Dünyada Azərbaycan və Türkiyə kimi
bir-birinə yaxın olan başqa
iki dövlət yoxdur
Azərbaycanın
İstanbuldakı baş konsulu,
ölkəmizin QDİƏT yanında daimi
nümayəndəsi, səlahiyyətli səfir Həsən Zeynalovun Türkiyə KİV-nə müsahibəsi
Son 20 ildə Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib. Hələ müstəqilliyin ilk illərində Ümummilli lider Heydər Əliyev dövlət başçısı olarkən Azərbaycanla Türkiyə arasındakı münasibətlərə belə qiymət vermişdi: “Bir millət - iki dövlət”. İndi bu kəlam hər iki ölkədə bir şüara çevrilib. Yeri gəlmişkən, Türkiyədə fevralın 20-dən 27-dək keçirilən Xocalı şəhidlərinin xatirəsini anım həftəsi çərçivəsində Azərbaycanın İstanbuldakı baş konsulu, ölkəmizin QDİƏT yanında daimi nümayəndəsi, səlahiyyətli səfir Həsən Zeynalov qardaş ölkə KİV-nə müsahibə verib. Söhbət əsnasında diplomat Azərbaycanla Türkiyə arasında belə möhkəm dostluq əlaqələrinin qurulması, Ermənistanla münasibətlərdə hər hansı dəyişikliklərin olub-olmaması, eləcə də Xocalı faciəsi barədə fikirlərini oxucularla bölüşüb...
- Həsən bəy, siz artıq 10 ildir ki, Azərbaycanın baş konsulusunuz, əvvəlcə Qars şəhərində çalışdınız, 2010-cu ildən isə İstanbuldasınız. Türkiyəyə, onun ictimaiyyətinə, siyasi həyatına, demək olar ki, kifayət qədər bələdsiniz. Sizcə, müasir Türkiyə ilə Azərbaycan arasındakı belə möhkəm dayaqlara söykənən, uzunmüddətli, etibarlı müttəfiqlik əlaqələrinin əsl səbəbi nədir?
- Məsələ burasındadır ki, Türkiyə bizə, həqiqətən də, qardaş ölkədir, Ümummilli lider Heydər Əliyev əbəs yerə “Bir millət-iki dövlət” deməmişdi. Bizim soy-kökümüz eynidir-biz türkük. Bizim bir-birimizə etnik bağlılığımızla yanaşı, həmçinin, eyni tarixi-mədəni və dini bağlılığımız var. Mübaliğəsiz demək olar ki, bütün dövrlərdə bizim xalqlarımız, liderlərimiz arasında möhkəm və etibarlı münasibətlər olmuşdur, biz hər zaman bir-birimizi anlamışıq. Həmçinin, qeyd etmək istərdim ki, SSRİ-nin süqutundan, Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra, ölkələrimiz arasında münasibətlər keyfiyyətcə daha yüksək məhrələyə qədəm qoydu, daha da möhkəmləndi. Mən hazırda dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın olan başqa iki dövlət tanımıram.
- Siz əvvəlcə ölkənin şərqində -Qarsda konsul işlədiniz. Hazırda isə İstanbulda-ölkənin qərbindəsiniz. Türkiyənin regionları arasında fərqi hiss edə bildinizmi? Bölgələrdəki insanlar, onların yaşam tərzi bir-birindən fərqlənirmi?
- Türkiyə həm ərazisinə, həm də digər göstəricilərinə görə çox böyük, qüdrətli bir ölkədir. Əgər ölkənin şərqini qərbi ilə müqayisə etsək, sözsüz ki, ölkənin regionları və şəhərlərinin ritmi arasındakı böyük fərqi görmək mümkündür. Ölkənin şərqində daha ritmik, səlis və ciddi həyat tərzi hiss olunur. Burada, həyat öz təbii axarı ilə davam edir. İstanbul isə-özünün ağlasığmaz dərəcədə yüksək tempi və təlatümü olan böyük bir meqapolisdir, İstanbulda həyat bütün sutka boyunca davam edir, burada hərəkət, demək olar ki, heç vaxt dayanmır. Bura dünyanın mühüm mədəni mərkəzlərindən biridir. Bu şəhərdə müxtəlif xalq, etnos və mədəniyyətlərin nümayəndələri yaşayırlar. Hər gün dünyanın müxtəlif ölkələrindən on minlərlə insan buraya gəlir, yaxud da buradan gedir, eləcə də onlarla müxtəlif profilli tədbirlər keçirilir. Əlbəttə, belə ritmik həyat tərzi, diplomatik nümayəndəlik olaraq, bizim fəaliyyətimizdə də öz əksini tapır. Azərbaycanla Türkiyə arasındakı münasibətlərin tənzimlənməsini də buraya əlavə etsək, bizim gündəlik gördüyümüz işin hansı həcmdə olduğu tam aydınlaşar.
