İLHAM ƏLİYEVİN
ÇOXVEKTORLU GEOİQTİSADİ SİYASƏTİNİN
NÖVBƏTİ UĞURLARI
II məqalə
Avrasiya Birliyi ideyasının mahiyyəti və təşəkkülü
Avrasiya ideyası keçmiş SSRİ məkanında sivilizasiyaların struktur mürəkkəbliyini əks etdirən bir ideya kimi formalaşıb. Mahiyyət etibarilə bu konsepsiyanın əsasında Avrasiya coğrafiyasının Avropadan fərqli, müstəqil sivilizasiya kimi mövcudluğu dayanır. Məlumdur ki, Avrasiya termini ilk dəfə ingilis coğrafiyaşünası H.Makkinder (1904) tərəfindən irəli sürülmüşdür. Avrasiyaçılıq ideyası isə keçən əsrin 20-ci illərində meydana çıxmış və əsas qayəsi, o dövrdə dünyada gedən proseslərdə Rusiyanın Avropa və Asiyada yerləşən bir dövlət kimi rolu və yerinin müəyyənləşdirilməsi idi. Mahiyyət etibarı ilə bu ideya, tarixə çevrilmiş Rusiya imperiyasının özünəməxsusluğunu əsaslandırmağa xidmət edir və rus fərdiyyətçiliyinin paradokslarını əks etdirirdi. İdeya müəlliflərinin fikrincə, Rusiya yalnız Avropa yox, həm də Asiya, yalnız Qərb yox, həm də Şərqdir. Ona görə də, Avrasiya - mənəviyyat və polietnikliyinə görə Avropadan da üstün olan, L.Qumilyovun dili ilə desək “super etnos” kimi təqdim olunurdu. O dövrün avrasiyaçılarının tezisinə görə Avrasiya üzərində xalqların qardaşlığı ruhu gəzir ki, bunun da əsasında müxtəlif xalqların əsrlərlə təmasları və mədəni qovuşmaları dayanır. Onlar hesab edirdilər ki, Rusiyanı Qərbin “ekspansiya”sından qorumaq, onun özünəməxsusluğunu saxlamaq həyati məsələ qədər vacibdir. Bununla yanaşı, onlar Qərbdən üz döndərməyi deyil, Qərblə əməkdaşlıq etməyi, amma özünəməxsusluğu, Qərbdən fərqli bu coğrafiyada əsrlərlə mövcud olmuş digər din və mədəniyyətləri deyil, məhz pravoslav dinini və mədəniyyətini saxlamağı təklif edirdilər.
Avrasiya fəlsəfəsi Qərbin praqmatikliyindən fərqli olaraq əks təmayüllərə - sinkretikliyə, intuitivliyə, dünyanı vəhdətdə dərk etməyə üstünlük verir. Bəzi müəlliflər tərəfindən “avrasiyaçılıq” və Avrasiya özü bir konsepsiya kimi coğrafi obyekt olaraq Avrasiya materiki ilə məhdudlaşmır. Yəni, birqütblü dünya, vahid dünya dövləti yox, bir neçə qloballaşma zonaları - qütblər təklif olunur ki, bu da mahiyyətcə çoxqütblü qloballaşmadır.
Bu gün qloballaşma birölçülü, birvektorlu proses kimi gedir və mahiyyətcə spesifik Qərb sivil dəyərlərinin universallaşması xarakterini daşıyır. Bu özlüyündə müxtəlif sosial, siyasi, etnik, dini, konfessional, milli dövlət ukladları və sosial-iqtisadi aspektlərin vahid şablona - standartlara gətirilməsini özündə ehtiva edir. Başqa sözlə, söhbət universal hesab olunan vahid modelin - atlantizm paradiqmasının bütün dünyaya qəbul etdirilməsindən gedir. Dünyanın bu gün Qərbin diktəsi və ssenarisi əsasında qurulmaqda olan yeni arxitekturası atlantizmin qələbəsini nəzərdə tutur, heç bir müxalif (alternativ) fikir qəbul olunmur. Bu, iki qütb arasında gərginlik, yaxud rəqabətlik modelindən (Şərq - Qərb, Şimal - Cənub) “mərkəz - əyalət” modelinə keçid deməkdir ki, burada qərb “zəngin şimal”, “qızıl milyard” kimi, qalan dünya isə “əyalət” kimi çıxış edir.
“Avrasiyaçılıq” geniş anlamda birqütblü qloballaşma əleyhdarlarının layihəsidir. Bu ideya birqütblü qloballaşmanı sadəcə inkar etmir, alternativ, əsaslandırılmış çoxqütblü qloballaşma layihəsini təklif edir. Bu ideya sərt “mərkəz - əyalət” modeli əvəzinə, müstəqil, yaxud yarımuxtar və bir-birinə nəzərən açıq olan “böyük məkanlar”dan ibarət planeti nəzərdə tutur. Bu cür məkanlar kimi dövlətlərin kontinental federasiyalar şəklində təşkil olunmuş blokları, “demokratik imperiyalar” çıxış edir. Bu kontinental federasiyalar hər biri etnik, mədəni, konfessional və inzibati nöqteyi-nəzərdən mürəkkəb sistem olan çoxqütblü təsisatlar kimi təsəvvür olunur.
