Azərbaycan-Polşa
münasibətləri yüksələn xətlə inkişaf edir
İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur
Xəbər verildiyi kimi, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bu ölkənin idman və turizm naziri Andjey Biernat ilə görüşüb. Görüşdə iki ölkə arasında idman və turizm sahələrində əlaqələrin hazırkı vəziyyəti və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib. Həsən Həsənov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin aprelin 3-5-də Bakıda keçiriləcək 13-cü Azərbaycan turizm və səyahətlər sərgisində iştirakla bağlı dəvət məktubunu Andjey Biernata təqdim edib. Sərgiyə beynəlxalq aləmdə marağın böyük olduğunu deyən səfir bir sıra inkişaf etmiş dövlətlərin nümayəndələrinin bu tədbirdə iştirak etdiklərini bildirib. Həsən Həsənov Andjey Biernatın Azərbaycana səfərinin ölkələrimiz arasında qeyd olunan sahələr üzrə əlaqələrin daha da inkişafına xidmət edə biləcəyini vurğulayıb. Azərbaycanda idmanın inkişafının bilavasitə Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söyləyən diplomat bu sahədə böyük layihələrin və islahatların həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan idmanın inkişafına göstərilən qayğı sayəsində bu sahədə böyük uğurlar qazanıb. Azərbaycan idmançıları XXX London Yay Olimpiya Oyunlarında 10 medal qazanaraq 205 ölkə arasında 30-cu olub.
Səfir Həsən Həsənov Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edildiyini bildirib. O, əlavə edib ki, bu qərarın qəbul edilməsində ilk növbədə, ölkəmizin artan beynəlxalq nüfuzu öz rolunu oynayıb. Hazırda Olimpiya Oyunlarının təşkili ilə bağlı geniş işlərin aparıldığı diqqətə çatdırılıb.
Nazir A.Biernat son illər Azərbaycan idmançılarının uğurlarının, ölkədə idmanın inkişafı istiqamətində görülən işlərin Polşa tərəfindən yaxından izləndiyini söyləyib. O, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın ölkə üçün böyük uğur olduğunu bildirib. Nazir 13-cü Azərbaycan turizm və səyahətlər sərgisində iştirakla bağlı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib. A.Biernat bunun həm də Azərbaycanda bütün sahələr üzrə gedən inkişafı canlı görmək üçün gözəl fürsət olduğunu vurğulayıb. Görüşdə Azərbaycanda idmanın, turizmin inkişafı ilə bağlı görülən işlər haqqında fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı münasibətlər Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından yüksələn xətlə inkişaf edib. İki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 30-dan çox sənəd imzalanıb. İlk sənəd 1997-ci ildə imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq və ticarət haqqında saziş olub. Daha sonra iki ölkə arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında konvensiyanı, Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannaməni, dövlətlərin mədəni və elmi əməkdaşlığı haqqında sazişi, Azərbaycan Respublikası hökuməti ilə Polşa Respublikası hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Sazişi vurğulamaq olar. Bundan başqa, ölkələr arasında mülki hava daşımaları haqqında, turizm sahəsində əməkdaşlıq haqqında, müdafiə sahəsində əməkdaşlıq haqqında, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, iqtisadi əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq emalı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.
İki ölkə arasındakı əlaqələr dövlət başçılarının qarşılıqlı səfərləri ilə daha da möhkəmləndirilib. Bu mənada, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşaya səfəri xüsusi olaraq vurğulanmalıdır. Səfər çərçivəsində Prezidentimiz Polşanın keçmiş Prezidenti, mərhum Lex Kaçinski, Polşa Senatının marşalı B.Boruseviç, Baş nazir Donald Tusk ilə görüşüb. Bundan başqa, Prezident İlham Əliyev Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Ordeni” ilə də təltif edilib.
Bununla yanaşı, 2008-ci ilin noyabrında Bakıda keçirilən IV Enerji Sammitinin işində iştirak edən Polşanın dövlət başçısı Prezident İlham Əliyevlə görüşüb.
