Azərbaycan ilə İtaliya
arasında əlaqələr yüksələn xətlə
inkişaf edir
İtaliyanın Trento şəhərində “Muxtariyyət və xalqlar arasında birgəyaşayış. Azərbaycanda dini etiqadın, dilin və sivilizasiyanın yeni sərhədləri” mövzusunda elmi konfrans keçirilib
Xəbər verildiyi kimi, Azərbaycanın İtaliyadakı səfirliyinin, bu ölkənin “Vox Populi” və “İl Nodo di Gordio” aparıcı elm mərkəzlərinin birgə təşkilatçılığı ilə Trento şəhərində “Muxtariyyət və xalqlar arasında birgəyaşayış. Azərbaycanda dini etiqadın, dilin və sivilizasiyanın yeni sərhədləri” mövzusunda elmi konfrans keçirilib. Tədbirin moderatoru, “İl Nodo di Gordio” elm mərkəzinin rəhbəri Daniele Ladzeri dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin geniş yayıldığı bir zamanda sürətlə inkişaf edən Azərbaycanda mövcud olan etnik-dini tolerantlığın, sivilizasiyalararası əlaqələrin müzakirəsi baxımından konfransın yaxşı imkan yaradacağını vurğulayıb.
Tədbirdə əvvəlcə Trentino Alto Adige regionunun Regional Şurasının prezidenti Dieqo Moltrer adından məktub oxunub. Məktubda konfransın işinə uğurlar arzulayan D.Moltrer Azərbaycanın və İtaliyanın regionları arasında mövcud yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirib, belə bir tədbirin məhz Trentoda keçirilməsini bu sıx münasibətlərin bariz göstəricisi kimi qiymətləndirib.
Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev ölkəmizin əlverişli coğrafi mövqeyi və sürətli inkişafı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyin bərpasından sonra sürətlə inkişaf edib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Diplomat diqqətə çatdırıb ki, ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə sıx əlaqələr qurub. Bu da Azərbaycanın qlobal arenada özünəməxsus yer tutmasına şərait yaradıb.
Azərbaycanın İtaliya ilə əlaqələrə xüsusi önəm verdiyini deyən S.Allahverdiyev vurğulayıb ki, bu münasibətlərin dərin tarixi kökləri var. Ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən diplomat diqqətə çatdırıb ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşlarındandır. TAP layihəsinin reallaşması ilə əlaqələrimiz daha da dərinləşəcək. O, qeyri-neft sektorunda, xüsusilə tikinti, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə də birgə işlər görmək üçün yüksək potensialın olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Allahverdiyev bildirib ki, bu məsələ ölkəmiz üçün prioritet problemdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Bir çox nüfuzlu beynəlxalq təşkilatların münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədləri mövcud olsa da, problem hələ də həllini tapmamışdır”.
Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühitindən bəhs edən diplomat ölkəmizdə hər zaman bütün millətlərin, dinlərin nümayəndələrinə bərabər hüquqların verildiyini, onların sülh və dostluq şəraitində yaşadıqlarını bildirib. Vurğulayıb ki, Azərbaycan dinlərarası münasibətlərin tənzimləndiyi önəmli bir məkana çevrilib.
ATƏT Parlament Assambleyasının İtaliyadan olan keçmiş prezidenti Rikkardo Milyiori, İtaliyanın müxtəlif ölkələrdəki sabiq səfirləri Culio Pricioni və Quido Lenzi, Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cuzeppe Detomas çıxış edərək müasir dünyanın geosiyasi durumu kontekstində Azərbaycanın getdikcə qlobal iştirakçıya çevrilməsindən danışıblar. Bildirilib ki, bu gün sürətli inkişafı ilə fərqlənən Azərbaycanda mövcud sabit siyasi durum bir çox ölkələr üçün nümunə ola bilər.
Sonra dinlərarası məsələlərə dair panel iclası keçirilib. İclasda çıxış edən dinlərarası dialoq üzrə mütəxəssis Alessandro Martinelli, “İl sole 24 ore” qəzetinin əməkdaşı Auqusto Qrandi, Bolzano muxtariyyətinin əyalət prezidenti Arno Kompatşer və digərləri müxtəlif dinlərin nümayəndələri arasında ortaq maraqların mövcudluğu, daha təhlükəsiz və sülh ilə dolu bir dünyaya nail olmaq üçün onların səy göstərmələrinin vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan bu istiqamətdə üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirməkdədir. Azərbaycan artıq Avropanın tərkib hissəsinə çevrilib. Bu baxımdan bu ölkənin Avropa dəyərlərini bölüşməsi yüksək qiymətləndirilməlidir.
