Polşa Azərbaycanla münasibətləri daha
da inkişaf etdirməkdə
maraqlıdır
Polşa Prezidenti Bronislav Komorovski Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Məlum olduğu kimi, bir neçə gün əvvəl Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin Çexiyanın paytaxtı Praqada görüşü baş tutub. Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu və münasibətlərin inkişaf etdirilməsinin önəmi qeyd edilib. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Polşa Prezidenti Bronislav Komorovski dövlətimizin başçısını ölkəsinə səfərə dəvət edib.
İQTİSADİ ƏLAQƏLƏRİN GENİŞ HÜQUQİ BAZASI VAR
Bildirmək yerinə düşər ki, Azərbaycanın iqtisadi əlaqələrini möhkəmləndirdiyi ölkələr içərisində Polşanın özünəməxsus yeri var. Ümumiyyətlə, bir çox Avropa ölkələri kimi Polşa da “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanla əlaqələrə böyük önəm verən ölkələrdəndir.
Qeyd edək ki, Azərbaycan və Polşa respublikaları arasında iqtisadi əlaqələr 1993-cü ildən etibarən sürətlə genişlənməyə başlayıb. İki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 30-dan artıq sənəd imzalanıb. Bu müstəvidə ilk sənəd 1997-ci ildə imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında “İqtisadi əməkdaşlıq və ticarət haqqında” Saziş olub. Daha sonra iki ölkə arasında “İkiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” Konvensiya, “Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında” Bəyannamə, eləcə də, dövlətlərin mədəni və elmi əməkdaşlığı, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişləri vurğulamaq olar. Bundan başqa, ölkələr arasında mülki hava daşımaları, turizm, müdafiə və gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, iqtisadi əməkdaşlıq haqqında sazişlər, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Polşanın Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq emalı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.
“AVROPA İTTİFAQININ UĞURUNUN AÇARI AZƏRBAYCANDADIR”
Yüksək iqtisadi-siyasi əlaqələrə malik olan hər iki dövlət energetika sahəsində əməkdaşlığı bundan sonra da genişləndirmək niyyətindədir. Məlum olduğu kimi, Azərbaycan dünyada zəngin neft və təbii qaz ehtiyatlarına malik olan ölkə kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi birgə əməkdaşlıq nəticəsində həyata keçirilən qlobal əhəmiyyətli regional layihələr Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirib. Enerji siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın bu siyasəti Avropa ölkələrinin, o cümlədən, Polşanın enerji təhlükəsizliyi maraqlarına cavab verir. Rəsmi Varşava “Odessa-Brodı-Qdansk” kəməri vasitəsilə Azərbaycan neftinin idxalına verdiyi əhəmiyyəti dəfələrlə vurğulayıb.
Polşanın yüksək dövlət rəsmilərinin sözlərindən də məlum olur ki, Azərbaycanla əməkdaşlıq məsələləri bu ölkə üçün çox əhəmiyyətlidir və mövcud əlaqələr iki ölkənin ümumi maraqlarına xidmət edir. Həmçinin, Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyinə çox böyük təsir göstərən ölkəyə çevrilməsi faktorunun şahidi olan Polşa enerji sahəsində xarici əlaqələrin qurulmasında bu amili nəzərə alır. Bu baxımdan, Polşanın keçmiş Prezidenti Lex Kaçinskinin 2009-cu ildə Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi Azərbaycanla enerji sahəsindəki rolunu və dövlət başçımızın siyasətinin əhəmiyyətini vurğulayan sözləri reallığı əks etdirir: “Mən, hətta belə deyərdim ki, Siz Avropaya bu cür töhfə verməklə qitənin daha mühüm bir hissəsinə çevrilirsiniz. Burada mən hamıya müraciət edərək demək istəyirəm, fakt ondan ibarətdir ki, nəinki mənim vətənimdə - Polşada, bütün Avropa İttifaqında, o cümlədən, Avropa İttifaqına üzv olmayan dövlətlərdə də bir çox şəxslər, bir çox dairələr anlayırlar ki, burada, məhz bu məkanda ən vacib açarlar vardır. Nəinki, Polşanın uğurunun, bütün Avropa İttifaqının uğurunun açarı buradadır. Bu, bizim enerji müstəqilliyimizdir”.
POLŞA İŞ ADAMLARI ÖLKƏMİZƏ MARAQ GÖSTƏRİRlər
Azərbaycan-Polşa əlaqələrinin inkişafına mühüm təsir göstərən məqamlardan biri özəl sektor üzrə iş adamları arasında qurulan əməkdaşlıqdır. İki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsi ilə müşayiət olunan biznes əlaqələrinin inkişafı üçün böyük iqtisadi potensial və zəngin hüquqi-normativ baza mövcuddur. Bu baxımdan, tez-tez keçirilən ikitərəfli və beynəlxalq iqtisadi forumlar iki ölkənin iş adamlarının yeni əməkdaşlıq əlaqələri qurmalarına, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinə böyük töhfə kimi qiymətləndirilə bilər.
Belə görüşlərdən biri kimi, 2010-cu ilin noyabrında Bakıda keçirilən Azərbaycan-Polşa biznes-forumunu qeyd etmək olar. Azərbaycan və Polşa iş adamlarını bir araya gətirən daha bir forum 2011-ci il iyunun 5-12-də Polşanın paytaxtı Varşavada baş tutub. Tədbir Azərbaycanın Sənaye və Energetika Nazirliyinin dəstəyi və Polşa İnformasiya və İnvestisiya agentliyinin təşkilatçılığı ilə keçirilib.
