“Sənaye ili” çərçivəsində görüləcək tədbirlər sayəsində ölkəmiz regionun sənaye mərkəzinə çevriləcək

 

Prezident İlham Əliyev: Texnologiyalar Parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaqdır

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son 5 ildə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Yenimüasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində ümumilikdə, 2003-2012-ci illərdə əlavə dəyər qeyri-neft sənayesində 2,2 dəfə, o cümlədən, qeyri-neft emalı sənayesində 2,3 dəfə artıb. Ötən 10 ildə ölkə sənayesinin inkişafına 40 milyard manatdan çox investisiya yatırılıb, müasir tələblərə uyğun rəqabətqabiliyyətli sənayenin yaradılmasına yönəldilmiş tədbirlər real nəticələrini verib. Bu illər ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan Avtomobil Zavodu, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, “EMBAWOOD” mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədidə süd məhsulları, Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları, Bakının Qaradağ rayonunda gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisələri fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatda deyilir ki, 2013-cü ildə sənayedə fəaliyyət göstərən müəssisələr və sahibkarlıq subyektləri tərəfindən 33,7 milyard manatlıq, o cümlədən, mədənçıxarma bölməsində 24,9 milyard manatlıq (74 faiz), emal bölməsində 6,8 milyard manatlıq (20,1 faiz), elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 1,87 milyard manatlıq (5,2 faiz), su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 222,1 milyon manatlıq (0,7 faiz) məhsul istehsal olunub ki, bu da müvafiq surətdə neft sənayesi üzrə 26,9 milyard manat, qeyri-neft sənayesi üzrə 6,8 milyard manat təşkil edib.

Ötən il 2012-ci illə müqayisədə ümumi sənaye istehsalında 1,8 faiz, neft sənayesi üzrə 1,1 faiz, o cümlədən, qeyri-neft sənayesində isə 4,8 faiz artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2014-cü ilin yanvar ayında isə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,8 milyard manatlıq sənaye məhsulu istehsal ediblər. Qeyri-neft sənayesi sahəsində qida məhsullarının, içki, poliqrafiya, kimya sənayesi məhsullarının, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin istehsalı artıb.

Sənayenin emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 0,8 faiz, geyim istehsalı 39,8 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 22,3 faiz, kimya sənayesi məhsulları istehsalı 26 faiz, hazır metal məmulatların istehsalı 14,6 faiz, tikinti materialları istehsalı 7,8 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 44,9 faiz, maşın və avadanlıqların istehsalı 2 faiz və digər nəqliyyat vasitələri istehsalı 3,5 dəfə artıb.

Hazırkı mərhələdə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsi əsas məqsədlərdəndir. Sumqayıtda istifadəyə verilən mis emalı zavodu da bu istiqamətdə görülən kompleks işlərin tərkib hissəsidir. Burada mis katod lövhələrin elektroliz üsulu ilə, həm də hazır mis məmulatlarının ekoloji cəhətdən təmiz istehsalı təşkil olunacaq.

Yeri gəlmişkən, Prezident İlham Əliyev 2014-cü il fevralın 25-də Sumqayıta səfəri çərçivəsində mis emalı zavodu ilə yanaşı, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin, Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak edib. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaq. Burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulub. Fabrikin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu zavodların fəaliyyətə başlaması Azərbaycanda sənayenin inkişafının təzahürüdür. O, Sumqayıtı Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi adlandırıb: “Bildiyiniz kimi, Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Əslində Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Hazırda Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı neçə ildir ki, fəaliyyət göstərir. Texnologiyalar Parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaqdır. O zavodların fəaliyyəti genişlənəcəkdir. Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır”.

Əlavə edək ki, Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində Azərbaycan kağız və karton istehsalat kombinatının yaradılması sənayenin bu sahəsinin inkişafını daha da sürətləndirəcək. Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulub. Kombinatın illik emal gücü 50 min tondur. Hesablamalara görə, müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min şam ağacının kəsilməsinin və meşələrin məhv olmasının, həmçinin atmosferə xeyli miqdarda zərərli maddələrin buraxılmasının qarşısı alınacaq. Bu layihənin Sumqayıt ərazisində həyata keçirilməsi şəhərin sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyətə malikdir.

Beləliklə, Azərbaycanda qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün hazırda ciddi proqramların icrasının vacibliyini nəzərə alan Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ilielan etməsi əhəmiyyətli addımlardan biri hesab oluna bilər. Artıq dövlət başçısı cari ilin martın 12-də “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 2014-cü ilin “Sənaye ilielan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə, idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artıraraq ixracatı çoxaltmaqdan ibarətdir.

Qeyd edək ki, Azərbaycan üçün ənənəvi neft-qaz emalı sənayesinin inkişaf etdirilməsi qarşıdakı illər üçün əsas prioritetlərdən biri olaraq qalsa da, qeyri-neft sənayesinin perspektivli sahələrindən biri yerli xammala əsaslanan metallurgiya sənayesidir. Bu sahədə 4 zavoddan ibarət tam istehsal zəncirinin yaradılması nəzərdə tutulub. Azərbaycan Polad İstehsal Kompleksi ilə yanaşı, Gəncədə 2-ci alüminium istehsal xəttinin, alüminium yarımfabrikat istehsalı müəssisələrinin tikintisi xüsusi əhəmiyyət kəsb edir. Eləcə də, yeni neftqaz emalı, neft-kimya və Sumqayıt Karbamid zavodlarının inşası ümumilikdə qeyri-neft sənayesinin və əlaqədar sahələrin inkişafına təkan verəcək. Perspektivli sahələr hesab olunan maşınqayırma sənayesində, xüsusilə də, neft maşınqayırması sahəsində istehsal çeşidlərinin və həcminin artırılması, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilməsi planlaşdırılıb. Habelə, yeni sement istehsalı zavodlarının fəaliyyətə başlaması, metal konstruksiyaların, seramik plitələrin istehsalı tikinti materialları sənayesinin dinamik inkişafına şərait yaradacağı gözlənilir.

Növbəti illərdə aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə yerli xammala əsaslanan kənd təsərrüfatı məhsullarının emalının artırılması ölkə əhalisinin qida sənayesi məhsullarına olan tələbatını ödəməklə yanaşı, ixrac potensialının artırılmasına şərait yaradacaq. Demək olar ki, 2014-cü il “Sənaye ili” çərçivəsində görüləcək tədbirlər sayəsində ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsi təmin ediləcək.

 

  SEVİNC

  Yeni  Azərbaycan.-2014.- 29 mart.- S.2.