Azərbaycan-Fransa münasibətləri
ortaq maraqlar əsasında
inkişaf edir
Ölkəmizin uğurlu inkişaf dinamikası Fransa siyasi elitasında böyük maraq doğurur
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Fransa Respublikasının keçmiş Baş naziri Dominik de Villpeni qəbul edib. Keçmiş Baş nazir Dominik de Villpen ölkəmizin əldə etdiyi yüksək iqtisadi inkişaf tempinə görə Prezident İlham Əliyevi təbrik edərək, bu cür əhəmiyyətli nəticələrin Avropada da olmasını arzu etdiklərini vurğulayıb. O, Şərq ilə Qərb arasında körpü rolunu oynayan, dünyəvi dəyərləri cəmiyyət üçün prioritet hesab edən Azərbaycanın regiondakı rolunu xüsusi qeyd edib. Dominik de Villpen ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu da söyləyib.
Görüşdə Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə yanaşı, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verildiyini bildirib. Fransanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri olduğunu vurğulayan dövlət başçısı iki ölkə arasında güclü siyasi əlaqələrin mövcud olduğunu deyib. İqtisadi sahədə əlaqələrin inkişafına toxunan Prezident İlham Əliyev əməkdaşlığın bu istiqamətdə daha da genişləndirilməsi üçün də qarşılıqlı marağın olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanla Fransa arasındakı çoxşaxəli əlaqələrin zəngin tarixi münasibətlərin möhkəm təməlindən xəbər verir. Məlumat üçün bildirək ki, Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci il tarixində qurulub. Fransanın Azərbaycandakı səfirliyi 16 mart 1992-ci ildə, Azərbaycanın bu ölkədəki səfirliyi isə 20 oktyabr 1994-cü ildə təsis edilib.
Qərbə inteqrasiya yolunu tutan Azərbaycanın inkişaf imkanlarının genişlənməsi, nüfuzunun artması baxımından Ulu öndər Heydər Əliyev Fransa ilə əlaqələrə böyük önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti seçildikdən sonra Ulu öndər xaricə ilk rəsmi səfərini 3 oktyabr 1993-cü il tarixində Fransaya edərək bu ölkə ilə əlaqələrə nə qədər böyük əhəmiyyət verdiyini nümayiş etdirib. Bu səfər ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirməyə geniş imkanlar açıb.
1995-ci ilin dekabrında Ulu öndər Fransaya ikinci dəfə səfər edərək Azərbaycana investisiya qoyulmasına dair konfransda iştirak edib və fransız şirkətlərini Azərbaycana dəvət edib. 1996-cı ildə Fransanın “Elf-Aquitaine” şirkəti “Şahdəniz” neft yatağının istismarına dair müqaviləyə qoşulub.
Fransanın yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ölkəmizə ilk səfəri isə 1996-cı ilin oktyabrında reallaşıb. Fransanın keçmiş xarici işlər naziri Erve de Şarett Azərbaycana səfər edərək ölkəmizdə müxtəlif rəsmi görüşlər keçirib. Azərbaycan-Fransa tərəfdaşlığının dərinləşdirilməsinin davamı olaraq Erve de Şarettin səfərindən üç ay sonra, 1997-ci ilin yanvarında Ulu öndər Heydər Əliyev keçmiş prezident Jak Şirakın dəvətilə Fransaya növbəti rəsmi səfərini edib. 13 yanvar 1997-ci ildə Yelisey sarayında Fransa prezidenti ilə görüşündə Ümummilli liderimiz Fransanın ATƏT-in Lissabon sammitində Azərbaycanın təkliflərini müdafiə etdiyini xatırladaraq, bundan razı qaldığını söyləyib. Həmin səfər zamanı Yelisey sarayında Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın “Total” və “Elf-Aquitaine” şirkətləri arasında Azərbaycanın bir sıra yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb. Bu müqavilədən əlavə, tərəflər hava nəqliyyatı, azad yerdəyişmə və mədəniyyət sahələrinə dair də sazişlər bağlayıb.
