Hər bir
ölkənin sabit iqtisadi
inkişafında sənaye potensialının rolu
böyükdür
Dövlət
başçısı İlham
Əliyevin “2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə
bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi
haqqında Sərəncamı qarşıya qoyulan
məqsədlərə yüksək səviyyədə nail olmağa əsas
yaradır
Hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərbaycanda iqtisadi islahatların aparılmasında böyük təcrübə toplanmışdır” söyləyən dövlət başçısı İlham Əliyev bu əminliyi son illərin uğurları fonunda əsaslandıraraq bildirdi ki, əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər bu ili də uğurla başa vuracağımıza imkan yaradacaq: “Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması-bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.” Ölkənin hərtərəfli tərəqqisində regionların inkişafını vacib amil kimi önə çəkən Prezident İlham Əliyev bölgələrin malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə mühüm addımlar atmışdır. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində son 10 ildə bir milyon 200 mindən artıq yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq 5,3 faizə enib. Son on ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Son 10 ildə sahibkarlığın inkişafına böyük diqqət göstərilərək, Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulub, güzəştli şərtlərlə kreditlər verilib. Dövlət başçısı İlham Əliyevin ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə imzaladığı 3 mart 2014-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da bu sahəyə diqqət və qayğının tərkib hissələrindəndir. Son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının uğurlu icrası nəticəsində sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb, bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Ölkəmiz uğurlu sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində inkişafın elə bir səviyyəsindədir ki, qazanılan uğurlar bu sahəyə diqqətin artırılmasını daha da aktuallaşdırır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan edilməsi, 12 mart 2014-cü il tarixli Sərəncamı ilə “2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Daim vurğulandığı kimi, hər bir ilin konkret sahənin adı ilə bağlanması, o istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsi bir daha bu həqiqəti ortaya qoyur ki, hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir.
Ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub
Ölkə Prezidentinin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında Sərəncamında da qeyd edilir ki, ölkə sənayesi yeni inkişaf mərəhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.
Ötən il tarixdə “İKT ili” kimi qaldı. Hər bir ölkənin gələcək inkişafında yeni texnologiyaların rolunu önə çəkən dövlət başçısı İlham Əliyev bu yeniliklərin bütün sahələrdə öz əksini tapmasının zəruriliyini diqqətə çatdırır. Müasirləşmək, yeniləşmək dövrün əsas tələbinə çevrilib. Yeni yaradılan və yaradılması nəzərdə tutulan müəssisələr bu baxımdan diqqətçəkəndir. Bir vacib məqamı da qeyd edək ki, strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmlərindən bəhs edərkən, peşəkar kadr məsələsi də vacib amil kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyub: “Qarşımızda duran vəzifələri icra etmək üçün ilk növbədə hazırda peşəkar kadrlar lazımdır. Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə, ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir.”
Malik olduğu zəngin təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi qüdrətini və maliyyə imkanlarını artıran Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı baxımından xüsusi diqqət çəkir. Ötən il ümumi iqtisadi artım 6 faiz, qeyri-neft sektoru 10 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsinin, qeyri-neft sektorunun inkişafının dövlətimizin siyasətində prioritet məsələ olması beynəlxalq tədbirlərdə də yüksək dəyərləndirilir. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də bu uğurlu siyasətdən qaynaqlanır. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının, eyni zamanda, regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq görülən işlərin nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb.
Qeyd etdiyimiz kimi, qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsinin yaradılması, mütərəqqi təcrübələrin tətbiqi ilə ölkədə sənayenin tam və mütləq inkişafına nail olunması, möhkəm maddi bazaya, təbii resurslara malik iqtisadiyyatın gücləndirilməsi istiqamətində görüləcək işlərin təməli bir neçə il bundan əvvəl qoyulub. Regionlarda yerli xammallar əsasında fəaliyyət göstərən iritutumlu sənaye obyektləri ən müasir texnologiyalarla təmin olunub. İki mərhələdə həyata keçirilən və uğurla başa çatdırılan Dövlət Proqramlarının reallaşdırıldığı dövrdə ölkədə daxili bazarı yerli məhsullarla təmin edən, ixrac sahəsində önəmli yeri olan iri müəssisələrin istehsal imkanları artırılıb. Respublikada aparılan tikinti işlərinin sürətlənməsində başlıca amil olan irihəcmli istehsal gücünə malik sement zavodlarının istifadəyə verilməsi, Sumqayıt texnoparkı kimi yüksək keyfiyyətli məhsul istehsal edən, müasir tələblərə cavab verən müəssisələrin yaradılması qəbul olunan üçüncü regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında da əhəmiyyətli məsələ kimi qarşıya qoyulub. Ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gübrə, gəmiqayırma və alüminium sənayesi inkişaf etdiriləcəkdir. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaq. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması ilə iqtisadi zonaların yaradılması, qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətinin yeni mərhələ üzrə inkişafı qarşıdakı illərdə görüləcək işlərin əsas istiqamətini təşkil edəcək.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi qarşıdakı illərdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensialı nəzərə alınmaqla hər bir iqtisadi rayon üzrə sənaye şəhərciklərinin (o cümlədən, Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərcikləri qurulması sənayenin inkişafına təsir edəcək amillərdəndir.
Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması ölkə iqtisadiyyatının gücləndirilməsində başlıca amillərdəndir. Ekspertlərin vurğuladığı kimi ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlərin tətbiqi, ixracyönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı səmərə verəcəkdir. Valyuta ehtiyatları 50 milyard dollara çatan ölkəmizdə ötən il iqtisadiyyata qoyulan sərmayənin 28 milyard dollar təşkil etməsi də müsbət göstərici kimi diqqətə çatdırılır. Daxili investisiyanın (17,5 milyard dollar) xarici sərmayəni üstələməsi ölkə iqtisadiyyatının davamlı inkişafının göstəricisidir. Artıq üçüncü Dövlət Proqramı təsdiqlənib. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, bu proqram da vaxtında icra olunacaq və ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək. Dövlət başçısı İlham Əliyevin hər bir bölgəyə, qəsəbəyə səfəri yeni müəssisələrin istifadəyə verilməsi və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Yeni müəssisələrin açılması yeni iş yeri deməkdir.
Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, işsizliyin və yoxsulluğun azaldılması əsas vəzifə kimi qeyd olunur.
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha bildirildi ki, cari ildə qarşıda duran bütün vəzifələrin uğurlu icrasına əsas var. İnvestisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması- bütün bu amillər ölkəmizin uğurlu inkişafını stimullaşdıracaq.
Yeni Azərbaycan .-2014.- 15 mart.-
S.6.