Daha sonra “Azərbaycanın rəmzlərindən biri olan Alban Apostol kilsəsinin tarixi kökləri” kitabının təqdimatı olub. Nəşrin həmmüəllifləri, professorlar Paolo Zammatteo, Ermanno Vizintainer, Angelo Mekka və Andrea Marçiliano kitabın ölkəmizin ərazisində yaşamış etnosların dini etiqadları, mədəni dəyərləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildiriblər. Diqqətə çatdırıblar ki, nəşrdə Qafqaz Albaniyasının xristian aləmi ilə əlaqələri, VII və VIII əsrdə ərəblər tərəfindən bu ərazilərin ələ keçirilməsi, İslam dininin yayılması kimi mühüm tarixi mərhələlər yer alıb. Kitabda, həmçinin, Azərbaycan ərazisində yaşayan etnik qruplar haqqında da məlumat verilir.
Vurğulanıb ki, Qafqazda xristianlığı ilk dəfə qəbul edən etnoslardan biri olan udilərin tarixi vətəni Azərbaycandır. Bu gün udilər Alban Apostol kilsəsinin zəngin dini-mədəni irsinin varisləri hesab olunurlar. Qafqaz Albaniyasının memarlıq irsi Azərbaycan mədəniyyətinin mühüm xəzinələrindən hesab olunur və milli tarixin rəmzlərindən birinə çevrilib.
Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin təmsilçiləri, Trento şəhəri ictimaiyyətinin nümayəndələri və başqaları iştirak ediblər.
Beləliklə, sözügedən
tədbirdə vurğulandığı kimi, İtaliya
Respublikası ilə Azərbaycan Respublikası arasında
sıx dərin dostluq telləri, geniş əməkdaşlıq
münasibətləri və strateji əhəmiyyət
daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq
mövcuddur. Respublikamızın dövlət
müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri
içərisində ən yüksək səviyyədə
iqtisadi əməkdaşlığı və siyasi münasibətləri
gücləndirən ilk dövlətlərdən biri, məhz
İtaliya olub. Xatırladaq ki, İtaliya Respublikası Azərbaycan
Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində
tanıyıb. Eyni
zamanda, 8 may 1992-ci il tarixində iki ölkə
arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya
Respublikasının Azərbaycanda, 2003-cü ilin dekabr
ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi
təsis edilib. Azərbaycan Respublikası
ilə İtaliya Respublikası arasında indiyədək 30 sənəd
imzalanıb. İki ölkə arasında əməkdaşlıq
rəsmi səfərlər sayəsində daha da möhkəmlənib.
Ümummilli lider Heydər Əliyevin İtaliya
Respublikasına ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci ildə
baş tutub. Prezident İlham Əliyev isə
2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə
olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində
İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə,
Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak
etmək məqsədilə, Prezident İlham Əliyev həmin
ölkəyə səfər edib. Onu da qeyd edək ki,
2013-cü ilin 5-6 mart tarixində Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
İtaliyada səfərdə olub və “Romada Bakıya
uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisinin açılışında iştirak edib.
Qarşılıqlı səfərlər
parlament və hökumət nümayəndələri səviyyəsində
də davam etdirilib.
Bütövlükdə, birgə əməkdaşlığa
dair mühüm razılaşmaların əldə olunması
tərəflər arasında qarşılıqlı
münasibətlərin güclənməsinə əlverişli
zəmin yaradıb. “Əsrin müqaviləsi”nin
imzalanması və Azərbaycanın neft ehtiyatlarının
işlənməsində İtaliya şirkətlərinin təmsil
olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin
yeni mərhələdə inkişafına təkan verib.
Enerji sahəsində əməkdaşlıqla
yanaşı, siyasi, iqtisadi, sosial, humanitar, elmi-mədəni, təhsil,
səhiyyə, turizm və digər bölmələrdə
intensiv əlaqələrin inkişafı İtaliya-Azərbaycan
münasibətlərində yeni dinamikaya səbəb olub. İtaliya ilə
Azərbaycan arasında yaradılmış hökumətlərarası
komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin
siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementləri
əlavə edib. Son illərdə möhkəm
təməllər üzərində dərinləşən
Azərbaycan-İtaliya əlaqələri öz növbəsində,
ikitərəfli münasibətlər çərçivəsindən
kənara çıxaraq Avropa regionunu əhatə edən
böyük əməkdaşlıq fazasına qədəm
qoyub. Hər iki dövlət Trans-Avropa
enerji şəbəkəsinin formalaşmasında həlledici
rola malik olmaqla strateji əhəmiyyət kəsb etməyə
başlayıb. Qeyd etdiyimiz kimi, İtaliya
Respublikası ilə Azərbaycan Respublikası arasında
iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz
sahəsində əməkdaşlıqla bağlıdır.