Daha bir biznes forumu isə 2012-ci il noyabrın 26-da Varşavada İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində keçirilib. Tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı və qida sənayesi, tikinti, enerji, turizm kimi sahələrdə fəaliyyət göstərən 20-yə yaxın şirkətin nümayəndəsi iştirak edib. Ümumilikdə, biznes-foruma Azərbaycan və Polşa tərəfindən 40-a yaxın iş adamı qatılıb. Tədbirdə polşalı iş adamları Azərbaycanda müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən, Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən işlərdə əməkdaşlığa dəvət ediliblər. Forum çərçivəsində iki ölkə şirkətləri arasında əməkdaşlığa dair memorandum da imzalanıb.
Həmçinin, Polşa Respublikası Baş nazirinin müavini və iqtisadiyyat naziri, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının həmsədri Yanuş Pexoçinski bu il aprelin əvvəlində Varşavada azərbaycanlı jurnalistlərlə görüşündə bildirib ki, hazırda Azərbaycan ölkəsi üçün çox vacib və ehtiyac duyulan tərəfdaşdır: “Çünki Azərbaycan regionda əməkdaşlıq körpüsüdür. Biz sizin ölkənizə və onun iqtisadiyyatına inanırıq”.
Nazir qeyd edib ki, xüsusən də, energetika və kimya sektorlarında fəaliyyət göstərən Polşa firmaları Azərbaycana təkcə xammal ixracatçısı kimi baxmırlar, onlar bu əməkdaşlığı genişləndirmək, sərmayə qoyuluşunu yeni səviyyəyə çatdırmaq, xammalın emalında iştirak etmək istəyirlər. Təsadüfi deyil ki, son bir ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 20 faiz artaraq 153 milyon ABŞ dollarına çatıb. Polşadan Azərbaycana ixracın həcmi 8,6 faiz artaraq 130 milyon dollara, Azərbaycandan Polşaya idxalın həcmi isə 4,5 faiz artaraq 20 milyon dollara yüksəlib. “Biz istərdik ki, Azərbaycan malları Avropaya Polşa ərazisindən keçməklə daşınsın”, deyən nazir daha sonra Polşa tərəfinin arzularını belə ifadə edib: “Biz energetika, kənd təsərrüfatı, nəqliyyat, ətraf mühitin qorunması, bank və maliyyə işi, turizm, gənclərin mübadiləsi sahələrində əməkdaşlığı genişləndirmək istəyirik. Bilirik ki, bu gün Azərbaycan böyük bir tikinti meydançasını xatırladır. İnfrastruktur obyektləri, dəmir yolları təzələnir. Biz Azərbaycan vasitəsilə Fars körfəzi ölkələri ilə birbaşa əlaqə yaratmaq üçün Azərbaycan dəmir yolunu İran dəmir yolları ilə birləşdirmək istəyirik. Azərbaycan, Qazaxıstan və Ukrayna dəmir yollarını Avropa ilə birləşdirmək yaxşı olardı. Polşadan Çinə hər həftə iki qatar yola düşür. Dəmir yol nəqliyyatının böyük gələcəyi var”.
Polşalı nazirin fikrincə, Azərbaycanın çox böyük kənd təsərrüfatı potensialı var və istehsalçı qruplarının təşkilində Polşanın təcrübəsindən istifadə etmək olar.
“POLYAKLAR QAFQAZDA DA OLMAQ İSTƏYİRLƏR”
Azərbaycan-Polşa əlaqələrinin turizm sektorunda inkişafı üçün də böyük imkanlar var. Qeyd edək ki, sözügedən müsahibəsində nazir Pexoçinski əməkdaşlığın bu perspektivli sahəsindən söhbət açaraq deyib: “Bizdə beynəlxalq turizm çox yüksək səviyyədədir. Polyaklar istirahət etmək üçün ölkə hüdudlarından uzaqlara gedirlər. Asiya onlar üçün cəlbedici regiona çevrilir. Polyaklar Qafqazda da olmaq istəyirlər. Azərbaycan qonaqpərvər, siyasi baxımdan sabit və təhlükəsiz ölkədir. Sizin qonşularınız haqqında bunu demək olmaz. Bu, Azərbaycanın üstünlüyüdür”.
Bundan başqa, Azərbaycanla Polşa elm, təhsil, mədəniyyət və digər sahələrdə də uğurla əməkdaşlıq edir. Azərbaycan rəsmiləri 2011-ci ilin aprel ayında Polşanın Vroslav şəhərində Polşa Respublikası Tələbə Parlamentinin təşkilatçılığı ilə keçirilən “Time for Student Centered Learning in Central and Eastern Europe” mövzusundakı beynəlxalq tədbirə də qatılıb. Tədbirdə mövzu ilə əlaqədar müzakirələr və təqdimatlar keçirilib. Həmçinin, tədbir iştirakçıları və polşalı tələbələr üçün Azərbaycanda Boloniya prosesi və tələbə mərkəzli öyrənmə ilə bağlı təqdimat reallaşdırılıb.
Bu ilin aprel ayında isə Bakı Ali Neft Məktəbində polşalı mühəndis Pavel Pototskinin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. XX əsrin əvvəllərində Bibiheybət ərazisində dənizin bir hissəsinin torpaqlanması işinə rəhbərlik edən polşalı mühəndisin qəbri “Bayıl limanı” ərazisində yerləşir. Sözügedən konfransda çıxış edən Polşanın ölkəmizdəki səfiri Mixail Labenda XIX əsrdən başlayaraq bir çox polşalı mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərdiklərini, polşalı memarların müəllifi olduğu çoxsaylı binaların unikal memarlıq abidələri kimi indiyə kimi qorunub saxlandığını vurğulayıb.
Beləliklə, göründüyü kimi, bir çox sahələri əhatə edən Azərbaycan-Polşa əməkdaşlığı möhkəm əsaslarda irəliləməkdədir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014. - 2 may.-
S.12.