Qarabağ müharibəsi əlillərinə verilən təqaüd və müavinətlər artırıldı

 

Bu istiqamətdə həyata keçirilən siyasət davamlı xarakter daşıyır

 

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu fonda Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı Sərəncam və fərmanlar isə bu siyasətin davamlı olduğunun növbəti göstəricisidir.

Belə ki, martın 17-də dövlət başçısı tərəfindən “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 952 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərmanlar imzalanıb.

Martın 18-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Sərəncam imzalayıb.

Əlbəttə ki, dövlətimizin attığı bu addımlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Məsələn, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Hadi Rəcəbli ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasətin davamlı xarakter daşıdığını bildirib. H.Rəcəbli qeyd edib ki, Azərbaycanda hər il sosial müdafiə məqsədilə dövlət büdcəsindən ayrılan vəsait büdcənin təxminən 30 faizini təşkil edir. Onun sözlərinə görə, dövlət başçısının sərəncamları ilə Qarabağ əlillərinə həm müavinətlər, həm də Prezident təqaüdü verilir. Bundən əlavə, bu kateqoriyadan olan insanların sosial müdafiəsi üçün digər addımlar da atılır. O cümlədən, Qarabağ əlilləri avtomobil və mənzillərlə də təmin olunurlar. Komitə sədri qeyd edib ki, qanunvericilikdə bütövlükdə əlillərin sosial müdafiəsi üçün ciddi məsələlər nəzərdə tutulur: “Azərbaycanda Əmək Məcəlləsinə əsasən 50 yerindən 1-i əlillərə verilməlidir. Bu insanlar üçün yerləri yaradılmalıdır ki, onların sosial müdafiəsi daha yaxşı təmin olunsun. Eyni zamanda, digər addımlarla da bu insanların sosial müdafiəsi gücləndirilir. Dövlət başçısının imzaladığı son sənədlər bu faktı bir daha təsdiqləyir”.

H.Rəcəblinin sözlərinə görə, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması da sosial müdafiə sahəsində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biridir. O, deyib ki, bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də mütəmadi artırılır. “Dövlət başçısının imzaladığı son Sərəncam və fərmanlara görə, Qarabağ müharibəsi əlillərinə verilən Prezident təqaüdünün, sosial müavinətlərin artırılması bu insanlara göstərilən qayğının əyani göstəricisidir. Həmin insanların övladlarının təhsil xərclərini də dövlətin öz üzərinə götürməsi sosial müdafiənin əsas məqamlarından biridir. Bütövlükdə isə bütün bunlar Azərbaycan dövlətinin torpaqlarımızın müdafiəsi uğrunda döyüşən insanlara olan müsbət münasibətinin ifadəsidir” - deyə, komitə sədri vurğulayıb.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, dövlət başçısının Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi istiqamətində son günlər imzaladığı sənədlər bu yöndə ilk qərarlar deyil. Onun sözlərinə görə, indiyə qədər Qarabağ müharibəsi əlilləri və veteranları, eləcə də, yüzminlərlə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli sayda Fərman və sərəncamlar imzalanıb: “Dövlət başçısının son Sərəncam və fərmanları həmin sənədlərin məntiqi davamıdır. Hesab edirəm ki, ildən-ilə dövlətimiz gücləndikcə, maliyyə imkanları artdıqca bu sosialyönümlü siyasətin miqyası daha da genişlənəcək”.

Millət vəkili onu da deyib ki, dövlətimiz, həmçinin, bu kateqoriyadan olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. “Dövlət başçısının martın 18-də imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriatmagistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Təbii ki, bu Sərəncam təhsil haqlarının ödənilməsində çətinlik çəkən həmin ailələrə böyük sevinc gətirir. Çünki dövlət onların ödəyəcəyi xərci öz üzərinə götürür ki, bu da həmin insanlar üçün böyük məsələdir. İnanıram ki, dövlətimiz bu insanları gələcəkdə də belə qərarlarla sevindirəcək. Bütün bunlar isə Azərbaycanda sosial dövlət quruculuğunun göstəricisidir” - deyə, M.İbrahimqızı vurğulayıb.

 

Nardar BAYRAMLI

 Yeni  Azərbaycan.-2014.- 20 mart.- S.4.