2013-cü il Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə həlledici il olub

 

Bu beynəlxalq qurumla çoxsahəli əməkdaşlıq ölkəmizin Qərbə inteqrasiya siyasətinin mərkəzində dayanır

Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti ölkələrində tərəqqi üzrə növbəti illik hesabatını yayıb. Azərbaycan ilə bağlı hesabatda bildirilir ki, 2013-cü il Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə həlledici il olub. Ötən il tərəflər arasında viza rejiminin sadələşdirilməsi və mobillik üzrə tərəfdaşlıq sazişlərinin imzalanması əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi potensialını nümayiş etdirib. Tərəflər arasında Assosiativ Sazişin imzalanması ilə bağlı danışıqlar davam etdirilib. Strateji enerji tərəfdaşlığı daha da gücləndirilib. Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayacaq “Cənub qaz dəhlizi”nin tikintisi ilə bağlı addımlar atılıb.

Hesabatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Bildirilir ki, münaqişənin həlli istiqamətində davam edən Minsk prosesində il ərzində durğunluq müşahidə edilib. Həmçinin, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin noyabrda keçirilən görüşü qeyd olunub.

Hesabatda diqqətə çatdırılır ki, 2014-cü ilin əvvəlində qoşunların təmas xəttində gərginlik yaşanıb. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinə davamlı sülhə nail olmaq üçün tam dəstəyi davam etdirib.

Qeyd olunur ki, Azərbaycan 2012-ci il üzrə tərəqqi hesabatında göstərilən tövsiyələrə əməl edərək korrupsiya ilə mübarizəyə qarşı tədbirlər görüb.

Həqiqətən də, ötən dövrə nəzər saldıqda, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığında mühüm nailiyyətləri müşahidə etmək mümkündür.

Məlum olduğu kimi, Avropa İttifaqı ilə çoxsahəli əməkdaşlıq Azərbaycanın Qərbə inteqrasiya siyasətinin mərkəzində dayanır. Bu baxımdan, qeyd olunduğu kimi, 2013-cü il qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsi baxımından bir sıra uğurlarla yadda qalıb.

Ötən dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində mühüm irəliləyişlərdən biri qurumun Vilnüsdə keçirilən III “Şərq tərəfdaşlığı” Sammitində tərəflər arasında sadələşdirilmiş viza müqaviləsinin imzalanması oldu. Bu müqavilənin imzalanması Avropa İttifaqının Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu, həmçinin, ölkəmizin qurumona daxil olan dövlətlərlə əməkdaşlığı bundan sonra da yüksək səviyyədə davam etirmək niyyətini göstərdi.

Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev bu məsələyə toxunaraq əldə olunan razılaşmanı önəmli saziş adlandırıb:Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür. Bu münasibətlər gələcəkdə də inkişaf edəcəkdir”.

AZƏRBACANDA HÜQUQİ DÖVLƏT QURUCULUĞU UĞURLA HƏYATA KEÇİRİLİR

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin əhatə etdiyi sahələr içərisində demokratik, hüquq dövləti quruculuğu, insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsinin təmin edilməsi də var. 9 oktyabr prezident seçkiləri Azərbaycanın demokratik dövlət quruculuğuna nail olmasının şəksiz təsdiqi oldu.

Ümumiyyətlə, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu geniş təcrübəyə əsaslanır. Belə ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan demokratik islahatlar Azərbaycanın bu yolda qətiyyətli olduğunu göstərdi. Vətəndaşların hüquq və azadlıqlarının qorunması, xalqın siyasi iradəsinin seçkilərdə öz əksini obyektiv surətdə əks etdirməsi 1995-ci il noyabrın 12-də keçirilən referendumun nəticəsində Konstitusiyanın qəbulu ilə özünün möhkəm hüquqi əsasına sahib oldu. Azərbaycan vətəndaşlarının ən müxtəlif məsələlərlə bağlı hüquq, vəzifə və azadlıqlarının əks olunduğu Konstitusiya öz mükəmməlliyi ilə uzunmüddətli demokratiya ənənələrinə malik olan dövlətlərin ali qanunlarından heç də geridə qalmır. Bununla yanaşı, seçki sistemininqanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması hakimiyyət bölgüsünün demokratik əsaslarda formalaşdırılmasına imkan verdi. Ölkədə keçirilən seçkiləri müşahidə edən beynəlxalq təşkilatların hesabatlarında əksini tapan müsbət rəylər hər növbəti seçkinin əvvəlkindən daha yüksək səviyyədə təşkil olunduğunu, şəffaflıq, bərabərlik prinsiplərinin qorunduğunu təsdiqləyir.

