Dini missionerlik, netokratiya və
idarəolunan xaos qlobal dövlətə xidmət edən vasitə
kimi
Din
və hüquqi dövlət
Bildiyimiz kimi, müstəqillik əldə etdikdən sonra qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinin I bəndində göstərilir ki, respublikamızda din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Vicdan azadlığı ilə bağlı müddəaların əksini tapdığı 48-ci maddədə isə hər bir kəsin dini etiqad azadlığı, dinə münasibətini müstəqil formalaşdırmaq və ifadə etmək hüququ təsbit edilib.
Şəxsiyyətin formalaşması və din
Eyni zamanda, din əsrlərdən bəri insanların ictimai həyatında, mənəviyyatında, ailə münasibətlərində əhəmiyyətli yer tutan xüsusi faktordur. Din kütləvi vasitə olduğu üçün insanların davranışlarına, onların şəxsiyyət kimi formalaşmasına təsir göstərən əsas amillərdən biridir. Dini dünyagörüşü bütün cəmiyyətlərdə total əsaslara söykəndiyi üçün hər bir cəmiyyətdə fərdin şəxsiyyətinin formalaşmasında müstəsna rol oynayır. Nəticə etibarilə, hər hansı bir cəmiyyətdə yetişən fərd gələcəkdəki siyasi mövqeyindən, cəmiyyətin sosial piramidasında tutduğu yerindən asılı olmayaraq, istər-istəməz mənsub olduğu dinin daşıyıcısına çevrilir. İnsan istər yaxın ətrafında baş verən prosesləri, istərsə də qlobal mənada dünyada baş verən prosesləri məhz dini dünyagörüşünün də formalaşdırdığı təfəkkürü vasitəsilə qavrayır. Beləliklə, insan fərqində olmadan, bu və ya digər şəkildə dinin təsiri altında olur və bu sosioloji təsbit bir reallıqdır, gerçəklikdir.
Məsələ ondadır ki, insanın şəxsiyyət kimi formalaşması prosesində çox maraqlı mərhələlər var. Bu mərhələlərdən biri dinin elmi və ilkin mənbə əsaslarında deyil, sadəcə ümumi mərasim və rituallar vasitəsilə mənimsənilməsidir. Hər bir vətəndaş, cəmiyyətin hər bir fərdi, heç şübhəsiz, ilkin mərhələdə dini münasibətlərlə qeyri-elmi əsaslarda üzləşir və din xüsusi tədris vasitəsilə mənimsənilmədiyi üçün onun həqiqi fəlsəfəsi və obyektiv əsasları öyrənilmir. Nəticə etibarilə, cəmiyyətdə kortəbii şəkildə ayrı-ayrı dinlərin, sektaların, təriqətlərin və cərəyanların bu və ya digər sosial sferada mənimsənilməsi baş verir.
Missionerlik, dini maarifçilik və cəmiyyət
Dinin elmi və obyektiv əsaslarda öyrənilməməsi isə dindən başqa məqsədlər üçün istifadə etmək istəyən ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin fəaliyyətini asanlaşdırır. Elə buradan da missionerlik məsələsi ortaya çıxır. Qeyd etmək lazımdır ki, missioner anlayışı latın dilindəki “missio” sözündən götürülüb, mənası “vəzifə”, “səlahiyyət” deməkdir. Bu və ya digər cəmiyyətdə və ya dövlət içərisində öz maraqlarını təmin etmək üçün fəaliyyət göstərən ayrı-ayrı ideoloji və siyasi mərkəzlər məhz fərdlərin dinə bu həssas münasibətindən yararlanaraq onlardan ibarət özünəməxsus sosial baza formalaşdırır. Bu sosial baza mənəvi və ya ideoloji əsaslarda formalaşdığı üçün onlardan ölkədə, cəmiyyətdə hakimiyyətə, digər missioner mərkəzlərin yaratdığı qruplara, bəzən milli maraqlara və milli mənəviyyata qarşı istifadə edilir. Çünki missionerlərin fəaliyyəti nəticəsində müəyyən dini dünyagörüşü mənimsəmiş fərdlər bunu öz ruhi ehtiyaclarını ödəyən vasitə kimi gördükləri üçün həmin ideologiyanın yanlış