Qarabağ müharibəsi əlillərinin, şəhid və veteran övladlarının təhsil xərcləri
dövlət tərəfindən ödəniləcək
Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncam cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
Mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hər bir vətəndaşın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə görülən tədbirlər sistemində ünvanlılıq prinsipi əsas götürülür, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.
Vurğulamaq gərəkdir ki, bütün bu tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılıb. Bu kontekstdə son olaraq dövlət başçısı tərəfindən “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 952 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərmanlar imzalanıb. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd edək ki, sadalanan fərmanlarla yanaşı, sonuncu Sərəncam da cəmiyyətimiz tərəfindən böyük məmnunluqla qarşılanıb. Münasibətini öyrəndiyimiz bu kateqoriyadan olan tələbələr bildiriblər ki, Prezident İlham Əliyevin əlil və şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğı təqdirəlayiqdir. Məsələn, II qrup Qarabağ müharibəsi əlili Hafiz Tahirovun övladı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Ülviyyə Tahirova deyib ki, bu Sərəncam növbəti dəfə onu göstərdi ki, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. “Məlumdur ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi yüksək səviyyədə təşkil edilməkdə və onların sosial təminat və ehtiyaclarına xüsusi diqqət yetirilməkdədir. Prezident İlham Əliyevin belə bir Sərəncam imzalaması ailəmizdə böyük sevinc hissi yaratdı. Bu, həm də bizlərə daha yaxşı təhsil almaq üçün əlavə stimul verir. Düşünürəm ki, bu kateqoriyaya aid olanların sosial müdafiəsinin gücləndirilməsi davamlı xarakter daşıyır. Sonda demək istəyirəm ki, bu Sərəncam bir çox ailələrə sevinc gətirdi” - deyə, o əlavə edib.
H.Tahirovun digər bir övladı, Gəncə Dövlət Universitetinin tələbəsi Məhərrəm Tahirli isə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam təkcə müharibə əlilləri və şəhid ailələri tərəfindən deyil, bütövlükdə, cəmiyyət tərəfindən olduqca müsbət qarşılanıb: “Bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün çoxsaylı davamlı tədbirlər görülür. Biz bütün bunları müsbət qarşılayır, öz məmnunluğumuzu bildiririk. Bu gün hər bir Azərbaycan vətəndaşı dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Bu, bütün təbəqələrə aiddir. Məhz müharibə əlillərinin, veteran və şəhid övladlarının təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi bunun bariz nümunəsidir. Mən cənab Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm”.
Öz növbəsində II qrup Qarabağ müharibəsi əlili Fəxrəddin Teymurovun övladı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Günel Teymurlu deyib ki, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil və ya şəhid olmuş insanların ailə üzvlərinə yüksək qayğı göstərilməsi çox müsbət haldır. “Bu qayğı təkcə müharibə əlillərinə, veteranlara, şəhid ailələrinə, aztəminatlı və ya xüsusi diqqətə ehtiyacı olanlara deyil, bütövlükdə, hər bir Azərbaycan vətəndaşınadır. Prezident İlham Əliyev qəbul etdiyi bütün qərarlarda Azərbaycan vətəndaşının mənafeyini əsas götürür. Bu cür qərarlar bizi çox sevindirir və vətəndaşların dövlətə inamını daha da artırır. Bu gün hər bir vətəndaşımız güclü, qüdrətli və müasir Azərbaycanla fəxr edir” - deyə, Günel Teymurlu bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar gələcəyə optimist baxmağa imkan verir: “Dövlətin sosial siyasəti cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edir. Ona görə də, həm xüsusi qayğıya ehtiyacı olan insanlar, həm gənclər, həm də ayrı-ayrı təbəqələrin nümayəndələri dövlətimizin bu siyasətini təqdir edirlər. Bu, bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir”.
II qrup Qarabağ müharibəsi əlili Bağman Bayramovun övladı, Azərbaycan Texniki Universitetinin tələbəsi Ərtoğrul Bayramlı da Prezident İlham Əliyevin müvafiq Sərəncamını olduqca yüksək qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, dövlətin aşkar qayğısı vətəndaşlarda xüsusi məmnunluq və məsuliyyət hissi yaradır: “Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Müharibə əlilləri, veteranlar və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq qeyd olunmalıdır. Cənab Prezidentin bu yaxınlarda imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir”.
Ə. Bayramlı əlavə edib ki, müharibə əlili, veteran və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil xərclərinin ödənilməsi çox müsbət haldır: “Mən öz növbəmdə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirir, minnətdarlıq edirəm. Həqiqətən də, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən, günü-gündən inkişaf edən Azərbaycan hər bir vətəndaşımızın qürur mənbəyidir”.
Nurlan QƏLƏNDƏRLİ
Oktay HACIMUSALI
Yeni Azərbaycan.-2014.- 20 mart.- S.4.