İNKİŞAFIN
AZƏRBAYCAN MODELİNİN BANİSİ
Dünyanın qlobal inkişaf meyilləri hələ ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq ölkələr qarşısında yeni hədəflər müəyyənləşdirməkdədir. Sosial-iqtisadi sahədə maksimum inkişaf səviyyəsinin təmin olunması bu hədəflərdən ən mühümü sayıla bilər. Çünki qloballaşan dünyada dövlətlərin gücü daha sərhədlərin əhatə dairəsi, hərbi potensial və s. bu kimi amillərlə deyil, məhz cəmiyyətin sosial-iqtisadi tərəqqisi və bunun insan inkişafı, demokratik dəyərlərin sabitliyi baxımından yaratdığı imkanlarla müəyyənləşir.
1991-ci ildə müstəqilliyə qovuşarkən Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri, yeni sosial-iqtisadi münasibətlər sisteminə keçid dövrünə qədəm qoyan ölkənin sosial-iqtisadi inkişaf modelini müəyyən etmək və bu model üzrə qarşıda duran vəzifələri addım-addım həyata keçirmək idi. Lakin müstəqilliyin ilk illərində Azərbaycana dövlət idarəçiliyindən xəbərsiz olan səriştəsiz insanların rəhbərlik etməsi səbəbindən nəinki bu məqsədlərə doğru hər hansı əməli addımlar atılır, əksinə cəmiyyət həyatının bütün sahələrində özünü göstərən ağır böhran Azərbaycanı fəlakətə sürükləyirdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğal olunan, 1 milyondan çox vətəndaşı yurd-yuvasından didərgin düşən, hərbi-siyasi qruplaşmalar arasında getdikcə güclənən qarşıdurmalar nəticəsində parçalanmaq, müstəqilliyini əldən vermək təhlükəsi ilə üzləşən Azərbaycan ağır sosial-iqtisadi sarsıntılar da yaşayırdı. Ölkənin istehsal etdiyi məhsullar tələbata cavab vermədiyindən anbarlarda yığılıb qalır, blokada vəziyyətində strateji məhsulların xarici bazarlara çıxarılması mümkün olmur, bir tərəfdən valyuta çatışmazlığı, digər tərəfdən də ənənəvi tranzit yollarının təhlükəli olması ucbatından mal idxalı da getdikcə çətinləşir, sənaye müəssisələri bir-birinin ardınca bağlanır, böyük işsizlər ordusu formalaşır, ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi.
Belə bir vəziyyətdən yeganə çıxış yolu 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də sonralar o illərlə bağlı fikirlərində qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq Onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərk-silah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı.
Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsi”nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə şərait yaratdı. Heydər Əliyev özünəməxsus qətiyyətlə indiyə qədər heç bir ölkənin tarixində təsadüf edilməyən üç strateji xəttin eyni vaxtda yürüdülməsinə qərar verdi. Bunlar, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi, inzibati-amirlik sistemini ləğv etməklə cəmiyyətdə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması, nəhayət, qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsindən ibarət idi.
Bu istiqamətlər üzrə qarşıda duran vəzifələrin icrası, ilk növbədə, iqtisadi sabitliyin təmin olunmasını tələb edirdi. Çünki ölkəni sarmış hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır, əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanması və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunması və gecikmədən iqtisadi islahatların başlanması belə bir zamanda xilas yolu kimi görünürdü. Ona görə də, ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı.
Azərbaycandakı zəngin karbohidrogen yataqlarının işlənməsi ilə bağlı dünyanın aparıcı şirkətləri ilə ötən əsrin 80-ci illərinin sonlarından başlanmış danışıqlar Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, faktiki olaraq yenidən başlandı. Kifayət qədər çətin keçən danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.
Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Ulu öndər Heydər Əliyev demişdir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Heydər Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanı qlobal iqtisadi sistemə qovuşduran, ölkəmizin dünyadakı əhəmiyyətini, nüfuzunu artıran enerji-kommunikasiya layihələrinin reallaşdırılması idi. Ulu öndərin bu istiqamətdə irəli sürdüyü və zamanında bir çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və s. bu kimi layihələr zaman-zaman reallığa çevrildi.
Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRACECA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın əsas enerji mərkəzlərindən birinə çevrildi.
Neft-qaz sektorunun inkişafı iqtisadiyyatın digər sahələrində də yeni inkişaf meyillərinə təkan verdi. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Sahibkarlığın inkişafı, ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlbi, qeyri-neft sektorunun inkişafı məqsədilə atılan addımlar bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərinə çevrildi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşdırıldı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu gücləndi.
İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyünün təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini verdi. Beləliklə, müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən etibarən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində Azərbaycanda ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Azərbaycan, gələcək inkişaf perspektivlərini nəzərə alaraq, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, Asiya İnkişaf Bankına üzv qəbul olundu.
Qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması prosesi də Heydər Əliyevin qətiyyəti sayəsində 1995-1996-cı illərdə uğurla başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.
Azərbaycanda torpaq islahatlarının və özəlləşdirmə proqramının həyata keçirilməsi ölkəmizdə azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdirildi və demək olar ki, kiçik özəlləşdirmə başa çatdırıldı. 1997-ci ildən isə özəlləşdirmənin həlledici mərhələsi olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlandı. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətə çevrildi.
Neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə 1999-cu ildə Heydər Əliyevin təşəbbüsü əsasında Dövlət Neft Fondunun yaradılması da Ulu öndərin tarixi qərarlarından idi. Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirildi.
Ümumiyyətlə, Azərbaycanın əldə etdiyi gəlirlərin əhalinin gündəlik güzəranında öz əksini tapması üçün mükəmməl sosial müdafiə sistemi də formalaşdırıldı. Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri əhalinin əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin vaxtaşırı artımında özünü göstərməyə başladı.
Uğurlu iqtisadi siyasətin məntiqli davamı kimi, resursların daha da səmərəli paylanmasını təmin etmək üçün səmərəli büdcə sisteminin və dövlət xərclərinin idarəetmə sisteminin qurulması üçün də Heydər Əliyev tərəfindən tarixi addımlar atıldı. Azərbaycanda büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli (bələdiyyə) büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyənləşdirən qanunvericilik bazası formalaşdırıldı. Dövlət büdcəsinin gəlirlər hissəsində önəmli çəkiyə malik olan vergi daxilolmalarının artırılması, vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində də müvafiq işlər görüldü. Ümummilli lider Heydər Əliyevin tövsiyələrinə əsasən bu sahədə təkmil qanunvericiliyin yaradılması, inzibati idarəetmənin yaxşılaşdırılması və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına diqqət yönəldildi. Qısa müddət ərzində dünya standartlarına cavab verən Vergi Məcəlləsi qüvvəyə mindi. Aparılan məqsədyönlü islahatlar nəticəsində 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı 90-cı illərin əvvəllərindəki böhran və tənəzzül dönəmini arxada qoyaraq iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu.
Ulu öndər Heydər Əliyevin strateji inkişaf kursunu böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni çalarlarla zənginləşdirdiyi sosial-iqtisadi siyasətin nailiyyətləri sayəsində Azərbaycanda sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunması istiqamətində, demək olar ki, misilsiz nəticələr əldə edildi.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində, Azərbaycanın 1993-2003-cü illər ərzində qazandığı uğurlar daha da möhkəmləndirildi. Ölkədə makroiqtisadi sabitlik qorunub saxlandı. Qəbul edilən Dövlət proqramları çərçivəsində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətləndirildi. Strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olundu. Milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırıldı. Konservativ xarici borclanma strategiyası həyata keçirildi. Sahibkarlığa dövlət dəstəyi gücləndirildi. Əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırıldı.
Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi məqsədilə uğurla icra olunan Dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə təkan verdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.
İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox parametrlərinə görə inkişaf etmiş ölkələrlə aradakı fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırır, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açır.
Son 10 ildə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfədən çox, dövlət büdcəsinin gəlirlərinin 16 dəfə, sənaye məhsulları istehsalının 2,7 dəfə, strateji valyuta ehtiyatlarının 31 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcminin 18,4 dəfə, o cümlədən, qeyri-neft sektoruna investisiyaların 21,6 dəfə artımı Prezident İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində ölkəmizin qədəm qoyduğu sürətli inkişaf dövrünün parlaq göstəriciləridir. Bu nailiyyətlər sayəsində 2003-cü ildən başlayaraq Azərbaycanda orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,3 dəfə, əhalinin əmanətləri 27,2 dəfə artmış, 1 milyon 200 mindən çox yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 5,3 faizə enmişdir. Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmiş və Azərbaycanın bu uğuru dünyada ən yaxşı nəticələrdən biri kimi qeydə alınmışdır. ÜDM-in həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillə irəliləyərək 2003-cü ildəki 106-cı yerdən 66-cı yerə yüksəlmişdir.
Ölkəmizin neft-qaz potensialının inkişafı və daha da möhkəmləndirilməsi üçün müvafiq sazişlərin imzalanması Azərbaycanın ən yeni tarixinin son dərəcə mühüm hadisələrindən olmuşdur. Trans-Adriatik boru xətti layihəsinə dair qərarın qəbul edilməsi, TAP-ın əsas marşrut kimi seçilməsi strateji əhəmiyyətli hadisələr kimi müstəqil Azərbaycan dövlətinin gələcəyi üçün böyük perspektivlər yaradır. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələrinin hələ uzun illər ölkə iqtisadiyyatına öz səmərəsini verəcəyi əsla şübhə doğurmur.
Dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması da, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əzmkar fəaliyyəti nəticəsində qazanılan ən mühüm nailiyyətlərimizdən olmuşdur. Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsinə şərait yaradacaq bu layihə ondan əldə edilən gəlir hesabına əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşması baxımından müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu layihə barədə demişdir: “Bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir...Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük həcmdə investisiyalar gətiriləcəkdir”.
Növbəti mərhələlərdə qarşıda dayanan əsas hədəflərdən biri ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsindən ibarətdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi də başlıca məqsədlərdən biri kimi müəyyənləşmişdir. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadi inkişafın davamlı, tarazlı şəkildə inkişafı təmin ediləcək.
Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün dövlət sistemli tədbirlər planına malikdir və bu tədbirlər addım-addım həyata keçirilir. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi sahibkarlığın və regionların inkişafını daha da sürətləndirir.
Bu inkişafdan, bu tərəqqidən paytaxt Bakının mərkəzi rayonlarından olan Nərimanov rayonuna da pay düşür. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın bütün rayonları kimi, Nərimanov rayonu da geniş quruculuq-abadlıq meydanına çevrilmişdir. Rayonun inkişafına təkan verən ən mühüm amil, heç şübhəsiz ki, Prezident İlham Əliyevin respublikamızın başqa bölgələri kimi bu rayona da xüsusi diqqət və qayğısıdır. Bu diqqət və qayğı nəticəsində ötən illər ərzində Nərimanov rayonunda bir sıra layihələrin uğurla həyata keçirilməsi mümkün olmuş, rayonun siması daha da gözəlləşmiş, sakinlərin yaşayışı və mənalı istirahəti üçün geniş imkanlar yaranacaqdır.
Fərəhləndirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təkcə ötən il 6 dəfə Nərimanov rayonunda olmuş, müxtəlif infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə, inşası davam edən obyektlərdə işlərin gedişi ilə tanış olmuşdur.
Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Nərimanov rayonu ərazisində də bir sıra sosial problemlər öz həllini tapmış, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı təmin olunmuş, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində təkcə 2013-cü ildə rayonda 2911 daimi iş yerləri yaradılmış, əhalinin məşğulluq problemi həll edilmiş, əmək haqlarında ciddi artımlar baş vermişdir.
Rayonda əhaliyə göstərilən ticarət, ictimai iaşə, nəqliyyat, rabitə və s. bu kimi xidmətlərin həcmi ilə yanaşı keyfiyyəti də artırılmışdır. Rayonda təhsilin keyfiyyətinin artırılması, rayon sakinlərinə keyfiyyətli səhiyyə xidmətinin təşkili, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması, vətəndaşların istirahətinin, asudə vaxtının səmərəliliyinin təmin olunması, idmana marağın artırılması məqsədilə bir sıra mühüm layihələr həyata keçirilmiş və bu istiqamətlərdə mühüm nəticələr əldə olunmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər üzrə Heydər Əliyev Fondunun gördüyü işlər də Nərimanov rayonunun inkişafına böyük töhfələr vermişdir.
Heydər Əliyev Fondu ilə müştərək fəaliyyət çərçivəsində Rusiya Federasiyasının Həştərxan vilayəti ilə getdikcə inkişaf etdirilən əməkdaşlıq əlaqələrinə xüsusi toxunmaq istərdik. 2010-cu ildən başlayaraq bu günə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırığı ilə, Həştərxan şəhərində sosial sahəyə xeyli investiya cəlb edən bir sıra genişmiqyaslı layihələr həyata keçirilmişdir.
Bu cür dinamik inkişafın göstəriciləri və iki dövlətin dostluq əlaqələrinin bariz nümunələri kimi, Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılaraq, Ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmış, vilayət mərkəzindəki Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə Ulu öndər Heydər Əliyevin adı verilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunmuş, müasir standartlara uyğun iki yeni korpus inşa edilmiş və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılmış, mebel və texniki avadanlıqlarla təchiz edilmişdir.
Həyata keçirilən layihələrin davamı olaraq, Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Azərbaycan və Rusiya Dostluq körpüsü və Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyi açılmış, bir sıra yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimləri keçirilmişdir.
Bütün bunlar Azərbaycanın sosial-iqtisadi gücünün, cəmi bir neçə il ərzində nail olduğu yüksək inkişaf səviyyəsinin sübutudur və bu inkişafa şəxsi nümunəsi ilə öz töhfələrini verməyə çalışmaq, müstəqil dövlətimizin alternativsiz tərəqqi yolu olan Heydər Əliyev kursuna, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə ləyaqətlə xidmət göstərmək hər bir Azərbaycan övladının qarşısında duran ümdə vəzifədir.
Abdin FƏrzƏliyev,
Nərimanov RİH-nin başçısı,
YAP Siyasi Şurasının üzvü
Yeni Azərbaycan.-2014.- 3 may.- S.4.