Qlobal baxımdan XXI əsrin avrasiyaçılığı “çoxqütblü dünya” layihəsi hesab oluna bilər. Bu ideya qəbul edir ki, Qərbin - Avropa və Amerika sivilizasiyalarının çoxlu sayda cəlbedici müsbət cəhətləri və aspektləri olsa da, onlar ümumilikdə lokal dəyərlər sistemidir və tarixi kontekstdə digər sivilizasiya və sistemlərlə yanaşı yaşamış və yaşamalıdır. Avrasiyaçılıq bu baxımdan dəyər strukturlarının rəngarəngliyini, müxtəlif sivilizasiyaların birgə mövcudluğunu qəbul edir.
1994-cü ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya ideyasını yenidən gündəmə gətirdi və “Avrasiya Dövlətləri İttifaqı”nın yaradılması layihəsini təklif etdi. Bu layihədə avrasiyaçılıq ideyası yalnız fəlsəfi - kulturoloji deyil, həm də praqmatik nöqteyi-nəzərdən təklif olunurdu. N.Nazarbayevin fikrincə, bərabərlik, könüllülük və praqmatik maraqlara əsaslanan Avrasiya Birliyi XXI əsrdə dünya iqtisadiyyatı və siyasətinin qlobal amilinə çevrilə bilər.
Lakin “Avrasiya məkanı” anlayışına münasibətdə sərhəd müəyyənliyi problemi mövcuddur. Məsələn, prezident N.Nazarbayev, ümumiyyətlə, sırf coğrafi anlamda Avrasiya anlayışını şərh etdiyi halda, Rusiya versiyası əsasən sabiq Sovet imperiyasının ərazisini nəzərdə tutur və s. Bu sıranı xeyli uzatmaq da olar. Amma, hesab edirik ki, sadalananlar ayrı-ayrı qloballaşma zonalarının, yaxud çoxqütblü dünyanın yaranması aspektindən Avrasiya məkanının heç də “ideal” olmadığını ortalığa qoyur.
Potensial imkanları baxımından Avropa İttifaqı ilə müqayisəyə belə gəlməyən Avrasiya Gömrük İttifaqı, eləcə də, onun bir növ varisi olduğu Müstəqil Dövlətlər Birliyi həm geosiyasi, həm də geoiqtisadi maraqlar müstəvisində hər hansı bir effekt verə biləcək real məzmunlu fəaliyyətdən məhrum olan bir qurumdur.
Azərbaycan
- Avrasiya Birliyi münasibətlərinin real məzmunu
Müasir dövrdə Azərbaycanın Avrasiya
ideyasına münasibəti, hər şeydən əvvəl,
bu Birliyə daxil olan ölkələr tərəfindən bəzi
prinsipial müddəaların əməli baxımdan nəzərə
alınması ilə şərtlənir. Məsələn, məlumdur
ki, Dağlıq Qarabağ probleminin həlli ilə
bağlı BMT Təhlükəsizlik Şurasının məlum
4 qətnaməsində, Azərbaycan Respublikasının ərazi
bütövlüyünün tanınmasına və
işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz
azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan
Respublikası hal-hazırda işğalçılıq siyasətini
davam etdirməkdədir.
Eyni zamanda, mövcud geosiyasi situasiya ölkəmizin milli
təhlükəsizlik maraqlarına tam cavab vermir. Halbuki, Avrasiya
inteqrasiyasının inkişafı ilk növbədə
ölkələr, millətlər arasında BMT-nin qəbul
etdiyi normalara uyğun olaraq sülh, təhlükəsizlik,
xeyirxah qonşuluq münasibətlərinin bərqərar olmasına
əsaslanmalıdır. Yəni, Avrasiya məkanında
əməkdaşlığın inteqrasiya yönümlü
inkişafı, hər şeydən əvvəl, qonşu
ölkələrin milli təhlükəsizliyinin gözlənilməsinə
və bütünlükdə regionun və hər bir ölkənin
sosial-iqtisadi tərəqqisinə xidmət etməlidir. Təbii ki, bütün bunların təmin
olunmadığı şəraitdə tam məzmunlu
inteqrasiyadan və onun yarada biləcəyi əlavə
üstünlüklərdən danışmağa belə dəyməz.
Xüsusi qeyd olunmalıdır ki, Avrasiya Birliyinə
aparan yolun birbaşa Gömrük İttifaqından
başlanması da ən azı anlaşılmazlıq
doğuran bir məsələdir. Klassik yanaşmaya görə,
Gömrük İttifaqı o halda effektiv fəaliyyət
göstərə bilər ki, əvvəla, sözügedən
məkanda Azad Ticarət Zonası qərarlaşmış
olsun; ikincisi, üzv ölkələr arasında
qarşılıqlı iqtisadi tamamlama real məzmun kəsb
etsin; üçüncüsü, faydanın və gəlirlərin
gerçək mahiyyətli ekvivalent bölgüsünə
şərait yaratsın və s. Bunların heç biri
mövcud deyil. Digər tərəfdən, ölkə ərazisinin
20 faizinin işğal altında saxlanıldığı, bir
milyondan çox vətəndaşımızın öz
doğma torpaqlarında qaçqın və məcburi
köçkün olduğu bir şəraitdə Azərbaycanın
Gömrük İttifaqına qoşulması mahiyyətcə
dövlətimizə və xalqımıza nə verə bilər
- sualının yeganə cavabı - birmənalı olaraq
heç nə.
