Heydər Əliyev
və Azərbaycanın müstəqil xarici
siyasətinin formalaşması
Məlum olduğu kimi, mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-ci illərin sonu 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.
Bu dövrdə yeni formalaşmağa başlayan Azərbaycanın müstəqil xarici siyasəti, ilk növbədə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, yeni dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə ölkənin fəal iştirakının təmin edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Avropa və Trans-Atlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Əsas prioritet istiqamət isə hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdılması faktlarını özündə cəmləşdirən Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkənin təhlükəsizlik mühitinin əsas təyinedici amili oldu və bu da öz növbəsində Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında əsas rol oynadı.
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.
1993-cü ilin ikinci yarısından, yəni Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Özünün zəngin təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Ulu öndər Heydər Əliyev bu yeniləşmiş xarici siyasət xəttində, ilk növbədə, bir sıra ən mühüm təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya qoymuşdu.
Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də, yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibəni dayandırmaq və dinc şərait təmin etmək vacib idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.
Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tuturdu. 1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa İttifaqı, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratmış, hal-hazırda da bu qurumlar çərçivəsində qarşılıqlı-faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət yeridir. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirir.
Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz yataqlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Ulu öndər respublikanın zəngin karbohidrogen ehtiyatlarının istifadəsinə daha çox ölkəni, xüsusən Qərb dövlətlərini, ABŞ-ı, Yaponiyanı, regionda xüsusi rolu olan Rusiyanı, Türkiyə və İranı cəlb etmək istəyirdi. Bunun bir neçə əsas səbəbi var idi:
1. Müstəqilliyi yenicə əldə etmiş, ciddi iqtisadi, siyasi və sosial böhran keçirən, neft-qaz yataqlarının istismarı, ümumiyyətlə, iqtisadi inkişaf üçün heç bir daxili resursu olmayan Azərbaycan üçün hansı sahəyə yönəlməsindən asılı olmayaraq, xarici investisiya qoyuluşu və qabaqcıl texnologiyaların tətbiqi hava və su kimi lazım idi.
2. Hələ müstəqil dövlətçilik ənənələri və reputasiyası zəif olan, dövlət atributları tam formalaşmamış və möhkəmlənməmiş, bütün ölkə ərazisində suveren hüquqları təmin olunmamış, torpaqları işğala məruz qalmış Azərbaycanın xarici dövlətlərlə müstəqil tərəfdaş rolunda çıxış etməsi o dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi.
3. Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen yataqlarına və ümumiyyətlə, dənizin sektor bölgüsünə Rusiya və İran kimi dövlətlər özünəməxsus mövqe nümayiş etdirirdi. Azərbaycan xarici dövlətləri öz tərəfindən Xəzərdə neft-qaz layihələrinin işlənməsinə cəlb etməklə, əslində, onların dəstəyini qazanmağa, Rusiya və İranın təzyiqlərinin dəf olunmasında onların da gücündən istifadə etməyə çalışırdı.
4. Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan özünə beynəlxalq tərəfdaş axtarırdı. Xəzər nefti Qərb ölkələri ilə Azərbaycanın maraqlarını uyğunlaşdırmaq, əməkdaşlıq münasibətləri yaratmaq üçün çox əhəmiyyətli bir faktor ola bilərdi.
Beləliklə, əvvəlki nəsillərin
görkəmli nailiyyətlərini inkişaf
etdirən müstəqil Azərbaycanın bu
günü və sabahı üçün böyük
tarixi əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və
həyata keçirilməsi gələcək nəsillər üçün xoş
güzəranın təməlini qoydu. Xarici siyasət
sahəsində neft amilindən
bacarıqla istifadə edən Ulu öndərimiz
Heydər Əliyev neft müqavilələri
bağlanması məsələsini nəzarətə
aldı, danışıqlara şəxsən nəzarət etdi. 1994-cü il
sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan müqavilə imzalandı.
Ötən müddətdə aparılan enerji siyasəti nəticəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da möhkəmlənmiş, respublikanın təhlükəsizliyinin və gələcək tərəqqisinin əlavə təminatları yaradılmış, Qərb dünyasının Azərbaycana olan etimadı artmış, onlarla mövcud olan qarşılıqlı-faydalı əməkdaşlıq və əlaqələr dərinləşmişdir.
Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər nüfuzlu dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Onlar son dövrlər ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində yürüdülən iqtisadi, o cümlədən enerji siyasətini yüksək qiymətləndirir, həyata keçirilən transmilli layihələrin təşəkkül tapmasına və ölkəmizin beynəlxalq inteqrasiyasına hərtərəfli dəstək verirlər.
Cənubi Qafqaz regionu üzərindən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bu mənada, Azərbaycan “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRACECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm strateji istiqamətlərindən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsindən, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət idi. Bunun üçün ilk növbədə, Azərbaycanın geosiyasi mövqeyi və iqtisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin amillərin bəhs edilən ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılması yönündə təsirli addımlar atılmalı idi.
