Azərbaycan ilə
Rumıniya arasında ikitərəfli münasibətlər
yüksək səviyyədədir
İki dövlət arasında bir sıra sahələr üzrə sıx əməkdaşlıq əlaqələri mövcuddur
Xəbər verildiyi kimi, martın 14-də Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rumıniya xarici işlər nazirinin müavini Boqdan Aureskunun iştirakı ilə siyasi məsləhətləşmələr keçirilib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əlaqələrin strateji xarakter daşıdığı vurğulanıb.
Xələf Xələfov Azərbaycan ilə Rumıniya arasında siyasi dialoqun yüksək səviyyəsinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, sənaye, müdafiə sənayesi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Azərbaycan ilə Rumıniya arasında münasibətlərin daha da inkişafı üçün heç bir məhdudiyyətin olmadığı qeyd edilib. Nazir müavini ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini də vurğulanıb. O, həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu qeyd edib.
Boqdan Auresku Azərbaycan ilə Rumıniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün hər cür imkanların olduğunu söyləyib və bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini bildirib. Rumıniya rəsmisi ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi şəraitin olduğunu da vurğulanıb.
Xələf Xələfov Azərbaycanın qonşu dövlətlər ilə münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib, regionda sabitlik və davamlı inkişaf üçün yeganə maneə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini göstərib. X.Xələfov rumıniyalı həmkarına münaqişə haqqında məlumat verərək, Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin perspektivsiz olduğunu bildirib, apardığı işğalçılıq siyasəti nəticəsində Ermənistanın regionda həyata keçirilən bütün irimiqyaslı enerji və nəqliyyat layihələrindən kənarda qaldığını qeyd edib. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin nəzarətsiz qaldığını deyən X.Xələfov həmin ərazilərin beynəlxalq terror təşkilatlarının təlim mərkəzi kimi, insan alveri, qeyri-qanuni silah alveri, narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edildiyini vurğulayıb. Bu vəziyyətin regionda sülh və sabitliyə təhlükə təşkil etdiyini bildirən X.Xələfov münaqişənin həlli üçün ilk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib.
Boqdan Auresku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu bütün müstəvilərdə ifadə edəcəklərini bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan Respublikası və Rumıniya Respublikası Xarici İşlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanıb.
Bu məqamda vurğulamaq lazımdır ki, Azərbaycan ilə Rumıniya arasında hər zaman xoş və geniş əlaqələr mövcud olub. Yeri gəlmişkən, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb, 1992-ci il iyunun 21-də iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1998-ci il noyabrın 3-dən Rumıniyanın Azərbaycanda, 2001-ci il mayın 19-dan isə Azərbaycanın Rumıniyada səfirliyi fəaliyyət göstərir. Azərbaycanla Rumıniya arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, qarşılıqlı yüksək səviyyəli və digər səfərlər həyata keçirilir. Müxtəlif sahələrdə əlaqələrimizin inkişafını təmin edən 40-dan çox sənəd imzalanıb.
Son illərdə iki ölkənin prezidentləri, xarici işlər nazirləri, həmçinin, hökumət və parlament təmsilçiləri səviyyəsində çoxsaylı görüşlər həyata keçirilib. Belə ki, 2004-cü il martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasında keçirilən “Daha geniş Avropaya istiqamət: yeni gündəlik” mövzusunda beynəlxalq konfrans zamanı Rumıniyanın baş naziri A.Nastase ilə görüşüb. 2004-cü il oktyabrın 11-12-də Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər edib. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb. Prezident İlham Əliyev və Rumıniya Prezidenti İon İliyesku Buxarestin 8 May parkında xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində iştirak ediblər. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb.
Ümumiyyətlə, hər iki ölkənin dövlət başçıları daimi olaraq qarşılıqlı səfərlər edirlər. Azərbaycanın dövlət başçısının ən çox səfər etdiyi dövlətlərdən biri məhz Rumıniyadır. Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi Rumıniyaya 3 dəfə işgüzar, 2 dəfə isə rəsmi səfər edib. Dövlət başçımızın 2009-cu il 28-29 sentyabr tarixlərində Rumıniyaya rəsmi səfəri xüsusilə yaddaqalan olub. Bunu səfər zamanı “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin imzalanması və Rumıniya Prezidenti Trayan Beseskunun Prezident İlham Əliyevlə görüşündən sonra verdiyi bəyanat da təsdiqləyir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanla Rumıniya arasında uzun illərdir ki, uğurla davam edən münasibətlər ən yüksək inkişaf mərhələsinə çatıb. Tərəflərin siyasi-iqtisadi əlaqələrə təkan verən mühüm addımlar atması təmasların dinamikliyini daha da dərinləşdirib və münasibətlərin məntiqi nəticəsi olaraq Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın möhkəm təməli qoyulub.
Rumıniya-Azərbaycan əlaqələrindən danışarkən bir məqamı xüsusi olaraq vurğulamaq vacibdir. Belə ki, 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə növbəti yüksək qiymət Rumıniya ictimaiyyəti tərəfindən verilib. Daha doğrusu, dövlətimizin başçısı Cənub-Şərqi Avropanın, eləcə də, Rumıniyanın nüfuzlu “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı tərəfindən “İlin adamı-2010” mükafatına layiq görülüb. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən ibarət münsiflər heyəti bu seçimini Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlarla, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırıb, regionun və eyni zamanda, gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd ediblər. Təbii ki, bu hadisə, dövlətimizin başçısının belə yüksək adlara layiq görülməsi hər bir vətəndaşımız üçün böyük fəxrdir, qürur mənbəyidir. Bu, həm də Azərbaycan dövlətinə, onun xalqına yüksək hörmətin ifadəsidir.
Yeri gəlmişkən, Azərbaycanla Rumıniya arasındakı əməkdaşlığı möhkəmləndirən əsas layihələrdən biri də AGRİ layihəsidir. 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan keçmiş Prezidenti Mixeil Saakaşvili və Macarıstanın baş naziri Viktor Orban tərəfindən imzalanan AGRİ layihəsinə dair Bakı Bəyannaməsi ilə Bakı-Buxarest əlaqələri yeni müstəviyə qədəm qoyub.
Məlum olduğu kimi, bu layihə Qara dənizin iki tərəfini birləşdirən, demək olar ki, ən mühüm layihədir. Layihə Avropa İttifaqı ölkələri, Xəzər dənizi və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa öz töhfəsini verəcək.
Onu da qeyd edək ki, Mərkəzi Avropanın əsas nəqliyyat-kommunikasiya qovşağında yerləşən Rumıniya ilə sıx ticari və iqtisadi əlaqələrin möhkəmlənməsi ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyır.
Bundan başqa, Rumıniya Deputatlar Palatası sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyəti ötən ilin mart ayında Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Ötən ilin aprelində isə Rumıniyanın Konstansa şəhərində Azərbaycan Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıb. Fəxri konsulluğun inzibati ofisinin rəsmi açılış mərasimində bu ölkə parlamentinin deputatları, senatorları, dövlət və hökumət nümayəndələri, Konstansadakı universitetlərin rektorları, ictimai təşkilatların və fondların üzvləri, tanınmış tarixçilər, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, KİV-lərin nümayəndələri, bu şəhərdəki diplomatik korpusun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının üzvləri, burada yaşayan və təhsil alan azərbaycanlılar, diasporumuzun, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 18 mart.- S.8.