Həmin ildən etibarən Fransa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT-in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədri kimi fəaliyyətə başlayıb və bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir. Doğrudur, bu fəaliyyət indiyədək münaqişənin ədalətli həlli istiqamətində arzuolunan nəticələr verməyib. Bu səbəbdən də, Azərbaycan ictimaiyyəti Fransanın Minsk qrupunun həmsədri kimi bu sahədə fəallığını artıracağına və işğalçı Ermənistana təcavüzkar siyasətindən əl çəkməsi üçün təzyiq göstərəcəyinə ümid edir.
Fransa Azərbaycanın Avropa Şurasına daxil olması üçün vaxtilə öz dəstəyini göstərib. Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi olmuş Fransa parlamentinin keçmiş üzvü Jak Bommel bu istiqamətdə fəaliyyət göstərib.
Ulu öndər Heydər Əliyev 14 iyul 2002-ci ildə Bakıda Bastiliyanın alınması günü münasibətilə keçirilən mərasimdə etdiyi növbəti çıxışında da Fransa ilə münasibətlərə böyük əhəmiyyət verdiyini elan edib: “Fransa ilə bizim çox sıx dostluq və faydalı əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr demək olar ki, bütün sahələri- siyasi, iqtisadi, həm də elmi-mədəni, humanitar və digər sahələri əhatə edir. Biz dostluğumuzu və əlaqələrimizi yüksək qiymətləndiririk. Bu əlaqələri qorumaq, saxlamaq, inkişaf etdirmək üçün səylər göstəririk”.
Onu da qeyd edək ki, əsası Ümummilli lider tərəfindən qoyulmuş siyasəti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Fransa ilə münasibətlərdə də mütərəqqi addımların atılmasına xüsusi diqqət yetirir. O, 2004-cü ilin yanvar ayında Fransaya edib. Daha sonra Prezident İlham Əliyev 2004-cü ilin sentyabrında və 2006-cı ilin mayında bu ölkəyə növbəti səfərlərini reallaşdırıb. 29-31 yanvar 2007-ci ildə isə Prezident İlham Əliyevin Fransaya bu ölkədə xüsusi ehtiram sayılan dövlət səfəri olub. Onun prezident J.Şirak, baş nazir Dominik de Villpen və Fransanın digər hökumət rəhbərləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu bəyan edilib. Xüsusilə, Fransanın baş naziri Dominik de Villpen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycanın bütün sahələrdə inkişafı, mədəniyyəti, Azərbaycan-Fransa münasibətləri haqda müsbət fikirlər səsləndirib. O, Azərbaycanda gedən sürətli inkişafın Prezident İlham Əliyevin Ulu öndərimiz Heydər Əliyevin siyasətini davam etdirməsi nəticəsində baş verdiyini deyib. Dominik de Villpen Azərbaycanı sivilizasiyaların qovuşduğu, dini tolerantlığın bir çox ölkələrə nümunə olduğu ölkə adlandırıb. Bu səfər zamanı Azərbaycan və Fransa arasında mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri məsələləri haqqında sazişlər imzalanıb ki, bu da tərəflər arasında münasibətlərin inkişafına xidmət edən əsaslı hüquqi bazanın yaradılmasına imkan verib. Yeri gəlmişkən, qeyd edək ki, bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Jak Şirak tərəfindən Fransa dövlətinin ali mükafatı olan “Fəxri Legion” ordeninin yüksək dərəcəsi ilə təltif olunub. Prezident İlham Əliyev isə Jak Şiraka “Heydər Əliyev ordeni”ni təqdim edib.
Yüksək səviyyəli görüşlər sonrakı dövrdə də davam etdirilib. Fransanın keçmiş prezidenti Nikola Sarkozi Prezident İlham Əliyevlə görüşündə Azərbaycanı yerləşdiyi regionda ən sabit, sürətlə inkişaf edən və gözəl perspektivləri olan ölkə adlandırmışdı. O bildirmişdi ki, Fransa belə bir dövlətlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.
