Su təhlükəsizliyinin təmin olunması Azərbaycan
üçün strateji
əhəmiyyətli məsələdir
XX əsrdə enerji təhlükəsizliyi məsələləri strateji əhəmiyyətli hesab olunurdusa, demək olar ki, XXI əsrdə içməli su ilə təminolunma bəşəriyyət qarşısında duran əsas problemlərdən birinə çevrilib. Hazırda dünyada su çatışmazlığından 2 milyarddan çox insan əziyyət çəkir. BMT-nin su resurslarının qiymətləndirilməsi üzrə ümumdünya proqramının məlumatına görə, 2010-cu ildə dünyada şirin su defisiti artıq 225-230 milyard kubkilometr təşkil edib. Faktı nəzərə alsaq, 2025-ci il üçün bu rəqəm 6-9 dəfə artaraq 1,3-2 trilyon kubkilometrə çata bilər. Beləliklə də, 2015-ci ildə su çatışmazlığını müntəzəm olaraq dünya əhalisinin yarısı, daha 10 il sonra isə üçdə ikisi hiss edəcək. Belə ki, dünya əhalisinin sürətli artım tempi, içməli suyun qeyri-bərabər paylanması, ətraf mühitin çirkləndirilməsi, infrastruktur üçün lazım olan sərmayələrin olmaması, suyun qeyri-rasional şəkildə idarə olunması və istifadəsi nəticəsində su ehtiyatları sürətli şəkildə tükənir.
Bunun acı nəticələri hazırda özünü göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni, hər 17 saniyəyə bir uşaq ölür. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə 80 faiz xəstəliklər içməli suyun keyfiyyətilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə, 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur. Bunu nəzərə alaraq içməli su problemi bütün dövlətlər üçün həyati əhəmiyyət kəsb edən problemə çevrilib. Su resursları ilə təmin olunma energetika, kənd təsərrüfatı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və ümumilikdə ölkənin sanitar sisteminin inkişafı üçün əhəmiyyətli dərəcədə vacibdir. İçməli suyun miqdarının qeyri-bərabər bölündüyü Azərbaycanda da bu ehtiyatlardan səmərəli şəkildə istifadə olunması məsələsi həmişə aktual olub. Təsadüfi deyil ki, 28 sentyabr 2013-cü ildə Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Azərbaycanda 2035-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli strategiya hazırlanıb
Məhz ötən illərdə həyata keçirilən mühüm tədbirlərdən biri ölkəmizdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi və ya yenidən inşası ilə bağlı olub. Büdcə gəlirlərinin böyük bir hissəsinin ölkənin su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilməsi bunu bir daha təsdiq edir. Xatırladaq ki, Bakıda və bölgələrdə su çatışmazlığı probleminin aradan qaldırılması “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsidir. Həm 2004-2008, həm də 2009-2013-cü illər üzrə Dövlət proqramları, eyni zamanda, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı” çərçivəsində ölkənin müxtəlif regionlarında əhalinin suya olan tələbatının ödənilməsi üçün onlarla layihələr həyata keçirilib. Regionlarda həyata keçirilən layihələr hazırlanarkən əhali artımı, sənayenin inkişafı, turizm potensialı, ekoloji tarazlıq və digər amillər əsas götürülərək gələcəyə hesablanıb. Çünki əhalinin sayı artır, ehtiyacları böyüyür, iqtisadiyyat sürətli templərlə inkişaf edir, sənaye potensialı genişlənir. Bununla bağlı Azərbaycanda 2035-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli strategiya hazırlanıb.
Qeyd etmək lazımdır ki, ölkəmizdə su təchizatı və kanalizasiya sektorunda reallaşdırılan genişmiqyaslı layihələr, yeni texnologiyaların tətbiqi perspektivləri sərmayəçilərin regiona marağını daha da artırır. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq da genişlənir. Son illərdə Azərbaycanda şəhər və rayon mərkəzlərinin, kənd və qəsəbələrin su təchizatının yenidən qurulması intensivləşib. Belə ki, 2013-cü ilin təkcə avqust ayı ərzində dövlət başçısının iştirakı ilə Kürdəmir, İsmayıllı və Oğuzda içməli su xətləri istismara verilib. Eyni zamanda, kəndlərdə də su xətləri çəkilib, artıq bir neçə kənddə içməli su problemi həll edilib. Ümumilikdə, 2013-cü ildə 1669,9 min nəfərin su təchizatı yaxşılaşıb, o cümlədən 968,8 min nəfərin su təchizatı fasiləsiz su təchizatı rejiminə keçirilib. Yeri gəlmişkən, dövlət başçısı 2014-cü il martın 14-də Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.
Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələrinin xüsusi əhəmiyyəti vurğulanmalıdır. Belə ki, Bakı şəhəri və Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyan, memarı Ulu öndər Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri tikilərək istifadəyə verilib. Bu kəmərin istifadəyə verilməsi ilə Bakının su təchizatında stabillik təmin edilib, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsində Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranıb.
Ötən il istifadəyə verilən ümumi tutumu 270 milyon kubmetr su olan Taxtakörpü su anbarı 150 min hektara qədər torpaq sahəsinin su təminatının yaxşılaşdırılması və 31 min hektar sahədə yeni suvarılan torpaqların istismara verilməsinə xidmət edəcək. Bununla yanaşı, 2014-cü ilin sonunda hazır olacaq Şəmkirçay su anbarının da tikintisi paralel olaraq davam etdirilir.
Regionlarda həyata keçirilən böyük layihələrdən biri Mərkəzi Aran bölgəsini əhatə edən, Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi layihəsidir. Bu layihə tam başa çatdıqdan sonra 170 mindən artıq əhali su ilə təmin ediləcək.
Hazırda tikintisi davam edən Şəmkirçay su anbarı regionun böyük ehtiyata malik etibarlı su mənbəyinə çevriləcək. Bunu nəzərə alaraq Gəncə şəhəri, eləcə də, Şəmkir və Samux rayonlarının içməli su təminatında əsas mənbə kimi Şəmkirçay su anbarı qəbul edilib. Artıq Gəncə və Samux şəhərlərini qidalandıracaq 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə su kəmərinin tikintisi başa çatdırılıb.
Cəbhə bölgəsində yerləşən Ağdam, Füzuli, Tərtər və Goranboy rayonlarının sərhədyanı 8 kəndində, həmçinin, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar ərazisində salınmış 6 qəsəbədə su təchizatı sistemləri yaradılıb.
Növbəti 5 il ərzində bütün şəhərlərdə və əksər kəndlərdə yeni su xətləri çəkiləcək
Beləliklə, 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində mühüm işlər görülüb. Dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılıb, 14-də isə layihə-smeta işləri başa çatdırılıb və tikintiyə hazırlıq görülür. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə bu rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Dövlət proqramları çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya-nasos stansiyaları tikilib. Proqramlarda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən 6 rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub. Görülmüş işlər də nəzərə alınmaqla, regionlarda 540 min nəfərin su təminatı yaxşılaşdırılıb. Qeyd edək ki, Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılıb. Fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı dövlət başçısı da bildirib ki, artıq insanlara 24 saat ərzində fasiləsiz olaraq Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində keyfiyyətli su verilir: “Növbəti 5 il ərzində bütün şəhərlərdə və əksər kəndlərdə yeni su xətləri çəkiləcək, kanalizasiya sistemi qurulacaqdır. Beləliklə, bütün dövrlərdə Azərbaycan xalqına böyük əziyyət verən su qıtlığı problemi aradan götürüləcəkdir”.
Yeni Azərbaycan.- 2014.- 18 mart.-
S.4