Beləliklə, Azərbaycan tam haqlı olaraq, Avrasiya
Birliyinə daxil olan ölkələrlə (Ermənistan
istisna olmaqla) bütün istiqamətlərdə və sahələrdə
(siyasi, iqtisadi, ticari, mədəni, humanitar və s.) ikitərəfli
əlaqələrinin genişləndirilməsinə və
şaxələndirilməsinə üstünlük verir. Bu mövqe
ölkə rəhbəri cənab İlham Əliyevin
çoxşaxəli inteqrasiya siyasətinin əsas
vektorlarından birini ifadə etməklə, III “Şərq Tərəfdaşlığı”
Sammitində də tam mənası ilə nümayiş
etdirildi.
“Şərq
Tərəfdaşlığı” Sammiti Azərbaycanı
Avropaya milli maraqların tələb etdiyi qədər
yaxınlaşdırdı
“Şərq Tərəfdaşlığı” çərçivəsində
keçirilən III Vilnüs Sammitinə Azərbaycan digər
tərəfdaş ölkələrdən fərqli olaraq
konkret məqsədlərlə qatılmışdı. Əvvəlcədən bəyan
edildiyi kimi, assosiativ üzvlük məsələsi Azərbaycan
üçün müzakirə predmeti deyildi, əsas məsələ
Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin
daha da inkişaf etdirilməsinə şərait yaradan sadələşdirilmiş
viza rejiminin tətbiqinə dair xüsusi Sazişin
bağlanması idi. Azərbaycanın bu mövqeyi, Sammitdə
Ukraynanın Aİ-yə assosiativ üzvlük məsələsinin
baş tutmaması və Ermənistanın həmişə
olduğu kimi yenə də gözlənilmədən “öz
mövqeyini” tam mənası ilə dəyişməsi - Avropa
İttifaqına assosiativ üzvlükdən imtina edərək,
Gömrük İttifaqına (Gİ) daxil olacağını
bəyan etməsi ilə əlaqədar olaraq Aİ və
Gİ arasında yaranan son dərəcə gərgin situasiya
şəraitində ən düzgün və milli
maraqlarımıza tam uyğun olan siyasi gediş idi. Təsadüfi
deyildi ki, cənab Prezident İlham Əliyev tərəfindən
sərgilənən bu mövqe həm Aİ, ABŞ, həm də
Gİ və bu proseslərdə maraqlı olan digər ölkələr
tərəfindən yüksək qiymətləndirildi. Hadisələrin
sonrakı gedişi, xüsusilə, Sammitdən az
sonra “Şahdəniz 2” müqaviləsinin uğurla
imzalanması bu mövqenin son dərəcədə
düzgün olduğunu əyani şəkildə sübut
etdi.
Sadələşdirilmiş viza rejiminə keçidi Azərbaycan
Aİ münasibətlərində keyfiyyətcə yeni mərhələnin
başlanğıcı hesab etmək olar. Sadələşdirilmiş
viza rejiminə keçidin 2014-cü ilin sentyabr ayına qədər
qüvvəyə minməsi nəzərdə tutulur ki, bununla
da bu sahədə indiyə qədər mövcud olan süni
maneələr, bürokratik yanaşmalar, vaxt itkisi və s. tam
aradan qaldırılacaq, vizaların alınması proseduru
asanlaşacaq və sadələşdiriləcək, viza
rüsumlarının qiymətləri xeyli dərəcədə
aşağı endiriləcək və vizaların
alınması üçün tələb olunan müddət
iki dəfəyə qədər qısaldılacaq.
Yekun Bəyannamə
niyyətlərin ciddiliyindən xəbər verir
“Şərq Tərəfdaşlığı” Sammitində
Avropa İttifaqı və tərəfdaş ölkələrin
liderləri tərəfindən imzalanan yekun Bəyannamə, qəbul
edilən qərarların və qarşıya qoyulan vəzifələrin
mühüm əhəmiyyət kəsb etdiyini və niyyətlərin
son dərəcə ciddi olduğunu təsdiq edir. Bəyannamədə qeyd
olunur ki, son iki il ərzində “Şərq Tərəfdaşlığı”
Proqramının müxtəlif sahələrində - viza
rejiminin sadələşdirilməsi, nəqliyyat, enerji, təhsil
və gənclər, ətraf mühit, vətəndaş cəmiyyətinin
inkişafı və s. istiqamətlərdə böyük irəliləyişlər
əldə olunmuşdur. Tərəfdaş
ölkələrin əhalisi üçün vacib olan əməkdaşlıq
əlaqələri bundan sonra da davam etdiriləcək.
Birgə Bəyannamədə Avropa İttifaqı və
“Şərq Tərəfdaşlığı” ölkələri
strateji baxımından mühüm sahələrdə sıx
əməkdaşlıq əlaqələrini davam etdirmək qətiyyətini
xüsusi bəyan ediblər. Gələcək illər
üçün qarşıya qoyulan məqsədlər
demokratiyanın inkişafı, insan haqlarına hörmətlə
yanaşılması və hüquq sahəsində
islahatların davam etdirilməsini əhatə edir. Əsas diqqət müvafıq ölkələrlə
assosiasiya sazişinin həyata keçirilməsinə yönəldiləcək.
Liberal viza rejiminin ciddi şəkildə
inkişafı da proqramın gündəmində ön
sıralarda qalacaq. Enerji təhlükəsizliyi
qarşılıqlı olaraq gücləndiriləcək və
qarşılıqlı enerji əlaqələri yenidən təşkil
olunacaq ki, bunlar da tərəfdaş ölkələrin tədricən
Aİ-nin enerji bazarına inteqrasiya olunmasını təmin edəcəkdir.
Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”
Proqramının üzvü olan ölkələrə Cənub
Qaz Dəhlizinin inşasını, Ukraynanın qaz - nəqliyyat
sisteminin modernləşdirilməsini və vahid enerji
bazarının yaradılmasını davam etdirməyi vəd
etmişdir.
Avropa
İttifaqının “Şərq Tərəfdaşlığı”
Sammitində gözlədiyi bütövlük alınmadı
Sammitin ziddiyyətli nəticələrinə baxmayaraq,
onun transregional proseslərin sonrakı inkişafına və
konfiqurasiyasına şübhəsiz ki, böyük təsiri
olacaq. “Şərq
Tərəfdaşlığı” Proqramı çərçivəsində
Aİ - nin tərəfdaş ölkələrindən olan
Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan
Sammitə formal olaraq vahid platforma ilə qoşulsalar da, oradan
müxtəlif parametrli geosiyasi və geoiqtisadi nəticələrlə
ayrıldılar.
Ermənistan və Belarus Sammitdə “formal qonaq” qismində
iştirak etmişlər və onlarla bağlı heç bir
sənəd imzalanmamış, heç bir mühüm bəyanat
verilməmişdir. Gömrük İttifaqına
qoşulmağı bəyan etdikdən sonra, Ermənistan
artıq Avropa İttifaqında, ümumiyyətlə, Qərbdə
ciddi və etibarlı tərəfdaş kimi qəbul edilmir.
Ermənistan bu qərarı ilə
özünün mövqesizliyini ortaya qoyaraq, sərbəst
olaraq ciddi siyasi və strateji qərarlar qəbul etmək
iqtidarında olmadığını bir daha sübut etdi.
Artıq Aİ-nin daxilində bu ölkə ilə
“Şərq Tərəfdaşlığı” çərçivəsində
əməkdaşlığa yenidən baxılması prosesinə
başlanılmışdır.
Gürcüstan və Moldova Aİ ilə assosiasiya və
azad ticarət zonası haqqında sazişi imzalamış,
bununla da Aİ-yə inteqrasiya yolunda mühüm addımlar
atmışlar. Bununla yanaşı, Gürcüstan Avropa
İnvestisiya Bankı ilə infrastrukturların
inkişafına 30 milyon avro məbləğində güzəştli
kreditin ayrılması barədə saziş imzalamışdır.
Aİ-nin Ukrayna ilə planlaşdırdığı və
artıq əvvəlcədən elan etdiyi assosiasiya haqqında
tarixi saziş isə imzalanmadı. Ekspertlərin fikrincə,
bu saziş nəinki Ukraynanın tarixində ən
genişmiqyaslı beynəlxalq hüquqi sənəd idi, həmçinin
Aİ-nin üçüncü ölkələrlə
imzalayacağı ən böyükhəcmli beynəlxalq
müqavilə idi (sənədin ümumi həcmi min səhifədən
çoxdur).
Ukraynada baş verən sonrakı hadisələr problemin
geosiyasi ağırlığından irəli gəlir və
siyasi faktorların digər amillər üzərində
üstün olduğu zaman nələrin baş verə biləcəyini
açıq nümayiş etdirir. Demək olar ki, Ukrayna
yenidən siyasi gərginliyin ağır dövrünə qədəm
qoymuşdur ki, bu da birmənalı olaraq ölkənin
sosial-iqtisadi inkişafına və imicinə olduqca mənfi təsir
göstərəcək.
Azərbaycanın
Sammitdəki düşünülmüş mövqeyi və
strateji modernləşən tərəfdaşlıq
Ukraynada
daxili siyasi böhranın dərinləşməsi,
Gürcüstan və Moldova ilə sazişlərin az effektiv
olması, Ermənistanın açıq-aşkar hörmətsizliklə
Aİ-dən uzaqlaşdırılması fonunda Azərbaycanın
Avropa İttifaqının III “Şərq Tərəfdaşlığı”
Sammitində iştirakının nəticələrini
Prezident İlham Əliyevin geoiqtisadi praqmatizmə əsaslanan
çoxvektorlu xarici siyasətinin növbəti uğuru kimi
qiymətləndirmək olar. Milli maraqların
aliliyi, xarici siyasi amillərin daxili sosial-iqtisadi və humanitar
tərəqqiyə istiqamətləndirilməsi Prezident
İlham Əliyevin xarici siyasətinin təməl prinsiplərini
təşkil edir. Bərabərhüquqlu,
daxili işlərə qarışmamaq,
qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq
prinsipləri, bu siyasətin ölkələrarası sivil
münasibətlərin formalaşmasında əsas
dayaqları kimi çıxış edir.
Bu prinsiplər öz real nəticələrini Azərbaycanın
müxtəlif beynəlxalq təşkilatlarda
iştirakında, dünyanın 57 ölkəsində səfirliklərin
açılmasında, ikitərəfli dövlətlərarası
münasibətlərin fəal olaraq şaxələndirilməsində
təcəssüm etdirir. Andiçmə mərasimində
Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan ilə əməkdaşlıq
etmək istəyənlərin sayı artır. Azərbaycan
dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi
tanınır”.