Bu gün demokratik siyasi sistem, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xətti ilə irəliləyən Azərbaycan sosial, siyasi, iqtisadi, mədəni və intellektual transformasiyanı özündə əks etdirən hərtərəfli modernləşmə yolunda inamla irəliləyir. İqtisadi sahədə liberallaşma, bazar iqtisadiyyatına keçiddünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla sürdürülməsi nəticəsində Azərbaycan iqtisadiyyatı bir neçə il bundan əvvəl keçid dövrünü başa vurub.

Bununla yanaşı, ölkədə ölüm hökmünün, mətbuat üzərində senzuranın ləğv edilməsi, ənənə halını alan əfv fərmanları ilə hər il yüzlərlə məhbusun azadlığa çıxması, korrupsiya və rüşvətxorluqla mübarizə, qanunun aliliyinin təmin edilməsi, sənədləşdirmə, qeydiyyat, vergi ödəmələri kimi proseslərin unikal “ASAN xidmət” vasitəsilə sadələşdirilməsi kimi addımlar və islahatlar Azərbaycanın həqiqətən hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir.

ETİBARLI ENERJİ TƏRƏFDAŞLIĞI

Məlum olduğu kimi, 2013-cü il Azərbaycanın enerji siyasətində böyük uğurlarla yadda qalıb. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan 2013-cü ildə atdığı addımlarla beynəlxalq aləmdə mühüm qaz ixracatçısı kimi özünü tanıtmağa başlayıb.

Qeyd edək ki, bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan, Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. Xatırladaq ki, hələ Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun 2011-ci ildə Azərbaycana səfəri zamanı “Cənub qaz dəhlizi” ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün həlledici razılaşmalardan biri də “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanmış Sazişdir.

Eyni zamanda, TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçünyeni imkanlar yaradacaq. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.

Bildiyimiz kimi, TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Mərkəzi və Cənubi Avropanın sərhədlərinə çatdırılmasını nəzərdə tutur. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə 2013-cü ilin iyun ayında “Şahdəniz” Konsorsiumu Trans-Adriatik qaz kəməri (TAP) layihəsini seçib. Azərbaycanın enerji siyasətində böyük irəliləyişə yol açan bu qərar Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP “Cənub” qaz dəhlizinin əsas halqası sayılır.

Beləliklə, sadalanan bütün mərhələlərin gerçəkləşəcəyi təqdirdə Azərbaycan öz qazını münasib qiymətlərlə birbaşa Avropa bazarlarına çıxara biləcək.

Sözsüz ki, 2013-cü ilin ən yaddaqalanuğurlu nəticələrindən biri dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması oldu. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir.

Azərbaycanın ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu Azərbaycanın gələcəkdə sürətli inkişafını təmin etmək üçün mühüm imkandır. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi “Cənub qaz dəhlizi” vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılmasına və yeni yerlərinin yaradılmasına da səbəb olacaq.

Beləliklə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, yəni Avropa ilə sərhədə gətirəcək. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək. Bu isə Avropada mavi yanacaq bazarını genişləndirəcək, istehlakçı ölkələr isə enerji mənbələrinin çoxaldılması yolu ilə öz təhlükəsizliklərini daha etibarlı təmin edə biləcəklər.

Təsadüfi deyil ki, Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın rəsmi dairələrində sevinclə qarşılanıb. Çünki “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir.

Beləliklə, bu gün Azərbaycanın dünya enerji bazarlarında hasilatçı ölkə olaraq ön sıralara doğru irəliləməsi danılmaz həqiqətdir. Düzgün enerji siyasəti sayəsində Azərbaycan özünün inkişafını təmin edir, eyni zamanda, çaxsaylı tərəfdaşlar qazanmaqla, özünün beynəlxalq aləmdəki nüfuzunu və mövqelərini durmadan gücləndirir.

Sadalananlar onu göstərir ki, istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni mərhələyə yüksəlir. Münasibətlərin inkişafı, yeni mərhələyə daxil olması əlaqələrin yeni formatının yaradılmasına da ehtiyac yaradır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində belə bir addımın zəruriliyini qeyd edib: “Hazırda - təbii ki, 2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir”.

Belə bir formatın yaradılacağı təqdirdə mövcud potensialdan maksimum dərəcədə yararlanmaqla qarşılıqlı münasibətlərin səmərəli nəticələrini əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 29 mart.- S.8.