və ya doğru olduğunun fərqində olmadan səmimiyyətlə qəbul edirlər. Beləliklə, din fərdin ruhi-mənəvi tələbatını ödəyən vasitə kimi həqiqi din olaraq deyil, missionerin təbliğ etdiyi ideologiya kimi mənimsənilir. Fərd isə mənimsədiyi və din hesab etdiyi bu vasitə uğrunda hər şeyə hazır olur. Yəni, bu məsələdə insanlar səmimi olduqları və özününkü hesab etdikləri üçün onu hər şeydən qorumağa hazır olurlar. Bu zaman isə missionerlərin, ayrı-ayrı mərkəzlərin fəaliyyəti üçün geniş və münbit platforma meydana çıxır. Şübhəsiz ki, hər bir missioner və dini mərkəzin fərqli məqsədi olduğu üçün onlar ətraflarında topladıqları sosial, dini qrupları fərqli istiqamətə yönləndirirlər. Nəticə etibarilə, cəmiyyətdə bir-birindən kəskin fərqlənən, bəzi hallarda bir-birini qəbul etməyən radikal, bəzi hallarda isə milli maraqlara laqeyd, yaxud loyal qruplar formalaşdırılır. Cəmiyyətin bu şəkildə dini-ideoloji əsaslarda bölünməsi isə milli həmrəyliyə və birlikdən doğan milli gücə sarsıdıcı zərbə vurur.
Dini
missionerlik nəyə xidmət edir...
Müasir mərhələdə isə missionerliyin
çox fərqli növlərini müşahidə etməkdəyik. Çünki
bu gün dünyada olduqca ciddi qlobal hadisələr baş
verir, dünyanın yenidən idarə olunması ilə
bağlı xüsusi nəzəriyyələr işlənib
hazırlanır. Yeni imperializmin kapitalının
dünyanı idarə etməsi üçün müxtəlif
mexanizmlər qurulur. Bu kapitalın,
imperializmin məqsədlərinin qarşısında olan hər
bir sədd isə bəzən güc tətbiq etməklə,
bəzən yumşaq güc tətbiq etməklə, bəzən
də müxtəlif ideoloji vasitələrlə ölkələrin
milli birliyini pozmaq vasitəsilə aradan
götürülür.
Beləliklə, bu gün imperialist dairələrdə
formalaşdırılmış qlobal dövlət nəzəriyyəsi
milli dövlətləri özünə rəqib hesab edir. Yeni imperializm
qlobalizmi məhz qlobal dövlət şəklində
görür. Əgər qlobal dövlət
varsa, burada milli dövlətlərə yer yoxdur. Ona görə də, milli dövlətlərin
sıradan çıxarılması və yaxud onların səlahiyyətlərinin
məhdudlaşdırılması prosesi qlobal dövlət nəzəriyyəsinin
tərkib hissəsi kimi ortaya çıxır.
Milli
dövlətləri eksperiment laboratoriyalarına necə
çevirirlər...
Bu gün din və media mövzusunda danışarkən
diqqət göstərməli olduğumuz xüsusi bir məqam
da mövcuddur.
Bildiyimiz kimi, media qlobal informasiya vasitəsi kimi
cəmiyyətin həyatında müstəsna rol oynayır.
Eyni zamanda, müasir mərhələdə transmilli
media və sosial şəbəkələr beynəlxalq
münasibətlərin və dünya siyasətinin
formalaşmasına da təsir göstərən vasitəyə
çevrilib.
Bu kontekstdən yanaşdıqda, din də ən müxtəlif
məqsədlərə xidmət edən unikal vasitədir. Ən müxtəlif
məqsədlərə çatmaq üçün dindən
istifadə olunması ən ağlagəlməz sahələrdə
belə müvafiq uğurların əldə olunmasına gətirib
çıxara bilir. Çünki din
insanın, yaxud onu mənimsəmiş fərdin özü ilə
səmimi olduğu çox nadir platformalardan biridir. İnsan bəzən cəmiyyətdə, işdə,
kollektivdə, ictimai münasibətlərdə, dövlət-vətəndaş
münasibətlərində, hətta bəzən ailə
münasibətlərində belə özünə
qarşı qeyri-səmimi olur. Ancaq
insanın özü ilə səmimi olduğu nadir sferalardan
biri dini sferadır. Ona görə də,
sosioloq və cəmiyyətşünaslar məhz dinin bu
keyfiyyətini nəzərə alaraq, ondan insanların yönləndirilməsi
məqsədilə istifadə edirlər.