Məhz əldə edilmiş tarixi nailiyyətlər və
Prezident İlham Əliyevin xarici siyasət doktrinasının
artıq dünyada qəbul edilməsi sayəsində 155
ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişdir.
Bu gün Azərbaycan iqtisadi inkişaf potensialına və
milli resurslarına görə faktiki olaraq Cənub Qafqaz
regionunun lider ölkəsinə çevrilmişdir. Azərbaycan
Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin
və neft-qaz ixracatı marşrutlarının üzərində
yerləşir. Ölkənin dünyada önəmli rol
oynayan dövlətlərlə geosiyasi və geoiqtisadi
münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi,
neft - qaz ixracı marşrutlarının şaxələndirilməsi
və səmərəli istifadəsinin təşkili, xarici aləmlə
mövcud nəqliyyat - tranzit əlaqələrinin genişləndirilməsi,
dünyada yeni - yeni satış bazarlarının
axtarılması və mənimsənilməsi onun 2020-ci ilədək
reallaşdıracağı əsas geoiqtisadi və strateji vəzifələri
sırasına daxildir. Bu məqsədlə
xarici aləmlə Azərbaycanı birləşdirən
transmilli və ölkədaxili strateji tranzit-nəqliyyat
infrastrukturlarının, neft-qaz kəmərlərinin yenidən
qurulması, buraxılış və daşıma
gücünün bir neçə dəfə
artırılması xüsusi əhəmiyyət kəsb edir.
Rəsmi məlumatlara görə, hazırda 34 beynəlxalq
transmilli şirkət və 16 nüfuzlu dövlət Azərbaycanın
təşəbbüsü ilə Xəzər regionundakı nəqliyyat-kommunikasiya
dəhlizi və ixrac kəmərlərinin çəkilişi,
yenidən qurulması və s. layihələrə
qoşulmuş, onların reallaşmasında iştirak edirlər.
Bu layihələrdən
ən vacibləri artıq tam gücü ilə işləyən
Bakı-Tbilisi -Ceyhan (BTC) əsas neft və
Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərləri, eyni
zamanda, Avropa Birliyinin TRACECA layihəsı çərçivəsində
yenidən qurulmuş və bərpa edilmiş Transqafqaz nəqliyyat
-kommunikasiya dəhlizi (“İpək yolu”) və tikilməkdə
olan Bakı - Tbilisi - Qars dəmir yolu layihəsidir. Bu kəmərlər
və nəqliyyat - kommunikasiya dəhlizləri təkcə Azərbaycanın
deyil, bütün regionun geosiyasi vəziyyətini köklü
şəkildə dəyişmiş, bölgə ölkələrinin
müstəqilliyinin gücləndirilməsi, iqtisadiyyatının,
sosial həyatının, ölkədaxili milli-vətəndaş
birliyinin, siyasi plüralizm, vətəndaş cəmiyyəti
və demokratik dəyərlərin inkişaf etdirilməsində
və ən əsası, regional, beynəlxalq enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynamaqdadır.
Şübhəsizdir ki, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normaları və
Azərbaycanın ərazi bütövlüyünün qorunub
saxlanması əsasında ədalətli həll edilməsi
ölkəmizin xarici siyasətinin prioritet istiqamətini təşkil
edir. Prezident
İlham Əliyev Öz çıxışlarında, bəyanatlarında
münaqişənin indiyədək həll edilməməsinin
əsas səbəblərini məhz, xarici amillərlə izah
edir: “Əfsuslar olsun ki, bu illər ərzində
münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın
riyakar siyasətidir, qeyri - konstruktiv mövqeyidir və əfsuslar
olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə
məşğul olan tərəflərin biganəliyidir”.
Gələcəkdə
iqtisadi amillərdən daha da geniş istifadə etmək
Prezident İlham Əliyevin xarici siyasətinin strateji
prioritetidir: “...iqtisadi amildən istifadə edib dünyada daha
çox dost qazanmaq xarici siyasətlə bağlı prioritet məsələlərdən
biridir”.
Fikrimizcə, Azərbaycanın III “Şərq Tərəfdaşlığı”
Sammitində iştirakını və onun nəticələrini
məhz bu kontekstdən və ilk növbədə, Azərbaycanın
geoiqtisadi maraqları prizmasından dəyərləndirmək
vacibdir. Mübaliğəsiz demək olar ki, son 10 ildə
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
transregional məkanda geoiqtisadi liderə çevrilmişdir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan iri beynəlxalq enerji, nəqliyyat, informasiya-kommunikasiya və
infrastruktur layihələrinin müvəffəqiyyətlə
reallaşdırılması, ölkənin geostrateji
mövqeyinin üstünlüklərindən səmərəli
istifadə edilməsi, multikulturalizm ideyasının uğurla
həyata keçirilməsi ölkəmizin qısa tarixi
müddət ərzində geoiqtisadi və geohumanitar mərkəz,
stabil, dinamik inkişaf məkanı kimi tanınmasına imkan
yaratmışdır.