Belə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri
ilə nəql olunan neftin əsas alıcılarından biri
İtaliyadır. Hazırda Avropa
bazarlarına nəql olunan neft resurslarının böyük
bir hissəsi məhz İtaliya limanları vasitəsilə
Avropa İttifaqı (Aİ) ölkələrinə
çatdırılır. Bu dövlət
ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə
Avropaya tranzit edir. İtaliya Avropa
İttifaqında yüksək nüfuza malik dövlət kimi
regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın
möhkəmlənməsinə töhfə verməsi ilə
diqqəti cəlb edir. Rəsmi Roma öz
enerji siyasətini həyata keçirərkən Azərbaycan
Respublikası ilə uzunmüddətli və davamlı xarakterə
malik strateji layihələri prioritet kimi qəbul edir.
İtaliya neftlə bərabər, qaz resurslarının
da əsas alıcısıdır. Xatırladaq ki, hələ
2007-ci ilin dekabr ayında Azərbaycanla İtaliya arasında
qaz sektorunda əməkdaşlığa dair protokol
imzalanıb. Əlavə edək ki,
“Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan edib ki,
“Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz həcmlərini
Yunanıstan, İtaliya və cənub-şərqi
Avropadakı müştərilərə çatdırmaq
üçün Trans-Adriatik boru kəmərini (TAP)
seçib. 13 fevral 2013-cü ildə
Yunanıstan, İtaliya və Albaniya hökumətləri
Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası
saziş imzalayıblar. Bir sözlə,
İtaliya Azərbaycanın şaxələndirmə siyasətini
dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin
yaradılmasında təşəbbüs göstərən əsas
dövlətlərdən biridir. Və
görünən odur ki, enerji əməkdaşlığı
formatı gələcəkdə daha geniş coğrafi miqyas
alacaq. Azərbaycanın müəllifi
olduğu, Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin
coğrafiyası daha da genişlənəcək və
Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi
nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi
yaranmış olacaq. Yanacağın Azərbaycandan
Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya,
Balkan yarımadasına və başqa Avropa ölkələrinə
ixracı üçün regionda ən iri qaz marşrutu
mövcud olacaq. Eyni zamanda, bu enerji sistemi
şaxələnərək Mərkəzi Avropanın bir
çox dövlətlərini əhatə edəcək.
Yanacağın sözügedən marşrut
üzrə Xəzər hövzəsindən, Orta Şərqdən
və Mərkəzi Asiyadan Avropaya çatdırılması
nəzərdə tutulur. Gələcəkdə,
həmçinin, Qazaxıstanın və Türkmənistanın
da qaz resurslarının bu dəhlizlə nəqli
mümkün sayılır. Bu amil İtaliya ilə Azərbaycan
arasında iqtisadi təmasları dərinləşdirməklə
yanaşı, məhz respublikamızın enerji strategiyası
nəticəsində bu ölkənin də regionda tranzit
dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə
Azərbaycan qazının alıcısı deyil, həm də
yanacağın digər Avropa dövlətlərinə
ixracı üçün tranzit ölkə rolunu
oynamış olacaq. Azərbaycan qazı
Avstriyaya, Bolqarıstana, Macarıstana, həm də bu ölkənin
ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, eyni zamanda, respublikamızın
Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq
gücünü ortaya qoyur. Yeri gəlmişkən,
Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq
enerji resursları ilə məhdudlaşmır. Qeyd olunduğu kimi, hər iki tərəf neftdən
kənar sahələrlə bağlı bir sıra layihələri
müzakirə edib. İndiyədək
keçirilən Azərbaycan-İtaliya biznes-forumlarında
müzakirə olunan əsas məsələlər neft və
qaz sahəsində əməkdaşlıqdan başqa,
qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə
tutur. Tərəflər iqtisadiyyatın bir
çox sahələri üzrə geniş əməkdaşlıq
əlaqələrini gücləndirmək niyyətindədirlər.
