Ulu öndər Heydər Əliyev Azərbaycanın uğurlu xarici siyasət strategiyasının müəllifidir

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı misilsiz tarixi xidmətlərindən biri də Azərbaycanın beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması və nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının ardıcıl surətdə həyata keçirilməsinin əsasının qoyulmasıdır.

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılmasından sonra beynəlxalq birliyin tamhüquqlu subyektləri qismində çıxış edən milli dövlətlərin yaranması beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların meydana gəlməsini şərtləndirdi. Məhz belə bir şəraitdə yeni müstəqillik əldə etmiş dövlətlərin, o cümlədən, Azərbaycanın qarşısında dövrün tələblərinə, müvafiq xarici siyasət kursu və strategiyasının hazırlanması və icra edilməsi vəzifəsi dururdu.

Lakin müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edən səriştəsiz qüvvələrin buraxdığı səhvlər ucbatından, nəinki müstəqil xarici siyasət kursunun həyata keçirilməsi mümkün olmadı, hətta Azərbaycan regional prosesləri istiqamətləndirmək istəyində olan imperialist güclərin geosiyasi oyunlar məkanına və siyasi-ideoloji qarşıdurma meydanına çevrildi.

Bu anormal və təhlükəli prosesə Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra son qoyuldu. Məhz Ümummilli liderin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanı beynəlxalq münasibətlər sisteminin müstəqil, suveren aktorunamilli dövlətlərin bərabərhüquqlu strateji tərəfdaşına çevirdi. Daha dəqiq desək, Ulu öndərin həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət strategiyası sayəsində qarşıda duran bütün vəzifələr mərhələli surətdə və ardıcıllıqla yerinə yetirildi. O zaman Azərbaycan Respublikasının xarici siyasət kursunun təməl vəzifələrindən bəhs edən Ümummilli lider deyirdi: “Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə, Azərbaycan dövlət müstəqilliyini təmin etməyə yönəlməlidir”.

Bütün bunların fonunda, ilk növbədə, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Buna müvafiq olaraq xarici siyasət resursları formalaşdırıldı, mexanizm yaradıldı, prioritetlər müəyyənləşdirildi, həmçinin, milli maraqlara müvafiq surətdə beynəlxalq münasibətlər sisteminin aktorları ilə siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə bərabərtərəfli, paritet əsaslı əməkdaşlıq münasibətləri formalaşdırıldı. Daha sonra ümumi təhlükəsizlik balansına və milli maraqlara cavab verən beynəlxalq təşkilatlarda təmsilçilik üçün müvafiq addımlar atıldı. Eyni zamanda, Azərbaycanın əvvəllər üzv olduğu, amma formal surətdə təmsil olunduğu beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz əməli tədbirlər görüldü. İqtisadi sahədə qarşılıqlı-faydalı maraqlar əsasında əməkdaşlıq münasibətləri formalaşdırıldı, müxtəlif layihələr gündəmə gəldi və görülən əməli tədbirlər sayəsində Azərbaycan iqtisadi baxımdan cəlbedici aktora çevrildi.

Azərbaycan informasiya blokadasını yararaq əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı

Qeyd etmək lazımdır ki, 1994-cü ilin may ayının 12-də Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi imzalandı ki, bununla da cəbhədə hərbi əməliyyatlar dayandırıldı və ordu quruculuğu istiqamətində strateji tədbirlərin həyata keçirilməsinə əlverişli şərait yarandı. Eyni zamanda, hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, Azərbaycan diplomatik cəbhədə Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması yönündə mübarizəsini daha da gücləndirdi və ciddi nəticələr qazandı. Atəşkəsdən sonra ilk uğur ATƏT-in Lissabon Sammiti zamanı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə qəbul olunmuş sənəd oldu. Bunun ardınca isə beynəlxalq qurumlarla, ayrı-ayrı dövlətlərlə əməkdaşlıq daha da gücləndirildi. ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik institutu yaradıldı. Azərbaycan prinsipial mövqeyini bir daha ifadə edərək ərazi bütövlüyümüzün bərpa olunmasını başlıca şərt kimi irəli sürdü. Ulu öndər bu qətiyyətli mövqeyini bütün yüksək tribunalardan səsləndirir, dövlətimizin mövqeyini bütün dünyanın diqqətinə çatdırırdı. Beləliklə də, Azərbaycan məhz Ümummilli lider Heydər Əliyev sayəsində informasiya blokadasını yararaq əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı.