2009-cu ildə Polşa Prezidentinin Bakıya rəsmi səfəri də dövlətlərarası münasibətlərin inkişafında mühüm mərhələ sayıla bilər. Səfər zamanı keçirilən görüşdə Prezident İlham Əliyev bildirib ki, Polşa dövlət başçısının 2006-2009-cu illərdə 5 dəfə Azərbaycana səfər etməsi dövlətlər arasında münasibətlərin çox yüksək səviyyədə olmasından, intensiv xarakter daşımasından xəbər verir. Hər iki dövlətin qarşılıqlı yüksək iqtisadi-siyasi əlaqələrə malik olduğunu bildirən Prezident İlham Əliyev energetika sahəsində Polşa-Azərbaycan əlaqələrinin inkişafının müşahidə olunduğunu söyləyib. Prezident daha sonra bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi işində Polşanın çox mühüm və təsirli imkanları var və Polşa bu imkanlardan istifadə edir: “Şərq Tərəfdaşlığı” Proqramının başlanması, hesab edirəm, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılması deməkdir və biz buna hazırıq. Biz enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəmizi verməyə hazırıq”.
Qeyd etmək lazımdır ki, 2010-cu ilin 12 aprelində Polşa Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskayanın, Polşa Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksəkrütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar Prezident İlham Əliyev bu ölkənin rəsmilərinə, vətəndaşlarına başsağlığı verib. Aprelin 18-də isə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti Polşa Prezidenti Lex Kaçinskinin Krakov şəhərində keçirilən dəfn mərasimində iştirak etmək məqsədilə Polşaya səfər edib.
Dövlətlərarası münasibətlər hökumətlər səviyyəsində də yüksək səviyyədə inkişaf etdirilir. 2009-cu ilin martında Azərbaycan Respublikasının müdafiə naziri Krakov şəhərində NATO ölkələri və Əfqanıstana töhfə verən tərəfdaş dövlətlərin müdafiə nazirlərinin görüşündə iştirak edib, bununla yanaşı, Polşanın milli müdafiə naziri B.Klix və Baş Qərargah rəisi F.Qaqora ilə görüşlər keçirib və iki ölkə arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 2009-cu ilin mayında isə Polşa-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının III iclası Varşavada keçirilib. İclas çərçivəsində 100-dək şirkət, yerli ictimaiyyətin iştirakı ilə Biznes seminar təşkil olunub. Ötən ilin yanvarında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti iki ölkə arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə, Polşaya rəsmi səfər edib. Danışıqlarda əməkdaşlığa dair müvafiq razılıq əldə edilib və istiqamətlər müəyyənləşdirilib. Səfər çərçivəsində nümayəndə heyəti Polşanın müdafiə sənayesi müəssisələrinin istehsal prosesi və bu sahədə maraq doğuran yeni texnologiyalarla yaxından tanış olub. 2010-cu ilin fevralında isə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlo Azərbaycana səfər edib və Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşüb. 2010-cu ilin martında isə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin dəvəti ilə Polşa Respublikasının Baş naziri Donald Tusk Azərbaycana səfər edib. Bu isə onu deməyə əsas verir ki, tarixən təxminən eyni mürəkkəblikdə siyasi-iqtisadi proseslərdən keçən Azərbaycan və Polşa münasibətləri bu gün bir çox ölkələr üçün müsbət örnəkdir.
Vurğulamaq gərəkdir ki, mədəni, humanitar, elm və təhsil sahələrindəki əlaqələr, həmçinin, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı təmasları ölkələr arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verməkdədir. Yeri gəlmişkən, bu kontekstdə son olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondunun sədri Tomas Przychodzien ilə görüşüb. Bir neçə il əvvəl Azərbaycana səfər etdiyini deyən qonaq ötən müddət ərzində ölkəmizdə sosial, iqtisadi sahələrdə baş verən dəyişikliklərin onu heyrətləndirdiyini vurğulayıb. T.Przychodzien onda ölkəmiz haqqında zəngin təəssüratların yarandığını qeyd edib. O, həmçinin, Azərbaycanın Avropa dəyərlərinə xüsusi önəm verdiyinin şahidi olduğunu bildirib.
Bundan başqa, xəbər verildiyi kimi, bir müddət öncə Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Elmlər Akademiyası (EA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AMEA prezidenti, akademik Akif Əlizadə və Polşa EA-nın prezidenti, professor Mixal Kleyberin imzaladıqları əməkdaşlıq protokolunda qarşılıqlı elmi proqramların, birgə layihələrin həyata keçirilməsi, konkret sahələr üzrə, xüsusən də, astrofizika, geologiya, şərqşünaslıq, türkologiya, arxeologiya istiqamətlərində birgə fəaliyyətin təmin edilməsi, beynəlxalq miqyaslı tədbirlərin hazırlanıb həyata keçirilməsi məsələləri öz əksini tapıb.
Azərbaycan-Polşa münasibətləri mütəmadi inkişaf tendensiyasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 20 mart.- S.8.