Bütün bunların nəticəsində bu gün Azərbaycan
istər siyasi, istərsə də iqtisadi cəhətdən
dünyanın heç bir ölkəsindən asılı
olmayan bir dövlətdir. O, özünü bütün mənalarda
tam təmin etmək iqtidarındadır və inteqrasiya proseslərinə
qoşulmaqda əsas məqsədi əlavə
üstünlüklər əldə etməkdir. Bu mənada Azərbaycanın III “Şərq Tərəfdaşlığı”
Sammitində və sammitdən sonrakı proseslərə münasibətdə
sərgilədiyi mövqe təqdirəlayiqdir. Azərbaycanın həm Aİ, həm də
Gömrük İttifaqına üzv olan ölkələrlə
bir-çox sahələrdə əlaqələrinin
inkişafına diqqət çəkən ölkə
Prezidenti cənab İlham Əliyev açıq şəkildə
bildirmişdir ki, “...Azərbaycan xeyli müddətdir ki, Aİ
ilə bir çox istiqamətlərdə kifayət qədər
effektli əməkdaşlıq edir. Biz həm
energetika, həm iqtisadiyyat, həm də nəqliyyat sahəsində
əməkdaşlığın səviyyəsindən
razıyıq.
...Ölkənin
qarşısında Aİ yaxud Gömrük İttifaqına
daxil olmaq üzrə seçim dayanmayıb. Gömrük
İttifaqı ilə aramızda çox fəal ikitərəfli
münasibətlər var. Qarşılıqlı mal
dövriyyəsi artır və ümumilikdə, siyasi əlaqələr
yüksək səviyyədədir. Bizim
qarşımızda hansısa seçim, alternativ məsələləri
heç zaman dayanmayıb. Biz həm
Gömrük İttifaqı, həm də Avropa
İttifaqının üzvləri ilə əməkdaşlıq
edirik”.
Avropa İttifaqının III “Şərq Tərəfdaşlığı”
Sammitinin başlıca nəticələrindən biri də Azərbaycanın
geostrateji və geoiqtisadi çəkisinin əhəmiyyətli
dərəcə artması olmuşdur. Prezident
İlham Əliyevin enerji diplomatiyasının tarixi nailiyyəti
olan XXI əsrin müqaviləsi adlandırılan “Şahdəniz
2” Sazişinin imzalanması respublikamızı Aİ
üçün irimiqyaslı strateji tərəfdaşa
çevirdi. “Şərq Tərəfdaşlığı”
Proqramına daxil olan ölkələrin yerləşdiyi
subregionda geosiyasi proseslərin konfiqurasiyasının kəskin
surətdə dəyişilməsi və eyni zamanda, Azərbaycanın
geostrateji təsirinin yüksəlməsi ölkəmiz
üçün Aİ ilə gələcək əməkdaşlıq
sahəsində sərbəst şəkildə yeni təşəbbüslərin
və təkliflərin irəli sürülməsinə tarixi
zəmin yaranmışdır.
Əlbəttə ki, bu yeni tarixi şəraitin
formalaşması Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən ardıcıl,
düşünülmüş, uğurlu inteqrasiya, enerji, nəqliyyat,
infrastruktur siyasətinin nəticəsində mümkün
olmuşdur. Demək olar ki, Avropa İttifaqının təcrübəsində
ilk dəfə olaraq, onun tərəfdaş ölkəyə
deyil, tərəfdaş ölkə, yəni Azərbaycan tərəfindən
ona əməkdaşlığın yeni formatda davam etdirilməsi
təşəbbüsü irəli
sürülmüşdür. Bu barədə
Prezident İlham Əliyevin prinsipial fikirləri olduqca əhəmiyyətli
və praqmatikdir “...Mən hesab edirəm ki, Azərbaycan və
Avropa İttifaqı arasında qarşılıqlı
münasibətlərin səviyyəsi yəqin ki, assosiasiyadan
daha yüksək formada əməkdaşlıq tələb
edir. Və bundan başqa, “assosiasiya”
sözü bizim üçün o qədər də məqbul
sayılmır. “Assosiativ üzv” - bu necə
tərəfdaşlıq deməkdir? Burada
dəqiq definisiya yoxdur. Azərbaycan
bütün mənalarda, həm siyasi, həm də iqtisadi
baxımdan heç kimdən asılı deyil. İstənilən inteqrasiya prosesinə əlavə
üstünlüklər qazanmaq üçün getmək
lazımdır. Və hələlik biz assosiasiya layihəsi
çərçivəsində bunu görmürük...
Əgər digər əməkdaşlıq formaları, məsələn,
strateji tərəfdaşlıq olarsa - əlbəttə ki, o
zaman biz bunu müzakirə edə bilərik...”.
Həmin bəyanatdan iki həftə sonra Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Malena Mard Bakıda Xəzər-Avropa inteqrasiya
klubunun iclasında Azərbaycan və Avropa İttifaqı
strateji-iqtisadi əməkdaşlığının yeni səviyyəyə
qalxdığını bildirmişdir. Onun sözlərinə
görə, hazırlanan Strateji Modernləşən Tərəfdaşlıq
(Strategic Modernisation Partnership) haqqında Saziş ikitərəfli
iqtisadi münasibətlərin inkişafında yeni mərhələ
olacaqdır. Aİ rəsmisinin fikrincə,
assosiativ əməkdaşlıq haqqında saziş və yeni
proqram bir-birini tamamlayacaqdır.