Praqmatik enerji siyasəti sayəsində Azərbaycan regional və beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrildi

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birinienerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə, 1994-cü il sentyabrın 20-də BakıdaGülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regionalqlobal miqyasda enerji təhlükəsizliyinin təminatına fundamental töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücününüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı.

Balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın regional və beynəlxalq mövqeyini gücləndirdi

Bu gün ölkəmizin xarici siyasət strategiyasının uğurlu olmasını təmin edən başlıca strateji əsaslardan biri məhz həyata keçirilən balanslaşdırılmış xarici siyasət kursudur. Məlum olduğu kimi, olduqca mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif güc mərkəzlərinin geostrateji həmlələri qarşısında idi. Odur ki, elə bir praqmatik xarici siyasət kursuna istinad etmək lazım idi ki, regional prosesləri istiqamətləndirmək istəyində olan qüvvələrin manevrləri ölkəmizin milli maraqlarına zərər verməsin. Beləliklə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq balanslaşdırılmış xarici siyasət kursu həyata keçirildi. Məhz bunun sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclünüfuzlu lokomotiv aktoruna çevrildi, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi.

Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, qanunauyğunluqlarına və tələblərinə müvafiq surətdə yeni keyfiyyətdə uğurla davam etdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuzgüc iyerarxiyasında sürətli irəliləyişini təmin edən əsas oldu. Artıq Azərbaycan Cənubi Qafqazın siyasi güc mərkəzi, həmçinin, iqtisadi lokomotivi kimi regionun hərbi-siyasi təhlükəsizliyinin başlıca təminatçı subyekti qismində səciyyələndirilməkdə və dəyərləndirilməkdədir. Eyni zamanda, balanslaşdırma siyasəti Azərbaycanın müstəqil xarici siyasət kursunun başlıca göstəricisidir.

Ulu öndər Dağlıq Qarabağ münaqişəsinin həllini xarici siyasət kursunun mühüm prioritetlərindən biri kimi müəyyənləşdirdi

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli liderin ardıcıl səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini dəfələrlə vurğulayan Azərbaycan rəsmiləri müxtəlif səviyyəli diplomatik danışıqlara gedərək və bütün mövcud resurs və vasitələrdən istifadə edərək məsələnin həlli yollarını axtarmağa başladı. Problemin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin, qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu öndər Heydər Əliyev dünya dövlətlərini Qarabağ məsələsində diqqətli olmağabu problemin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə dəvət etdi. Bir çox dünya dövlətlərinin liderləri ilə bu mövzuda danışıqlar aparan, Bişkek, Lissabon sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bəyanatların qəbul edilməsinə nail olan Ümummilli lider Heydər Əliyev sonunda beynəlxalq vasitəçilərin fəaliyyətinin lazımi nəticələr vermədiyini görərək Ermənistan prezidenti ilə birbaşa danışıqlara gedib, problemin həlli yollarının bilavasitə münaqişə edən tərəflər arasındakı danışıqlarda tapılmasına çalışdı. Lakin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqların nəticəsiz qalmasını şərtləndirmiş oldu.

Müstəqil xarici siyasət kursu Azərbaycanın perspektiv inkişafına yol açdı

Beləliklə, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi rasional xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını təmin etdi, eyni zamanda, qeyd etdiyimiz kimi, ölkəmiz çoxşaxəli münasibətlərin fonunda etibarlı tərəfdaş statusu qazandı. Regionalqlobal aktorların başlıca nəzər nöqtəsinə çevrilən Azərbaycan qısa müddət ərzində regional miqyaslı transmilli layihələrin mərkəzi oyunçusuna çevrildi. Bununla yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi yönündə ardıcıl və məqsədyönlü addımlar atıldı. Məhz bütün bunların sayəsində heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənməyə başladı. Bütün bu nailiyyətlər Ulu öndər Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasətinin qanunauyğun nəticələri idi və ölkəmizin perspektiv inkişafının təməli kimi çıxış etdi.

 

Nadir AZƏRİ,

“Yazı Azərbaycan Mətbuat

Şurasının “Azərbaycan

beynəlxalq münasibətlər

sistemində” mövzusundakı

müsabiqəsinə təqdim edilir

Yeni  Azərbaycan.-2014.- 1 may.- S.6.