Hazırkı
mərhələdə, dünyada müasir beynəlxalq
münasibətlərin əsas istiqamətlərini və
formasını müəyyənləşdirən
üç böyük nəzəriyyə vardır: 1) qlobal
dövlət nəzəriyyəsi; 2) netokratiya, yəni, şəbəkə
hakimiyyəti nəzəriyyəsi; 3) idarə olunan xaos nəzəriyyəsi.
Qlobal
dövlət nədir...
İlk baxışda dini heç bir halda bu nəzəriyyələrlə
əlaqələndirmək mümkün görünmür. Lakin diqqət
yetirsək, bu nəzəriyyələrin nəyə xidmət
etdiyini və bu aspektdə dinin imkanlarından necə istifadə
etdiklərini asanlıqla görə bilərik.
Şübhəsiz, bu nəzəriyyələrin müəllifləri
və dünyanı idarə edən güc mərkəzləri
dinin siyasi vasitə, manipulyasiya vasitəsi, idarəetmə
vasitəsi, xaos vasitəsi olduğunu bildikləri
üçün məhz bu prosesdə dindən xüsusi
mexanizm, rıçaq kimi istifadə edirlər.
Qlobal dövlət nəzəriyyəsi beynəlxalq
münasibətlərdə milli dövlətlərin səlahiyyətlərini
və hegemonluğunu məhdudlaşdırmağa xidmət edən
nəzəriyyədir. Bu nəzəriyyə gələcək
perspektivdə milli dövlətləri beynəlxalq münasibətlərin
aktoru kimi sistemdən kənarlaşdırmağa hesablanıb.
Nəticə etibarilə, gələcəkdə
qurula biləcək qlobal dövlət adlandırılan
dünya dövləti piramidasında milli dövlətlərin
yeri çox aşağı qatlarda olacaq. Yəni,
qarşıya qoyulan məqsəd milli dövlətləri
qlobal dövlətə xidmət edən asayiş qoruyucusu səviyyəsinə
endirməkdən ibarətdir. Başqa
sözlə, qlobal dövlət iyerarxiyasının daxili
strukturunda milli dövlətlər ən alt qatlarında yer
tutacaq bir qurum kimi nəzərdən keçirilir. Bunun təsdiqi
olaraq, deyə bilərik ki, hələ XX əsrin ikinci
yarısında əsasən anqlosakson ölkələrində
yaradılan “qlobal seçkilər” və “dünya
federasiyası”, “dünya parlamenti” kimi eksperiment layihələr,
“Yer kürəsi konstitusiyası” və digər bu kimi qurumlar
da məhz “Qlobal dövlət” yaratmaq planının ilkin
modelinin qurulmasına xidmət edən təcrübi vasitələr
idi.
Bəs qlobal dövləti qurmaq üçün bu
gün hegemon, imperialist mərkəzlər milli dövlətlərin
səlahiyyətlərini necə məhdudlaşdırmaq istəyirlər? Bunu iki vasitə
ilə edirlər. Birincisi, qlobal dövlətə
xidmət edən netokratiya nəzəriyyəsi vasitəsilə.
Adından bəlli olduğu kimi, netokratiya “şəbəkə
hakimiyyəti” deməkdir və bu gün transmilli media, internet
mediası, digər sosial resurslar, “Facebook”, “Twitter” və s.
qlobal dövlətə, onun məqsədlərinə xidmət
edən vasitə kimi yaradılıb. Doğrudur,
bütün bu vasitələri biz sadəcə qlobal dövlətə
xidmət edən bir mexanizm kimi səciyyələndirə bilmərik.
Onların ictimai, mədəni, informasiya
elmi-kommunikativ rolu danılmazdır. Lakin əsas
qayə informasiyaya institusional forma verməklə ondan idarəetmə
mexanizmi kimi istifadə etməkdir ki, bunu da netokratiya nəzəriyyəsini
yaradanlar və həyata keçirənlər çox
yaxşı bacarırlar.