Strateji Modernləşən
Tərəfdaşlıq (SMT) proqramı hərtərəfli
xarakter daşıyır və aşağıdakı istiqamətləri
özündə ehtiva edir: siyasi islahatlar və Aİ-yə
uyğunlaşma; təhlükəsizlik sahəsində əməkdaşlıq
və məsləhətləşmələr; ticarət və
biznes mühiti; enerji, ətraf mühit və nəqliyyat;
insanlar arasında əlaqələr. Proqramda Azərbaycan
iqtisadiyyatının qeyri - neft sektorunun inkişafına
xüsusi yer verilmişdir. Beləliklə, 2014-cü ili Azərbaycanın Aİ üçün
müstəsna geoiqtisadi tərəfdaşa çevrilməsinin
başlanğıc ili kimi qiymətləndirmək olar. Xüsusi qeyd etmək lazımdır ki, SMT
proqramı Aİ tərəfindən yalnız Azərbaycan
üçün hazırlanır və əməkdaşlığın
bu formatı indiyə qədər heç bir dövlətlə
münasibətlərdə tətbiq olunmamışdır.
Azərbaycanın Aİ ilə əməkdaşlığının
yeni formatı Prezident İlham Əliyevin iqtisadi
diplomatiyasının tarixi nailiyyəti və uğurudur. Bütün
beynəlxalq ekspertlər Azərbaycanın Aİ - yə
ardıcıl, planlı və addım-addım aparılan
inteqrasiya sıyasətinin səmərəliliyini qeyd edirlər.
Rəsmi mövqe ondan ibarətdir ki, iri neft-qaz
resursları ilə zəngin olan Azərbaycan etibarlı
geostrateji tərəfdaş kimi özü üçün
manevr sərbəstliyini qoruyub saxlayır və bu proseslərdə
ilk növbədə öz milli maraqlarını rəhbər
tutaraq, onları qlobal və regional proseslərlə
uzlaşdırır.
SMT sazişinin imzalanması və onun
reallaşdırılması nəticəsində Azərbaycan
öz beynəlxalq nüfuzunu və reytinqini yeni keyfiyyət səviyyəsinə
qaldıracaq, milli dövlət maraqlarına heç bir zərər
gətirmədən əlavə üstünlüklər,
preferensiyalar və dividendlər verən unikal əməkdaşlıq
modelini əldə edərək Yeni Ölkə Statusunu
qazanacaqdır.
Azərbaycanın
seçimi bütövlükdə dünyanın
özüdür
Məlum olduğu kimi, hazırda çoxlu sayda ölkələr
dünya məkanında öz mövqelərini, bu və ya digər
inteqrasiya qruplaşmalarında iştiraklarını
resursların, gəlirlərin bölgüsü və yenidən
bölgüsü, rəqabət qabiliyyətliliyin yüksəldilməsi
kontekstində nəzərdən keçirirlər. Fikrimizcə,
bu yanaşma, faktiki olaraq, müstəqil Azərbaycanın
geoiqtisadi strategiyası və siyasətində daha parlaq nəzərə
çarpır və effektiv surətdə tətbiq edilir.
Geoiqtisadi liderə və regional mərkəzə
çevrilmiş Azərbaycanın qarşısında hər
hansı bir inteqrasiya seçimi dilemması dayanmır.
Qeyd edildiyi kimi, bu məsələlər Prezident
İlham Əliyevin geoiqtisadi düşüncəsinin prioritet
təşkil etdiyi xarici siyasət prinsiplərinin əsasında
nəzərdən keçirilir. Azərbaycan Avropa
İttifaqının mühüm strateji tərəfdaşıdır,
Avropa ölkələrinin enerji təhlükəsizliyində
müstəsna rol oynayır. Məhz bu
inteqrasiya vektoru çərçivəsində əməkdaşlıq
ölkəmizə başlıca geoiqtisadi üstünlüklər
və qazanclar gətirmiş, xeyli maliyyə-investisiya
resursları toplamağa imkan vermiş və bundan sonra da verəcəkdir.
Bunlarla yanaşı, Azərbaycan MDB məkanında
da etibarlı və mühüm tərəfdaş kimi qəbul
edilir. Buna konkret misal olaraq, Rusiya Prezidenti
Vladimir Putinin ötən ilin avqust ayında ölkəmizə
səfəri və iqtisadi sahədə əməkdaşlığa
dair bir sıra sənədlərin imzalanması Azərbaycanın
geoiqtisadi rolunun artmasını bir daha təsdiq edir.
Yaxın perspektivdə Azərbaycanın geoiqtisadi
gücü artacaq, bununla da başlıca xarici siyasət
problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində yeni üfüqlər və təsir
imkanları yaranacaqdır. Prezident İlham Əliyevin sözlərilə
desək: “Xarici siyasətlə bağlı təşəbbüslərimiz,
eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır.
Çünki hazırda Azərbaycanın
iqtisadi inkişafı, o cümlədən, xaricə qoyulan
investisiyaları ilə də bağlı olacaqdır. Belə olan halda dünyada nə qədər
çox dostlarımız olsa, bizim iqtisadi
inkişafımız o qədər də uğurlu
olacaqdır”.
Azərbaycan mühüm regional investora, beynəlxalq əmək
bölgüsünün transformasiyası və beynəlxalq
iqtisadiyyatın strukturunun yenidən qurulmasında fəal
iştirakçıya çevrilir. Azərbaycanın
geoiqtisadi əlaqələrinin dərəcəsi artır,
coğrafiyası şaxələnir və müvafiq olaraq
geoiqtisadi nüfuzumuzun arsenalı güclənir. Avropa İttifaqı ilə viza müqaviləsini
imzalayaraq Azərbaycan, Avropaya milli maraqlarımızın -
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi,
Cənubi Qafqazda geoiqtisadi liderliyin möhkəmləndirilməsi
maraqlarının tələb etdiyi qədər
yaxınlaşdı.