Göründüyü kimi, ölkə başçıları arasında mövcud olan yüksək dialoq və qarşılıqlı hörmət dövlətlərimiz arasında münasibətlərin də inkişafına təkan verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizə ən çox sərmayə qoyan ölkələrdən biri də Fransadır. Fransız şirkətlərinin respublikamızda fəaliyyəti neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda da əhatəli şəkildə təmin olunub.
Ümumilikdə, Azərbaycan-Fransa siyasi-iqtisadi əlaqələrinin inkişafında ölkələr arasında yaradılmış Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusi qeyd oluna bilər. 1997-ci ildə yaradılan komissiyanın indiyədək keçirilmiş 3 iclası iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın əlaqələndirilməsinə, təşviqinə və yeni sahələr üzrə münasibətlərə baza yaradıb. Bunun nəticəsidir ki, ölkələr arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi xarici ticarət dövriyyəsinə təsir göstərib. Bir neçə ildə dövlətlər arasında ticarət dövriyyəsi 3-4 dəfədən çox artıb.
İki ölkə münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu böyükdür. Xatırladaq ki, Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü münasibətilə 2012-ci ilin oktyabrında Parisdə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva da iştirak edib. Mehriban xanım Əliyeva müstəqillik dövründə Fransa-Azərbaycan əlaqələrinin hərtərəfli inkişaf etdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2012-ci ilin sentyabrında Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bu münasibətlərin strateji xarakterini bir daha təsdiqləyib: “Biz beynəlxalq arenada qarşılıqlı anlaşma əsasında əməkdaşlıq edirik. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu əlaqələri tamamilə yeni yüksək səviyyəyə çıxardı”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mehriban xanım Əliyeva münaqişənin həllinin Azərbaycan-Fransa gündəliyində üstünlük təşkil etdiyini vurğulayıb. O, həmçinin, bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr də sürətlə inkişaf edir. Qarşılıqlı ticarət dövriyyəsi 4 milyard avroya yaxınlaşıb və bu gün Azərbaycanda 30-dan çox fransız şirkəti fəaliyyət göstərir.
Azərbaycanın birinci xanımı ölkələrimiz arasında inkişaf edən mədəni-humanitar əməkdaşlığın da uğurlu olduğunu deyib. Mehriban xanım Əliyeva ümidvar olduğunu bildirib ki, Azərbaycan-Fransa əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.
Onu da qeyd edək ki, Azərbaycan-Fransa münasibətləri mədəniyyət sahəsində də xüsusi çəkisi ilə diqqəti cəlb edir. Bu sahədə Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada təşkil edilən mərasimlər Azərbaycanın bu ölkədə daha yaxşı tanıdılmasına, mədəniyyətimizin təbliğinə xidmət edir. Bu prosesi mənalandıran ən mühüm cəhətlərdən biri də mədəniyyət tədbirlərinin təkcə paytaxt Parislə məhdudlaşmamasıdır. Belə ki, Heydər Əliyev Fondunun layihələri əsasında Fransanın 10-dan artıq şəhərində Azərbaycan mədəniyyətinin təbliğinə dair xüsusi tədbirlər keçirilib. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Paris ictimaiyyətində ölkəmiz haqqında informasiya bolluğu yaratmaq baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycanın Fransa ilə mədəniyyət sahəsindəki əməkdaşlığı bu ölkənin məşhur Luvr muzeyində İslam mədəniyyətinə həsr olunan bölmələrin yaradılmasına ölkəmizin verdiyi dəstəklə bir daha öz əksini tapdı. Bu addımı təkcə iki ölkənin mədəni-humanitar əlaqələri ilə məhdudlaşdırmaq olmaz. Bu, həm də hər iki ölkənin dünya mədəniyyətinin mühüm parçası olan İslam mədəniyyətinin qorunmasına verdikləri töhfədir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 19 mart.- S.16.