31 mart soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri vəhşiliklərin növbəti mərhələsi olmuşdur

 

Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu faciə haqqında həqiqətlərin həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırılmasının hüquqi, ideoloji əsasını təşkil edir

Ermənilərin xalqımıza qarşı 200 ildir müəyyən fasilələrlə apardığı soyqırımı siyasəti bu gündavam edir. Son 200 illik tarixin hər bir səhifəsini çevirəndə erməni vəhşiliyinin, vandalizminin şahidi oluruq. Mənfur qonşularımızın beyinlərində bəslədikləri qondarma xəyalların həyata keçməsi üçün qeyri-insani yollardan istifadəyə can atması hər zaman qanlı qarşıdurmalara yol açıb.

Əslində, bu mənfur siyasətin arxasında dayanan məqam birdir-  Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifikBöyük Ermənistan” dövləti yaratmaq ideyası. XIX yüzillikdə ermənilərin kütləvi və məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi siyasəti də məhz bu mənfur ideyanın  həyata keçirilməsinə hazırlıq prosesi sayıla bilərdi. Məhz bu yolla azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaq, işğala məruz qoymaq olardı ki, ermənilər bu üsuldan istifadə etdilər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən soyqırımı aktları, zorakılıq halları çirkin və məkrli niyyətləri reallaşdırmaq üçün başlanan siyasətin tərkib hissəsi idi.

1918-ci ildə baş vermiş 31 mart soyqırımı isə bu mənada həm miqyasına, həm də dəhşətli nəticələrinə görə xüsusi yer tuturdünya tarixinə ən qanlı aksiyalardan biri kimi daxil olub. Belə ki, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Bu isə hər zaman gizli planlara malik ermənilərin əlinə azərbaycanlıları məhv etmək üçün əlavə stimul vermiş oldu. Mənşəcə erməni olanBritaniya hökumətindən, o cümlədən, başqa yerlərdə yaşayan ermənilərdən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin etdi. Xüsusi ilə qeyd etmək lazımdır ki, məhz həmin dövrün bolşevik Rusiyası və digər dünya gücləri Azərbaycana sahiblənmək üçün bütün vasitələrdən istifadə edirdilər ki, bu yolda ermənilərlə “əməkdaşlıq” etmək onların işinə yarayırdı. Şaumyan öz məkrli niyyətinə çatmaq üçün ən əsası Rusiya bolşeviklərindən istifadə edirdi. Belə demək mümkündürsə, mart qırğınına başlamaq üçün ermənilərə xırda bir səbəb lazım idi.

Beləliklə, 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçiləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”.

Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırıb, “Açıq söz”, “Kaspi”, “Baku”, qəzetlərinin redaksiyalarını isə dağıtdılar, “Təzə pir” məscidinin minarələrini top atəşi ilə dəlik-deşik etdilər.

Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərdilər. Onlar bu soyqırımını həyata keçirmək üçün təxminən 7 min erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər və bundan başqa, “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizindən çoxunu ermənilər təşkil edirdilər. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası hücuma keçməli idi və təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürməli, körpələrə və qocalara aman verməməli idilər.

S.Şaumyan başda olmaqla Bakı bolşevikləri daşnaklarla birlikdə “antisovet qiyamına”, “əksinqilaba” qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər.

Bolşevik-daşnak dəstələrinin vəhşilikləri, törədilən soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmırdı. Ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımını davam etdirmişdilər. S.Lalayansın dəstələri 3-16 aprel tarixlərində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”.

Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə dəhşətli işgəncələrlə qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü.

Ermənilərin növbəti hədəfi Gəncə şəhəri idi. Onlar Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

Ümumiyyətlə, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə, o cümlədən, dünya tarixinə qara hərflərlə yazıldı.

Bu məqamda qeyd etmək yerinə düşər ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilən bütün soyqırımlara hüquqi-siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Belə ki, məhz Ulu öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Əksər ekspertlərin də vurğuladığı kimi, bu Fərman xalqımızın keçmişinin obyektiv mənzərəsini yaratmağa xidmət edən, ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələri, soyqırımı faktlarını bütün dünyaya göstərmək baxımından misilsiz bir sənəddir. Özünüdərk, keçmişinə, tarixinə bağlılıq istər dövlətin, istərsə də millətin gələcəyinin formalaşdırılmasında, mühüm rola malikdir. Bu baxımdan Ümummilli liderimiz Heydər Əliyev bu Fərmanla Azərbaycan xalqının öz keçmişinə sahib çıxmasına, millətimizə qarşı edilən haqsızlıqlara real qiymət verilməsinə şərait yaratdı.

Yeri gəlmişkən, həmin sənəddə bildirilir ki, müstəqillik əldə etməklə keçmişin obyektiv mənzərəsini yaratmaq imkanı qazanan xalqımız ona qarşı olan haqsızlıqların, təhrif edilmiş hadisələrin siyasi-hüquqi qiymətini vermək imkanı əldə edib.

Fərman Azərbaycan tarixi üçün həm də ona görə böyük əhəmiyyətə malikdir ki, buradaBöyük Ermənistan” uydurmasının Azərbaycan torpaqlarının işğalına “bəraət qazandırmaq məqsədilə” ortaya atıldığı və ermənilərin tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramların reallaşdırıldığı açıq şəkildə göstərilib. Mart qırğınlarının əsl mahiyyəti 1998-ci ildə imzalanan Fərmanda belə açıqlanır: “1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir”.

 Bir sözlə, Azərbaycan xalqı illərlə, bəlkə də əsrlərlə haqsızlıqlarla üzləşib. Amma bu gün ölkəmizə, millətimizə, ərazi bütövlüyümüzə qarşı olan bütün hədələri qarşılamağa, onlara layiqli cavab verməyə gücümüz var. Bu gücün  əsasında isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlananbu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, yalnız milli mənafeyə xidmət edən siyasət dayanır. Ölkə Prezidentinin həyata keçirdiyi hücum diplomatiyası bu gün bəhrəsini verməkdədir. Xocalı soyqırımının ardından artıq dünya ictimaiyyəti 31 mart-Azərbaycanlıların Soyqırımı Gününü tanıyır, bununla bağlı müvafiq qətnamələr qəbul olunur. Məhz Prezident İlham Əliyevin fəaliyyəti sayəsində dünyanın əksər ölkələrində 31 mart soyqırımı haqqında həqiqətlər yayılır, insanlar dünya erməniliyinin xisləti ilə daha yaxından tanış olur. Yeri gəlmişkən, artıq Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatının Əyalət Məclisi də 1918-ci il soyqırımını tanıyıb. Nyu-Cersi Əyalət Məclisi 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiklərini və 31 martın Nyu-Cersidə “Azərilərin anma günükimi qeyd olunmasını qərara alıb.  Xatırladaq ki,  31 martın soyqırım günü kimi qəbul olunması ilk dəfə 2012-ci ildə Nyu-York Əyalət Məclisində qərara alınıb.

Bundan başqa, ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının faktoloji təsdiqi olan Quba kütləvi məzarlığı artıq bütün dünyada məşhurdur. Ölkəmizə gələn qonaqlar ermənilər tərəfindən həyata keçirilən vandalizm nəticəsində insanlığa qarşı işlənən böyük cinayətin təsdiqi olan Quba məzarlığı ilə əyani şəkildə tanış olurlar. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülüb. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılıb.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 29 mart.- S.5.