- Bir çoxları şikayətlənirlər ki, İstanbul həddən ziyadə səs-küylüdür, burada ürəkdolusu istirahət etmək mümkün deyil. Bəs siz necə, İstanbulda harada istirahət edirsiniz, yaxud harada özünüzə sakitlik tapırsınız?
- İstanbulda gəzmək, maariflənmək, özünütəsdiq üçün yerlər çoxdur. Məsələn, təkcə gözəl və valehedici Bosfor sahillərində piyada gəzmək nəyə desən, dəyər. İstanbulla yanaşı, Türkiyənin çoxlu gözəl guşələri var ki, orada yaxşıca dincəlmək və istirahət etmək olar. Bunlar, ilk növbədə, Aralıq dənizi sahili boyunca yerləşən şəhərlərdir, məsələn, Bursadır, Yalova bölgəsindəki termal su mənbələridir. Onların hamısını sadalamaqla qurtarmaq olmaz. İşimlə əlaqədar olaraq, demək olar ki, istirahətə az vaxt qalır. İstirahət günlərini isə evdə, həyətimdə keçirməyə üstünlük verirəm, mütaliyə etməyi çox sevirəm. Bura, mənim üçün İstanbulda ən yaxşı yerdir, mənim “sakit havannam”dır (gülür).
- İstanbulda Azərbaycandan gəlmiş çoxlu yüksək ixtisaslı mütəxəssislər çalışırlar. Onların arasında təcrübəli alimlər, həkimlər, incəsənət xadimləri var. Heç olurmu ki, siz onların hamısını konsulluqda bir araya gətirəsiniz? Belə tədbirləriniz, ümumiyyətlə, tez-tez olur?
- Doğrudur, hazırda Türkiyədə bizim çoxlu həmvətənlərimiz var ki, onlar qardaş ölkənin müxtəlif bölgələrində ölkəmizi ləyaqətlə təmsil edirlər. Biz də öz növbəmizdə, çalışırıq ki, onlarla daim əlaqə saxlayaq, müxtəlif səbəblərlə onları bir araya toplayaq. Biz diplomatik nümayəndəlik olaraq, milli bayramlarımızı, ölkəmiz üçün əlamətdar günləri, eləcə də, milli matəm günlərini onlarla birlikdə qeyd edirik. Hər il 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 21 Mart-Novruz bayramı və 28 May-Respublika Gününü, eləcə də, 20 Yanvar və Xocalı şəhidlərinin anım gününü birlikdə qeyd etmək artıq bir ənənəyə çevrilib. Bizim alimlər, iş adamları, həkimlər, jurnalistlər, incəsənət adamları hamısı konsulluğa gəlirlər, birlikdə söhbətləşir, dərdləşir, yaxud da şənlik edirik. Biz də öz növbəmizdə, fürsətdən istifadə edərək, çalışırıq ki, soydaşlarımızın burada üzləşdikləri problemləri yaxından öyrənək, onların həlli yollarına köməklik göstərək. Demək olar ki, onlarla əlaqəmiz çox sıxdır və daim birlikdəyik.
- Fevralın 20-dən 27-dək Türkiyədə Xocalı həftəsi keçirildi. Diplomatik nümayəndəlik olaraq, hansı tədbirlər keçirdiniz?
- Doğrudur, fevralın 20-dən 27-dək Türkiyədə erməni silahlı qüvvələri tərəfindən 1992-ci ildə, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində qətlə yetirilən günahsız insanların anım həftəsi keçirildi. Bu kədərli günlərdə biz qiyabi olaraq, həmin acılı günlərə qayıtdıq, erməni qatillərinin əli ilə öz doğma yurdlarında qətlə yetirilmiş soydaşlarımızın xatirəsini yad etdik. Qeyd edim ki, tədbirlər çərçivəsində Uşaq şəhərində Xocalıda törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış memorialın açılışında iştirak etdik. Fürsətdən istifadə edərək, 14 hektar ərazisi olan geniş bir parkda Xocalı şəhidlərinə xatirə kompleksinin ucaldılmasına görə, Əli Erdoğan başda olmaqla bütün Uşaq şəhər bələdiyyəsinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Bundan əlavə, İstanbulda, eləcə də, konsulluğun əhatə dairəsinə daxil olan ətraf vilayətlərdə 22 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımına həsr olunan konfranslar, “dəyirmi masalar” təşkil olundu. Həmin tədbirlərdə ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumatlar verildi. Qeyd olundu ki, Xocalıda baş verənlər BMT Baş Assambleyasının 9 dekabr 1948-ci ildə qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyanın yuridiksiyasına tam uyğundur və biz belə hesab edirik ki, bütün dünya Xocalı qətliamını genosid kimi qəbul etməlidir. Hazırda biz bu istiqamətdə səylərimizi davam etdiririk. Tədbirlərdə Xocalı faciəsindən bəhs edən sənədli filmlər, hadisə yerində çəkilmiş videolar, səs yazıları, sənədlər nümayiş olundu. Və biz bu işi sona çatdırmaqda qərarlıyıq-dünya ictimaiyyəti Xocalıda baş verənləri genosid kimi qəbul etməlidir.