Bu zərurəti tam aydınlığı ilə dərk edən Azərbaycan hökuməti 1993-cü ilin axırlarından başlayaraq həm Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfi əlaqələr səviyyəsindən sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçdi.
Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq normaları və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində də mühüm işlər görmüşdür. Xüsusən BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, MDB, İslam dünyası ölkələrini birləşdirən İKT, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, məhəlli təşkilatlarla sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yolları və vasitələri müəyyənləşdirilmiş və həyata keçirilmişdir.
Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin ən əsas problemi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün və suveren dövlət hüquqlarının bərpası məsələsi idi. Ölkənin xarici aləmlə bütün təmaslarında, ikitərəfli və çoxtərəfli münasibətlərində bu problemin müzakirəsi, beynəlxalq hüquq norması çərçivəsində həlli məsələsi daim diqqət mərkəzində saxlanılırdı. Bu problem nəinki təkcə Azərbaycana, onun müstəqil dövlət quruculuğu prosesinə mənfi təsir göstərmiş, həmçinin, regionda (Qafqaz, Xəzər-Qara dəniz hövzəsində) ölkələri və xalqları qarşıdurmaya sürükləmiş, onların bir-biri və beynəlxalq aləmlə münasibətlərinə, regional və beynəlxalq inteqrasiya proseslərinə çox ciddi mənfi təsir göstərmişdir.
Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm Qafqazda, Avrasiya və Avropada, həm də bütövlükdə qlobal dünyada həllini gözləyən və ən çətin və mürəkkəb problemlərdən biri hesab olunur. Ermənistanın ölkəmizə qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması - başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti, bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indi də qüvvədə qalması Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.
Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də, 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur.
Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu prinsipdən kənarda heç bir məsələnin həll oluna bilməyəcəyini bildirən dövlət başçısı Azərbaycanın bununla əlaqədar öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan etmişdir.
Bununla yanaşı, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.
Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini də terrorizmə qarşı mübarizədə beynəlxalq proseslərə qatılmaq və ABŞ-ın təşkil etdiyi antiterror koalisiyasında iştirak etməkdən ibarət olmuşdur. Hələ Sovet İttifaqının tərkibində olduğu zamandan etibarən erməni terrorizminə məruz qalmış Azərbaycan Respublikası bütün dünya üçün təhlükə doğuran belə problemlərin aradan qaldırılmasına dair məsələləri özünün daxili və xarici siyasətinin diqqət mərkəzində saxlamışıdır. Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsini və təsirli tədbirlərin görülməsini həmişə zəruri hesab etmişdir. Lakin erməni terrorizmi ilə bağlı Azərbaycanın çağırışlarına beynəlxalq aləmdə uzun müddət adekvat münasibət göstərilməmişdir.
Azərbaycan istər “Kütləvi qırğın silahlarının yayılmaması haqqında Saziş”, istərsə də digər ölkələrlə əməkdaşlıq çərçivəsində ixraca nəzarət və sərhəd təhlükəsizliyi tədbirləri vasitəsilə kütləvi qırğın silahlarının yayılmaması istiqamətində fəaliyyət göstərir. Azərbaycan kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı beynəlxalq rejimin gücləndirilməsinə tərəfdardır və müvafiq nəzarətin həyata keçirilməsi üçün dünya birliyi və müvafiq təşkilatlarla əməkdaşlığı davam etdirəcəkdir.
Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkə daxilində gedən demokratik proseslərlə və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı-faydalı əməkdaşlığın formalaşmasına və inkişafına əlverişli zəmin yaratmışdır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət ölkəmizin regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırmışdır. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına davam etdirən cənab Prezident İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir.
Nəticədə, Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də, bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərlə bağlı məsələlərdə aparıcı dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşırlar.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və digər məsələlərə yönəldilmişdir.
Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.
Beləliklə, Azərbaycanın xarici siyasəti 1993-cü ilin ikinci yarısından etibarən ölkənin həyati mənafelərinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli işlənib hazırlanmış, özünün aydın, konkret vəzifə və istiqamətləri, prioritetləri ilə seçilən, bitkin, ardıcıl və prinsipial xarakter kəsb etməyə başlamışdır. Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmlətmək və ölkəmizin dünya birliyinə inteqrasiya olunması üçün dinc və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli, tarazlaşdırılmış, fəal xarici siyasətinin nəticəsidir ki, respublikamız planetin siyasi xəritəsində özünə layiq yer tutmuş, regionun və beynəlxalq aləmin qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqe qazanmışdır.
Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət strategiyasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.
Sərxanbəy Xuduyev,
Azərbaycan
Respublikası Prezidenti
yanında
Dövlət İdarəçilik
Akademiyasının
magistrantı
Yeni Azərbaycan.-2014.- 2 may.- S.6.