Yeni
insan... homoinformatikus
Beləliklə, yuxarıda dediyimiz vasitələrlə
hər bir milli dövlətin içərisində yeni keyfiyyətdə
insan formalaşdırılır. Bu insanlar artıq
şəxsiyyətin formalaşması prosesində daha
çox qlobal medianın, sosial medianın təsiri altında
yetişirlər. Yəni, ənənəvi
olaraq cəmiyyətin özünün adət-ənənələri,
milli mentaliteti, ailə tərbiyəsi, cəmiyyətdaxili
münasibətlərindən deyil, mediadan aldığı
informasiya vasitəsilə formalaşır. Bu təsiri biz şərti olaraq “infogen təsir”
adlandırırıq, yəni, yeni insan klassik sosiogen, biogen təsirlərdən
daha çox infogen təsir vasitəsilə formalaşır.
Bu yeni keyfiyyətdə formalaşan insan isə
“homoinformatikus” adlandırılır. Homoinformatikuslar
sadəcə olaraq, informasiya ilə idarə olunan
varlıqlardır, onların davranışlarında və qərarlarında
əql, idrak, məntiqi düşüncə iştirak etmir.
Məhz din də bu prosesdə bir vasitədir. Yəni,
bu insanları, informasiya ilə yetişmiş
homoinformatikusları netokratiya hakimiyyəti bir şəkildə
milli dövlətə qarşı yönləndirməklə
milli hakimiyyətə qarşı, yəni, milli siyasi iradəyə
qarşı bir vasitə kimi istifadə edir. Başqa bir tərəfdən, dini missionerlər cəmiyyəti
dini icmalara bölərək, qütbləşdirərək,
barışmaz, ziddiyyətli sferalara, radikal, marginal qruplara
ayıraraq onlardan vaxtaşırı milli dövlətə və
milli iradəyə qarşı təzyiq vasitəsi kimi istifadə
edirlər. Ən son istifadə olunan metod
isə belə insanları hakimiyyət strukturlarına yerləşdirmək
və onlardan şəbəkə yaratmaq metodudur. Bu, milli dövlətin daxildən işğal edilməsidir.
Çünki belə şəbəkələr
millətə deyil, idarə olunduqları mərkəzlərə
xidmət edirlər.
İdarəolunan
xaos nəzəriyyəsi və biz
Nəticə etibarilə, dövləti idarə edəcək
və milli iradəni müdafiə edəcək hakim elita,
yaxud siyasi hakimiyyət bu təzyiqlər altında qlobal
dövləti quran mərkəzlərə xidmət etmək məcburiyyətində
qalır. Beləliklə də, missionerlərin
formalaşdırdığı, əslində, dinlə,
İslamla heç bir əlaqəsi olmayan müxtəlif dini
icmalar milli hakimiyyətə təzyiq vasitəsinə
çevrilirlər. Qlobal dövlət ilkin mərhələdə
milli dövlətdən istədiklərini almaq
üçün öz vətəndaşları içərisində
yaratdığı bu qruplar vasitəsilə təzyiq edir və
istədiyinə nail olur. Bu isə milli dövlətin
və milli maraqların ilkin mərhələdə ciddi şəkildə
məhdudlaşdırılması deməkdir. Sonrakı mərhələdə isə bu idarə
olunan xaos, yəni, ayrı-ayrı missioner mərkəzlər,
informasiya mərkəzləri tərəfindən idarə
olunan insanlar getdikcə alətə çevrilir və istənilən
vaxt, istənilən cəmiyyətdə dini, ideoloji müstəvidə,
informasiya müstəvisində və dövlət-vətəndaş
münasibətlərində qarşıdurma yaratmaq
üçün istifadə olunur.
Bu azmış kimi, bir də müxtəlif ideyalar,
informasiyalar, yaxud dini cərəyanlar əsasında
formalaşdırılmış, amma eyni mərkəzdən
idarə olunan həmin qruplar həm də bir-biri ilə
qarşıdurmaya cəlb edilir. Beləliklə, biz
idarə olunan xaos nəzəriyyəsinin nə qədər
praktik və effektli bir nəzəriyyə olduğunu aydın
görürük. Biz artıq qlobalistlərin, qlobal
dövlətin laboratoriyasına çevrilmiş
ayrı-ayrı ölkələrdə, Yaxın Şərqin
və Şimali Afrikanın bəzi ölkələrində bu
durumu müşahidə etdik, gördük ki, milli dövlət,
bütöv bir cəmiyyət, netokratiyanın və idarə
olunan xaosun laboratoriyasına necə çevrilir.
