2014-cü ilin
ən nüfuzlu qadını
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın çoxşaxəli fəaliyyəti beynəlxalq
ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir
Məlum olduğu kimi, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülüb. Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və İnternet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib.
Qeyd edək ki, Mehriban xanım Əliyeva UNESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin, mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib.
Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın ölkə və beynəlxalq miqyasda çoxşaxəli fəaliyyəti dünyada rəğbətlə qarşılanır. Onun son illərdə gördüyü işlərə nəzər saldıqda, həqiqətən də, böyük əməyin və onun müsbət nəticələrinin şahidi oluruq.
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TANIDILMASINA ƏVƏZSİZ QAYĞI
Bildiyimiz kimi, Mehriban xanım Əliyeva Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində geniş fəaliyyət göstərir. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.
Mehriban xanım Əliyevanın mədəniyyətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi iki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada da təşkil edilərək yerli sakinlərin marağını cəlb edib və layihə ötən ilin sonunda Bakıda açılan yekun sərgisi ilə uğurla başa çatdırılıb.
Lakin Fond Azərbaycan incəsənətinin xaricdə tanıdılmasına fəal dəstəyini davam etdirir. Nümunə olaraq qeyd edək ki, 2014-cü il fevralın 27-də Heydər Əliyev Fondunun dəstəyi, Fransa İncəsənət Akademiyası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb. Bu tədbir həm də onunla əlamətdardır ki, Fransa İncəsənət Akademiyasında ilk dəfə olaraq Azərbaycan rəssamının sərgisi keçirilib.
Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.
Heydər Əliyev Fondu, həmçinin, ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin də təmirini və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir.
Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bildiyimiz kimi, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb.
Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun “Qeyri-maddi-mədəni irsi” siyahısına daxil edilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” müsabiqəsinin Bakıda təşkili ən yüksək səviyyədə olub.
Hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar, eyni zamanda, Azərbaycan musiqisinin gözəl inciləri ilə tanış olur, Azərbaycanın musiqi mədəniyyəti barədə aydın təsəvvür qazanırlar. Həmçinin, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb.
UŞAQ VƏ YENİYETMƏLƏRİN TƏHSİL VƏ TƏLİMİ SAHƏSİNDƏ NƏHƏNG LAYİHƏLƏR
Məlum olduğu kimi, Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir. Bunun təsdiqi olaraq, son illərdə görülən işlərin bir qismini sadalamaq kifayətdir.
Bakının Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin binasında 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nərimanov rayonundakı psixonevroloji uşaq evi Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulub. 2013-cü ildə Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılıb. Ötən il həm də Xətai rayonunda tikilmiş akademik Zərifə Əliyeva adına bağçanın açılışı olub. Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində 2013-cü ildə əsaslı təmir işləri aparılıb.
Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə, həmçinin, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binası, rayonun Türkan qəsəbəsində yeni tikilən 214 saylı körpələr evi-uşaq bağçası, rayonun Binə qəsəbəsində 285 nömrəli körpələr-evi uşaq bağçası üçün tikilmiş yeni bina istifadəyə verilib, Türkan qəsəbəsində yeni poliklinikanın açılışı olub.
Mehriban xanım Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası 2013-cü ilin sentyabr ayında istifadəyə verilib. Yeni bina artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulub.
2013-cü ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla icra olunur. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində məktəblərin yenidən qurulması, tikilməsi işləri həyata keçirilir. Bu əsasda, ötən il Fondun təşəbbüsü ilə Şabran rayonunun Gilavar kəndində inşa edilmiş 100 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Yevlax rayonu Kövər kəndinin məktəbliləri də yeni dərs ilini tam yenilənmiş məktəbdə qarşılayıblar.
Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində isə 32 internat və uşaq evi yenidən qurulub.
Bütün sadalananlar Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun reallaşdırdığı işlərin yalnız bir hissəsidir. Bir daha əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi qayğı və diqqət misilsizdir.
İDMAN SAHƏSİNDƏKİ UĞURLARA BÖYÜK TÖHFƏ
Mehriban xanım Əliyevanın fəaliyyətində idmanın, xüsusən də onun bir sahəsi olan gimnastikanın respublikamızda inkişafına dəstəyi də xüsusi yer tutur. 2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü il dekabrın 28-də o, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Bu sahəyə göstərilən diqqət sayəsində Azərbaycanda bədii gimnastika sürətlə inkişaf edib, bu sahədəki təmsilçilərimiz beynəlxalq yarışlarda yüksək yerlər tutmağa başlayıblar. 2012-ci il London Yay Olimpiadasında ölkəmizi bədii gimnastika üzrə təmsil edən Aliyə Qarayevanın 4-cü yerə yüksəlməsi Azərbaycan gimnastikasının növbəti uğurudur.
Mehriban xanım Əliyevanın tikinti prosesini yaxından izlədiyi Milli Gimnastika Arenası Azərbaycanda gimnastikanın daha sürətli inkişafına böyük töhfə verəcək.
HUMANİZM VƏ XEYRİYYƏÇİLİK NÜMUNƏSİ
Mehriban xanım Əliyeva xeyriyyəçilik, təbii fəlakətlərdən zərər çəkənlərə yardım, ana və uşaq sağlamlığının qorunması və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fond indiyədək səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri və s. kimi böyük layihələrə imza atıb.
Heydər Əliyev Fondunun humanitar tədbirləri ölkə sərhədləri ilə məhdudlaşmır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Pakistanda baş vermiş zəlzələ nəticəsində dağılan məktəbin yerində 2007-ci ildə qızlar üçün yeni müasir məktəb tikilərək istifadəyə verilib.
2012-ci il iyunun 14-də Fond Pişəvarda Beynəlxalq Donor Günü münasibətilə keçirilən tədbirdə təhlükəsiz qan və qan məhsullarına olan ehtiyac barədə ictimai məlumatlılığı artırmaq və könüllü qan donorlarına təşəkkür etmək məqsədilə iştirak edib. Müqəddəs Ramazan ayında isə İslamabad, Rəvalpindi, Kəraçi, Larkana, Navabşah, Kvetta, Job və Pişəvar şəhərlərində yerləşən “Pakistan Sweet Home” uşaq evlərinin 1200-dən çox sakini üçün Heydər Əliyev Fondu tərəfindən iftar süfrələri təşkil edilib.
Mehriban xanım Əliyeva xeyriyyə məqsədli fəaliyyətini 2013-cü ildə də davam etdirib. Belə ki, Ramazan ayı günlərində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın paytaxtı İslamabad şəhərindəki “Edhi Homes” kimsəsizlər evində məskunlaşan uşaqlar və ahıllar, həmçinin, bu təşkilatın texniki işçiləri və dəvət olunmuş qonaqlar üçün iftar süfrəsi təşkil olunub.
Təsadüfi deyil ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Mehriban xanım Əliyeva 2005-ci il iyunun 9-da Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
Həmçinin, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
2012-ci ildə Mehriban xanım Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2012-ci ilin aprel ayında ona MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.
Bütün bunlar Mehriban xanım Əliyevanın böyük xeyriyyəçilik fəaliyyətini, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz xidmətləri təsdiq edir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 13 mart.- S.3.