arif müəllim, bildiyimiz kimi bu yaxınlarda «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018) Dövlət Proqramı» təsdiq olunub. Bu proqram əhəmiyyəti nədən ibarətdir?

- Respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki inkişaf mərhələsinə çatmasının başlıca məntiqi elmi-iqtisadi məzmunu Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilənyeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platformainkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konsepsiyasını təşkil edib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008 və 2009-2013-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bölgələrin sosial-iqtisadi inkişafına yönəldilmiş siyasət neftdən əldə edilmiş gəlirlərin səmərəli istifadəsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından həlledici əhəmiyyət kəsb edir. Ötən 10 ildə neftdən əldə edilən gəlirlərdən regionlarda həyata keçirilən layihələrə hər il milyardlarla manat vəsait ayrılıb. Bu investisiyalar bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən vacib şərti - infrastrukturun yenidən qurulması ilə yanaşı, hər bir bölgənin ümumi inkişafını təmin edib. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində 1,2 milyondan çox yeni yeri yaradılıb. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bölgələrdə yeni yerlərinin açılması və işsizlik probleminin demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.

Ümumiyyətlə, regionların inkişafı proqramı çox gözəl ideyaya əsaslanır. Bu da ondan ibarətdir ki, Azərbaycanın bütün bölgələri inkişaf etsin. Həmin proqramların icrası nəticəsində Azərbaycanda faktiki olaraq mədəni və iqtisadi mərkəzlər yaranıb. Naxçıvan, Qəbələ, Abşeronbaşqa bölgələri buna nümunə göstərmək olar. Bu proqramlar sayəsində insanların rifah halı da çox yüksəlib. Növbəti proqram da bu işlərin davamı və daha yüksək səviyyəyə çatdırılması deməkdir. Hesab edirəm ki, üçüncü dövlət proqramı da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı inkişaf siyasətinin yeni mərhələsi kimi qiymətləndirilməlidir.

- Arif müəllim, YAP İdarə Heyətinin qərarı ilə partiyanın müvafiq komissiyaları yaradılıb. Sizcə, bu komissiyiların fəaliyyəti nə kimi yenilikləri özündə əks etdirəcək?

- YAP İdarə Heyətinin keçirilən iclasında müxtəlif sahələrlə əlaqədar komissiyalar yaradılması haqqında qərar qəbul olundu. Partiyamızın müvafiq komissiyalarının yaradılması çox müsbət haldır. Bu komissiyaların yaradılması insanları maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli bir addımdır. Komissiyaların yaradılması ciddi bir yenilikdirbiz bu yenilikdən səmərəli istifadə edəcəyik. Bunun üçün partiyamızın böyük potensialı var. Artıq komissiyaların iclasları keçirilir və fəaliyyətləri ilə bağlı qərarlar qəbul edirlər.

- Bugünlərdə Sizin rəhbərlik etdiyiniz Regional inkişafyerli özünüidarə komissiyasının ilk iclası keçirildi. İclasda komissiyanın gələcək fəaliyyəti ilə bağlı hansı qərarlar qəbul olundu?

- Martın 7-də YAP-ın Regional inkişafyerli özünüidarə komissiyasının iclası keçirildi. İclasda komissiyanın 2014-cü il üçün planı geniş şəkildə müzakirə olundu. Qeyd edim ki, komissiyamız il ərzində aidiyyəti üzrə bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur. Belə ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə əlaqədar mənzil fondunun idarə edilməsi problemləri”, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2018) ilə əlaqədar yerli orqanların fəaliyyəti”, “Bələdiyyə seçkiləri və qarşıda duran vəzifələr”, “Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin fəaliyyəti” və “Ətraf mühitin qorunması sahəsində yerli orqanların fəaliyyəti” mövzularında tədbirlərin keçirilməsi nəzərdə tutulur. İclasda komissiyanın üzvləri planı haqqında fikirlərini bildirdilər, öz təkliflərini irəli sürdülər. Hesab edirəm ki, keçirəcəyimiz tədbirlər müəyyən məsələlərin müzakirəsi və həlli baxımından faydalı olacaq.

- Fəaliyyətinizin mühüm bir hissəsi bələdiyyələrin qanunvericiliyi ilə bağlıdır. Cəmiyyətimizdə yerli özünüidarəetmə orqanları ilə bağlı müxtəlif fikirlər səslənir. Sizcə, son illər bələdiyyələrin işində ciddi inkişaf, yeniliklər müşahidə olunurmu?

- Əvvəlki illərlə müqayisə etsək, əlbəttə, bələdiyyələrin fəaliyyətində müsbət dönüş çoxdur. Xüsusilə, bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildikdən sonra ciddi irəliləyişlər baş verir. Yəni, bu amil inkişaf üçün əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi. Kiçik bələdiyyələrin nə maliyyə imkanı, nə də kadr potensialı var idi. Onların heç bir bazası yox idi, ona görə də, insanlara lazımi səviyyədə xidmət göstərə bilmirdilər. Birləşmə prosesindən sonra isə bu yöndə vəziyyət düzəlir.

Bələdiyyələrin əsas vəzifələrindən biri odur ki, bir sıra yerli sosial məsələlərin həllini öz üzərinə götürsün. MİS-lər ləğv olunduqdan sonra bu qurumun işlərini kim görəcək? İnsanlar, hər bir məhəllənin sakinləri gərək birliklər yaratsınlar və işlərə nəzarət etsinlər. Onlar abadlıq və digər məsələlərlə bağlı fəal olmalıdırlar. İndiyə kimi insanlar bəzi müraciətlərini MİS-lərə edirdilər. Hesab edirəm ki, bu məsələdə ictimai fəallıq artmalıdır. Birdən-birə bələdiyyələrdən bütün işləri tələb etmək düzgün deyil. Bələdiyyələrin işlərində nöqsanların bir hissəsi də ictimai fəallığın zəif olmasından irəli gəlir.

Ümumilikdə isə hesab edirəm ki, bələdiyyələr fəaliyyətini getdikcə daha da təkmilləşdirəcək. Bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait yaradılır. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün yüksək səviyyədə qanunvericilik mövcuddur. Yəqin ki, illər keçdikcə, bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə edəcəyik. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılmasında və onların fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq qanunvericilikdə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər.

 

    Yeni  Azərbaycan.-2014.- 13 mart.- S.4.