İctimai
etimad milli birliyi təmin edən vasitə kimi
Azərbaycanda da buna cəhd edənlər var. Lakin hələlik
Azərbaycan cəmiyyətinin və dövlətinin buna
müqaviməti effektivdir. Çünki Azərbaycan
cəmiyyəti intellektualdır və yeni əsaslarda
formalaşıb, eyni zamanda, Azərbaycanda hakimiyyətlə
xalq arasında ümumi ictimai etimad mühiti mövcuddur.
İndiki hakimiyyət Azərbaycan Respublikası
Prezidentinin də qeyd etdiyi kimi, xalqa xidmət etmək üçün
yaradılmış bir hakimiyyətdir və Prezident İlham
Əliyev bəyan edib ki, “Xalqın birinci xidmətçisi mənəm”.
Məhz bu yanaşma, Azərbaycan hakim
elitasının zirvəsindən səslənən bu fikirlər
Azərbaycanda qlobalistlərin, neoimperialistlərin,
infoimperialistlərin məqsədlərinin qarşısına
sədd çəkir. Ancaq bununla bərabər,
Azərbaycanın milli mətbuatı bu prosesdə üzərinə
düşən tarixi missiyanı və vəzifəni dərk
edərək funksional vahid kimi bu mübarizədə dövləti
və milli maraqları müdafiə edən bir instituta
çevrilməlidir. Azərbaycan mətbuatında bu
proses gedir və əminik ki, milli mətbuatımız bu məsələdə
öz tarixi missiyasını yerinə yetirəcək.
Müasir
mərhələdə din və media
Məhz bu məqamda medianın rolu,
funksionallığı və effektiv işləmə məsələsi
aktuallaşır. Çünki qlobal dövlət nəzəriyyəsinə
paralel olaraq beynəlxalq münasibətlər nəzəriyyələrində
mövcud olan netokratiya - şəbəkə hakimiyyəti nəzəriyyəsini
qeyd edə bilərik. Şəbəkə
isə artıq birbaşa olaraq mediadır. Belə olan halda, biz medianın dünyada və
ölkədə baş verən proseslərdə nə qədər
mühüm rol oynadığı gerçəkliyilə
üzləşirik. Ona görə də,
hər bir ölkənin milli mətbuatı və milli
mediası milli maraqlara xidmət etməzsə, deməli, nəticə
etibarilə milli dövlətin zəifləməsinə və
milli siyasi iradəni idarə etmədə və millətin gələcəyinin
təmin olunmasında iştirakının məhdudlaşmasına
səbəb olur. Bu gün əgər biz
medianın vəzifələrini məhz dini-missionerlik
kontekstində nəzərdən keçiririksə, əlbəttə
ki, mütləq istər elektron media, istərsə də
yazılı medianın hansı məsuliyyəti daşıdığını
nəzərə almalıyıq.
Cəmiyyət, din və media
üçbucağını təhlil edərkən bu məsələnin
nə qədər aktual olduğunu görürük. Məsələ
ondadır ki, din həmişə siyasi vasitə, manipulyasiya
vasitəsi, eyni zamanda, bəzi hallarda dağıdıcı
vasitə, bəzən isə birləşdirici vasitə kimi
istifadə olunub. Missionerlik fəaliyyəti
ilə məşğul olan mərkəzlərin böyük əksəriyyəti
milli dövlətə və milli iradəyə qarşı
olduğu üçün bu prosesdə dini birləşdirici
vasitə kimi yox, dağıdıcı, qütbləşdirici,
radikal vasitə kimi nəzərdən keçirirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra
ölkəmizə çoxsaylı dini missionerlər daxil
olmağa başladı. Onların bir qismi leqal, digər qismi isə
qeyri-leqal fəaliyyət göstərir. Bu
prosesdə isə ən qorxulu məsələ məhz Azərbaycandan
xaricdə olan, bəzi hallarda radikal islamçı, bəzən
isə islamofob dairələrə xidmət edən missionerlərin
fəaliyyətini müşahidə etməkdəyik. İlk baxışdan İslama xidmət edən,
yaxud İslam ölkələrindən gəldiyi güman edilən
ayrı-ayrı missionerlərin fəaliyyətinin alt
qatlarında da islamofob dairələrə və mərkəzlərə
xidmət edən məqsədləri müşahidə edirik.