Beləliklə,
Azərbaycanın milli ideyasının geoiqtisadi proyeksiyası
istənilən situasiyada, qarşılıqlı əlaqələrin
istənilən formada qərarlaşmış, yaxud qərarlaşacaq
konfiqurasiyasında dövlət müstəqilliyini və milli
maraqların ən ali dəyər kimi qəbulunu
və toxunulmazlığını əsas şərt keyfiyyətində
ortalığa qoyur.
Bu anlamda coğrafi istiqamətindən asılı
olmayaraq, real məzmunlu inteqrasiya proseslərinə qoşulma
yalnız plüralist konsepsiya çərçivəsində
baş tuta bilər. Yalnız bu konsepsiya çərçivəsində,
bir tərəfdən dövlət müstəqilliyini qoruyub
saxlamaq, digər tərəfdən isə inteqrasiya proseslərində
daha rasional formada iştirak etmək mümkündür.
Eyni zamanda, məlumdur ki, həm Aİ, həm də
Avrasiya Birliyi inteqrasiya blokları kimi konfederativ dövlət
quruculuğu yönümlüdürlər və təbii ki,
plüralist konsepsiya bu anlamda keçərli deyildir.
Digər tərəfdən, geoiqtisadi mövqe seçimi
və inteqrasiya (sözügedən qruplaşmalar çərçivəsində)
eyniyyətə gətirilir. Bu, o deməkdir ki, həm
Aİ, həm də Avrasiya Birliyi problemə sırf geosiyasi
mövqedən yanaşır. Geoiqtisadi
mövqe sərgilənməsinin mütləq inteqrasiya ilə
tamamlanacağı deyilən bir zərurət yoxdur.
Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi,
Azərbaycan özünü, öz gələcəyini Avropa
ailəsində görür. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında da hədəflənən
əsas məqsədlərdən biri məhz Avropa dəyərləri
bazasında inkişaf etmiş ölkəyə çevrilməkdən
ibarətdir.
İnkişafın keyfiyyətcə yeni mərhələsinə
keçidin sistemli xarakter kəsb etməsi Avropa ilə
qarşılıqlı əlaqələrin sıxlıq və
effektivlik dərəcəsindən birbaşa funksional
asılılıqdadır. Cəmiyyətin sosio -
mədəni və sosio - iqtisadi tipinin dəyişməsi,
postindustrial təsərrüfat sisteminin qərarlaşması
inkişaf etmiş Avropanın bu gün əldə etdiyi nailiyyətlərindən
geniş surətdə istifadəni qaçılmaz zərurət
kimi ortalığa qoyur. Bu konteksdə
anlaşılması müşkül olan məsələ,
sözügedən qaçılmazlığın “assosiativ
üzv”lüklə bağlanmasıdır. Əgər, söhbət daha sıx əməkdaşlıqdan
gedirsə, onda, cənab Prezidentin qeyd etdiyi kimi, strateji anlam
daşıyan əməkdaşlıq forması tapmaq o qədər
də çətin bir məsələ deyildir.
Digər tərəfdən, Azərbaycan Avropa geoiqtisadi məkanında
fəaliyyətdə olan təkrar istehsal tsikllərinə
qoşulmaq niyyətindədir. Və bu istiqamətdə
kifayət qədər intensiv səciyyəli tədbirlərin
həyata keçirilməsinə artıq
başlanılmışdır. Aydındır ki, qeyd
edilən istiqamət inteqrasiyanın həqiqi məzmununu -
mikrosəviyyədə bütövləşməni
ortalığa qoyur ki, bu da öz növbəsində dövlət
müstəqilliyi üçün heç bir təhdid
törətmədən Azərbaycanın “dünya gəlirindən”
pay əldə etməsinə və yekun etibarilə geoiqtisadi
qütbə çevrilməsinə (dünya çapında)
şərait yaradır.
Məhz
bu aspektdən “assosiativ üzv”lük tipli primitiv əməkdaşlıq
formaları və geoiqtisadi müstəvidə birmənalı
olaraq “qapanma” yaradan Gömrük İttifaqı formatlı
birliklər Azərbaycanın milli mənafelərinə cavab
vermir. Məhz buna görə Azərbaycan -
multiliteral əlaqələrin, çoxvektorlu (coğrafi
anlamda) münasibətlər sisteminin tərəfdarıdır.
Məhz bu cəhəti əsas götürən
cənab Prezident “... əlavə üstünlüklər
qazanmaq” imkanı verməyən inteqrasiya proseslərinə
qoşulmağı məqsədəuyğun hesab etmir.
Beləliklə,
ictimai diqqət mərkəzində olan əsas müzakirə
mövzularından biri - Aİ “assosiativ üzv”lük, yoxsa
Avrasiya Birliyi (Gömrük İttifaqı) tipli seçim deyilən
bir zərurət Azərbaycan üçün mövcud
deyildir və ümumiyyətlə, sözügedən
seçimdən kənarda “durmaq”, üzv-ölkələrlə
qarşılıqlı əlaqələri inkişaf etdirmək
və dərinləşdirmək daha rasional davranış tərzi
kimi qəbul olunmalıdır.
Şəmsəddin HACIYEV,
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri,
i.e.d., professor
Yeni
Azərbaycan.-2014.- 1 may.- S.4.