Onu da bildirmək yerinə düşər ki, hazırda
hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa
malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin
ölkələr üzrə strukturunda İtaliya öncül
sıralarda qərarlaşıb. Məsələn,
2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət
dövriyyəsinin həcmi 5,3 milyard avro
olub. İki ölkə arasında ticarət dövriyyəsinin
həcmi 2011-ci ildə 9,6 milyard ABŞ
dolları təşkil edib. Bu rəqəm
İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə
ilə malik olduğu ticarət dövriyyəsindən daha
yüksəkdir. Bütövlükdə Azərbaycanın
xarici ticarət dövriyyəsində ixracatda 35,2
faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə
durur. Yeri gəlmişkən, 2010-cu ildə Bakıda
keçirilən biznes forumda hər 2 ölkənin dövlət
rəsmiləri, kənd təsərrüfatı, qida sənayesi,
loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s.
sahələri təmsil edən 60-dan çox şirkətin
nümayəndəsi iştirak edib və tədbirdə
işgüzar əlaqələrin genişləndirilməsi
imkanları müzakirə olunub. İşgüzar
görüşlərlə davam etdirilən tədbirin yekunu
olaraq, İtaliya Respublikasının İqtisadi İnkişaf
Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi arasında əməkdaşlığa
dair sənəd imzalanıb. Həmin sənəddə
iki ölkə arasında ticarətin inkişafı,
iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə
müəssisələrin yaradılması, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu və
İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə
Milli Təşkilatı, eləcə də, sahibkarlar
arasında əlaqələrin genişləndirilməsi,
qarşılıqlı investisiyaların cəlb edilməsi və
s. sahələrdə əməkdaşlığın
inkişafı nəzərdə tutulub. Ötən
müddət ərzində İtaliyanın Azərbaycanda daha
bir neçə şirkəti fəaliyyətə
başlayıb. Bu məqam ötən il
noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya
biznes forumunda bir daha vurğulanıb. Məlumat
üçün bildirək ki, hər iki ölkənin
şirkətləri arasında əlaqələrin
qurulması baxımından böyük əhəmiyyət kəsb
edən həmin forumda 130-dan artıq italiyalı iş
adamı iştirak edib. Ümumiyyətlə,
italyanlar respublikamızda kənd təsərrüfatı, qida
sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət
avadanlıqları, geyim, mebel və digər sahələr
üzrə fəaliyyət göstərirlər.
Yeri gəlmişkən,
diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir
ki, İtaliya Respublikası Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair dövlət
səviyyəsində xüsusi olaraq, Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyir. Faktlara diqqət
yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay
Əsədovun başçılığı ilə Azərbaycan
parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə
olub. Səfər zamanı Milli Məclisin sədri
Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya
Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub.
Görüş zamanı Azərbaycan
parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi
dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli
səfərlərin həyata keçirilməsi olduqca vacibdir.
Onun sözlərinə görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz
və xalqlarımız arasında əlaqələrin daha da
möhkəmləndirilməsinə böyük əhəmiyyət
verir.
Həmin görüş zamanı Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ, xüsusilə, diqqət mərkəzində olub. İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini isə bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir”.
Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya tərəfi bu problemə haqq və ədalət müstəvisində çox həssaslıqla yanaşır. Xatırladaq ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Senat Yeni Avropa xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsinin vacibliyini qeyd edir.
Yəni, Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Qeyd etdiyimiz kimi, bu vaxta qədər Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin gücləndirilməsində maraqlıdır. Regionda beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşına çevrilməsi İtaliya tərəfindən də yüksək dəyərləndirilir.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, hazırda iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın artmasının şahidi oluruq. Senat üzrə dostluq qrupunun sayı 32 nəfərdən ibarətdir.
İtaliya həmçinin, Avropa İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin mart ayında Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan, Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avroatlantik qurumlara inteqrasiya, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində İtaliyanın ölkəmizə dəstəyi şübhə doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək.
Bir sözlə, İtaliyanın Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cüzeppe Detomasın da vurğuladığı kimi, Azərbaycan ilə İtaliyanı dərin köklərə əsaslanan münasibətlər birləşdirir. Bu yaxınlarda AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışan C.Detomas diqqətə çatdırıb ki, bu sıx əməkdaşlığı bir çox sahələrdə müşahidə etmək mümkündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan C.Detomas problemin tezliklə tənzimlənəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, İtaliya münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli dünyanın bir sıra bölgələrində davam edən münaqişələrə son qoyulması üçün nümunə ola bilər.
Nadir AZƏRİ
Yeni
Azərbaycan.-2014.- 28 mart.- S.6.