Bəlli olur ki, tutaq ki, hər hansı müsəlman ölkəsindən
gələn, missioner fəaliyyəti ilə məşğul
olan qrup və cərəyan ilkin mərhələdə
İslamı, dini, yaxud dünyəvi maariflənməni təbliğ
edən bir cərəyan kimi görünsə də, onun alt
qatlarında kodlaşdırılmış antiislam və
antimilli ideoloji fəaliyyət gizlənir. Biz
burada din vasitəsilə manipulyasiyanın ən bariz nümunəsini
görürük.
Ona görə də, Azərbaycan mətbuatı bu məsələlərə
daim diqqət yetirməli, cəmiyyətin birliyinin, bərabərliyinin,
eyni zamanda, milli maraqlarının qorunması üçün
bu istiqamətdə öz fəaliyyətini daha da genişləndirməlidir. Bunun üçün biz
hesab edirik ki, aşağıdakı təklifləri nəzərdən
keçirmək faydalı olardı:
1) Media
kütləvi təbliğat vasitəsi olduğu
üçün media vasitəsilə dinin kütləvi təbliğinə
diqqətin ayrılması;
2) Dini
biliklərə və dini informasiyalara malik olan mənbələrin
media üçün açıq və əlçatan
olması;
3)
Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun layihələri içərisində
dini maariflənmə ilə bağlı xüsusi layihələrin
həyata keçirilməsi;
4) Azərbaycanda
fəaliyyət göstərən leqal, yəni, Dini
İşlər üzrə Dövlət Komitəsində
qeydiyyatdan keçmiş sekta və cərəyanlar
arasında mətbuat vasitəsilə daimi əlaqənin
yaradılması və onların fəaliyyətinin mütəmadi
olaraq işıqlandırılması və qəbul etdikləri
nizamnaməyə uyğun olaraq fəaliyyətlərinə
media vasitəsilə ictimai nəzarətin təşkil
olunması.
5)
Bütövlükdə, dini maarifləndirmə işinin daimi
proses kimi həyata keçirilməsi.
Hesab edirik ki, bu gün Azərbaycanda leqal, yaxud qeyri-leqal
dini sektaların fəaliyyəti ölkənin müvafiq icra
strukturlarının və hüquq-mühafizə
orqanlarının nəzarəti altındadır. Milli media da bu
prosesdə üzərinə düşən məsuliyyəti
və vəzifəni layiqincə yerinə yetirməlidir.
Əgər hər üç mediaya elektron, internet və
çap mediasına nəzər salsaq görərik ki, Azərbaycanda
ən az işıqlandırılan
mövzulardan biri din mövzusudur. Üstəlik,
bu mövzular işıqlandırılarkən keyfiyyətsiz,
mahiyyət təhrif olunaraq işıqlandırılır.
Əksər hallarda dini və onun cəmiyyətdəki yerini
özü belə dərk etməyən ayrı-ayrı adamlar
cəmiyyətə ekspert, ilahiyyatçı və ya din xadimi
kimi təqdim olunur. Onların fikri dini
şüuru obyektiv əsaslarda formalaşdırmaq əvəzinə,
onu daha da korlayır. Buna görə də,
belə bir təklif də irəli sürürük ki,
müvafiq dini qurumlarla Azərbaycanda dini mövzularda yazan
jurnalistlərin vaxtaşırı seminarları təşkil
edilsin. Əgər belə olarsa, Azərbaycanda
din, cəmiyyət və dövlət
üçbucağında cərəyan edən hadisələr
milli və dövlət maraqlarımızın xeyrinə olar.
Missionerlərin fəaliyyətinə isə
mütləq media vasitəsilə ictimai nəzarət həyata
keçirilməlidir.
Hikmət Babaoğlu
Yeni
Azərbaycan.-2014.- 13 mart.- S.5.