- “Bu işi sona çatdırmalıyıq” dedikdə nəyi nəzərdə tutursunuz? Yəni, Ermənistanın bu soyqırımına görə Azərbaycandan rəsmən üzr istəməsi ölkələr arasında gələcək münasibətlərin qurulması baxımından yetərli olacaqmı?
- Bilirsiniz, burda vəziyyət bir qədər fərqlidir... Hazırda Azərbaycanın 20 faiz torpaqları Ermənistanın işğalı altındadıır. Keçmiş SSRİ-nin dağılmasından, eləcə də, o illərdə Azərbaycanda hökm sürən xaosdan, praktiki olaraq Milli Ordunun olmamasından istifadə edən Ermənistan Dağlıq Qarabağı zəbt etdi. Həmin ərəfədə Xocalı faciəsi baş verdi, günahsız, əliyalın insanlar ermənilər tərəfindən qətlə yetirildilər. Bir gecənin içində Xocalıda 613 nəfər qətlə yetirildi, 1250 nəfər əsir götürüldü, onların böyük əksəriyyətinin taleyi hələ də bəlli deyil, 1000 nəfərdən artıq insan əlil oldu. 8 ailə tamamilə məhv edildi. Bu, Qarabağ müharibəsi dövründə insanlığa qarşı törədilən ən dəhşətli cinayətlərdən biri idi.
Bütün bunlara, eləcə də, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin (1993 və 1994) olmasına baxmayaraq, onlar hələ bu qərarlara məhəl qoymurlar. Dünyada belə ikili standartlar mövcud olduqca, düşünürəm ki, ədalət öz yerini tapmayacaq. Biz hələ də ədalətin zəfər çalacağına inanır və bunu gözləyirik. Biz heç bir zaman öz mövqeyimizdən geri çəkilməyəcəyik və işğal altında olan həmin torpaqları Ermənistana verməyəcəyik. Azərbaycan xalqı və onun rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar prosesi nəticəsində həllinə tərəfdardır. Amma buna baxmayaraq, biz öz torpaqlarımızı istənilən yolla işğaldan azad etməyə də hazırıq.
- Bu gün neçə dövlət Xocalı soyqırımını tanıyıb?
- Onların sayı 20-yə çatır. Bunlar Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, eləcə də ABŞ-ın bir çox ştatlarıdır. Xocalı faciəsi, həmçinin, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınır və soyqırımı kimi təsnif olunur.
- SSRİ-nin süqutundan sonra Ermənistanın öz ordusu yox idi. Bəs onlar hansı qüvvələrin köməyi ilə belə bir hücum təşkil edə bildilər?
- Bilirsiniz, haqqında danışdığımız zaman Azərbaycan üçün kifayət qədər mürəkkəb bir dövr idi. Bu gün sizin sualınıza müxtəlif səpkili cavablar səsləndirmək olar. Amma bizim üçün bir məsələ gün kimi aydındır-Xocalı soyqırımı Ermənistanın komandanlığı ilə baş vermişdi və bu cinayətdə ermənilər iştirak etmişdilər.
- Dağlıq Qarabağdan söhbət düşəndə ermənilər iddia edirlər ki, bura onların tarixi torpaqlarıdır, Azərbaycan tərəfi isə bunun əksini söyləyir. Keçmiş SSRİ dövründə bura muxtar ərazi idi. Sizin fikrinizcə, bu fikir müxtəlifliyi haradan qaynaqlanır?
- Bilirsiniz, bu məsələni bizim üçün hələ çox əsr bundan əvvəl tarix özü həll etmişdir... Belə ki, ermənilərin Azərbaycan ərazilərinə nə vaxt köçürüldüyünü, İrəvan xanlığının kimə məxsus olduğunu, Ermənistan dövlətinin, ümumiyyətlə, Azərbaycanın tarixi torpaqlarında yaradılmasını bilmək üçün, sadəcə, arxiv materiallarını qaldırıb baxmaq yetərlidir, orada bütün bunlar qara hərflərlə ağ kağız üzərində aydın şəkildə yazılmışdır. Yüzlərlə tarixçi və tarixi sənədlər mövcuddur, bütün bu sadaladıqlarım haqda sizə şahidlik edə bilərlər. Amma biz bu gün uzaq keçmişdə deyil, “dünən” baş vermiş hadisə-Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı və Xocalı soyqırımı barədə danışırıq. Üzücü olan odur ki, bu gün Xocalı faciəsinə göz yumurlar. Münaqişənin həlli nədən belə uzadılır? Biz yenidən qan tökülməsini istəmirik. Bu gün Azərbaycan regionda ən sürətlə inkişaf edən bir ölkədir, ordumuz ən müasir silahlarla təchiz olunub, hər an doğma torpaqlar uğrunda döyüşə atılmağa hazırdır. Bizim üçün Qarabağı işğaldan azad etmək heç də problem deyil. Amma biz qan tökülməsinin tərəfdarı deyilik.
- Həsən bəy, bilirəm ki, sizə ən çox edilən müraciətlər viza məsələsi ilə bağlı olur, odur ki, mən də bu fürsəti qaçırmamağa çalışıram. Türkiyə hələ bir neçə il əvvəl Azərbaycan vətəndaşları üçün vizaları ləğv etdi. Amma Azərbaycan tərəfindən bu addıma hələ də bir cavab yoxdur. Bu məsələ ilə bağlı hər hansı bir irəliləyiş varmı? Bu, ən çox da türk iş adamlarını maraqlandıran bir məsələdir.
- Bu məsələ, əlbəttə, həll olunmaq üzrədir. Hesab edirəm ki, çox yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Bu gün Türkiyə vətəndaşlarının Azərbaycana getmələri üçün heç bir maneə yoxdur, biz bütün viza prosedurlarını maksimum dərəcədə sadələşdirmişik. Biz özümüz də çox istəyirik ki, ölkələrimiz arasında viza ilə gediş-gəliş olmasın. Amma bəzi daxili texniki məsələlər var ki, onların həlli üçün bir qədər vaxt tələb olunur. Həmin məsələlər öz həllini tapdıqdan sonra, biz məmmuniyyətlə Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcəyik.
Yeri gəlmişkən, mənim Azərbaycana tez-tez səfərlər edən türk iş adamları üçün şad bir xəbərim var. Bir qədər bundan əvvəl, ölkələrimiz arasında ikitərəfli saziş imzanıb. Hazırda tərəflər arasında həmin sazişin müddəaları dəqiqləşdirilir və bu sənədin hansı kateqoriyadan olan vətəndaşlara şamil olunacağı müəyyənləşdirilir. Bu məsələ həllini tapdıqdan sonra sazişin yuridiksiyasına düşən vətəndaşlar heç bir maneə olmadan sərbəst şəkildə Azərbaycana səfər edə biləcəklər.
- Yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında hansı böyük birgə layihələrin icrasının şahidi olacağıq?
- Yaxın zamanlardan söhbət gedirsə, burada, ilk növbədə, hamının gözlədiyi və ölkələrimiz üçün strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini qeyd etməliyəm. Uzaq Çin ilə Avropanı birləşdirəcək bu layihənin 2015-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Layihənin icrasında heç bir problem müşahidə olunmur və düşünürəm ki, burada işlər qrafikə uyğun olaraq aparılır. İkinci böyük birgə layihəmiz isə TANAP qaz boru kəmərinin tikintisidir. Bu layihənin 2017-ci ildə istismara verilməsi planlaşdırılır. Əminəm ki, bu layihə üzrə də tikinti işlərini nəzərdə tutulan vaxtda başa çatdırmağa müvəffəq olacağıq.
- Həsən bəy, bizə vaxt ayırdığınız, eləcə də, səmimi söhbət üçün, təşəkkürümüzü bildiririk. Sizə, eləcə də konsulluq xidmətinin əməkdaşlarına işlərinizdə uğurlar arzu edirik.
- Siz də sağ olun. Mən də sizin redaksiyanızın kollektivinə yaradıcılıq uğurları arzulayıram.
Hazırladı: Səlim Loğmanoğlu
Yeni Azərbaycan.-2014.- 14 mart.- S.4.